
KİM OLACAQ?
Olimpiadadan sonra əksər millilərin məşqçiləri öz vəzifələrində qaldılar
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Pekin Olimpiadası artıq tarixin bir hissəsinə çevrilib və indi bütün diqqət 2012-ci ildə Londonda keçiriləcək növbəti oyunlara hazırlığa yönəlib. Amma həm idmançıların, həm də onların məşqçilərinin çıxışını qiymətləndirən mütəxəssislər hələ uzun müddət arxada qalmış Olimpiadanın nəticələrini müzakirə edəcəklər. Onlardan bəziləri qarşıya qoyulan məqsədə nail olmağı bacarsa da, digərləri Pekin Olimpiadasında heç nə əldə edə bilməyib.
Elə isə gəlin görək, hansı idman növlərində məqşçilər özlərini doğrultdu, hansında isə dəyişikliyə ciddi ehtiyac var?
Ştanqçılar üçün nəticə
Son dövrlərdə ağır atletika üzrə Azərbaycan millisində kadr dəyişiklikləri məsələsi aktiv şəkildə müzakirə edilir. Çünki komanda bu dəfə də uğursuz çıxış edərək, medal qazana bilmədi və bundan mütləq nəticə çıxarılmalıdır. Məşqçilər korpusunun fəaliyyətindən nəinki yerli federasiya, həmçinin Gənclər və İdman Nazirliyi də narazıdır. Təsadüfi deyil ki, nazir Azad Rəhimov Pekindən döndükdən dərhal sonra ağırlıqqaldıranlarımızın Çindəki çıxışının qənaətbəxş olmadığını bildirib. Odur ki, artıq yeni ildən (bəlkə də daha tez) milliyə yeni çalışdırıcının gələcəyini gözləmək olar.
Azərbaycanın Olimpiadada təmsil olunmadığı, lakin oraya düşmək üçün ciddi mübarizə apardığı bəzi idman növlərində də məşqçi dəyişiklikləri baş verib. Məsələn, qılıncoynatma üzrə komandanın baş məşqçisi postunda Yaşar Məmmədovu Tahir Akimov əvəzləyib. Xatırladaq ki, vaxtilə qadın qılıncoynadanlarımız dünya və Avropa meydanlarında komanda yarışlarında aparıcı mövqelərdə idi, medallar qazanırdı. Bu idman növündə olimpiya çempionluğu istisna olmaqla, bütün mümkün titulları qazanmış Yelena Jemayeva isə dünya səviyyəli idmançı sayılırdı. Lakin həmin mərhələ artıq geridə qalıb və indi Londonda çıxış edə biləcək idmançıların yetişdirilməsi vacibdir.
Digər tərəfdən, ənənəvi olaraq, nəhəng turnirlərdə Azərbaycana sabit olaraq medallar gətirən idman növlərində dəyişiklik baş verməyib. Məsələn, cüdo üzrə millinin baş məş qçisi Ağayar Axundzadənin, xüsusilə də Pekindəki zəfərdən sonra postundan kənarlaşması tamamilə cəfəngiyat olardı. Axı digərləri ilə müqayisədə Çində məhz cüdoçular özlərini daha yaxşı tərəfdən göstərdilər - Elnur Məmmədli (73 kq) "qızıl", Mövlud Mirəliyev (100 kq) isə "bürünc"ə sahib çıxdı. Onu da deyək ki, hələ Pekin yarışından əvvəl də A.Axundzadənin kifayət qədər "etibar krediti" var idi. Çünki onun komandası dünya və Avropa birinciliklərində uğurlu çıxış edir və hər dəfə vətənə medallarla dönürdü. Bu idman növündə Azərbaycanın yalnız olimpiya medalı çatmırdı (son üç olimpiadada cüdoçularımız medal qazana bilməmişdilər) və nəhayət, Çində buna da nail olundu. Beləliklə, indi Azərbaycan cüdosu Nazim Hüseynovdan sonra, ikinci qızıl medalı ilə fəxr edə bilər.
Yeri gəlmişkən, N.Hüseynovun məşqçisi də məhz A.Axundzadə olub.
Güləşçilər "iş başında"
Ardıcıl olaraq, ikinci olimpiadada da yetirmələrinin mükafatçılar sırasında olduğu yunan-Roma güləşi üzrə millinin baş məşqçisi Elçin Cəfərov da növbəti dəfə bacarığını nümayiş etdirdi. Rövşən Bayramov (55 kq) və Vitali Rəhimov (60 kq) Pekində "gümüş" qazanmaqla, komandanın məşqçilər heyətinin düz yolda olduğunu bir daha sübut etdi. İstənilən halda, ötən olimpiya mövsümündə E.Cəfərov öz peşəkarlığına şübhə yeri qoymamışdı və son beş ilin nəticələri də bunu bir daha təsdiqləyir.
Onun "sərbəstçilər"i çalışdıran həmkarı Maqomedxan Aratsilovun mövqeləri də kifayət qədər möhkəmdir. Qeyd etmək lazımdır ki, bu növ üzrə millimiz ilk dəfə olaraq, Olimpiadaya tam heyətlə qatılmışdı. Düzdür, Pekində komanda cəmi bir "bürünc"lə kifayətlənməli oldu, amma bu turnir komandanın daha böyük nəticələr əldə etmək potensialını üzə çıxardı. Xüsusilə də nəzərə alsaq ki, bu idman növündə Azərbaycanın öz ənənələri var. Elə yalnız pəhləvanlarımız üçün nümunə ola biləcək, Sidney Olimpiadasının qalibi Namiq Abdullayevi xatırlamaq kifayətdir. Xatırladaq ki, nüfuzlu güləşçimiz Pekinə yollanmağa əsas namizəd hesab edilsə də, sonda yerini daha gənc Namiq Sevdimova (55 kq) verməli oldu. Təəssüf ki, sonuncu Pekində çox uğursuz çıxış etdi.
Güləş mövzusunu davam etdirərək, qadınlardan ibarət millinin məşqçisi Nazim Əlicanov haqda da danışmaq lazımdır. Məhz onun rəhbərliyi altında xanım güləşçilərimiz böyük uğurlara imza atıblar. Millinin böyük əksəriyyəti legionerlərdən ibarət olsa da, etiraf edilməlidir ki, onlar beynəlxalq arenalarda kifayət qədər ciddi rəqabət aparmaq iqtidarındadırlar. Bu sırada xüsusilə bu il ərzində Avropa çempionu, gənclər arasında qitə birinciliyinin qalibi və Pekin Olimpiadasının gümüş mükafatçısı olmuş Mariya Stadnikin (48 kq) adını çəkmək olar. Bununla yanaşı, kollektiv üçün mövsüm hələ bitməyib və oktyabrın ortalarında güləşçilərimiz dünya çempionatına qatılacaqlar. Məlumat üçün bildirək ki, Olimpiada ilə əlaqədar olaraq, kişi yunan-Roma və sərbəst güləşçiləri üçün mundial keçirilməyəcək. Qadınlarda isə heç də bütün çəkilərin Olimpiadada təmsil edilmədiyi nəzərə alınaraq, Tokioda dünya birinciliyinin təşkil edilməsi qərara alınıb. Odur ki, bu yarış Stadnik üçün mövsümün möhtəşəm başa vurulması baxımından yaxşı imkan ola bilər. O, bu turnirdə də mükafatçılar sırasına düşmək istəyindədir və bunun üçün ciddi mübarizə aparacaq. Lakin Olimpiadadan sonra hər bir idmançının daxilən boşluq hiss etməsi, bir də yarışda dominatlıq edən yapon güləşçilərinin çoxluğunu nəzərə alsaq, Stadnikin məqsədinə nə dərəcədə nail ola biləcəyini söyləmək çətindir.
Çox güman ki, boks üzrə millinin baş məşqçisi Nəriman Abdullayev də postunda qalacaq. Xatırladaq ki, o, bu postda Məmməd Eyvazovu mövsümlərarası dövrdə, daha dəqiqi, lisenziya turnirlərinin qızğın vaxtında əvəzləmişdi. Bu dəyişikliyə səbəb isə Çikaqoda keçirilmiş dünya birinciliyində komandamızın gözlənilmədən yalnız bir olimpiya lisenziyası (Samir Məmmədov, 51 kq) qazanması olmuşdu. Pekində bürünc medal qazanmış Şahin İmranov isə lisenziyanı artıq N.Abdullayevin rəhbərliyi altında əldə etmişdi.
Ümumilikdə, əlbəttə ki, kollektiv imkanlarından aşağı çıxış edib. Xüsusilə, 4 il əvvəl Afinada Azərbaycanın boks üzrə 9 çəki dərəcəsində təmsil olunduğunu xatırlasaq, onda son yarışın uğuru haqda danışmaq mümkün deyil. Odur ki, məşqçinin qarşısında komandanı, faktik olaraq, sıfırdan qurmaq kimi vacib məqsəd dayanır. Bunun üçün isə seleksiya işlərini gücləndirmək lazımdır.
Bir sözlə, yetirmələri Pekində medal qazanmış məşqçilər postlarını itirməyəcəklərinə əmin ola bilərlər - ən azı London Olimpiadasınadək.
Tamam, yoxsa davam?
Hazırda düşünmək üçün taym-aut götürmüş bir sıra təcrübəli idmançıların karyeralarını davam etdirib-etdirməməsi məsələsi də az aktuallıq daşımır. Onlardan bir çoxu Çindəki çıxışından sonra bərpa dövrü keçir və hələ ki böyük turnirlər haqda düşünmür. Bu da təbiidir. Axı Olimpiadaya hazırlıq və orada iştirak idmançıdan o qədər güc və enerji aparır ki, onun bərpası üçün mütləq zamana ehtiyac var. Məsələn, Pekində bürünc medal qazanmış cüdoçu Mövlud Mirəliyev hələ ki məşqlərə başlamayıb. Bununla yanaşı, o, karyerasını davam etdirmək fikrindədir. 34 yaşında olimpiada medalı qazanmış atlet bununla kifayətlənməyi düşünmür. Millinin baş məşqçisi A.Axundzadə də əmin edir ki, Mövlud hələ yüksək səviyyədə çıxış etmək iqtidarındadır. Çünki ağır çəkidə çıxış edən cüdoçuların "ömür"lərinin uzun olduğu məlumdur. Üstəlik, hazırda daxili arenada M.Mirəliyevə rəqib yoxdur və o, növbəti Olimpiadaya da qatılmaqdan imtina etmək fikrində deyil və ən azı, buna cəhd göstərəcək.
Çox güman ki, stend atıcılığı üzrə Sidney Olimpiadasının çempionu olmuş Zemfira Meftahətdinova da növbəti oyunlara qatılmağa çalışacaq. Bakıya qayıtdıqdan sonra o, böyük idmandan bir qədər kənarlaşaraq dincəlmək istədiyini, lakin karyerasını bitirməyi düşünmədiyini söyləyib. Və bu da təəccüblü deyil: bu idman növünün xüsusiyyəti belədir ki, orada uzun illər çıxış etmək olar. Təbii ki, hazırlığın buna imkan verirsə.
Olimpiadanın bürünc mükafatçısı Şahin İmranov da gələcəyi ilə bağlı götür-qoy etməkdədir. Hər şey onun Pekində daha da ağırlaşmış zədəsinin nə qədər tez sağalacağından asılıdır. Hələ ki İmranov yolayrıcındadır, amma artıq gələn il məsələyə aydınlıq gələcək. İstənilən halda, Olimpiadanın seçmə mərhələsi hələ iki ildən sonra başlanacaq və hər şeyi ölçüb-biçmək, karyeralarının davamı ilə bağlı qərar qəbul etmək üçün atletlərimizin kifayət qədər vaxtı var.
MƏSLƏHƏT GÖR: