Müəllif: Məhərrəm ZEYNAL Bakı
Alimlər çoxdan müəyyən ediblər ki, ulduz nə qədər böyükdürsə, o daha parlaq yanır. Lakin həm də tez yanır və ölməzdən öncə son dərəcə gözqamaşdırıcı "ulduz partlaması"na çevrilir. Asəf Zeynallını, həqiqətən də Azərbaycanın "ulduz partlaması" adlandırmaq olar. Virtuoz pianoçu, pedaqoq, bəstəkar və ictimai xadim cəmi 23 il yaşayıb. Bu, rus Lermontov və ingilis Persi Şellidən daha azdır.
Bəstəkar-öncül
Gənc dahi Asəf əsl öncüllərdən oldu - Azərbaycan romanslarının janrını məhz o yaradıb. Əksəriyyətin ilk milli romans adlandırdıqları Üzeyir Hacıbəyovun "Sənsiz" qısa musiqili pyesi, əslində, bir qədər fərqli səslənmə dinamikasına malik idi. Üzeyir özü isə onu öz xüsusi janrı "musiqi qəzəli"nə aid edirdi. Xalq arasında Asəfin "Vətən", "Sual", "Çadra", "Seyran" romansları böyük populyarlıq qazanmışdı. Müasirləri (aralarında müəllimi Üzeyir Hacıbəyov da olub) gənc dahinin müstəqil, cəsarətli zəkasını qeyd edirdilər. Asəf özünü çox şeydə sınayıb. Uşaq musiqisində öncül rol da məhz ona məxsusdur. Onun "Uşaq süitası" milli uşaq musiqisinin başlanğıcını qoyub. Asəf Zeynallı digər sahədə də ilk olub. 1926-cı ildə Üzeyir Hacıbəyov və əsasən də Müslüm Maqomayevin (böyük) səyləri nəticəsində Azərbaycan Dövlət Konservatoriyası açılıb və işə başlayıb. Zeynallı onun ilk tələbəsi olub və məhz Hacıbəyovun kursuna düşüb. Məsələ burasındadır ki, 1920-ci ilin sonunda musiqi texnikumu və yeni yaradılmış konservatoriyanın birləşməsi baş verir. Müasir musiqişünas Şeyla Heydərova aşkar edib ki, Hacıbəyov lap əvvəldən bu gəncə nəzər yetirib. Tapılan arxiv materiallara əsasən, Hacıbəyov şəxsi nüfuzundan istifadə edib və Zeynallını violençel fakültəsindən (onun texnikumda oxuduğu) öz yanına - bəstəkarlıq fakültəsinə gətirib. Bundan başqa, tapılan maliyyə sirkulyarları deyir ki, Zeynallı təhsil ödənişindən tamamilə azad edilmiş azsaylı xüsusi perspektivli tələbələrdən olub.
Müəllimi Zeynallını öz üzərində çox işləməyə məcbur edirdi, lakin şagirdi də qarşısına böyük hədəflər qoymuşdu. İnanmaq çətindir, lakin 23 yaşında onun hesabında artıq çox sayda skripka və fortepiano miniatürləri, bir neçə simfoniya (əksəriyyəti, təəssüf ki, tamamlanmadı), habelə olduqca mühüm olan bir iş vardı. Sadəcə, istedadlı insan deyil, həm də böyük çalışqanlığa malik olan Zeynallı, eyni zamanda 50 xalq mahnısını müasir not standartlarına köçürüb. Azərbaycan musiqisinin respublika hüdudlarından da kənarda uğurla səslənməsi üçün Asəf onların əksəriyyətini aranjman edib. Bu onu daha da populyarlaşdırmalı idi.
Pedaqoq və maarifçi
Maraqlıdır ki, təhsil, musiqi üzərində iş və milli yaradıcılığın akademik adaptasiyası zamanı Asəf Zeynallı özünü pedaqoq kimi göstərib. Demək olar ki, o, uğurlu dövrdə doğulub və işləyib - 20-ci illər və 30-cu illərin əvvəlləri - bu, Azərbaycan milli mədəniyyətinin, daha doğrusu, onun Avropa vektorunun təşəkkül tapma dövrüdür. Həmin dövrdə bütün respublikada teatrlar, texnikumlar və institutlar açılırdı və peşəkar kadların böyük çatışmazlığı hiss olunurdu. Ona görə də gənc yaşlarına və reqaliyası olmamasına baxmayaraq, istedadlı şəxsləri məmnuniyyətlə rəhbər işlərə götürürdülər. Zeynallı və Cabbarlı ilə də belə oldu - birincinin 20 yaşı, ikincinin isə 30 yaşı vardı və onlar birlikdə Türk Fəhlə Teatrına rəhbərlik edirdilər. O vaxtı bu tamaşalar bir növ maarifçilik (aktyorlar və musiqiçilər əsasən həvəskar - fəhlələr idi) səciyyəsində idi. Buna baxmayaraq, gənc dahilər məhsuldar işləməyə müvəffəq oldular, çətinliklərə baxmayaraq, "Sevil" və "Qayıtma" kimi uğurlu tamaşaları oldu. Yuxarıda bəhs edilənlərin hamısı - 1928-ci ildən 1932-ci ilə qədər olan qısa dövrdür. Asəf Hacıbəyovun fakultəsində təhsil alırdı, teatrda, o cümlədən öz və xalq musiqisi üzərində işləyirdi, həm də konservatoriyada dərs deməyə imkan tapırdı. Maraqlıdır ki, lap gənc Asəfin tələbələri sırasında Qara Qarayev və Tofiq Quliyev olub. Bütün sadalananlara baxmayaraq, Asəfə elə gəlirdi ki, o, vaxtını itirir. "Musiqiyə az vaxt ayırıram və kənar işlərlə çox məşğulam", - deyə o, dostu Ələkbər Daşdəmirova yazırdı.
Yaşamağa tələsən
İstedadlı və çalışqan bəstəkar yaşamağa tələsirdi, bəlkə də o, öncədən nəsə duymuşdu. O, şəxsi həyatını qurmağa macal tapmadı, hərçənd çox çalışırdı və buna görə sonra çox heyfsiləndi. İşlə əlaqədar Leninqrada gedən, Nevski küçəsi boyunca gəzən Asəf, orada ilk və yeganə məhəbbətinə rast gəlir. Asəf sonralar onu əsrarəngiz gözəlliyi olan xanım kimi xatırlayırdı. Sevgiləri qarşılıqlı idi, lakin təəssüf ki, həm Asəfin, həm qızın valideynləri bu nikaha qarşı çıxdılar. Xalqların qardaşlığını və dünyəvi qanunun dini qanun üzərində aliliyini elan edən Sovet İttifaqında, gənclərin xoşbəxtliyi yolunda din və milliyyət maneə olub. O vaxtdan və qısa ömrünün sonuna qədər bəstəkarın sevimli mahnısı iki fərqli xalqa mənsub olan iki ürəyin sevgisinə həsr olunmuş (ən azından onun anlayışında) "Sarı gəlin" olub. Bu gün populyar olan xalq mahnısının aranjmanını (universal Avropa akkord və tempində qurub) məhz Asəf Zeynallı edib. Və bunun da səbəbi baş tutmayan öz xoşbəxtliyi olub. O, çoxlu mühazirələr oxuyur, çox çalışırdı və görünür, buna görə tez-tez həddindən artıq yorğunluqdan əziyyət çəkirdi. 1932-ci ilin payızında Asəf respublikanın rayonlarında mühazirələr oxuyurdu. Elə səhhətini güclü şəkildə pozan hansısa infeksiyaya da orada yoluxur. İttifaqda tez-tez dərman çatışmazlığı olurdu (bəzən ən sadələri belə) və ona görə də, həkimlərin səylərinə baxmayaraq, gənc dahini xilas etmək olmadı.
MƏSLƏHƏT GÖR: