14 Mart 2025

Cümə, 21:49

QƏLƏBƏ İNTİZARI

Futbol üzrə Azərbaycan millisinin bəhreyn yığması üzərində qələbəsi “DÇ-2010”un seçmə mərhələsinin növbəti qarşılaşmaları öncəsi xüsusi nikbinliyə səbəb olmadı

Müəllif:

01.11.2008

Futbol üzrə Azərbaycan millisi 2010-cu ilin Dünya Çempionatının seçmə mərhələsində yaranmış fasiləyə yüksək əhval-ruhiyyə ilə yollanmır. Seçmə mərhələnin son qarşılaşmasında komanda Finlandiyadan olan rəqiblərinə 0:1 hesabı ilə məğlub olub və bununla da şimallılarla qarşılaşmalardakı balansı öz xeyrinə dəyişə bilməyib. 

Beləliklə, qrup mərhələsində artıq baş tutmuş üç qarşılaşmadan sonra bir dənə də olsun vurulmuş qol yoxdur. Əldə edilmiş cəmi 1 xal isə Lixtenşteynlə Bakıda keçirilmiş qarşılaşmada qazanılıb.

 

Bəhreyn pozitivi

Hələ ki Azərbaycan millisi seçmə mərhələdə məqbul nəticə əldə edə bilməsə də, yoldaşlıq görüşlərində pis təsir bağışlamır. Buna bariz nümunə millinin Helsinkidəki qarşılaşmadan cəmi bir neçə gün sonra Bəhreynlə keçirdiyi oyundur. Bu oyunda komanda gözəl fiziki və mənəvi hazırlıq nümayiş etdirərək, rəqibi 2:1 hesabı ilə üstələdi. Üstəlik, Rail Məlikovun meydandan qovulmasından sonra,  Azərbaycan millisi ikinci hissəni bütünlükdə azlıqda keçirsə də, sonradan oyuna daxil olmuş Elvin Məmmədovun vurduğu qol komandaya qələbə qazandırdı.

Amma təbii ki, bəhreynli futbolçuların səviyyəsi və yoldaşlıq qarşılaşmasında xal uğrunda mübarizə aparılmadığını nəzərə alaraq, bu uğuru çox şişirtmək də lazım deyil.  Yığmanın real durumunu seçmə mərhələdə göstərilən oyun və nəticə nümayiş etdirir. Bu göstəricilər isə, alman mütəxəssis Berti Foqtsa olan ümidlərə baxmayaraq, ürəkaçan deyil. 

Əslində, almaniyalı məşqçi sehrbaz deyil və ölkədə futbolun səviyyəsini təkbaşına qaldıra bilməz. Üstəlik, milliyə namizədlərin sıraları o qədər də geniş deyil və komandada yeni adlara nadir hallarda rast gəlinir. Baxmayaraq ki Foqts tez-tez rezervdəki gənclərə şans verir. Götürək, elə Madridin "Real" klubunda təcrübə keçməli olan yarımmüdafiəçi Araz Abdullayevi. Əgər o, "Santyaqo Bernabeu"da özünü yaxşı tərəfdən göstərə bilsə, bir müddət sonra "Kral klubu"nun heyətinə də düşə bilər.

Qeyd etmək lazımdır ki, Foqtsun rəhbərliyi altında milli çox az qol buraxır - 3 qarşılaşmada qapıda cəmi 2 qol. Lakin təəssüf ki, hücum xətti işinin öhdəsindən gələ bilmir və əsas problem də elə budur. Demək olar ki, hər qarşılaşmada komanda qol fürsətləri yaxalasa da, onlardan istifadə olunmur.

Bir daha qeyd edək ki, Bəhreynlə oyun tamam başqa məsələdir. Söhbət qol vurmaq daha çətin olan seçmə mərhələnin qarşılaşmalarından gedir. Foqts da bu problemi aradan qaldırmaq üçün hücumda müxtəlif variantlara əl atsa da, hələ ki irəliləyiş yoxdur. Nəticədə alman mütəxəssis, hətta ötənilki ölkə çempionatının bombardiri, bu mövsüm isə bir qədər "kölgəyə çəkilmiş" Xaqani Məmmədovun xidmətindən tamamilə imtina etməli olub.

Hər şey müqayisədə aydınlaşır. Və etiraf etmək lazımdır ki, bu gün Avropada futbol böyük addımlarla irəli gedir, futbol "cırtdanlar"ı isə artıq daha tez-tez nüfuzlu rəqibləri xalsız qoyur. Elə 2010-cu ilin dünya çempionatının seçmə mərhələsində də bu cür sensasiyalara şahid oluruq. Bu cür sensasiyalar arasında ən gözlənilməzi, heç şübhəsiz, Lüksemburqun rəqib meydanında İsveçrəni 2:1 hesabı ilə məğlub etməsidir. Bu qələbənin ardınca isə lüksemburqlular Moldova ilə xal bölüşdürüblər - 0:0.

Bir sözlə, artıq heç bir komandanı asan şəkildə məğlub etmək olmur. Və vaxtilə Azərbaycan yığması da bunu çoxlarına sübut edirdi. Elə götürək, İsveçrə və Serbiya üzərindəki qələbələri, Portuqaliya ilə heç-heçəni və s.  Yeri gəlmişkən, son turda portuqaliyalılar yenidən hamını təəccübləndirdilər: bir saatdan artıq azlıqda oynayan albanlarla matçdan cəmi 1 xalla ayrılaraq biabır oldular.

Amma bir həqiqət də var: əgər komanda əsl oyun nümayiş etdirərək məğlub olursa, buna biabırçılıq demək olmaz. Çünki oyun varsa, demək, güclənmək üçün potensial da mövcuddur. Hazırkı millimizdə isə heç bu da yoxdur və Lixtenşteynlə qarşılaşmada əldə olunan heç-heçə buna sübutdur. Biz hələ qrupun favoritləri olan Almaniya və Rusiya ilə qarşılaşmamışıq. Odur ki, Foqs hələ çox işləməli olacaq, hərçənd bir neçə aya vəziyyəti düzəltmək, faktiki olaraq, mümkün deyil. Komandada qalib psixologiyası yaratmaq üçün uzun illər işləmək lazımdır.  

 

Foqts gələcəyə inanır

Qeyd etmək lazımdır ki, Berti Foqtsun Azərbaycan millisini çalışdırması yalnız yerli futbol ictimaiyyəti və azarkeşlərin yox, əcnəbi mütəxəssislərin də diqqət mərkəzindədir. Səbəbsə aydındır: "Bundestim"ə 1996-cı ildə Avropa çempionluğunu qazandırmış mütəxəssis Şotlandiya və Nigeriyadakı uğursuzluğun ardından özünü Bakıda sınamağa qərar verib. UEFA-nın rəsmi jurnalı da məşqçinin Bakı "sərgüzəştləri" haqda kifayət qədər maraqlı material hazırlayıb.

"Almaniya, Küveyt, Şotlandiya və Nigeriya millilərini çalışdıran Berti Foqts hələ də böyük  futboldan doymayıb. Dünyanın müxtəlif yerlərində işləmiş Almaniya millisinin sabiq baş məşqçisi Azərbaycanda həyatının ən çətin və həyəcanlı anlarını yaşadığını bildirir", - deyə jurnal yazır. 

Daha sonra mütəxəssisin sitatına yer verilir: "Mən elə hisslər keçirirəm ki, sanki 1990-cı illərdə məşqçi karyerama başladığım dövrə qayıtmışam. Mən yenidən futbolun əlifbası ilə məşğulam və çox həyəcan keçirirəm".

Bir vaxtlar alman maşınının vacib hissələrindən  olan 61 yaşlı mütəxəssis Azərbaycanda bütünlükdə "maşın" olmalıdır. Lakin Foqts bundan şikayətlənmir: "AFFA ilə danışıqlardan sonra məndən nə gözlənildiyini bilirəm. Azərbaycan komandasının oyunlarını görmüşəm və anladım ki, növbəti beş ildə çox şeyi dəyişmək istəyən ölkədə işləyəcəyəm. Bu ölkə futbolun inkişafına açıqdır. Biz futbolun inkişafına nail olmaq üçün böyük stadionlar tikməli, klublar isə yeniyetmə oyunçuların hazırlanması ilə məşğul olmalıdırlar".

Alman məşqçi fikirlərini belə davam etdirir: "Mən çoxlu sayda qarşılaşmaların lent yazısına baxmış, 3 həftə ərzində Azərbaycanın bölgələrini gəzərək, premyer-liqanın oyunlarını izləmişəm. Bundan sonra bir neçə oyunçuya dəvət göndərdim, həmin futbolçular üçün proqram müəyyənləşdirdik və tibbi testdən keçmək üçün onları Almaniyaya apardıq. Bütün lazımi informasiyaları əldə etdikdən sonra onları klublara yaydıq ki, bütün məşqçilər oyunçuların peşəkarlığının artırılmasında bizə yardımçı olsunlar".

Daha sonra Foqts yenidən gələcək haqda danışıb: "Mən 3-4 ildən sonra rəqabət meydanına atılacaq bir komanda yaratmaq istəyirəm. Hazırda bizim favoritlərlə mübarizə aparmaq gücümüz yoxdur, amma əgər düz işləsək, çox şeyə ümid edə bilərik. Bir neçə ildən sonra Azərbaycan nəhəng turnirlərə qatılmaq uğrunda mübarizə apara biləcək".

 

"Xəzər-Lənkəran" ruhlandırır

Taym-aut götürərək vətəni Almaniyaya yollanan Foqts ölkə çempionatının "Xəzər-Lənkəran" - "Neftçi" adlı əsas qarşılaşmasını izləyə bilmədi. Bu klublar hazırda turnir cədvəlinin ayrı-ayrı hissələrində yer alsalar da, onların qarşılaşması həmişə prinsipiallığı ilə seçilib. Son matça gəlincə, meydan sahibi və çempionatın lideri olan "Xəzər-Lənkəran" qarşılaşmadan 2:0 hesablı qalibiyyətlə ayrıldı. 

Hazırda cənubluların heyətində forvard İvan Svertkovun parladığını qeyd etmək lazımdır. Çempionatın ilk 8 turunda bolqar hücumçu rəqib qapılarına 9 qol vuraraq, bombardirlər siyahısında liderliyi ələ alıb. O, qolları staxanovçu tempi ilə sıralayır və hazırda komanda məhz onun səyi nəticəsində turnir cədvəlinin zirvəsindədir.

Ümumilikdə komandaların çıxışlarını şərh edərkən, qeyd olunmalıdır ki, onlar qeyri-sabit oyun nümayiş etdirirlər.

Təsadüfi deyil ki, turnir cədvəlində vəziyyətin kökündən dəyişməsi üçün liderin cəmi bir məğlubiyyət alması kifayətdir. Hələlik yalnız ölkə çempionu, hazırda 4-cü pillədə olan "İnter" məğlubiyyət acısı dadmayıb. Amma onlara da qələbələr asanlıqla başa gəlmir. Komanda 5 qarşılaşmada qalib gəlsə də, 3 oyunu heç-heçə başa vurub ki, bu da artıq kifayət qədər xal itkisi deməkdir. "İnter"in üzərində çempionluq xofunun olduğunu nəzərə alsaq, psixoloji gərginliyi anlamaq olar. Üstəlik, bu mövsüm ötən mövsümün bombardiri olmuş Xaqani Məmmədov da "kölgəyə çəkilib".

Çempionatın startının ən uğursuz klubu kimi isə "Neftçi"ni göstərmək olar. Hazırda komandanın aktivində cəmi 2 qələbə var. Komanda baş məşqçinin tez-tez dəyişməsindən də heç nə udmayıb. Qeyd edək ki, klubda məşqçi dəyişikliyi ötən il UEFA Kubokundakı uğursuzluqdan sonra Qurban Qurbanovun postundan getməsi ilə başlayıb. Daha sonra komandaya Vlastimil Petrjela, Anatoli Demyanenko rəhbərlik edib, hazırda isə bu postu alman mütəxəssis Xans-Yurqen Qede tutur. Onun vəziyyəti düzəldə bilib-bilməyəcəyini söyləmək çətindir. Hələlik liderdən 11 xal geri qalan "Neftçi" turnir cədvəlində 9-cu yerdədir.

Çempionatın autsayderlərinə gəlincə, qeyd edək ki, liderlər qrupunda qarışıqlıq olsa da, aşağı "mərtəbə"lərdə vəziyyət fərqlidir. Siyahını hərəyə cəmi 2 xal toplamış "Turan" və "Bakılı" qapayır. Hətta "Bakılı" artıq hazırkı çempionatda mənfi nəticəsinə görə adını "rekordlar kitabı"na yazdıra bilib. Söhbət komandanın medallar uğrunda mübarizə aparan "Bakı"ya 0:7 hesablı məğlubiyyətindən gedir. Daha nələr olacaq? Yaşayarıq, görərik/////...


MƏSLƏHƏT GÖR:

385