14 Mart 2025

Cümə, 21:51

"YENƏ QEYRİ-KAFİ"

Azərbaycan millisi 2010-cu il Dünya Çempionatının seçmə mərhələsinə uğursuz başladı

Müəllif:

15.09.2008

Azərbaycanın futbol üzrə milli komandasının 2010-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinə faciəvi başladığını söyləmək mümkündür. İlk qarşılaşmada səfərdə Uels millisinə 0:1 hesabı ilə məğlub olmuş yığmamız Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn futbolçularını üstələyə bilmədi (0:0). Bu nəticə ölkə futbolu üçün hökm kimi səsləndi və milli komandamızın beynəlxalq futbol iyerarxiyasındakı yerini bir daha göstərdi.

 

Biabırçı heç-heçə

Seçmə mərhələnin başlamasından əvvəl milli komandanın baş məşqçisi Berti Foqts bildirmişdi ki, bu mərhələdə ən azı 6 xal toplamaq fikrindədir. Lakin işlər belə getsə, Azərbaycan millisi seçmə mərhələni qrup sonuncusu kimi başa vurmaq risqki ilə üz-üzə qalacaq. Hər halda, mərhələnin ilk qarşılaşmalarından sonra nikbinliyə əsas yoxdur, baxmayaraq ki futbolçularımız uelslilərlə matçda heç də pis təsir bağışlamadılar. Lakin Lixtenşteyn millisi ilə məğlubiyyətə bərabər heç-heçə hər şeyi alt-üst etdi.

Amma bir qədər dərinə getsək, bu heç-heçəyə təəccüblənmək lazım deyil. Çünki rəqib futbolçu Mario Frikin zərbəsindən sonra Saşa Yunisoğlu topu qapı xəttinin üstündən qaytarmasaydı, millimiz hətta məğlub da ola bilərdi. 

Ümumiyyətlə, Azərbaycan futbolçuları komandanın nəyin hesabına qələbə qazana biləcəyini nümayiş etdirməyi bacarmadı. Oyun quruculuğu ciddi şəkildə "axsayırdı", hücum isə ümumiyyətlə faciəvi durumda idi. Odur ki bir neçə qol vəziyyəti yaransa da, milli onu reallaşdıra bilmədi və özünün tutarsızlığını sübut etdi.

Sonuncu matça qədər Azərbaycan və Lixtenşteyn milliləri arasında iki görüş keçirilmişdi. Və indiyədək iki dəfə seçmə mərhələdə bir qrupa düşmüş komandaların statistik göstəriciləri bərabər idi. Lakin yaxın keçmişin futbol "cırtdan"ı olan bu ölkə son zamanlar xeyli irəli gedə bilib. Ötən seçmə mərhələdə Lixtenşteyn futbolçuları yekunda qrup mərhələsini 7 xalla başa vurmuşdular ki, bu da onlar üçün kifayət qədər yaxşı göstəricidir. 

Bizim millimiz isə rəsmi görüşlərdə, xüsusilə də son dövrlər yaxşı nəticə ilə öyünə bilməz. Yaxın keçmişdən yalnız Emin İmaməliyevin dəqiq zərbəsi sayəsində doğma meydanda Finlandiya yığması üzərində qazanılmış qələbəni xatırlamaq olar. Lakin bu qələbə artıq tarixdir, idman isə yalnız keçmişlə yox, həm də bu gün və gələcəklə yaşayır.

Bəs, görəsən, Azərbaycan yığmasının bu uğursuzluqlarının səbəbi nədir? Səbəblərdən biri təcrübəli futbolçuların yoxluğudur. Bəziləri Lixtenşteyn futbolçularının da təcrübəli olmadığını söyləyə bilər, lakin bu millinin aparıcı oyunçuları İsveçrə, Avstriya və digər ölkələrin birinciliklərində top qovurlar: məsələn, elə həmin M.Frik İtaliyanın "Siena" klubunun şərəfini qoruyur. "A" seriyasına isə futbolçuları "qara gözünə aşiq olub" götürmürlər. 

Bizdə isə "milliləşdirilmiş" Branimir Subaşiçdən başqa yalnız "Qrotslin"də çıxış edən S.Yunisoğlu ölkədən kənarda çıxış etməsi ilə öyünə bilər. Bu səbəbdən də millinin məşqçilər korpusu legionerlərə müraciət etməlidir. Amma onlar da bəzən ümidləri doğrultmur. Məsələn, braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramim Uelsə qarşı keçirilən ilk qarşılaşmada yersiz qırmızı vərəqə alaraq özünü mənfi tərəfdən göstərdi.

Millimizin hazırkı heyətində tərifə layiq olan yeganə futbolçu Kamran Ağayevdir. O, ilk qarşılaşmada özünü yaxşı tərəfdən göstərdi, dəfələrlə mütləq qol vəziyyətlərində qapını toxunulmaz saxladı, Ceyson Kumasın penalti zərbəsini dəf etdi və bununla da əsas heyətdə öz yerini möhkəmlətdi. Lakin Uelsə qarşı keçirilmiş bir qarşılaşma hələ ki göstərici hesab oluna bilməz və Kamranın təcrübə toplaması vacibdir. Xüsusilə də nəzərə almaq lazımdır ki, qarşıda bizi Almaniya və Rusiya milliləri ilə oyunlar gözləyir. Qrupda qələbə uğrunda mübarizənin məhz bu iki yığma arasında gedəcəyi isə heç kəsdə şübhə doğurmur.

 

Layiqdir, ya yox?

Bununla yanaşı, Lixtenşteynlə əldə edilmiş heç-heçə Azərbaycan millisinin sükanı arxasına Berti Foqtsun keçməsinin doğru olub-olmamasına dair geniş müzakirələrə səbəb oldu. Həqiqətən də, bu məşqçi ilə müqavilə millimizin Lixtenşteyn kimi rəqiblə heç-heçə oynaması üçün bağlanmayıb axı. Bu nəticəni digər məşqçilər - Ağasəlim Mircavadov, Şahin Diniyev, Əsgər Abdullayev və müxtəlif vaxtlarda milliyə rəhbərlik etmiş digər mütəxəssislərlə də əldə etmək olardı. Özü də ən çox təəssüfləndirici hal matçın nəticəsi yox (hər halda, biz də Avropa "qrandı" deyilik), meydanda göstərilən oyun oldu. Əgər biz Lixtenşteynə qarşı belə bərbad oyun nümayiş etdiririksə, onda Almaniya və Rusiya yığmalarına qarşı qarşılaşmalarda aqibətimiz necə olacaq?

Ümumiyyətlə, çox nadir hallarda əcnəbi mütəxəssis bu və ya digər ölkədə uğurlu nəticə göstərə bilir - bunun üçün xüsusi bacarıq lazımdır. Buna bariz nümunə kimi hazırda Rusiya yığmasına rəhbərlik edən holland mütəxəssis Quus Hiddinki göstərmək olar. Məlum olduğu kimi, ruslar məhz onun rəhbərliyi altında Avropa çempionatının yarımfinalınadək irəliləyə bildilər. Üstəlik, Hiddinkin Hollandiya, Avstraliya və Cənubi Koreyadakı uğurlu fəaliyyəti də yaddaşlardadır. Əvvəlcə hollandlarla 1998-ci ildə dünya çempionatında möhtəşəm nəticə göstərmiş məşqçi daha sonra müvafiq olaraq  digər iki yığma ilə 2006 və 2002-ci illərdə uğurlu fəaliyyətini davam etdirib.

Əlbəttə, Foqtsin peşəkarlığı da sual doğurmur. Axı məhz onun rəhbərliyi ilə Almaniya yığması 1996-cı ildə Avropa birincisi olub. Lakin sonradan bu mütəxəssis nə Şotlandiya, nə də Nigeriya yığmasının sükanı arxasında uğur qazana bilməyib. Bunun səbəbləri müxtəlif ola bilər. Amma bu mütəxəssisin Azərbaycan millisi ilə uğurlu nəticələr əldə edəcəyi inandırıcı görünmür. Xüsusilə də ölkəmizdə müvafiq futbol infrastrukturunun, normal fəaliyyət üçün lazım olan meydançalar və digər şərtlərin yoxluğu şəraitində. Bütün bu imkanlardan məhrum olan alman mütəxəssis məcburən əlində olan "material"larla çalışmalıdır. 

Odur ki Foqts Azərbaycan millisi ilə dərhal yüksək nəticələr əldə edəcəyini gözləməyin düzgün olmadığını bildirmişdi və bu zaman xüsusilə Almaniya və Rusiya ilə qarşılaşmaları nəzərdə tuturdu. Amma indi onun yetirmələri Lixtenşteynlə heç-heçə oynamaqla birdən-birə məşqçilərinə özlərinəməxsus "hədiyyə" etdilər. 

Digər tərəfdən, Lixtenşteyn millisi ilə qarşılaşma komandamızda oyunu öz üzərinə götürə biləcək liderinin olmadığını bir daha təsdiqlədi. Hər bir futbolçu, sadəcə, öz ərazisində oynayır, meydanın müəyyən hissəsinə cavabdehlik daşıyır, ləng həmkarlarını irəli aparacaq lider isə, təəssüf ki, yoxdur. 

Üstəlik, bu problem illər keçsə də, aktuallığını itirmir və həll edilməmiş qalır. Millimiz gəncləşmə kursu götürsə də, CAR-da keçiriləcək 2010-cu il dünya çempionatının seçmə mərhələsi də istisna təşkil etmir. Komandanın heyətində yeni oyunçular peyda olsa da, onların bir-birlərinə uyğunlaşması üçün zamana ehtiyac var.

Üstəlik, qələbələrin yoxluğu futbolçuların qalib psixologiyasında yetişmələrinə, güclü rəqiblərə qarşı uğurlu çıxış etmək və yaxşı futbol göstərmələrinə mane olur. Səfər qarşılaşmalarında bizim istəyimiz heç-heçə əldə edilməsi ilə məhdudlaşır və futbolçularımız ancaq qapı önündə ehtiyatlı oynamağa çalışırlar. Hər bir məşqçi isə taktikanı müəyyənləşdirərkən icraçıların səviyyəsini əsas götürür. Bizdə məşqçinin seçimi məhduddur, millinin heyəti kifayət qədər rəngarəng deyil, millinin hazırkı oyunçularına layiqli əvəzedicilər yoxdur. Məhz buna görə də, Kardiffdəki "Millenium" stadionunda keçirilən qarşılaşmanın ilk dəqiqələrindən heyətdə milliləşdirilmiş legionerlər - B.Subaşiç və Fabio Luis Ramim yer almışdı. Əlbəttə legionerlərin "milliləşdirilməsi" vəziyyətin yaxşı olmasından xəbər vermir, necə ki, futbol üzrə Azərbaycan çempionatında legionerlərə qoyulmuş limitin ləğvi. Yeri gəlmişkən, bu qərarın ətrafında çox səs-küy yarandı və bəzi mütəxəssislər hesab edir ki, bu, Azərbaycan futbolunun xeyrinə olmayacaq. Axı bu məsələdə medalın iki üzü var - əksər klublar üçün öz yetirmələrini hazırlamaqdansa, hazır futbolçu almaq daha asandır. Reallıq belədir ki, həmin klublar üçün əsas olanı nəyin bahasına olursa-olsun, qələbə qazanmaqdır. Amma digər tərəfdən, ani nəticə üçün atılan bu addım gənc nəslin perspektivi üçün təhlükəlidir, çünki onların əksəriyyətinə əsas heyətdə yer tapılmır.

Hər halda, Lixtenşteynlə qarşılaşmadan əvvəl "cırtdanlar"ı məğlub etməyin çətin olmayacağını düşünən futbolçular üçün sonda alınan qolsuz heç-heçə psixoloji zərbə oldu. Hadisələr gözlənilənin əksinə cərəyan etdi və meydan sahibləri belə vəziyyətə sadəcə hazır deyildilər. Beləliklə, artıq qrupda sondan əvvəlki yer uğrunda mübarizə Azərbaycan və Lixtenşteyn milliləri arasında gedəcək. Çünki belə oyunla bundan artığına ümid edə bilmərik və reallığı olduğu kimi qəbul etmək lazımdır. Əlbəttə, insanlar həmişə daha yaxşısına ümid etmək istəyirlər, lakin görünür, bu dəfə belə bir ümid yoxdur.

… Amma nə bilmək olar, turnir hələ təzə başlayıb…


MƏSLƏHƏT GÖR:

342