14 Mart 2025

Cümə, 21:00

LEGİONERLƏR HAQQINDA BALLADA

Azərbaycanda idmançıların "özününküləşdirilməsi" məsələsi aktuallığını qoruyur

Müəllif:

15.09.2008

Yığma komandalara legionerlərin cəlb edilməsi məsələsi artıq illərdir aktuallığını itirmir. Əksinə, hər böyük turnir öncəsi o, daha geniş xarakter almaqla, mütəxəssislərə düşünmək üçün ciddi əsaslar verir. Bu baxımdan, Pekin Olimpiadası da istisna olmadı: turnirdə Azərbaycanın qazandığı 7 medaldan 2-ni legioner güləşçilər - Mariya Stadnik (48 kq) və Xetaq Qazyumov (96 kq) əldə etdilər. 

Beləliklə, bizə əcnəbi idmançılar lazımdırmı? 

Gəlin məsələyə kompleks yanaşaq.

 

Rəqabətsizlik

 

Bu mövzunun müzakirəsinə yeni impulsu Pekin Olimpiadasının yekunları haqda danışan gənclər və idman naziri Azad Rəhimov verib. "Əgər biz idmanın inkişafından danışırıqsa, müəyyən növlərdə legionerlərsiz keçinmək mümkün deyil. Bu, sərbəst güləşə də aiddir. Bu idman növündə bizim perspektivli gənc idmançılarımız olsa da, onlar hələlik Olimpiada kimi turnirlərdə yarışmaq iqtidarında deyillər. Bu səbəbdən də legionerlərin cəlb edilməsi lazımlı addımdır. Təbii ki, əcnəbilər yerli idmançılardan güclü olmalıdırlar. Amma digər tərəfdən, unutmayaq ki, heç bir federasiya güclü idmançısını başqasına güzəştə getməz", - deyə o qeyd edib.

Həqiqətən də, biz bu idman növünün müxtəlif çəkilərində legionerlərə bel bağlasaq da, ən güclü idmançılara ümid edə bilmərik. Baxmayaraq ki M.Stadnik və X.Qazyumov beynəlxalq arenada hamıya sübut ediblər ki, onlarla hesablaşmaq lazımdır. 

Məlum olduğu kimi, bu gün kişi güləşində əsas istedadlar məhz Qafqazda yetişir. Məhz bunun nəticəsidir ki, Rusiya millisinin heyətinə düşmək üçün rəqabət son dərəcə böyükdür. Dünya çempionları Hacımurad Qatsalov və Maxaç Murtazaliyevin Pekinə aparılması da təsadüfi deyil - məşqçilər daha titullu idmançılara üstünlük verdilər.

Amma qayıdaq Azərbaycan reallıqlarına. Bu reallıq isə belədir: hazırda Azərbaycanda bir sıra çəki dərəcələrində (əsasən də ağır çəkidə) beynəlxalq arenada çıxış edəcək idmançılar arasında rəqabətədavamlı atletlər yoxdur. Bu səbəbdən də məşqçilərin bəzən legionerlərə müraciətdən başqa, sadəcə yolu qalmır. Özü də mentalitetlə əlaqədar olaraq, bu hala əsasən qadın güləşində rast gəlinir. Bu səbəbdən də Olimpiadaya lisenziyanı əldə etdikdən sonra Avropa çempionu olmuş, daha sonra isə gənclər arasında qitə birinciliyini qazanmış M.Sadnikin milliyə cəlb edilməsi özünü doğrultdu. Onun Pekində əldə etdiyi "bürünc" bu addımın doğru olduğunu göstərən daha bir faktordur.

Bununla yanaşı, anlamaq lazımdır ki, Olimpiada artıq, sadəcə, idman hadisəsi sayılmır. Bu cür turnirlər ölkənin lazımi dərəcədə reklam edilməsi üçün bir vasitəyə çevrilir. Bunun üçün isə nəticə göstərmək, yəni, mümkün qədər çox medal qazanmaq lazımdır. Bununla əlaqədar olaraq Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyir: "Adətən, beynəlxalq Olimpiya ailəsində yarışın nəticələri haqda söhbət gedən zaman bu və ya digər ölkənin yarışda qazandığı mükafatların sayına nəzər yetirilir. Yəni iki məqam var - birincisi, aktivində daha çox "qızıl" olan ölkə, ikincisi, ümumilikdə əldə edilmiş medalların sayı. Odur ki bu baxımdan, bizim Pekində yaxşı çıxış etdiyimizi söyləmək olar, çünki mükafatların sayı çox vacibdir və əsas sayılır".

 

Qılıncoynadanlar zəifləyiblər

 

Bununla yanaşı, bu və ya digər idman növlərində yüksəksəviyyəli idmançıların yoxluğu bu növü təmsil edənlərin Olimpiadadan kənarda qalmasına, həmin sahədə bir vaxtlar əldə edilmiş uğurların isə heç olmasına gətirib-çıxarır. Buna bariz nümunə qılıncoynadan Yelena Jemayevadır. Xatırladaq ki, o, Azərbaycanın bayrağı altında 2 dəfə dünya çempionu adını qazanmaqla yanaşı, Avropada və Dünya Kubokunda da uğurlar əldə edib. Özü də Yelenanı tam legioner adlandırmaq olmaz. Çünki o, Rusiya bayrağı altında ikiqat Olimpiya çempionu olmuş məşhur qılıncoynadan İlqar Məmmədovun həyat yoldaşıdır. Azərbaycanın qadın qılıncoynadanlarının və ümumilikdə bu idman növünün beynəlxalq arenada mövqelərinin nəzərəçarpacaq dərəcədə zəifləməsini nəzərə alaraq, onu millidə saxlamaq lazım idi.

Ümumiyyətlə, beynəlxalq təcrübəyə nəzər salsaq, legionerlər məsələsində kuryoz hadisələrin yaşandığını görərik. Məsələn, 2000-ci il Olimpiadası öncəsi dünya çempionatında medalların əksəriyyətini Qətər vətəndaşlığını qəbul etmiş ağır çəkili bolqar atletlər qazanmışdı. Bu "biabırçılıq"dan narazı qalan bir çox ölkələr beynəlxalq federasiyaya şikayət etdilər. Lakin "ilişəcək" heç nə yox idi - atletlər Qətər vətəndaşları idi, heç onların soyadları da slavyan mənşəli deyildi. Nəticədə qətərli, daha doğrusu, bolqar idmançılar sonda Sidney Olimpiadasında iştirak hüququ əldə etdilər.

Odur ki istənilən halda milliyə legionerlərin cəlb edilməsi məcburi və müvəqqəti xarakter daşıyır və bu prosesin ömrü yerli idmançılar yetişənədəkdir. Məsələn, hazırda Azərbaycanın voleybol üzrə milli komandasının heyətində bir neçə "milliləşdirilmiş" voleybolçu təmsil olunur və onlar komandada aparıcı möqeyə sahibdirlər. Misal üçün, Natalya Məmmədovanın (əvvəlki soyadı Skazka olub) Ukrayna vətəndaşı olduğunu göstərmək olar. Bu voleybolçu "Azərreyl" klubunun heyətində 3 dəfə Çempionlar Liqasının ən yaxşı bombardiri adlandırılıb, bir dəfə isə turnirin ən yaxşı oyunçusu seçilib. Natalya Azərbaycan millisinin də dəyişməz simasına çevrilib və məhz onun sayəsində komanda öncül yerlərə çıxıb. Düzdür, bəlkə də, baş məşqçi Faiq Qarayev millidə ehtiyat oyunçulara da yer verməyə şad olardı. Lakin gənclər hələ ki - həm də psixoloji baxımdan - buna hazır deyillər. Məşhur rusiyalı məşqçi Nikolay Karpol hesab edir ki, bir yüksəksəviyyəli voleybolçunun yetişdirilməsi üçün 10-15 il lazımdır. Razılaşın ki, bu, olduqca uzaq perspektivdir, məşqçilərə isə artıq indidən nəticə lazımdır…

 

"Məmmədovlar" hələ yetişməyiblər

 

Digər tərəfdən, komanda başından hündürə tullana bilməz. Qadın voleybolçularımız əvvəllər Avropanın aparıcı komandaları ilə bərabər addımlayırdısa, hətta bir neçə dəfə həmin vaxt dünya çempionu olan İtaliyaya qalib gəlmişdisə, hazırda Braziliya, Çin və Rusiya kimi millilərlə nəticəyə oynamaq iqtidarında deyil. Faiq Qarayev aparıcı mövqelərə oyunçu tapmaqda çətinliklə üzləşdiyi halda, rəqiblərin səviyyəsi ilə yanaşı geniş idmançı seçimi də var. Bu səbəbdən milli federasiya daha bir Ukrayna təmsilçisi Lidiya Maksimenkonun Azərbaycan bayrağı altında çıxış etməsinə razılıq alıb.

Beləliklə, milli komandalara əcnəbilərin cəlb edilməsi prosesi getdikcə daha da genişlənir. Yəqin fiqurlu konkisürmə üzrə Azərbaycan millisinin heyətində "Məmmədov", "Cabbarov" və ya "Hüseynovlar"ın çıxış etməməsi, onların əvəzinə buz üzərinə amerikalı Kristin Freyzerin çıxması kimlərəsə məzəli görünür. Digər tərəfdən, stabil çıxış edən idmançıların xidmətindən nəyə görə imtina olunmalıdır ki?.. K.Freyzer və onun partnyoru İqor Lukanin artıq 3 Olimpiadada iştirak ediblər. Onlar əsasən, Vaşinqton və Moskvada məşq edirlər və bu fakt federasiyanı da qane edir. Axı Bakıda onsuz da buz yoxdur. 

Amma digər tərəfdən, Azərbaycanda gələcəyi olmayan idman növünün inkişaf etdirilməsinə ehtiyac varmı? Sual kifayət qədər ritorikdir və bu, tamamilə başqa bir söhbətin mövzusudur.

Əlbəttə, əcnəbilərin ən geniş təmsil olunduqları sahə Azərbaycanın futbol çempionatıdır. Xüsusilə də nəzərə alınsa da, bu ildən etibarən Azərbaycan çempionatında iştirak edən legionerlərə qoyulan limit ləğv olunub. Bunun doğru, yoxsa səhv addım olduğunu  zaman göstərəcək. Lakin  milli komandaya bir-birinin ardınca "milliləşdirilmiş" futbolçuların cəlb edilməsi prosesi davam edir. Sonuncu Avropa çempionatının seçmə mərhələsində millinin baş məşqçisi Şahin Diniyev komandaya Andre Ladaqa, Leandro Qomeş və digər braziliyalı futbolçuları cəlb etmişdi. Lakin onlar milliyə ciddi fayda verə bilmədilər. Yalnız həmin vaxt "Neftçi" klubunda özünü yaxşı tərəfdən göstərən serb Branimir Subaşiçin yığma komandaya cəlbinə haqq qazandırmaq olar. Subaşiçin yığmaya çağırılması onun oyununa da müsbət təsir göstərdi və serb futbolçu əsas heyətin dəyişməz isminə çevrildi.

Azərbaycan millisinin baş məşqçisi postuna Berti Foqtsun gəlişi ilə də legionerlərin cəlbi sahəsində vəziyyətdə ciddi dəyişiklik olmadı. Yarımmüdafiəçi olmasına baxmayaraq, artıq millinin heyətində iki dəfə fərqlənməyə imkan tapmış və əsas heyətin oyunçusuna çevrilmiş braziliyalı Fabio Luis Ramimi alman mütəxxəssisin tapıntısı hesab etmək olar. 

Aydındır ki, AFFA rəhbərliyi gənc və uşaq futbolunun inkişafına lazımi səviyyədə diqqət ayırmayacağı təqdirdə millimiz legionerlərlə də hələ ki beynəlxalq arenada ikinci rollarda olacaq. Yerli futbolçuların yeni nəslinin yetişdirilməsi və onların qalib psixologiyasında hazırlanması üçünisə uzun illərə və bir də, təbii ki, yaxşı məşqçilərə ehtiyac var.

 


MƏSLƏHƏT GÖR:

344