14 Mart 2025

Cümə, 20:54

SAXTAKARLIQlar ÜZƏRİNDƏ BİZNES

Ermənistan "erməni soyqırımı"nın tanınması prosesini niyə sürətləndirmək istəmir?

Müəllif:

21.04.2015

100 il əvvəl, 1915-ci il aprelin 24-də Osmanlı İmperiyasının rəhbərliyi açıq şəkildə təxribatçı, terrorçu fəaliyyətlə məşğul olan məxfi erməni təşkilatlarının aşkarlanaraq ləğv edilməsi haqda fərman imzalayıb. Bundan sonra 2345 erməni komitə üzvü həbs olunub. Bu addımın atılmasına səbəb Van vilayətində növbəti erməni qiyamının baş qaldırması idi. Erməni terrorçuları Van şəhərində və şəhər ətrafında yaşayan bütün müsəlmanları qətlə yetirərək Türkiyə ilə müharibə aparan Rusiyanın tərəfinə keçmişdilər. Müasir dövrdə bu tarixin "erməni soyqırımı" günü kimi qeyd olunmasını müəyyən mənada dünya tarixşünaslığının böyük oyunu saymaq olar. Çünki bu hadisənin absurdluğu və paradoksallığı ortadadır. Bu il hadisələrin 100-cü ildönümünün olması ilə əlaqədar, dünya erməniliyində xüsusi isteriya müşahidə olunur. 1915-ci il hadisələrinin "tanınması" prosesinə hər kəs qoşulub - pornoulduz Kim Kardaşyandan tutmuş, Roma Papası I Fransiskə qədər.

"Soyqırımı"nın Türkiyə tərəfindən tanınması məlum versiyaya görə, ermənilərə ərazi və maliyyə təzminatı vəd edir. Amma bu medalın əks tərəfi də var. Məsələn, ermənilər 1915-ci ilədək yaşadıqları 6 "Osmanlı vilayəti"ni, həqiqətən, Türkiyədən qopara bilərlərmi? ABŞ-da, Sakit okean sahillərində özünə yaxşı şərait qurmuş erməni yaşamaq üçün onsuz da sabitlik və sülhün olmadığı Hakkari dağlarına gedərmi? Atəşkəs razılaşmasının əldə edilməsindən sonra Azərbaycanın işğal olunmuş ərazilərinə könüllü köçmüş ermənilərin sayı çoxdurmu? Əlbəttə ki, yox! Hətta Suriyadan qaçqın düşmüş ermənilər belə, orada qalmaq istəməyiblər. Ermənilərin Anadoluya qayıtmalarından isə danışmağa belə, dəyməz.

Ermənilərin Türkiyədən maddi təzminat alması haqda danışmaq da yersiz olardı. Belə olan təqdirdə, onların tarixdə baş verməmiş hadisənin tanınması üçün bu qədər cidd-cəhd göstərmələrinin mənası nədir?! Bəlkə, sadəcə, bu mövzunu daim gündəmdə saxlamaq lazımdır?

Bir neçə il əvvəl internetdə ABŞ-ın erməni diasporasının gənc üzvünün ölkənin vitse-prezidenti Co Bayden ilə söhbətinin videogörüntüsü yayılmışdı. Gənc erməni Baydendən "tanınma məsələsi ilə bağlı erməni ictimaiyyətinə nə deməli olduğunu" soruşurdu. Baydenin cavabı: "Onlara de ki, Ermənistan prezidentinin özü bizə zəng edərək hadisələri sürətləndirməmizi istəyib" (söhbət "soyqırımı"nın tanınması prosesindən gedir - red.).

Bəs, görəsən, Ermənistan prezidenti S.Sarqsyan "erməni soyqırımı"nın tanınması prosesini sürətləndirməyi niyə istəmir? Axı, məntiqlə bu məsələdə hər kəsdən artıq o maraqlı olmalıdır. Məgər, dünya erməniliyinin "tarixi ədalət"in bərpasına nail olmaq üçün çalışmalarında məqsəd bu deyilmi? Deyəsən, real vəziyyət bir qədər fərqlidir.

Bu gün dünyada yaşayan 10,5 milyon erməninin 8 milyondan artığı Ermənistandan kənardadır və dünyadakı erməni diasporasını - "Spyurk"u təmsil edir. "Erməni soyqırımı" ideyası və onun bütün mümkün səviyyələrdə tanınmasına cəhdlər erməni diasporasını birləşdirən yeganə amildir. Qonşu türklərə nifrət və erməni diasporasının əsl mazoxist kimi həm öz sıravi üzvlərinə, həm də bütün dünyaya 100 il əvvəlki hadisələrin saxtalaşdırılmasını inandırmaq cəhdinin yalnız bir məqsədi var - həm diaspora daxilində, həm də diaspora ilə Ermənistan arasında əlaqələri qoruyub saxlamaq. Amma daha vacib məqam başqadır. Bu, "soyqırımı" kartının oynanmasındakı maddi amildir. Erməni diasporasının müxtəlif strukturları hər il ayrı-ayrı tədbirlər keçirir və onların hər biri sonda "böyük erməni işi" üçün bayağı ianə toplanışı ilə bitir.

 

Bu, necə baş verir? 

Tutaq ki, Avropanın və ya Amerikanın şəhərlərindən birində erməni diaspora təşkilatı var. Bir məqamı qeyd etmək vacibdir ki, əksər belə təşkilatların özəyini "Daşnaksutyun" partiyasının üzvləri təşkil edir. Bu, "erməni məsələsi" üzrə ixtisaslaşmış ən güclü təşkilatdır. Həmin erməni diaspora təşkilatı hər il bir neçə dəfə erməni əsilli şəhər sakinlərini bu və ya digər tədbirlərdə bir araya toplayır. Belə tədbirlərin iştirakçılarını şərti olaraq 4 kateqoriyaya bölmək olar: yaşadıqları ölkənin vətəndaşlığını çoxdan almış, artıq ictimai işlərdə daha çox iştirak etmək istəyən varlı pensiyaçı qocalar - onlar aksiyanın digər iştirakçıları üçün həm də "dəhşətli hadisələrin canlı şahidləri"dirlər; yerli məmurlar, tanınmış, məşhur şəxslər - onlar məsələyə daha ciddi görkəm vermək, "Qərb bizimlədir" təəssüratını yaratmaq üçündürlər; yerli erməni gəncliyi və Ermənistandan olan tələbələr; nəhayət, zəngin erməni biznesmenləri və erməni əsilli, nisbətən uğurlu imicə malik simalar. Sonuncular bu tədbirlərin əsas qurbanlarıdırlar. Çünki istənilən proqram qeyri-orijinal final ilə bitir: "Böyük erməni işi"nə kim nə qədər ianə verə bilər?" Pul yığımının səbəbi müxtəlif ola bilər: "soyqırımı"nın tanıdılması məqsədilə müxtəlif səviyyədə qanunvericilərin ələ alınması cəhdindən tutmuş, Azərbaycanın işğal olunmuş ərazilərindəki hansısa kənddə orta məktəbin tikintisinə, Suriyadan olan erməni qaçqınları üçün şəraitin yaradılmasına və s. qədər.

İanə verməkdən, əlbəttə ki, imtina etmək olar. Amma bu çox pis nəticələr verə bilər. Çünki daşnakların "ümumi iş"ə dəstək verməyən varlı erməniləri necə cəzalandırdıqları hələ unudulmayıb. Digər tərəfdən ianələrin ödənilməsi zəngin ermənilərin özlərinə də sərf edir. Amma bu haqda bir qədər sonra. 

Beləliklə, tədbir keçirildi, pul toplandı, amma yığılmış vəsaitin gələcək taleyini bilənlərin sayı çox  azdır.

 

İanələr hara gedir?   

Erməni diasporasının daxilində yüzlərlə müxtəlif erməni ictimai-siyasi, gənclər və mədəni təşkilatlar var. Bu və ya digər təşkilatın fəaliyyətini öyrənərkən bir qədər dərinə getməklə erməni ianələrinin yığılması mexanizminin necə işlədiyini müəyyənləşdirmək mümkündür. Bu böyük zəncirin əsas bəndi "Hayastan" Ümumerməni Fondudur. Fondun saytında yazılıb ki, təşkilat Ermənistan prezidentinin sərəncamı ilə 1992-ci ildə yaradılmış, dövrünün Ermənistanda və ondan kənarda yaşayan ermənilərin birləşdirilməsinə hesablanmış əsas qurumdur. Fondun 22 ölkədə 25 filialı var və onlar qurumun fəaliyyətində fəal iştirak edir, ona ciddi töhfələr verirlər. Fondun Nizamnaməsinə əsasən, ona Ermənistanın fəaliyyətdə olan prezidentinin başçılığı ilə Himayəçilər Şurası rəhbərlik edir. Bundan başqa, Şurada müxtəlif kilsələri təmsil edən ali dini nümayəndələr, Respublika Partiyasının rəhbərliyində təmsil olunan şəxslər, Dağlıq Qarabağ separatçılarının rəhbərliyi, siyasi partiyaların üzvləri də yer alırlar.

İndiyədək fond vasitəsilə dəyəri 251 milyon ABŞ dollarından artıq olan layihələr həyata keçirilib. Bununla yanaşı, bu gün erməni diasporasının bir çox nümayəndələri fondun fəaliyyəti ilə bağlı müxtəlif faktlar açıqlayırlar. "Bizim "Hayastan" Ümumerməni Fonduna son 22 ildə kor-koranə ödədiyimiz pullar kütləvi immiqrasiyanın qarşısını almayıb. Bununla yanaşı, o, fondun onsuz da varlı olan rəhbərliyinin daha da zənginləşməsinə səbəb olub", - deyə "Facebook" sosial şəbəkəsində "Diaspora erməniləri xalq hərəkatını dəstəkləyir" (Diaspora Armenians Support The People's Movement) adlı səhifədə bildirilir. Onlar müraciətlərində tanınmış tədqiqatçı jurnalist Ara Manukyanın "To Donate or Not to Donate?" ("İanə verməli, ya verməməli?") adlı hesabatına istinad edirlər. Hesabatda jurnalist ianələrin yuyulması ilə bağlı gizli cinayətkar sxemi ifşa edib.

İanələrin məqsəddən kənar xərcləndiyini Fondun fəaliyyəti Ermənistanın sabiq rəhbəri Levon Ter-Petrosyan tərəfindən dəstəklənən birinci prezident Maruşak Petrosyan da açıq şəkildə nümayiş etdirir. O, quruma rəhbərlik etdiyi 6 ildə özü və Himayəçilər Şurasının üzvləri üçün dəbdəbəli villalar tikib, İrəvanın mərkəzində, parlamentin binası yaxınlığında möhtəşəm ev alıb, barlar, ayaqqabı mağazaları açıb. Fondun Ermənistandakı, demək olar ki, bütün tikinti layihələri yüksəkrütbəli şəxslərə, yaxud onlara yaxın adamlara məxsus inşaat şirkətləri tərəfindən reallaşdırılıb. Fond tərəfindən tikilmiş və ya bərpa olunmuş tarixi binaların yüksəkrütbəli məmurlar və ya onların ailələri tərəfindən özəlləşdirilməsinə dair də çoxsaylı faktlar var.

Ermənistan mətbuatının məlumatına görə, yalnız 2007-ci ildə "Hayastan" Ümumerməni Fondu diaspora üzvlərinin verdikləri ianələrdən yelkənli qayıq idmanı və əyləncə klublarının tikintisinə, təxminən, 1 milyon dollar ayırıb. Onlar Ermənistanın ikinci prezidentinin xanımı Bella Koçaryana məxsus "Kaputak Sevan" kompleksinin ərazisində tikilib. Vindserfinqə böyük marağı ilə tanınan Robert Koçaryanın bu işlərin görülməsilə bağlı qərarın qəbuluna nə dərəcədə təsir göstərdiyi, necə deyərlər, açıq qalır.

2006-2007-ci illərdə fond tərəfindən 9 milyon dollardan artıq vəsait Tsaxkadzor kurortlarının infrastrukturunun inkişafına yönəldilib. Ermənistan oliqarxlarına məxsus istirahət obyektlərinin bir çoxu məhz bu ərazidə yerləşir. Beləliklə, Robert Koçaryan və dostları on milyonlarla dollara qənaət ediblər. 2013-cü ilin oktyabrında məlum olub ki, "Hayastan" fondunun Himayəçilər Şurasının üzvü, Los-Ancelesdən olan sahibkar Albert Boyacıyan Ermənistanın Nəzarət Palatasının sədrinin hesabına milyonlarla dollar keçirib. Bu, sədrin özünə villa tikməsi üçün edilib. 

"Hayastan" fondunun keçmiş rəhbərlərindən biri, hazırda müxalifətçi "İrs" partiyasının lideri olan Raffi Ovanisyan bu qurumu açıq şəkildə "siyasi və oğurluq sifarişlərini həyata keçirən təşkilat" adlandırıb. Fondun xərclərinin şəffaflığına Ermənistanın ən korrupsiyalaşmış məmurlarından birinin, oliqarx, maliyyə naziri Qagik Xaçatryanın nəzarət etməsi də təsadüfi deyil.

Mütəxəssislərin sözlərinə görə, "milli ideyalar uğrunda" təşkil olunan xeyriyyə telemarafonlarının və kampaniyalarının iştirakçılarının başqa bir motivasiyaları da var - onlar vergidən yayınmaq imkanı qazanırlar. Yəni aksiya iştirakçılarına ödədiyi ianənin real həcmindən dəfələrlə artıq məbləğin göstərildiyi sənəd verilir və bu, ona xeyli məbləğdə pulu vergidən yayındırmaq imkanı yaradır.

Maliyyə maxinasiyaları və erməni liderlərinin "ümumi dərd" sayəsində varlanmasından danışarkən tarixən "erməni xalqının iztirabları"ndan öz maddi tələbatlarını ödəmək üçün istifadə etmiş bir institutu - erməni kilsəsini də yaddan çıxarmaq olmaz.

Ötən yay dünyanın müxtəlif bölgələrində yaşayan din xadimləri Zham.am saytına ünvanladıqları məktubda bütün ermənilərin katolikosu II Qareginin əməllərindən şikayət edirdilər. Müqəddəs Eçmiadzinin görünməmiş zənginlik qazanmasına baxmayaraq, məktubda deyilir ki, Nyu-York erməni yeparxiyasının məmurları II Qareginin vergi toplayıcılarının səfərlərindən beziblər. Onlar hər gəlişlərində məmurlardan kilsənin tələbatlarının ödənilməsi üçün 10 minlərlə pul tələb edirlər. Məktub müəlliflərindən olan Akop atanın sözlərinə görə, "artıq katolikosun tezliklə baş tutacaq səfərilə bağlı gözlənilməz zənglər heç kəsi təəccübləndirmir. Biz başa düşürük ki, II Qaregin himayəçilərinin müvafiq razılığı olmadan növbəti dəfə istədiyi qədər pul əldə etmək qərarına gəlib. Bu, az olarsa, katolikos utanmadan 100 min tələb edəcək və vətəninə qayıdacaq. Bu cür dəvətsiz səfər "ssenarilər"i Fransaya, İsveçrəyə, Çinə və HonqKonqa tez-tez olunur. Çünki burada məlum və qeyri-müəyyən bank hesablarına malik zəngin ermənilər çoxdur. Üstəlik, həmin hesablardan katolikosun hesabına pullar heç kəs qarşısında hesabat verilmədən axır, bununla da, II Qareginin Əli Babanın xəzinəsindən daha böyük olan xəzinəsi bir az da zənginləşir. Bu biabırçılığa nə zamansa son qoyulacaqmı? Məgər, ermənilər arasında bu bandanın qarşısını ala biləcək bir nəfər də olsa, igid yoxdurmu?" - deyə məktub müəlliflərindən biri sual edir. 

İanələrin oğurlanmasından Dağlıq Qarabağdakı separatçı rejim də imtina edə bilməz. Belə halları göstərən bir çox nümunədən ən bayağısını qeyd etmək kifayətdir: 2013-cü ilin sonunda "Hayastan" Ümumerməni Fondu tərəfindən Azərbaycanın işğal altındakı ərazilərində yol tikintisi üçün vəsaitin toplanılması məqsədilə xeyriyyə telemarafonu keçirilib. Amma sonda heç bir yol çəkilməyib, "DQR" rəhbərliyi isə məmurlar üçün bahalı avtomobillərin alınmasına 250 min dollar ayırıb. Qeyd edək ki, "DQR"in ABŞ-dakı "daimi nümayəndəsi" Robert Avetisyan ianə pullarının mənimsənilməsinin böyük bilicisi və mütəxəssisidir.

Sadalananlar erməni rəhbərliyinin maxinasiyalarını, diasporasının vəsaitini "milli ideyaların həyata keçirilməsi üçün" necə sadə sxemlə mənimsədiyini göstərən misalların yalnız cüzi hissəsidir. "Milli ideyalar" isə "erməni soyqırımı"nın tanıdılması, "qaçqınlara yardım", "Dağlıq Qarabağa köməklik"dir. Diaspora nümayəndələrinin aldadılaraq soyulması üçün daha çox "tarixi əfsanələr"ə, "müasir dəhşətlər"ə ehtiyac var. Məsələn, islamçıların Suriyada ermənilərin yaşadığı Kesab şəhərinə hücumu kimi. Dəhşət və mistika nə qədər çox olarsa, diasporadan qoparılan pulun məbləği də bir o qədər artıq olar. Belə olan təqdirdə, erməni xalqının əsl düşməni kimdir? Yüz illər boyunca onlarla sülh və həmrəylik şəraitində birgə yaşamış qonşu türklər, yoxsa okeanın o tayındakılara da dinclik verməyən tamahkar millətçi fırıldaqçılar?

 

 

"Bir tanışım, erməni ideyalarını və siyasi proqramlarından asılı olmayaraq, bütün təşkilatları ciddi şəkildə dəstəkləyən bir vətənpərvər bu soyğunçulardan (erməni diasporasından - red.) aldığı məktubu öz qeydini etməklə mənə göndərmişdi: "Bu, fırıldaqçılar dəstəsidir! Bundan sonra onlara bir qəpik də verməyəcəyəm".

İlk məktubda deyilirdi: "Sizə təəssüflə bildiririk ki, gələn ayın sonunadək 500 000 dollar toplaya bilməsək, təşkilatımızı bağlamalı olacağıq. Bu, imicimizə, milli mübarizəmizə ciddi zərbə olacaq".

1 ay sonra yazılmış ikinci məktub: "Nəzərinizə çatdırmaq istəyirik ki, ilk məktuba aldığımız cavab əladır və artıq hədəfimizə çox yaxınıq. Əgər Siz kampaniyamızın səxavətli tərəfdarlarından birisinizsə, Sizə minnətdarıq. Yox, əgər deyilsinizsə, Sizi də israrla bir çoxları kimi vəsaitin toplanılması kampaniyasına qoşulmağa çağırırıq. Zəhmət olmasa, zərfin içərisinə 500 dollar qoyaraq, onu bizə göndərin. İmkanınız varsa, göndərin. Yoxdursa, 250 dollar verin və dostlarınızdan yerdə qalan məbləğin yığılmasını xahiş edin".

Bu məktubu oxuduqdan sonra belə qənaətə gəldim ki, Livan alverçiliyinə öyrəşmişlər özlərini Yeni dünyaya bir yara kimi soxuşdurublar. Bu yeni dünyaya uyğunlaşarkən onlar Amerika həyatına yaxşı tərəflərilə deyil, ən pis cəhətlərilə assimilyasiya etməyə üstünlük veriblər".

Erməni yazıçısı Ara Baliozyanın "Voices of Fear" ("Qorxunun səsləri") kitabından parça 



MƏSLƏHƏT GÖR:

709