14 Mart 2025

Cümə, 21:49

YOL QEYDLƏRİ

Tanınmış intellektual Rövşən Əsgərov özünün ilk kitabını oxuculara təqdim etdi

Müəllif:

15.09.2008

Dünya ölkələrinə səyahətə çıxmış və qarşılaşdığı hər şeydən narazı qalan bakılını təsəvvürünüzə gətirin. Xaricdə gördüyü ekzotik şərabların adları ona Azərbaycan şərablarını xatırladır, "kababı isə heç bişirə də bilmirlər". Bişirdikləri də doğma Azərbaycan mətbəxindən çox fərqlidir. Təsəvvür etdiniz? Elə isə Rövşən Əsgərovun Bakıda təqdim etdiyi kitabının məğzini anlamaq çətin olmaz. 

Bir qədər əvvəl Moskvada keçirilən Beynəlxalq Kitab Sərgisində oxucuların ixtiyarına verilib.

"Gənc yazıçı"nın "Ölkəşünaslıq" adlanan kitabı indi çox dəbdə olan "traveloq" janrında (ingiliscə "travel""- "səyahət" sözündən götürülüb) yazılıb. Bu, bir növ, tanınmış adamların səyahət zamanı yazdıqlarıdır. 

"Amma mənim əsas məqsədim digər ölkələrin kontekstində Azərbaycan, Bakı haqda danışmaqdır. İstəyirəm başqa ölkələrdəki oxucularda buraya gəlmək həvəsi yaradam. Əgər kitabı oxuyan 100 nəfərdən, heç olmasa, bir nəfəri Bakını ziyarət edərsə, hesab edəcəyəm ki, istəyimə çatmışam", - deyə jurnalımıza müsahibəsində Rövşən Əsgərov bildirib. 

O,  xüsusi olaraq vurğulayıb ki, kitabın nəşrində ona Moskvanın ən böyük nəşriyyatlarından olan "RİPOL-KLASSİK" yardım edib. 

Rövşən etiraf edir ki, əvvəlcə kitab haqda düşünmür və yazdıqlarını öz İnternet-bloqunda yerləşdirməklə kifayətlənirmiş. Yəni, yazdıqlarını yalnız özü və dostları üçün nəzərdə tutmuşdu. Amma gözlənilmədən ona xatirələrini kitab şəklində nəşr etdirmək təklifi gəldi. Və budur - illər boyu yığılıb-qalmış xatirələr bir kitabda toplanıb. Əsas ideya isə - mətbəx vasitəsilə xalqın xasiyyətini dərk etməkdir. 

 "Belə bir ifadə var: "bizim mahiyyətimiz yediyimizdədir". Yəni, xalqın xasiyyəti ilk növbədə onun mətbəxində əks olunur. Azərbaycan mətbəxi  səxavətli, bol, dadlı və çox rəngarəngdir. Müxtəlif mədəniyyət və millətləri birləşdirmiş xalqımız da elə bu cür səxavətli və səmimidir. Kitabın daha bir məqsədi fransız, alman, ingilis mətbəxləri fonunda bizim milli xörəklərimizin nəinki it-bat olmadığını, əksinə, daha yaxşı və daha ləzzətli olduğunu göstərməkdir. Mən yalnız xörək, onun resepti haqda danışmıram, həm də milli mətbəx prizmasından müxtəlif məzəli vəziyyətləri təsvir edirəm. Müxtəlif mədəniyyətləri müqayisə edirəm. Məsələn, Yaponiya pərakəndə haldadır, müxtəlif adalardan ibarətdir və onların bəzi xörəkləri də ayrı-ayrı tikələrdən ibarətdir. Rusiya isə nəhəng və böyük dövlətdir, sanki böyük fəsəlini xatırladır. Yəni, bu böyüklük və bütövlük mətbəxdə də əks olunur", - deyə müəllif qeyd edir.

 Malayziya, Yaponiya, İngiltərə, Danimarka, Almaniya, Rusiya, Fransa və İspaniya - bütün bu ölkələr Rövşənin sevgi ilə təsvir etdiyi doğma Bakı üçün yalnız fon rolunu oynayır: "Çox vaxt filmlər və kitablar məhəbbət haqda olur. Bu mənada, mən də deyə bilərəm ki, kitabım doğma şəhərimə olan məhəbbətim haqdadır. Bu məhəbbəti mən milli mətbəximiz vasitəsilə təsvir etməyə çalışmışam". 

Adətən, yazmağa başlayan adam heç vaxt yarıyolda dayanmır.Nəşriyyat  Rövşən Əsgərovun kitabını o qədər bəyənib ki, ona artıq məhəbbət romanı yazmaq təklifi gəlib. Və müəllif razılaşıb. 

Odur ki, yaxın vaxtlarda biz kitab rəflərində Rövşən Əsgərovun məhəbbət haqda kitabına rast gələ biləcəyik.


MƏSLƏHƏT GÖR:

419