
RƏQS DİLİNDƏ ÜNSİYYƏT
Azərbaycan ilk dəfədir olaraq, yuneskonun himayəsi ilə keçirilən rəqs festivalında təmsil olunub - hələlik yalnız məruzə ilə
Müəllif: Nurlanə ƏMİROVA Bakı
Hər il YUNESKO-nun himayəsi ilə keçirilən "International Dance Festival CID" kimi səviyyəli rəqs festivalı ilə əməkdaşlıq yalnız birbaşa iştirakçılar üçün deyil, həm də onların təmsil etdikləri ölkələr üçün önəmlidir.
Azərbaycan bu festivalda ilk dəfədir ki, bu il təmsil olunur. Ölkəmizin adından rəqs seksiyasına rəhbərlik edən Bakı Musiqi Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru, əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə bildirir ki, bu, müstəqil festivala çevrilə biləcək gözəl bir ənənə olacaq. Gülnaz Abdullazadə "Region plus"a müsahibəsində beynəlxalq tədbirin necə keçməsindən danışıb.
- Siz bu yaxınlarda ənənəvi rəqslər üzrə Yunanıstanda keçirilən ən iri festivallardan birindən qayıtmısınız. Necə oldu ki, Azərbaycan bu tədbirə qatıldı?
- Hər il Afinada keçirilən festival haqqında mən öz türkiyəli alim həmkarlarımdan eşitmişdim. Bu məni həddindən çox maraqlandırdı və onun təşkilatçılarına müraciət etdim və aydınlaşdırdım ki, festival artıq iyirmi ikinci dəfədir ki, YUNESKO-nun xətti ilə keçirilir. Ancaq Azərbaycan bir dəfə də olsun oraya qatılmayıb. Əvvəlcə təşkilatçılar məni festivalda "Azərbaycan xalq rəqslərinin xüsusiyyətləri" məruzəsi ilə çıxış etməyə dəvət etdilər. Orada milli rəqqslərimizin tarixi, mövcud rəqslər - kişi, qadın, tək, cüt, nikah rəsləri və gənclərə məxsus rəqslər barədə məlumatlar yer almışdı. Xüsusi rəqslər də daxil olmaqla hər şeyi əhatə etməyə çalışmışdım. Festival bir həftə davam etdi, proqram gərgin və yetərincə dolğun idi. Hər gün səhərdən saat dördə kimi ənənəvi rəqslər üzrə məruzələr oxunurdu. Foyedə milli rəqs ənənələrinə həsr edilmiş slaydlar və video nümayiş etdirilirdi. Azərbaycan nümayəndə heyəti DVD formatında Naxçıvan yallısı ilə təmsil edilmişdi. Müəyyən vaxtlarda hər bir ölkə xüsusi zallarda milli rəqslərini təqdim edə bilərdi.
- Festivalı rəqs sahəsində mədəniyyət günləri kimi səciyyələndirmək olarmı?
- Bu daha çox master-klass idi. Rəqqaslar bu sahədə mütəxəssis olan qonaqları öyrədirdilər. Rəqslərin rəmzlərini öyrədirdilər. Çox şey öyrənmək olurdu. Axşam düşəndən sonra Akropolun yaxınlığında yerləşən Dora strato meydanında rəqslərin nümayişinə başlanırdı. Hər bir nümayəndə heyəti üçün müəyyən vaxt ayrılırdı. Və gecənin içərilərinə doğru belə davam edirdi. Özünüz ab-havanı təsəvvür edə bilərsiniz. Mən heyrət içindəydim, Portuqaliyanın, Cənubi Amerikanın, Çinin, Yaponiyanın canlı rəqslərini görmək çox maraqlı idi. Və çox təəssüf ki, bu rəqs bayramına azərbaycanlı rəqqaslar qatılmamışdı. Məsələ bundadır ki, mən bizim rəqqasların bu festivalda iştirakı üçün vəsait tapa bilməmişdim. Bunun nəticəsində mən "International Dance Festival"da Azərbaycandan ilk iştirakçı oldum.
Maraqlıdır ki, tədbirin qaydalarına görə, təşkilatçılara potensial iştirakçı kimi müraciət etmiş şəxs avtomatik olaraq ölkəsinin təmsilçisinə çevrilir və 4 il ərzində YUNESKO xətti ilə öz ölkəsi tərəfdən, yəni Azərbaycandan bu seksiyada sədr olur. Öz ölkəmin rəsmi təmsilçisi kimi mən işi təşkil etməliyəm - seksiya üzvlərini yığmalıyam, gələn il festivala hazır proqramla getmək üçün rəqqaslarla əlaqə saxlamalıyam. Əgər festivalda iştirak etmək üçün qrup hazırlamaq lazımdırsa, onda yenə də vəsaitlərin çatşmadığı ortaya çıxır. Mən bir çox dövlət idarələrinin məmurlarına müraciət etdim, ancaq yenə də dəstək görmədim. Ancaq bu cür iri miqyaslı beynəlxalq tədbirdə iştirak Azərbaycanı təmsil etmək, onun mədəniyyət və tarixini təbliğ etmək üzrə gözəl imkandır. Dünyanın 140 ölkəsindən 700 adamın qatılması da festivalın mötəbərliyindən xəbər verir.
- Bizim ölkəyə münasibət necə idi? Azərbaycanı festivalda necə qarşıladılar?
- Çox səmimi idilər. Mənə çox böyük yardımı Azərbaycanın Yunanıstandakı səfirliyi etdi. Yunanıstan tərəfi böyük maraqla səfir Mirhəmzə Əfəndiyevin rəhbərlik etdiyi və öz ölkəsi barədə daha çox məlumat verməyə çalışan Azərbaycan nümayəndə heyətinin səylərini maraqla izlədi. Təşkilatçılara gəldikdə isə onların Azərbaycanın gələcək festival layihələrində iştirakında maraqlı olduğunu müşahidə etdim.
Rəqslər üzrə şuranın sədri Alkis Raftis bizim ölkə haqqında məlumatları dinlədikdən sonra bildirdi ki, hələ ki Avropa bu zəngin mədəniyyət haqqında az şey bilir. Cənab Raftis indən belə Azərbaycanın layihənin bütün tədbirlərində iştirakına ümid etdiyini söylədi. Onların isə sayı çoxdur. Layihə iştirakçıları bu cür forumları öz ölkələrində də həyata keçirirlər. Buna görə də festivallar ayda bir neçə dəfə keçirilir. Azərbaycan da bura dəvət alacaq. Bundan başqa, Afina festivalının şərtlərinə görə, əgər seksiyaya 20 adam toplaya bilsək, gələcəkdə biz də Azərbaycanda bu cür simpoziumlar keçirə bilərik. Və bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən rəqqaslar iştirak edə bilər. Təbliğat və turizmin inkişafı baxımından bu böyük işdir. Mənim fikrimcə, bizim iştirakmız çox vacibdir. Ancaq bu cür tədbirlər gərək ən yüksək səviyyədə təşkil olunsun.
Məsələn, Afina Rəqs Festivalının təşkilində Yunanıstanın Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyi - yəni üç yüksək dövlət qurumu iştirak edirdi. Bu ondan xəbər verir ki, bu ölkədə milli mədəniyyətin təbliğatına böyük önəm verirlər. Ən maraqlısı isə bunun kommersiya tədbiri olmasıdır, xərclənən hər avro üç avro gəlir gətirir. Düşünürəm ki, gələcəkdə tam səlahiyyətli iştirakçı kimi biz də Bakıda bu festivalı keçirə bilərik. Özünüz başa düşürsünüz ki, YUNESKO bizim mədəniyyətin xaricdə təbliğatının əsas yoludur. Ancaq burada çox işlər görülməlidir. İlk növbədə həmfikirlər tapılmalıdır. Düşünürəm ki, gələcəkdə festival keçirən ili biz öz ölkəmizi təkcə sözlə deyil, həm də işlə təmsil edə biləcəyik. Bu iş yalnız indi başlanır.
MƏSLƏHƏT GÖR: