14 Mart 2025

Cümə, 21:50

YUŞŞENKO VƏ TİMOŞENKO: YENİDƏN FİNİŞ XƏTTİNDƏ

Ukraynalı seçiciləri növbəti növbədənkənar parlament seçkisi gözləyir

Müəllif:

20.10.2008

Ukraynanın altıncı çağırış Ali Radası, nəhayət, buraxıldı. Ölkə prezidenti Viktor Yuşşenko bu qərarını oktyabrın 8-də elan etdi. Ukrayna qanunvericiliyinə əsasən, növbədənkənar seçkinin keçirilməsi tarixi dekabrın 7-nə düşür.

Xatırladaq ki, Yuşşenkonun parlamenti buraxmaq qərarına Yuliya Timoşenkonun Bloku (YTB) ilə prezidenti dəstəkləyən "Bizim Ukrayna - Xalq Özünümüdafiə" Bloku (BU-XÖ) tərəfindən qurulmuş "narıncı koalisiya"nın bu il sentyabrın 3-də dağılması səbəb olub. Belə ki, YTB və müxalifətçi Regionlar Partiyasının deputatlarının prezidentin səlahiyyətlərini məhdudlaşdıran bir sıra qanunların qəbuluna səs verməsindən sonra "BU-XÖ" hakim koalisiyanı tərk edib. Bundan başqa, YTB parlamentdə "BU-XÖ" tərəfindən Rusiyanın Gürcüstana təcavüzünü pisləyən bəyanatını dəstəkləməkdən imtina edib.

Ukrayna Konstitusiyasına əsasən, koalisiyanın dağılmasından sonra yeni hakim koalisiya bir ay ərzində formalaşmalıdır, əks halda prezident parlamenti buraxmaq hüququ əldə edir. V.Yuşşenkonun sözlərinə görə, oktyabrın 8-dək o, tərkibində 225 deputat olacaq yeni birliyin yaradılması ilə bağlı heç bir siyasi qüvvədən təklif almayıb. Xatırladaq ki, Altıncı çağırış Ali Radada 5 fraksiya var idi: Regionlar Partiyası (156), YTB (156), "BU-XÖ" (72), Kommunist Partiyası (27) və Litvinin Bloku (19).

 

"Heç kimin qeydinə qalmadığı situasiya"

Ukrayna parlamentinin buraxılması gözlənilməz olmasa da, ayrı-ayrı siyasi qüvvələrin məsələyə münasibəti birmənalı deyil. Deputat Boris Kolesnikov bunu siyasi böhrandan optimal çıxış yolu adlandırıb. "Regionçular"ın lideri daha sərt bəyanatla çıxış edib və bildirib ki, Yuşşenkonun qərarı ölkəni "müflisləşmə" ilə üz-üzə qoyacaq və ilk növbədə, hakimiyyətin özü üçün sarsıdıcı zərbə olacaq.

YTB isə dövlət başçısının qərarını antikonstitusion addım sayır. Blok nümayəndələri bildirirlər ki, Ali Radanın buraxılması üçün tələb olunan minimum bir il müddət hələ bitməyib (Ukrayna Konstitusiyasına görə, növbədənkənar seçki nəticəsində seçilmiş parlamenti yalnız onun formalaşmasından bir il sonra buraxmaq olar). Bu səbəbdən də baş nazirin tərəfdarlarının məhkəməyə müraciət edəcəkləri istisna deyil.

Yaranmış siyasi böhrana görə, cavabdehliyə gəlincə, fraksiyanın rəhbəri Andrey Portnov hesab edir ki, bu məsuliyyət birmənalı olaraq, prezidentin üzərinə düşür. Onun fikrincə, növbədənkənar seçki "Yuşşenkoya bir neçə ay ərzində hakimiyyətini möhkəmləndirməsi və prezident seçkisi öncəsi mövqeyini gücləndirməsi üçün lazımdır". Bundan əvvəl isə o bildirmişdi ki, növbədənkənar seçki elan edilərsə, onun partiyası dövlət büdcəsindən seçkinin təşkilinə vəsaitin ayrılmasına səs verməyəcək. Yeri gəlmişkən, seçki komissiyalarının maliyyələşdirilməsini təmin etmək üçün Ali Rada hələ dövlət büdcəsinə müvafiq dəyişikliklər etməlidir. Ukraynanın Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin hesablamalarına görə, bunun üçün təxminən 75 milyon dollar tələb olunur.

Yuşşenkonun parlamentin buraxılması ilə bağlı qərarından dərhal sonra Y.Timoşenkonun tərəfdarları öz liderlərinin baş nazir postunda qalmasının məqsədəuyğun olmadığı haqda fikirlər səsləndirməyə başlayıblar. "Situasiya gərgindir: təsəvvür edin ki, baş nazirin heç bir rıçaqları yoxdur, o heç nəyə təsir etmək iqtidarında deyil və üstəlik, hamının laqeyd yanaşdığı situasiyaya görə cavab verməlidir", - deyə vitse-spiker Nikolay Tomenko (YTB) məsələ ilə əlaqədar bildirib. 

Həmin mərhələdə İtaliyada səfərdə olan dövlət başçısının özü isə qeyd edib ki, Yuliya Timoşenkonun rəhbərlik etdiyi hökumət Nazirlər Kabinetinin yeni tərkibinin formalaşmasınadək fəaliyyətini davam etdirməlidir.

Daha bir maraqlı bəyanat "Xalq özünümüdafiə" ictimai hərəkatının lideri, daxili işlər naziri Yuri Lutsenkodan gəlib. O, rəhbərlik etdiyi hərəkatın prezidenti dəstəkləyən "Bizim Ukrayna" Bloku ilə birlikdə növbədənkənar seçkidə iştirak etmək fikrində olmadığını söyləyib. Deyəsən, Yuşşenko bu açıqlamadan o qədər də dilxor olmayıb. Hər halda, buna cavab olaraq dövlət başçısı öz adını daşıyacaq blok yaratmaq niyyətini gizlətməyib. Dövlət başçısının katibliyinə yaxın olan yerli politoloqlar artıq yeni blokdakı ilk 5 yeri kimlərin tutacağını da açıqlayırlar. Deyilənlərə görə, ilk "beşlik"də Viktor Yuşşenko ilə yanaşı, hazırda Ukrayna Təhlükəsizlik Şurasının katibi, yaxın keçmişdə Regionlar Partiyasının liderlərindən olmuş Raisa Boqatırova, parlamentin hazırkı spikeri Arseni Yasenyuk, artıq buraxılmış Ali Radada prezidenti dəstəkləyən fraksiyaya rəhbərlik etmiş Vyaçeslav Kirilenko və baş nazirin müavini İvan Vasyunik təmsil olunacaqlar. Məsələ ilə bağlı yekun qərar isə "Bizim Ukrayna"nın oktyabrın sonunda keçiriləcək qurultayında qəbul ediləcək. Çox güman ki, həmin vaxt hakim zümrəni özündə birləşdirən, milli vətənpərvərliyi, Kiyevin NATO və Avropa İttifaqına üzvlüyünü təbliğ edəcək yeni vahid partiya yaradılacaq. 

Bununla yanaşı, əksər ekspertlər əmindirlər ki, Ukraynada siyasi böhran ölkənin bu ilin dekabrında NATO-nun üzvlüklə bağlı fəaliyyət planına qoşulması şanslarına mənfi təsir göstərəcək.

 

Nəticəsiz oyun

Beləliklə, Ukraynada siyasi mübarizə yenidən qızışır və hər şey sıfırdan başlayır. Lakin ayrı-ayrı qüvvələrin "stavka"ları o qədər fərqlidir ki, bu qarışıqlıqda hansısa birmənalı nəticəyə gəlmək olduqca çətindir. Axı Ukrayna siyasətçilərinin sözləri və real işləri çox vaxt əsl məqsədləri ilə üst-üstə düşmür.

Məsələn, xatırladaq ki, Yuşşenko parlamenti buraxarkən, oktyabrın 8-dək heç bir siyasi qüvvədən koalisiya formalaşdırılmasına dair təklif almadığını xüsusi vurğulamışdı. Lakin həmin açıqlamadan bir neçə gün əvvəl Timoşenkonun "narıncı koalisiya"nın bərpası üçün Yuşşenkonun bütün tələblərinə əməl etdiyi xəbər verilirdi. Yəni Timoşenko prezidentin səlahiyyətlərinin azaldılmasını nəzərdə tutan qanunlardakı imzasından imtina etməyə hazır olduğunu, hətta dövlət başçısının Gürcüstanın müdafiəsinə yönəlmiş bəyanatını dəstəklədiyini bəyan etdi. Qeyd edək ki, həmin sənəddə Ukrayna və Avropa İttifaqı istənilən hərbi qarşıdurmanı pisləyir, Gürcüstanın ərazi bütövlüyünə dəstək nümayiş etdirir, Cənubi Osetiyanın Sarkozi-Medvedev planı əsasında sülh yolu ilə həllinin vacibliyini bildirir.

Yeri gəlmişkən, bəzi mətbuat orqanları YTB-nin birdər-birə geri çəkilməsi ilə əlaqədar bir neçə maraqlı versiya irəli sürüb. Onlardan birinə əsasən, prezident və onun nəzarətində olan güc strukturları Timoşenko haqda kompromat əldə ediblər və ya edəcəklər və bu, "narıncı ledi"ni əməlli-başlı təşvişə salıb. Bununla yanaşı, bəzi siyasətçilər hesab edirlər ki, baş nazir məqsədli şəkildə bu addımı ataraq göstərmək istəyib ki, o, "demokratik koalisiya"nın dağılmaması üçün sonadək mübarizə aparır.

Daha bir maraqlı məqam YTB-nin Regionlar Partiyası ilə rəsmi ittifaqa gedib-getməyəcəyi ilə bağlıdır. Axı bu halda o, "narıncı inqilab"ın birinci ledisi imici ilə vidalaşmalı olacaq.

Ümumiyyətlə, Timoşenkonun siyasi xətti kifayət qədər sirlidir. Avqustda Moskva ilə Tbilisi arasında yaşanan münaqişənin gedişində Yuşşenko gürcüstanlı həmkarı Mixail Saakaşviliyə birmənalı dəstək verdiyi vaxt, Timoşenkonu nə görən oldu, nə də eşidən. Sonradan Gürcüstan ətrafında yaranmış gərgin vəziyyətin fonunda Yuliya Timoşenkonun Ukraynanın ayrı-ayrı dövlətlər arasındakı münaqişələrə müdaxiləsinə imkan verməyəcəyinə dair bəyanatı isə açıq işarə kimi səsləndi. 

Bundan başqa, baş nazir Kiyevin NATO və Avropa Birliyinə üzvlüyünü dəstəkləsə də, bunu Yuşşenko qədər etmir. Onun Rusiyanın Krımda yerləşən Qara dəniz Donanması ilə bağlı mövqeyi də o qədər sərt deyil. Ali Radanın buraxılmasından bir qədər əvvəl isə Timoşenko Rusiyaya səfər edərək, bu ölkənin baş naziri Vladimir Putinlə görüşüb. Həmkarı ilə danışıqlar zamanı o, Rusiyadan alınan qazın ölkəsinə aşağı qiymətlərlə satılmasına dair zəmanət əldə etməyə çalışıb.

Hökumət başçıları arasında görüş ümumilikdə xeyirxah atmosferdə keçsə də, Moskva hələ ki Kiyevə yalnız qiymətlərdə qəflətən kəskin artımın olmayacağını vəd edib. Timoşenkonun Moskva səfərindən sonra Ukrayna iqtisadiyyatı bir şey qazanıb: bu ölkəyə satılan Rusiya qazının qiyməti Avropa qiymətlərinə tədricən - üç il ərzində çatdırılacaq. Görüşdə konkret rəqəmlər səslənməyib. 2009-cu il üçün də qiymətlər hələ ki müəyyənləşdirilməyib. Şübhəsiz ki, Kreml Ukraynadakı siyasi mübarizənin nəticəsini gözləyir.

Bütün bunların fonunda, Yuşşenkonun reaksiyası maraq doğurur. Təbii ki, soyuq qış ərəfəsində prezident, Timoşenkonun ölkənin xilaskarı qiyafəsində tanınmasını istəməzdi. O hətta bunun qarşısını almaq  - Timoşenkonun Moskvaya səfərini əngəlləmək  üçün baş naziri təyyarəsindən də məhrum etdi. Amma Timoşenko inadkarcasına Rusiya səfərini reallaşdırdı və Moskvaya çarter reysi ilə uçdu. 

Beləliklə, baş nazirin Rusiyanın ünvanına aşkar ittihamlar səsləndirməməsi, Regionlar Partiyası ilə taktiki ittifaq, həmçinin Rusiyaya səfər Moskvanın Ukraynada yaşanan siyasi proseslərə təsirindən danışmaq üçün əsas verir. Xatırladaq ki, əvvəllər Timoşenko bunlardan boyun qaçırır, Vladimir Putin isə belə fikirləri "cəfəngiyat" adlandırırdı.

İstənilən halda, bunlar faktdır. Yuşşenko da Ali Radanın buraxılması ilə əlaqədar xalqa televiziya vasitəsilə etdiyi müraciətində hansısa "kənardan gətirilmiş tendensiya" və "qeyri-ukrayna ssenarisi"ndən söz açıb. "Biz digər təhlükəli məqamı - kənardan gələn tendensiyanı da müşahidə edirik. Bu milli-demokratik qüvvələrin parçalanmasına istiqamətlənmiş hücumdur. Bu bizim bədənimizə məqsədli şəkildə çalınan mismardır", - deyə prezident bildirib.

Rusiyanın isə Ali Radanın buraxılmasına öz yanaşması var. Moskvanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin bildirib ki, "parlament böhranını Yuşşenkonun özü yaradıb və buna səbəb onun Ali Radanın ölkənin xaricə silah satması ilə bağlı faktları ortaya çıxaracağından ehtiyat etməsidir". Xatırladaq ki, Rusiya Ukraynanı xüsusilə Gürcüstana silahlanmada yardım etməkdə günahlandırır. Bu məsələ ilə əlaqədar, parlamentdə yaradılmış xüsusi komissiyanın rəhbəri Valeri Konovalyuk bildirib ki, Kiyevin Tbilisiyə satdığı silahların bir hissəsi Ukrayna Silahlı Qüvvələrindən götürülüb. Bundan başqa, onun sözlərinə görə, bu sövdələşmədən əldə edilən vəsaitin böyük hissəsi, ümumiyyətlə, Ukrayna büdcəsinə daxil olmayıb. Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurası isə parlament komissiyasının ittihamlarını təkzib edib. Lakin məsələ hələ də "havada" qalır.

Beləliklə, vaxtilə "narıncı koalisiya"da müttəfiq olmuş qüvvələr hələ də ölkə ictimaiyyətini "Evdə söz sahibi kimdir?" oyununu izləməyə məcbur edirlər.

 

"Cəhənnəm olsunlar! Bezdiriblər artıq"

İstənilən halda, Ukraynada yaşanan siyasi böhranın nəticəsinin necə olacağını söyləmək çətindir. Ali Radanın növbəti dəfə buraxılması həm Yuşşenko, həm də Timoşenko üçün iflas ola bilər. Prezidentlə baş nazir arasında mübarizəni isə Viktor Yanukoviç maraqla izləyir. Regionlar Partiyası prezidenti Ali Radanı buraxmaq niyyəti ilə bağlı dəfələrlə tənqid etsə də, sonda onun qərarını dəstəkləyib. Çünki "regionçular" siyasi qüvvələrin yerdəyişməsində yenidən hakimiyyətə qayıtmaq şanslarının olduğunu düşünürlər. Artıq dəfələrlə səsləndirilmiş ehtimallara əsasən, YTB ilə Regionlar Partiyası mehriban birlik yaradacaqları halda, Yanukoviç gələcəkdə Timoşenkonun prezidentliyində baş nazir postunu tuta bilər. 

Digər tərəfdən, Yanukoviç bundan da böyük uğur əldə edə bilər - növbədənkənar parlament seçkisində onun partiyasının qələbə qazanacağı təqdirdə, "regionçular" təkbaşına və ya parlamentdə az deputatla təmsil olunacaq partiyalarla, məsələn, kommunistlərlə koalisiya yarada bilərlər.

Ukraynada yaşanan siyasi mübarizədə ən çox zərər çəkən isə yəqin ki, milli iqtisadiyyatdır. Axı hadisələr dünyada yaşanan qlobal iqtisadi böhranın fonunda baş verir.

Ukrayna seçicilərinin yorğunluğu faktorunu da nəzərə almaq lazımdır. Xatırladaq ki, Yuşşenko prezidentliyi dövründə artıq ikinci dəfədir ki, parlamenti buraxır. İlk dəfə bu, 2007-ci il aprelin 2-də baş verib və o vaxt da dövlət başçısı bunu qanunverici orqanda yaranmış böhranla izah etmişdi. Həmin vaxt YTB və "Bizim Ukrayna" fraksiyasından olan deputatlar Regionlar Partiyası və Aleksandr Morozun rəhbərlik etdiyi Sosialist Partiyası ilə koalisiyadan boyun qaçıraraq, könüllü şəkildə mandatlarından imtina etmişdilər. Növbədənkənar parlament seçkisi isə cəmi 1 il əvvəl keçirilib - 2007-ci il sentyabrın 30-da. Kiyev sakinlərindən biri bu məqalənin müəllifinə ölkəsindəki son hadisələr haqda fikrini qısaca olaraq belə bildirib: "Ukraynada siyasi səhnədə başlı-başınalıqdır. Artıq buna o dərəcədə vərdiş edilib ki, heç kəs yaşananlara əhəmiyyət vermir. Hətta demək olar ki, televizorda xəbərlərə baxmasaq, baş verənləri ümumiyyətlə hiss etmirik. Əşşi, cəhənnəm olsunlar! Artıq bezdiriblər". 

 

Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.

Ekspertlərin fikrincə, seçkidən sonra parlamentdə qüvvələr nisbəti, çox güman ki, ciddi dəyişikliyə məruz qalmayacaq və təbii ki, hakim koalisiyanın yaradılması istiqamətində danışıqlar da asan keçməyəcək. Son rəy sorğularına əsasən, hazırda ölkənin siyasi qüvvələri arasında Regionlar Partiyasının reytinqi daha yüksəkdir - onu 22-26 % arasında seçici dəstəkləyir. İkinci yerdə gələn YTB-nin dəstəyi isə 18-25% arasındadır. Prezidenti dəstəkləyən və artıq parçalanmış "BU-XÖ", Kommunist Partiyası və Vladimir Litvinin rəhbərlik etdiyi blokun tərəfdarları isə 3-5%-dən artıq deyil.


MƏSLƏHƏT GÖR:

493