24 Noyabr 2024

Bazar, 17:36

"LOKOMOTİV" YERİNDƏ SAYMIR

Neftin ucuz qiyməti SOCAR-a ixracyönümlü sənaye məhsullarının istehsalı üzrə layihələrin inkişafına mane olmayacaq

Müəllif:

21.04.2015

Ötən ilin ortalarından neftin dünya qiymətlərinin ikiqat düşməsi, həm də neft hasilatçıları üçün müsbət olmayan proqnozlar əksər neft şirkətlərini, eləcə də dövləti qənaət siyasətinə keçməyə məcbur edir. Hərçənd ötən həftə neftin cüzi bahalaşması müşahidə edilsə də (London birjasında "Brent" markasının kortirovkası bir barelə görə 60 dolları üstələyib), qiymətlərin uzunmüddətli artım perspektivləri hələ də qaneedici deyil. ABŞ-ın Energetika İnformasiyalar İdarəsinin proqnozlarına görə, neftin qiyməti yaxın beş ildə, çətin ki, 80 dollar/barel plankasını keçsin. Bu, əsasən, ABŞ-da enerji resurslarının hasilatının artımı ilə bağlıdır. 2028-ci ilə kimi qiymət cəmi 100 dollara qədər qalxa bilər və 2040-cı ilə neftin qiyməti 140 dollar plankasına çata bilər.

Azərbaycan üçün neftin aşağı qiyməti də müəyyən çətinliklərlə bağlıdır. Lakin iqtisadiyyatın şaxələnməsi üzrə tədbirlər, sənaye potensialının inkişafı əhəmiyyətli dərəcədə neftin qiymətinin aşağı olmasından yaranacaq neqativ nəticələrin balanslaşdırılmasına səbəb olur.

Belə xoşagəlməz şərtlərdə əsas zərbənin ölkənin neft sektorunun başlıca lokomotivi - SOCAR şirkətinə dəyəcəyi görünürdü. Lakin şirkətin 2014-cü ildəki nəticələri əksinə müsbət dinamikanı göstərdi. SOCAR-ın vitse-prezidenti Süleyman Qasımovun sözlərinə görə, şirkətin 2014-cü ildə gəlirləri 40 mlrd. manat, mənfəəti isə 1,1 mlrd. manat olub. Nəzərə alsaq ki, 2013-cü ilin nəticələrinə görə, şirkətin mənfəəti 980 mln. manat təşkil edib. Deməli, ötən il 12% artım təmin edilib. 

"Caspian European Club"ın təşkil etdiyi biznes-forumda Qasımov bildirib ki, dünya bazarlarında neftin aşağı qiyməti SOCAR-ın gəlirlərinə az təsir göstərir. Çünki hasil edilən neftin böyük hissəsi daxili bazara gedir. 

"Hasil edilən neftin 72%-i daxili bazara göndəririk, 28%-i isə ixrac edilir. Xam neft daxili bazarda tələbatı qarşılamaq üçün əsasən emala göndərilir. Azərbaycanda neft və qaz qiymətləri dövlət tərəfindən tənzimlənir. Bu şirkətə tam həcmdə olmasa da, müəyyən dərəcədə öz proqramlarını maliyyələşdirməyə imkan verir", - deyə o, qeyd edib. Təkcə neft və qazın hasilatının saxlanılması, ölkənin qazlaşdırılması və digər obyektlərin tikintisi layihələrinə SOCAR 2015-ci ildə, təxminən, 1 mlrd. manat yönəldəcək. Bu, son illərin göstəricilərinə uyğundur. 

Əsaslı xərclərin daha bir mühüm istiqamətlərindən biri "Azərneftyağ" NEZ-in ləğv edilməsini nəzərdə tutan mövcud neftemaledici zavodların irimiqyaslı yenidən bərpası və onun bir sıra dəzgahlarının Heydər Əliyev adına Bakı NEZ-nə köçürülməsidir. Bundan başqa, Bakı NEZ-in bir sıra dəzgahlarının tikintisi planlaşdırılır ki, 2018-ci ildən Avro-5 standartlarına uyğun benzin və dizel yanacağının buraxılmasının başlamasına imkan verəcək. Ümumilikdə, bütün bu işlərə xərclər 1-1,3 mlrd. manat həcmində qiymətləndirilir.  

Yeri gəlmişkən, SOCAR-ın Bakı NEZ-i təkmilləşdirmək qərarı, ehtimal ki, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQENKK) layihəsinin tikintisinin təxirə salınması ilə bağlıdır. Əgər əvvəllər, güman edilirdi ki, bütün kompleksin tikintisi 2020-2022-ci illərə qədər yekunlaşacaq, indi isə NEZ-in buraxılması 2030-cu ilə planlaşdırılır. 

İlk növbədə, SOCAR qazemaledici və neft-kimya kompleksini istismara vermək niyyətindədir. Amma hətta bu mərhələ də böyük investisiya - təxminən, 7 mlrd. dollar tələb edir. Bununla belə, bu yatırımlar 2015-2020-ci illər ərzində zəruridir, yəni SOCAR-ın Türkiyədə STAR NEZ-in, "Şahdəniz" yatağının işlənməsinin "Mərhələ 2"nin tikintisi, Trans-Adriatik və Trans-Anadolu boru kəmərlərinin tikintisi daxil olan digər bir sıra irimiqyaslı layihələrə xərclərin böyük hissəsi düşür. Ona görə tamamilə mümkündür ki, neftin qənaətbəxş olmayan qiymətlərini nəzər alsaq, ümumilikdə, SOCAR NQENKK-nın tikintisinə dair möhtəşəm planlarını təxirə salsın. 

Bu ehtimalın təsdiqi kimi polipropilen istehsalı üzrə zavodun tikintisinə dair ayrıca layihənin hazırlanmasını göstərmək olar. 350 mln. avro dəyərində zavodun tikintisinə dair razılaşma ötən həftə "SOCAR-Polimer" və "Maire Tecnimont S.p.A" (İtaliya) şirkətləri arasında imzalanıb. Zavod Sumqayıt Kimya Sənaye parkı ərazisində tikiləcək. 

2017-ci ildə istismara verilməsi planlaşdırılan zavodun illik gücü 180 min ton propilen təşkil edəcək. Bu polipropilenin Azərbaycanda ilk buraxılışı olacaq. Xammal qismində mövcud naftanın krekinqi nəticəsində alınan propilendən istifadə ediləcək.  

Həmçinin planlarda 2018-ci ildə tikilib istifadəyə verilməsi planlaşdırılan, illik layihə gücü 120 min ton təşkil edən polietil zavodunun tikintisi də var. Ümumilikdə, iki zavodun tikintisi 700 mln. dollara başa gələcək. Onun 40%-ni "SOCAR-Polimer" özü, qalan hissəsi isə Rusiyanın "Qazprombank"ı tərəfindən 420 mln. dollarla qarşılanacaq. Bu istiqamətdə danışıqlar artıq yekunlaşır. Bunu "SOCAR-Polimer"in direktor müavini Emil Eminov bildirib.

SOCAR bu layihə ilə kimyəvi istehsalatın buraxılmasına çəkilən xərclərini xeyli azaldacaq, bununla belə, "SOCAR-Polimer"də Dövlət Neft Şirkətinə səhmlərin 51%-i, qalan 49%-i isə "Pasha Holding", "Gilan Holding", "Azersun Holding"ə məxsusdur. 

Bu iki zavodun illik gücü ölkənin kimyəvi məhsullara olan tələbatının tam təmin olunmasına kifayət edəcək. Bundan başqa, istehsal olunmuş məhsulların 30%-nin yerli bazarda reallaşdırılması, digər hissəsinin "SOCAR Trading" vasitəsilə ixrac edilməsi nəzərdə tutulur.

Əlbəttə ki, Sumqayıt texnoparkında iki zavodla illik gücü 860 min ton polietilen və polipropilen olması planlaşdırılan NQENKK-nın meqalayihəsi ilə əvəz etmək olmaz. Lakin qısamüddətli və ortamüddətli tapşırıqları həll etmək, daha sadə dillə desək, neftin qiymətinin ucuz olduğu dönəmdə daxili tələbatı ödəmək qabiliyyətinə bu müəssisələr qadirdirlər.  

Xoşbəxtlikdən, SOCAR-ın borc cəlb etməklə problemi yoxdur, çünki şirkətin kredit ödəmə qabiliyyəti yüksək səviyyədədir. Bunu 750 mln. dollar həcmində mart ayında avrobondların növbəti buraxılışının yerləşdirilməsi də təsdiq edib. Bu məbləğdən 500 mln. dollar Türkiyədə STAR NEZ-in tikintisinə, qalan hissəsi isə 2017-ci ildə avrobondların ilk emissiyasının ödənilməsi üçün saxlanılıb. 

SOCAR-ın növbəti kreditoru Sumqayıtda karbamid zavodunun tikinti layihəsinin maliyyələşdirilməsi şərtləri razılaşdırılmaqda olan Koreya beynəlxalq əməkdaşlıq agentliyi (KOICA) ola bilər. Bunu şirkətin vitse - prezidenti Süleyman Qasımov bildirib. Layihənin dəyəri 500 mln. avrodur. Tikinti işləri 2014-cü ilin fevralında başlayacaq (?) və 2016-cı ildə yekunlaşacaq. Müəssisəyə üç istehsalat məntəqəsi daxil olacaq: ammiakın istehsalı; karbamid maye istehsalı; əmtəəlik karbamid istehsalı. Sutkalıq zavodda 1200 ton ammiak və 2000 ton karbamid istehsal olunacaq.

Ümumilikdə isə şirkətin vitse prezidenti Süleyman Qasımovun məlumat verdiyi kimi, SOCAR-ın konsolidə olunmuş borcu bu ilin əvvəlinə 6,9 mlrd. dollardan çoxdur. "Bu borclanma strukturunda 1, 5 mlrd. dolları avrobondlardır. Təxminən, 1 mlrd. dollar "SOCAR Trading" şirkətinin üçüncü tərəflərdən neftin alınması və satışı ilə əlaqədar yaranan qısamüddətli borclanmadır. Eyni zamanda 1 mlrd. dollar isə SOCAR-ın Türkiyədə reallaşdırılan layihələrindən yaranan borclardır, təqribən, 1 mlrd. dollar isə Dövlət Neft Fondundan bir sıra layihələrin reallaşdırılmasına cəlb etdiyimiz kreditlərdir", - deyə S. Qasımov qeyd edib.

Bu şəkildə, SOCAR neftin dünya qiymətinin mənfi dinamikasına baxmayaraq, irimiqyaslı layihələrinin davam etməsi üçün səmərəli tədbirlər görür. Bundan əlavə, əsas istiqamət məhz ixracyönümlü sənaye istehsalatının artırılması qalır ki, bu da, ümumilikdə, Azərbaycan iqtisadiyyatının diversifikasiya strategiyasına kömək edir.



MƏSLƏHƏT GÖR:

725