
AVROPA YANAŞMASI
Səfir Alan Vadams: "Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağ münaqişəsinin bu çərçivədə həllinə tərəfdardır"
Müəllif: Almaz Nəsib, Bakı
"Avropa Qonşuluq Siyasəti", "Şərq tərəfdaşlığı", Nabucco layihəsi və s.. Azərbaycan, Avropa İttifaqının və ayrı-ayrı Avropa dövlətlərinin Cənubi Qafqazla yaxınlaşmaya hesablanmış bütün bu kimi təşəbbüslərində əsas yeri tutur. Bəs Avropanı Azərbaycanda nə maraqlandırır, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq etməklə nələrə nail olub, Avropa öz enerji təhlükəsizliyinin təminatında Azərbaycana hansı yeri ayırır? Bu və digər bizi maraqlandıran suallara cavab axtarışında Avropa Komissiyasının Azərbaycandakı nümayəndəsi, səfir Alan Vadamsa müraciət etdik.
- Cənab səfir, Azərbaycan Avropaya nəyə görə lazımdır?
- Avropa İttifaqı Azərbaycanla, ilk növbədə, dünyada və Xəzər regionunda önəmli geostrateji mövqe tutduğu və əlbəttə ki, karbohidrogen hasilatçısı olduğu üçün yaxşı münasibətlər yaratmaq niyyətindədir. Bundan başqa Azərbaycanın öz ərazisi ilə Mərkəzi Asiyadan enerjidaşıyıcılarının tranziti üçün potensialı vardır ki, bu da Avropa İttifaqı üçün maraqlıdır. Bu səbəblərdən Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması və regionda sabitliyin bərqərar olunması Avropa İttifaqı üçün vacibdir.
- Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan hansı nəticələr əldə edib?
- Fikrimcə, Azərbaycan Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planında müəyyən edilmiş bir sıra sahələrdə, xüsusilə də Azərbaycanda prezident seçkilərinin keçirilməsi ilə bağlı Seçki Məcəlləsindəki şərtlərin yaxşılaşdırılması, Avropa İttifaqı ilə müxtəlif sahələrdə dialoqun aparılması və Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hazırladığı "Doinq-business-2009" hesabatında Azərbaycanın yüksək pillədə olan islahatçılardan biri kimi müəyyən edilməsi kimi çox böyük nailiyyətlər əldə edib. (Qeyd edək ki, "Doinq-business-2009" hesabatında Azərbaycan "aparıcı islahatçı ölkə" adlandırılıb).
- Bəs Azərbaycanın Avropa İttifaqına üzv olması perspektivləri barədə nə deyə bilərdiniz?
- Bunun üçün Azərbaycanın qarşısında hələ çox işlər var. Və yaxın gələjəyə belə perspektiv görünmür.
- Avropa İttifaqının enerji və nəqliyyat komissarı Andris Piebalqsin noyabrda regiona gözlənilən səfəri zamanı nələr müzakirə olunacaq?
- Cənab Piebalqs enerji və nəqliyyat məsələləri üzrə komissardır. Onun səfəri zamanı əsas diqqət Azərbaycan hökuməti ilə enerji məsələlərinin müzakirəsinə yönələcəkdir. Bu faktor əlbəttə ki, qiymətləndirilməlidir və onun nəticəsi hələ aydın deyil. Hər halda enerjinin Xəzər dənizindən Avropaya nəql edilməsi mühüm məsələdir.
- Müsahibələrinizin birində demisiniz ki, təkcə Azərbaycanda yox, bütün Şərqi xəzər regionunda resurslar ətrafında daim oyun, rəqabət gedir. Belə olan halda "Nabucco" layihəsinin reallaşmasına yönələn maneələr dəf oluna biləcəkmi?
- Xəzər hövzəsində enerji resursları uğrunda gərgin mübarizə gedir. Bu, siyasi, mürəkkəb və hətta qabaqcadan proqnoz verilməsi mümkün olmayan məsələdir. Mən şəxsən hesab edirəm ki, bütün ehtiyacların ödənməsi üçün regionda kifayət qədər qaz var və inanıram ki, son nəticədə "Nabucco" işə salınmalıdır.
- Gürcüstan hadisələrindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş yarandığı deyilir. Qarşıdan gələn 2009-cu ildə bu münaqişənin həllində əsaslı dönüş gözləmək olarmı?
- Belə hesab etmək olar ki, bugünkü proqnozlar bir vaxtlar olduğundan daha yaxşıdır. Ümid edirəm ki, 2009-cu ildə problem müsbət yolla həll ediləcəkdir.
- Sizcə, Gürcüstanın öz ərazi bütövlüyü naminə atdığı addım Azərbaycanın Dağlıq Qarabağla bağlı siyasətində baş verərsə, Avropa İttifaqı buna necə yanaşar? Azərbaycanın mövqeyi müdafiə olunarmı?
- Avropa İttifaqı hər zaman problemlərin sülh yolu ilə həllini dəstəkləyir və məqsədə çatmaq üçün heç zaman silahlı münaqişəni bir vasitə olaraq dəstəkləmir.
- Avropa Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır. Lakin nədənsə münaqişənin həlli ilə bağlı Ermənistana təsir göstərilmir?
- Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsini vasitəçilik yolu ilə həll etməyə çalışan ATƏT-in Minsk qrupu ilə həmfikirdir və onu dəstəkləyir. Şübhəsiz, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və əlbəttə ki, biz münaqişənin həmin əsaslarla həll olunmasını istəyərdik.
- Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvolma istiqamətindəki fəaliyyətini necə dəyərləndirirsiniz?
- Ümumdünya Ticarət Təşkilatına qəbul olunmaq mürəkkəb işdir. Avropa İttifaqı ÜTT-yə daxil olmaq iddiasında olan Azərbaycanı daim təşviq edir və ona bu məsələdə köməklik göstərir. Ancaq hələ görüləsi işlər var. Avropa İttifaqına daxil olmaq perspektivi isə daha uzunmüddətlidir, bu anda hər iki tərəfin bu məsələni real olaraq nəzərdən keçirdiyini ehtimal etmirəm.
- Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıda olarkən Polşa və İsveçin təklif etdiyi "Şərq Tərəfdaşlığı" təşəbbüsü üzərində müzakirələrin aparıldığını bildirmişdi. Bu məsələ ilə bağlı hazırda işlər nə yerdədir?
- Bəli, bu belədir. Cənubi Aralıq dənizi Tərəfdaşlığına qarşı Şərq Tərəfdaşlığı müzakirə edilib. Belə düşünürəm, bu fikir və düşüncələr indi deyil, orta müddətdə öz bəhrəsini verəcək.
MƏSLƏHƏT GÖR: