
"MƏN ARTIQ QOCALMIŞAM"
Vladimir Kramnik şahmat tacı uğrunda mübarizəyə yenidən qoşulub-qoşulmayacağını "R+"a açıqladı
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı-Şəmkir-Bakı
Bu günlərdə ölkəmizin səfalı guşələrindən sayılan Şəmkirdə şahmat üzrə Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2015" beynəlxalq turnirinə yekun vuruldu. Ardıcıl ikinci dəfə baş tutan mötəbər yarışda dünya reytinq sıralamasında ilk 25-də olan 9 şahmatçı və sonuncu Azərbaycan çempionu Rauf Məmmədov iştirak etdi. İlk dəfə olaraq Azərbaycanda keçirilən şahmat turnirində qələbə uğrunda 3 dünya çempionu mübarizə apardı. Şahmat tacının hazırkı sahibi Maqnus Karlsenlə sabiq dünya çempionları Vişvanatan Anand və Vladimir Kramnikin bir-birinə rəqib olması dünya mediasının diqqətindən yayınmadı.
"R+"un suallarına Şəmkirə ilk dəfə gələn rusiyalı dünya çempionu Vladimir Kramnik cavab verib. Şahmat üzrə 14-cü dünya çempionu, Dünya Kubokunun sahibi müsahibəyə səfər təəssüratları ilə başladı.
- Bir neçə dəfə Bakıda keçirilən şahmat yarışlarında iştirak etmisiniz. Amma Şəmkirdə ilk dəfə çıxış edirsiniz. Şəhər haqqında təəssüratlarınız necədir?
- Düzünü deyim, Şəmkiri gəzməyə o qədər imkan olmadı. Adətən, paytaxtdan kənarda yerləşən şəhərlər diqqəti cəlb etmir. Şəmkir bu fikrimi tamamilə dəyişdi. Yaşadığım mehmanxananın ətrafında gəzişəndə valeh oldum. Şəhər təmizliklə və gözəlliklə məni valeh etdi. Şəmkirin belə gözəl olacağını gözləmirdim. Təbiəti çox maraqlıdır. Şəhər həm də qədimliyini qoruyur. Havası çox təmizdir. O qədər təmizdir ki, hər gün yuxuya qalır, istədiyim vaxtdan 1 saat gec oyanıram. Bəlkə də saat fərqiylə bağlıdır. Fransada yaşadığımdan, vaxta öyrəşə bilmirəm.
- Azərbaycanın hər yeri qonaqpərvərliklə fərqlənir. Bu mənada Şəmkir də geri qalmır...
- Sizinlə tam razıyam. Şəmkirə yarışdan iki gün əvvəl gəlmişəm. Bir gün şəhər gəzintisinə çıxdım. Otel yaxınlığında yerləşən mağazaya daxil olaraq su aldım. Satıcı məni azərbaycanlıya oxşatdı. Öyrənəndə ki, "ShamkirChess2015" turnirində iştirakçıyam, suyun pulunu almaq istəmirdi. Ümumiyyətlə, turnir zamanı təşkilatçılar şahmatçılara çox özəl münasibət bəslədi. Buna görə onlara təşəkkürümü bildirirəm.
- Azərbaycanda mötəbər yarışların keçirilməsi artıq ənənə halını alıb. Ona görə turnirin yüksək səviyyədə keçirilməsi sizi təəccübləndirməməlidir...
- Bakını çox yaxşı xatırlayıram. Ümumiyyətlə, Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlardan xəbərdaram. Hər dəfə ölkənizə gələndə yeniliklərlə təəccüblənirsən. Azərbaycan son illər çox inkişaf edib.
- "ShamkirChess2015" turniri mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə keçirilir. Onunla hansı turnirlərdə rəqib olmusunuz...
- Vüqarın gözəl aurası var idi. Gülüşü heç zaman əskik olmazdı. Bir neçə dəfə rəqib olmuşuq. Maraqlı mübarizə sərgiləyib. Hər zaman qələbə barədə düşünürdü. Yaxın dost olmasaqda onun haqda ancaq xoş sözlərim var. Azərbaycan millisinin heyətində Avropa çempionu olub. Heç vaxt fikirləşməzdim ki, məndən cavan olan Vüqarın xatirə turnirində iştirak edəcəm. Onun indi bizimlə olmadığını qəbul etmək çətindir. Şəmkir turniri Vüqarsevərləri birləşdirir. Belə gözəl turnirə görə təşkilatçılara təşəkkür etmək istərdim. Fikrimcə Vüqarın xatirə turniri ənənəvi olmalıdır.
- Bəziləri norveçli Maqnus Karlsenin uzun müddət çempion titulunu qoruyacağını deyir. Siz necə düşünürsünüz? Çempionluğu qaytarmaq istəmirsiniz?
- Mən artıq qocalmışam (gülür). İndi gənclər bu barədə düşünməlidir. Əlbəttə, dünya çempionluğu uğrunda mübarizəyə qoşulmaq istəyirəm. Sadəcə yaş amilini unutmaq olmaz. Gərək fiziki hazırlıq üzərində işləyəsən. Maqnus cavandır. Bir neçə saat oynamaq onun üçün problem yaratmır. O vaxt Harri Kasparova qalib gələndə cavan idim. Enerjim çox idi (2000-ci ildə Londonda baş tutan görüşdə Kramnikin 25 yaşı var olub - red). Amma gənc nəsil arasında Maqnusa rəqib olacaq şahmatçılar az deyil.
- "ShamkirChess2015" turnirinin 2-ci turunda Karlsen Şəhriyar Məmmədyarova qalib gəldi. Sanki Karlsenə qarşı oynamaq hamıda çətinlik yaradır..
- Əlbəttə, Karlsen çox güclü şahmatçıdır. Son zamanlar belə bir ifadə var: hamı yaxşı oynayır, amma sonda Karlsen qalib gəlir. Sözsüz, Maqnus güclü şahmatçıdır. Şəhriyara gəldikdə, böyük potensialı var. Emosional qrossmeysterdir. Ən böyük problemi stabil oynamamasıdır. Stabil oyun üçün bəlkə də müəyyən problemləri var. Bununla belə, şahmatçı kimi risk etməyi sevir, sona qədər təzyiq edir. Məmmədyarov istənilən rəqibə qarşı mübarizə apara bilər. Ümumiyyətlə, turnirdə iştirak edən hər bir şahmatçı güclüdür. Burada hazırkı dünya çempionu, iki sabiq çempion və bir neçə gələcək çempion mübarizə apardı. Heyət güclü olduğundan hər tur çətin keçdi.
- 7 saata yaxın davam edən partiyada Şəhriyar Məmmədyarov sizə qalib gəldi. Həmin görüşü necə xarakterizə edərdiniz...
- Şəhriyar yaxşı oynadı və qalib gəldi.
- Sentyabrda Bakıda Dünya Kuboku keçiriləcək. Yarışın son qalibi kimi sizi iştirakçılar arasında görə biləcəyik?
- Payızda Dünya Kubokunda iştirak edəcəyəm. Hər halda, belə planım var. İndiyə qədər Dünya Kubokunun tarixində heç bir şahmatçı ardıcıl iki dəfə qələbə qazanmayıb. O mənada mənim üçün çətin olacaq. İstərdim Bakıda da qalib olum. Lakin başa düşürəm ki, çətin olacaq.
- Dünya Kubokunda Ermənistan şahmatçılarının iştirakı barədə qərar qəbul edilməyib. Azərbaycan dövlət səviyyəsində təhlükəsizliyə zəmanət versə də, son qərar məlum deyil...
- Bu barədə qərarı Ermənistan şahmatçıları qəbul etməlidir. Ümumiyyətlə, məncə, idman siyasətdən kənardı. Mən istəyirəm ki, erməni şahmatçıları Bakıya gəlsin, azərbaycanlı qrossmeysterlər ora getsin. Şahmat hamını birləşdirir. Mən Levon Aronyanla turnirlərdə tez-tez görüşürəm. Fikrimcə, o, Bakıdakı Dünya Kubokunda iştirak edəcək. Burada heç bir problem yoxdur.
- "ShamkirChess2015" turniri ilə paralel Ermənistanda komandalar arasında dünya çempionatı keçirilir. Amma siz Vüqar Həşimovun xatirə turnirində iştirakı Rusiya yığmasında oynamaqdan üstün tutdunuz...
- Fevralda artıq Şəmkirə gələcəyimə söz vermişdim. Sonradan federasiya rəhbərliyi milliyə dəvət etdi. Əvvəlcədən hər hansı bir turnir olacağı halda, yığmada olmayacağımı demişdim. Fikrimcə, mənsiz də Rusiya yığması güclüdür. Digər tərəfdən, Şəmkirdəki turnir gözəl insan, güclü şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunub. Ötən il bu yarışda iştirak edə bilmədim. Amma bütün həmkarlarım təşkilatçılıq haqqında xoş sözlər deyirdi. Vüqarla çox yaxın olmasaq da, onun xatirə turnirində iştirak etməyə bilməzdim.
MƏSLƏHƏT GÖR: