
“AVRO-2009” u DÜŞÜNMƏK VAXTIDIR
Qadın voleybolçularımızın qitə çempionatının final raundunda öz qrupunda birinci yeri tutmaq üçün yaxşı şansları var
Müəllif: Zəki FEYZULLAYEV Bakı
2009-cu ildə Polşada keçiriləcək qadın voleybolu üzrə Avropa çempionatının final mərhələsinin püşkatması Azərbaycan millisi üçün uğurlu alınıb. Faiq Qarayevin yetirmələrinin "D" qrupunda mübarizə aparacaqları Serbiya, Çexiya və Slovakiya yığmalarını keçilməsi mümkün rəqiblər saymaq olar. Voleybolçularımız öz oyunlarını nümayiş etdirə bilsələr, onlar nəinki qrupdan çıxa, hətta orada birinci yeri tuta bilərlər.
Uğurlu püşk
Əlbəttə ki, bu hələ ki yalnız proqnozdur və komanda öz çıxışı ilə belə perspektivin əsaslı olduğunu göstərməlidir. Lakin püşkatmanın millimizin üzünə güldüyünü indidən söyləmək olar. Bunun üçün digər qrupların tərkibinə nəzər salmaq kifayətdir. "A" qrupunda Polşa, Hollandiya, İspaniya və Xorvatiya, "B" qrupunda isə İtaliya, Almaniya, Türkiyə və Fransa milliləri mübarizə aparacaqlar. Odur ki Azərbaycan voleybolçuları üçün rəqiblərin asan olduğunu söyləmək olar və indi sadəcə bu şansdan istifadə etmək qalır.
Rəqiblər haqda danışsaq, qrupun favoriti son illər kifayət qədər irəli getmiş Serbiya millisidir. Və əvvəllər azərbaycanlı xanımlar bu rəqiblərini dəfələrlə üstələsələr də, hazırda bu, bir qədər çətindir. Serblər 2006-cı ildə Yaponiyada keçirilmiş dünya çempionatında hamıya əsl sürpriz yaşatdılar; bir il sonra keçirilmiş Avropa çempionatında finaladək irəliləsələr də, qızıl medalları İtaliyaya güzəştə getməli oldular. Bu cür turnirdə gümüş medalların qazanılması çox şeydən xəbər verir və komandanın heyətində yüksək səviyyəli idmançıların olduğunu göstərir. Serbiya millisinin əksər üzvləri xarici klublarda çıxış edir və öz komandalarında aparıcı rola malikdirlər.
Slovakiya millisi ilə qızlarımız 2005-ci ilin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qarşılaşıblar və komandanın potensialı Azərbaycan yığmasına yaxşı məlumdur. Son seçmə mərhələdə onlar öz qruplarında birinci yeri tutaraq (Çexiya kimi) “Avro-2009”un final mərhələsinə vəsiqə qazanıblar. Millimiz slovakiyalılarla "Spring Cup" yarışında dəfələrlə üz-üzə gəlib və rəqibi üstələmək mümkündür.
Bununla yanaşı, turnirin reqlamentinə əsasən, qrupda ilk üç yeri tutacaq komandalar növbəti mərhələyə keçəcəklər və digər üç qrupun 3 ən güclüləri ilə yeni qrupda mübarizəni davam etdirəcəklər. Azərbaycan millisinin minimum vəzifənin öhdəsindən gələcəyi təqdirdə onun rəqibləri "S" qrupunda mübarizə aparan Rusiya, Belçika, Bolqarıstan və Belarus ola bilər. Odur ki Azərbaycan yığmasının turnirin yarımfinalına vəsiqə əldə etməsi üçün bütün əsaslar var. Qalır yalnız heyəti qaydaya salaraq, Polşada keçiriləcək Avropa birinciliyində uğurlu çıxış etmək.
Yunanıstan bizim
üçün rəqib deyil
Təqdirəlayiq haldır ki, millimiz Avropa çempionatının final mərhələsinə vəsiqənin taleyini yunanlarla keçirdiyi ilk matçdaca - Qubada 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada həll etdi. Odur ki qitə birinciliyinə vəsiqə uğrunda cavab qarşılaşması sadəcə formallığa çevrilir.
Futbol terminləri ilə desək, oyun təkqapıya oynanıldı. Rəqibin əvvəlki mərhələdə türklərə qalib gəlməsinə baxmayaraq, favorit Faiq Qarayevin yetirmələri sayılırdı. Birinci hissədə bərabər oyun getsə də, əsl mübarizə alınmadı. Tezliklə millimizin səviyyəsi özünü göstərdi və voleybolçularımız 25:20 hesabı ilə qalib gəldilər.
Digər partiyalarda da eyni vəziyyət yaşandı. Əvvəlcə komandalar bir-birinin ardınca xal alsalar da, sonda Azərbaycan millisi üstün oldu - 25:15 və 25:15.
Nəticədə millimiz bir həftə sonra Yunanıstanda keçirilmiş cavab qarşılaşması öncəsi yaxşı şans qazandı.
Düzdür, ilk qarşılaşmasında məşqçilər dizindən ciddi zədə almış Yelena Parxomenkonun xidmətindən yararlana bilmədilər. Amma digər tərəfdən, Lidiya Maksimenko millidə rəsmən debüt etdi. Xatırladaq ki, artıq neçə il idi Beynəlxalq Voleybol Federasiyası bu ukraynalı voleybolçunun Azərbaycan millisinin heyətində çıxış etməsinə icazə vermirdi. Nəhayət, seçmə mərhələdə o, belə bir şans qazansa da, zədə Lidiyaya millinin şərəfini qorumaq imkanı vermədi. Bu dəfə isə onun meydana çıxmasına və komandanın qələbəsində pay sahibi olmasına artıq heç nə mane olmadı.
Millinin əsas silahı olan Natalya Məmmədova da qarşılaşmanı yüksək səviyyədə keçirdi. Onun hücum xəttindəki çıxışı milliyə az xal qazandırmadı və iki il əvvəl keçirilmiş Çempionlar Liqasının ən yaxşı oyunçusunun kifayət qədər məhsuldar çıxış etdiyini söyləmək olar.
Ümumiyyətlə, həmin axşam millimizin meydana çıxmış bütün oyunçuları haqda bu fikirləri söyləmək olar. Faiq Qarayevin yetirmələri pley-off qarşılaşmasına kifayət qədər səmərəli hazırlaşaraq, Belarus millisi və "Uraloçka" ilə yoxlama matçları keçirmişdi. Görünür, bu yoxlama qarşılaşmaları boşa getməyib və yığma nümayiş etdirəcəyi oyunu müəyyənləşdirə, taktikanı özü üçün cıza bilib. Və nəticədə, yunanlarla cavab qarşılaşmasında da qızlarımız üstün olublar. Bu dəfə onlar rəqibə cəmi bir partiya "güzəştə" gediblər - 3:1 (29:27, 25:20, 23:25, 29:27).
Oksana Məmmədyarovanın kəşfi
Püşkatmadan sonra millimizin ən yaşlı üzvü Oksana Məmmədyarova bildirib ki, Azərbaycan millisinin birinci qrup mərhələsini adlamaq və yoluna davam etmək üçün yaxşı şansları var. "Biz ən yaxşı oynumuzu nümayiş etdirsək, ən yüksək yerlərədək irəliləmək gücündə-yik. Həm Serbiya, həm Slovakiya, həm də Çexiya milliləri ilə dəfələrlə qarşılaşmışıq və onlara qalib gəlmişik. Odur ki hər şey öz əlimizdədir. Əlbəttə ki serblər son illər xeyli irəli gediblər, lakin onların öz oyun xüsusiyyətləri var və oyunun gedişində serbləri çıxışdıran zaman onlar özlərini narahat hiss edirlər", - deyə Məmmədyarova qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan yığmasının hazırkı heyəti bir il əvvəlki ilə müqayisədə çox fərqlənir. O vaxt məşqçilər heyəti bir sıra səbəblər üzündən xeyli voleybolçunun xidmətindən yararlana bilmirdi ki, bu da nəticəyə öz təsirini göstərirdi. İndi isə millinin yaxşı ehtiyat oyunçuları var. Buna misal kimi son illər oyunçu kimi yetişmiş Polina Rəhimovanı, Aynur Kərimovanı göstərmək olar. Komanda yaxşı idman formasındadır və bu, Yunanıstanla qarşılaşmada da aşkar hiss olunub: "Biz yunanlarla qarşılaşmadan əvvəl həddindən artıq həyəcanlı idik, amma sonda rəqibə heç bir şans vermədik. Əslində, hər şey Qubada keçirilmiş qarşılaşmanın 3:0 hesabı ilə qazanıldığı zaman həll edilmişdi və cavab qarşılaşmasında sadəcə rəqibi sıxışdırmaq qalırdı".
Bununla yanaşı, O.Məmmədyarova özünü heç də veteran saymadığını və yeni yarışlara hazır olduğunu bildirir: "Bəli, mən böyük olduğum üçün komandadakı rəfiqələrimi dəstəkləyir, onlara müxtəlif məsləhətlər verirəm. Bununla yanaşı, məndən gözləntilər də çoxdur. Oyunlara gəlincə, matça çıxanda özümü 21 yaşındakı kimi hiss edirəm".
Qeyd edək ki, tezliklə onun liderlik keyfiyyətlərinə "AzerReyl"in heyətində də ehtiyac olacaq. Belə ki, klub CEV Kubokunda (Avropa Voleybol Konfederasiyası) çıxışa hazırlaşır: "Əlbəttə ki, asan olmayacaq. Komandanın üç əsas oyunçusu sıralarımızı tərk edib və nəticədə müdafiə və hücumda çətinliklər yaşaya bilərik. İtkilərin yerini dolduracaq kimsə yoxdur axı. Odur ki əsas ağırlıq mənimlə Lidiya Maksimenkonun üzərinə düşəcək".
O.Məmmədyarova "Fənərbaxça"da çıxış edən Valeriya Korotenko və Oksana Parxomenko, həmçinin "Türk Telekom"un şərəfini qoruyan Natalya Məmmədovadan fərqli olaraq, xaricdə çıxış etmək istəyində deyil. Xatırladaq ki, o, vaxtilə Türkiyə çempionatında çıxış edib. "İnanın ki, hazırda Bakıdan heç hara getmək istəmirəm. Burada həm doğma divarların köməyi, həm ətrafımda doğmalarım var, həm də qızım böyüyür. Odur ki şəraiti dəyişmək haqda düşüncəm belə yoxdur", - deyə Oksana bildirir.
Bir ildən sonra başlayacaq Avropa çempionatına qayıdaraq qeyd edək ki, Oksana zamanın Azərbaycan millisinin xeyrinə işlədiyini düşünür: "Məşqçilər heyətinin ehtiyat oyunçuları müəyyənləşdirməsi, gənclərin isə təcrübə toplamaları üçün kifayət qədər vaxt var. Əsas məsələ çempionata düzgün hazırlaşmaq və yarışa yaxşı idman formasında qatılmaqdır".
MƏSLƏHƏT GÖR: