
QUŞ BÖHRANI
Quşçuluq təsərrüfatları hökumətdən əlavə güzəştlər istəyirlər
Müəllif: Zeytulla CABBAROV Bakı
İndi Azərbaycanda ən çox subsidiyalaşdırılan sahənin aqrar sektor olduğunu söyləmək mümkündür. Bu bölmədə işləyən sahibkarlara bir sıra vergi üstünlükləri müəyyən edilib. Həmçinin gübrə və yanacağın 50 faizi qədər dövlətdən maliyyə dəstəyi alırlar, onların Sahibkarlığa Kömək Milli Fondunun kredit resurslarına çıxışı da asanlaşdırılıb.
Və bu subsidiyalar beynəlxalq qurumların, Dünya Tijarət Təşkilatının narazılığına baxmayaraq, hələ indən belə illərlə davam edəjək. Çünki hökumətin məqsədi ölkənin ərzaqla özünü maksimum təmin etməsi imkanlarını artırmaqdır.
Ancaq bütün bunlara baxmayaraq, kənd təsərrüfatı sahəsində problemlər hələ də qalmaqdadır. Bu yaxınlara kimi ölkənin quşçuluq təsərrüfatlarında böhran durumu var idi və bu da Bakıda fəaliyyət göstərən broyler fabriklərinin sayının azalması ilə müşahidə edilirdi. İki iri quşçuluq müəssisəsi-"Mərdəkan - Broyler" və "Hövsan-Broyler" işini dayandırıb. Əgər təxirəsalınmaz tədbirlər görülməsə, vəziyyət daha da pisləşəcək.
Yem problemi
Hazırda respublikada quşçuluq sahəsində 29 müəssisə fəaliyyət göstərir, onlardan biri baytarlıq dərman preparatlarının distribütorudur. Bu müəssisələrdə 20 minə yaxın adam işləyir.
Respublika Quşçuluq Təsərrüfatları İttifaqının sədri Aydın Vəliyevin fikrinjə, bu ilin noyabr ayında işini müvəqqəti olaraq dayandırmağa məcbur olan müəssisələrin sayı arta bilər. Bunun əsas səbəbi istehsal olunan məhsulun maya dəyərinin yüksək olmasıdır, bu da idxal mallarına baxanda onun rəqabət qabiliyyətini aşağı salır. Belə ki, "Mərdəkan- Broyler" hər il 2400 ton quş əti istehsal edirdi, ancaq rentabelliyin aşağı düşməsi və itkilər üzündən istehsalatı dayandırmağa məcbur oldu. Bundan isə yalnız bazara ucuz və ekoloji baxımdan təhlükəli mallar gətirən xarici oyunçular qazanırlar. Hətta iqtisadi inkişaf və kənd təsərrüfatı nazirlikləri tərəfindən təşkil edilən yarmarkalarda yerli toyuqlar defisitə çevrilib.
Ekspertlərin sözlərinə görə, bu, xaricdən idxal edilən yemin, dərman preparatlarının və avadanlığın bahalığı ilə bağlıdır. Həmin ləvazimatlar isə fabriklərin gündəlik işi üçün çox vacibdir. "Biz dəfələrlə hökumətə müraciət edərək dövlət rüsumu, əlavə dəyər vergisi dərəcələrini aşağı salmağı xahiş etmişik", - deyə A.Vəliyev vurğulayır. Yerli fabriklər xarici yem təchizatından asılı vəziyyətdə olduğundan xarici toyuqların qiyməti daha aşağıdır.
Burada məntiqi olaraq sual ortaya çıxır: özümüzdə yetərincə yem olduğu halda niyə Avropa, Ukrayna, Belarus və Rusiyadan yem gətirilir? Axı bu il Azərbaycan kəndliləri rekord taxıl məhsulları əldə ediblər. Məsələ bundadır ki, demək olar, Azərbaycanın bütün quşçuluq fabrikləri xarici avadanlıq və texnologiyalarla işləyirlər, işlətdikləri yem də müvafiq səviyyədə hazırlıq tələb edir. Əks halda, bütün texnoloji proses pozulur, bu da quşların kütləvi ölümünə səbəb ola bilər. Buna görə də yerli fabrikləri işlətmək üçün xaricdən zülal və vitamin qatışıqlar almaq lazım gəlir.
Və burada daha bir sual yaranır: respublikada Qərb texnologiyaları əsasında yem istehsal etmək mümkündürmü? Ekspertlərin fikrincə, bu, yetərincə realdır, ancaq bunun üçün yüksək məhsuldarlıqlı avadanlıq almaq və qidalı yemlərin, həmçinin dərman preparatlarının istehsal xəttini təşkil etmək lazımdır.
Söz hökumətindir
Bildirmək gərəkdir ki, iki ay qabaq Kənd Təsərrüfatı Nazirliyi sahədə vəziyyəti təhlil edərək, Azərbaycan Nazirlər Kabinetinə ölkə quşçuluq sektorunun yaxınlaşan böhrandan çıxarılması üzrə həqiqi tədbirlərin göstərilməsi ilə bağlı təkliflərlə çıxış edib. Təkliflər zərfində sahə üzrə sağlamlaşdırıcı tədbirlərlə yanaşı, gətirilən idxal yeminin, dərman preparatlarının və avadanlığın nəzərəçarpacaq dərəcədə bahalaşmasına görə dövlət rüsumu dərəcələrinin azadılması və ƏDV-nin ləğv edilməsi ilə bağlı təkliflər də yer alıb.
"Hökumət tədbirlər görən kimi sahənin sahibkarları yem alacaqlar və qısa müddətdə fabriklər öz fəaliyyətlərini bərpa edəcək. Tutaq ki, bu tədbirlər noyabrın əvvəlində görülərsə, artıq Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramlarında bizim ticarət şəbəkəsinə yerli quşçuluq müəssisələrinin yeni partiya məhsulları daxil ola bilər",- deyə A.Vəliyev vurğulayır.
Kənd Təsərrüfatı Nazirliyinin təmsilçisi Vaqif Ramazanovun sözlərinə görə isə, yaxın günlərdə hökumət sahədə vəziyyətin düzəldilməsi üzrə addımlar atacaq. Dövlət Ərzaq Proqramının tələblərinə görə, Azərbaycan quşçularının potensialı ildən-ilə artaraq, ildə 60 min ton məhsul istehsalına qaldırılmalıdır. Xaricdən quş əti idxalının azaldılması qarşıya məqsəd qoyulub. Proqramın fəaliyyət dövründə quş əti istehsalının həcminin artırılması və əhalinin bu məhsula olan tələbatının yerli məhsulla tam ödənilməsi planlaşdırılır.
"Ancaq quşçuların və hökumətin bir yerdə həll etməli olduğu problemlər var. Bunlardan biri damazlıq yumurtaların çatışmazlığı ilə bağlıdır, onlar yerli fabriklərdə əldə edilir. Qış dövründə yumurta istehsalı xeyli azalır və son illərdə bu cür azalmalar daha çox müşahidə edilir. Biz çalışırıq ki, bitkiçilik məhsullarından istifadə etməklə yerli şəraitdə qarışıq yemlər istehsalını təşkil edək. Yaxın gələcəkdə həm yay, həm də qış dövrlərində ölkədə yumurta çatışmazlığı olmayacaq",- deyə Vaqif Ramazanov vurğulayır.
Güclülər qalib gəlir
Başqalarından fərqli olaraq, Aran iqtisadi regionunda taxıl bitkilərinin istehsalı daha yaxşı təşkil edilib. Məsələn, İmişli rayonunda arpa istehsalı ildə 9 min tondan 14 min tona qədər artıb ki, bundan da quşlar üçün qidalı yem hazırlayırlar. Bunun nəticəsidir ki, quşların yalnız baş sayı deyil, həm də yumurta verimliliyi artıb. Yumurta istehsalı üç ildə bir milyon artıb və yumurtalayan toyuqların sayı 2008-ci ilin 9 ayında 670 minə çatıb. Rayon mərkəzinin mağazalarında bir dənə də Amerika istehsallı ucuz toyuq buduna rast gəlmək mümkün deyil, yerli toyuqlar bir qədər baha olsa da, rahat satılır. Yaxşı təcrübə "Hacıqabul-Broyler" fabrikində əldə edilib. Təsərrüfatın quş damlarında fabrikin özündə istehsal edilmiş yemlə 500 min quş saxlanır.
"Yaxşı olardı ki, yem bazası idxal məhsullardan deyil, yerli sahələrdən əldə edilmiş komponentlərdən formalaşdırılsın. Bizim tarlalarda daha çox yulaf və paxlalı bitkilər yetişdirmək lazımdır. Çağdaş texnologiyaları istifadə etməklə və yüksək genetik potensiala malik quşlar saxlamaqla, az vəsait xərcləməklə, yüksək məhsuldarlıq əldə etmək olar",- deyə "Hacıqabul-Broyler" SC-nin sədri Adışirin Babaşov bildirir.
Sahibkarlar əmindirlər ki, əgər müəssisələr yenidən təşkil olunsalar, onların buraxdığı məhsullar bazarda rəqabət qabiliyyətli olar. Həm də fabriklərin, demək olar ki, 90 faizi yem istehsalı üçün torpaq sahələrinə malik deyillər, sahələrin olması isə istehsal xərclərini yarıbayarı azaltmağa imkan verərdi.
Həmçinin, bu gün quşçuluq fabriklərinin yuxarı orqanların hansısa sərənjamını gözləmədən özlərinin qərar verməsi və müəssisələrin xarici yem, dərman preparatları idxalından asılılığından xilas olmaq üçün addımlar atmasının və yalnız yüksək məhsuldarlıqlı avadanlıqların gətirilməsinə üstünlük verməsinin vaxtı çatıb. Bu məsələdə risklər həmişə var. Bu, bazardır və bazarda həmişə güclülər udur.
MƏSLƏHƏT GÖR: