14 Mart 2025

Cümə, 21:00

Təəccüblü heç nə yoxdur - bu, sadəcə faktdır

Müəllif:

20.10.2008

2008-ci il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyev sanballı və inamlı qələbə qazandı. Faktik olaraq, bütün xarici KİV-lərin seçki kampaniyasını "həddindən artıq sakit" adlandırması da təəccüb doğurmadı. Çünki bu, doğrudan da belə idi. Amma bu cür "sakit" kampaniyadan əvvəl Azərbaycan 5 "səs-küylü" inkişaf ilini yaşamışdı. Və bu inkişaf indi Azərbaycanın vizit kartına çevrilib.

Bəs biz seçkilərə reaksiyadan nə gözləyirdik? Düzünə qalsa, artıq hamımız Qərbin "ikili standartları" haqda çox eşitmişik və yaxşı bilirik ki, nə qədər canfəşanlıq etsən də, beynəlxalq müşahidəçiləri razı salmaq çətin məsələdir.

Amma son illər məhz bu cür siyasət yeridən və istənilən seçkilərə özlərinə sərf edən hazır rəylə qatılan bəzi ölkə və təşkilatlar belə, bu dəfə öz reaksiyalarında obyektiv reallıqları daha çox nəzərə almalı oldular.

Ümumiyyətlə, dünyada baş verən son hadisələr və rəsmi Bakının mövqeyi göstərir ki, iş görərkən ətrafa boylanmamaq və ilk növbədə, özünün maraqlarını nəzərə almaq daha müdrik siyasətdir. Bu cür siyasət yeritməklə Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki,  balanslaşdırılmış və korrektə olunmuş siyasətinə sadiqdir və özünün haqlı mövqe tutduğuna əmindir. Regionun yalnız iqtisadi deyil, həm də siyasi lideri məhz bu cür olmalıdır. 

Bir sözlə, bu dəfə hamı razı qaldı, hərçənd, Azərbaycan qarşısına belə bir məqsəd qoymamışdı. "Seçkilər sakit, amma demokratik keçir",-deyə seçicilərdən biri Rusiyanın "Birinci kanalı"na müsahibəsində bildirmişdi//.

Seçkilərdən bir gün sonra isə artıq ATƏT-in müşahidəçiləri öz rəylərini açıqladılar. Onlar seçkinin gedişindən razı qaldıqlarını və nəzərəçarpacaq irəliləyiş əldə olunduğunu etiraf etdilər. Lakin avropalılar öz ənənələrinə sadiq qalmasalar avropalı olmazdılar. Onlar bu dəfə də ritorikalarında "əmma"dan istifadə etdilər - hər şey yaxşıdır, amma daha yaxşı ola bilərdi. Görünür, Köhnə Qitənin nümayəndələri növbəti dəfə hamıya nümayiş etdirmək istədilər ki, demokratiyanın müəlliflik hüququ onlara məxsusdur. Məsələn, ATƏT-in missiyasının rəhbəri Boris Frles bildirir ki, bu seçkilər əvvəlkilərdən daha yaxşı təşkil olunmuşdu, amma Azərbaycan "zəruri beynəlxalq öhdəliklərin təmin olunması üçün əlavə səylər göstərməlidir". 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası və Avropa Parlamentinin rəyində də ciddi irəliləyişin olduğu vurğulanıb. Onlar səsvermə prosesinin sakit və pozitiv getdiyini etiraf ediblər.

Əvvəlki seçkilərlə müqayisədə əldə olunan irəliləyişi ABŞ-ın Dövlət Departamenti də nəzərdən qaçırmayıb və artıq oktyabrın 17-də Azərbaycan xalqını seçkilərin keçirilməsi münasibətilə təbrik edib.

Həmçinin, GUAM və MDB-dən olan müşahidəçilər də seçkiləri demokratik adlandırıblar.

Qəribə səslənsə də, fakt faktlığında qalır: hazırda dünyada yaşanan siyasi gərginlik fonunda Azərbaycan eyni vaxtda həm Avropa ilə ABŞ-dan, həm də postsovet məkanından müsbət rəy və təbriklər almağı bacardı. Təsadüfi deyil ki, bir-birilə münaqişədə olan Rusiya və Gürcüstan prezidentləri İ.Əliyevi qələbə münasibətilə, faktik olaraq, eyni vaxtda təbrik etdilər.

Beləliklə, Azərbaycanda keçirilən sayca 6-cı prezident seçkiləri bir daha ölkənin regiondakı lider mövqelərini təsdiqlədi. Ölkənin region və dünyada öz siyasi və iqtisadi mövqelərini möhkəmlətməsi, konkret addımlar və fəaliyyətlə təsdiq olundu. Bu isə o deməkdir ki, yaxın 5 il ərzində Azərbaycanın beynəlxalq aləmlə münasibətləri sabit qalacaq və dəyişməyəcək.

Balanslaşdırılmış siyasət yeridən dövlət, seçicilərinin böyük əksəriyyətinin dəstəyini qazanan dövlət başçısı, regionun aparıcı "oyunçusu",  demokratiyaya sadiqliyini nümayiş etdirən ölkə məhz bu cür olmalıdır.


MƏSLƏHƏT GÖR:

371