24 Noyabr 2024

Bazar, 18:06

HƏBLƏRƏ NƏZARƏT

Azərbaycanda dərman preparatlarının qiymətinin dövlət tərəfindən tənzimlənməsi onların ucuzlaşmasına səbəb olacaq

Müəllif:

28.04.2015

Azərbaycan hökuməti dərmanların qiymətinin tənzimlənməsi ilə bağlı vacib qərar qəbul edib. Beləliklə, Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"na dövlət qeydiyyatına alınmış dərman vasitələri və dərman vasitələrinin ekspertiza xidmətləri də əlavə olunub. Bundan sonra dərmanların qiyməti dövlət tərəfindən tənzimlənəcək. 

Qeyd etmək lazımdır ki, bu qərar gözlənilən idi. Çünki manatın devalvasiyasından istifadə edən işbazların dərmanların qiymətini xeyli bahalaşdırmasından, hətta bu bahalaşmanın bəzi hallarda devalvasiyanın səviyyəsini də geridə qoymasından sonra Prezident İlham Əliyevin qəti tapşırıq vermişdi. Dərman bazarı kifayət qədər həssas bazardır və burada istənilən dəyişiklik daha çox hiss olunur. Bu bazarın istehlakçıları - pensiyaçılar, müəyyən dərmanları daim qəbul etmək məcburiyyətində olan xəstə insanlar və s. bu bahalaşmanı sakit qarşılaya bilməzdilər. Onların haqlı narazılığına reaksiya isə ən yüksək səviyyədə gəldi.

Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Prezident İ.Əliyev onun göstərişi ilə qiymət artımının qarşısının alınması üçün bütün apteklərə ciddi nəzarət olunacağını bildirib. "Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni, burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır", - deyə dövlət başçısı bildirib.

Bununla yanaşı, ölkəyə keyfiyyəti o qədər də yüksək olmayan dərmanlar da gətirilir. Bütün bunlar səbri daşıran son damla olub və prezident Səhiyyə, İqtisadiyat və Sənaye nazirliklərinə bu sahədə vəziyyətin tam nəzarətə götürülməsini tapşırıb. "Eyni zamanda, hökumətə tapşırmışam ki, ciddi nəzarət olmalıdır və indi yeni mexanizm işlənilir. Ümid edirəm ki, bir neçə aydan sonra biz bu mexanizmi tətbiq etməyə başlayacağıq və insanlar bunu gündəlik həyatda görməlidirlər. Qiymətlər qalxmamalıdır. Mən hesab edirəm ki, bəzi dərmanların qiymətlərində kəskin azalma da olacaq", - deyə İlham Əliyev bildirib.

Qeyd etmək lazımdır ki, hökumətin dərman bazarında vəziyyəti yaxşılaşdırmaq cəhdi artıq martın əvvəlindən müşahidə olunurdu. Məhz martın əvvəlində hökumət "Dərman vasitələri haqqında" qanun layihəsinə dəyişikliklər və əlavələr paketini parlamentə təqdim edib. Təklif olunan dəyişikliklərə əsasən, nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. O, nəzarət markalarının hazırlanmasını da təmin edəcək, onların alınmasına görə ödəniləcək məbləğ dövlət büdcəsindən ayrılacaq. Deputatlar tərəfindən qəbul edilmiş və prezidentin təsdiq etdiyi dəyişikliklərə əsasən, Azərbaycanın Tarif Şurasına 3 ay ərzində ölkə ərazisində dərman vasitələrinin qiymətinin dövlət tərəfindən tənzimlənməsinin təmin olunması tapşırılıb. Qurum dərmanların idxalı üçün 5-10 əsas ölkəni müəyyənləşdirməli, istehsalçıların qiymətləri əsasında Azərbaycan üçün baza qiymətlərini müəyyənləşdirməlidir. Dərmanların topdansatış qiyməti baza dəyərinə əlavələr hesabına müəyyənləşdiriləcək. Pərakəndə satış qiymətləri isə topdansatış qiymətinə əlavələrlə müəyyən olunacaq. Yalnız resept əsasında satılan dərmanlar ən aşağı qiymətlərlə, baza standartlarına uyğun satılacaq. Reseptsiz satılan dərmanlar isə bir qədər baha olacaq. Dünya bazarında dərmanların qiymətinin artması zamanı Azərbaycanda topdansatış və pərakəndəsatış qiymətinə əlavə olunan əmsallar aşağı salınacaq. Bundan başqa, bütün təsdiqlənmiş qiymətlər dərmanların qutusunun üzərində yazılmalıdır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, Bakıda Türkiyə ilə müqayisədə eyni və bənzər dərmanların qiyməti orta hesabla 2 dəfə, İranla müqayisədə 2,5 dəfə bahadır. "Bakıda qiymətlər digər paytaxtlarla müqayisədə də daha yüksəkdir. Bu amillər bir daha göstərir ki, Azərbaycanın əczaçılıq bazarında sərt nəzarətə və tənzimləməyə ehtiyac var",  deyə ekspert bildirib.

V.Bayramovun fikrincə, dərmanların qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsi haqqında qərar müxtəlif preparatlar üçün maksimal qiymətin müəyyənləşdirilməsinə imkan verəcək. Bu təcrübədən dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ kimi bazar iqtisadiyyatının inkişaf etdiyi dövlətdə istifadə olunur. İqtisadçı hesab edir ki, inzibati tənzimləmənin müsbət cəhəti qiymət artımının önlənilməsi, eyni zamanda onların ucuzlaşmasına nail olmaq imkanlarının yaranmasıdır: "Bunun üçün hər bir dərman vasitəsinin maya dəyərinin şəffaf şəkildə ortaya çıxarılması vacibdir. Amma bütün bunlarla yanaşı, bu manipulyasiyalar elə həyata keçirilməlidir ki, əczaçılıq məhsullarının idxalı ilə məşğul olan sahibkarların gəlir səviyyəsinə də zərbə dəyməsin".

Yeri gəlmişkən, indi ekspertlər sahibkarların yüksək gəlirlilik səviyyəsini qoruyub saxlamaq üçün başqa vasitələrə əl ata biləcəklərindən ehtiyatlanırlar. Məsələn, onlar keyfiyyəti şübhə doğuran dərmanların ucuz qiymətə satılmasına qərar verə bilərlər. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyovun hələ bir müddət əvvəl bildirdiyi kimi, Azərbaycana bir sıra ölkələrdən keyfiyyətsiz dərmanlar gətirilməkdədir. Onun sözlərinə görə, bu dərmanlar Azərbaycanda dövlət qeydiyyatından keçirilmir: "Elə hallar olur ki, hər hansı ölkədə daxili bazar üçün istehsal olunmuş dərman vasitələri qanunsuz yolla Azərbaycana gətirilir, onların heç biri dövlət qeydiyyatından keçirilmir. Belə dərmanlar ölkəyə Türkiyədən, Rusiyadan, Polşadan, Rumıniyadan gətirilir. Onlar aşkarlanan kimi, satışdan kənarlaşdırılır".

Avropa istehsalı olan analoqlarından ucuzluğu ilə fərqlənən Hindistan istehsalı dərmanlara gəlincə, P.Əzizbəyovun sözlərinə görə, onlar ÜST-nin standartlarına cavab verən zavodlarda istehsal olunur: "Bir neçə il əvvəl bazarda Hindistan istehsalı olan dərmanlar üstünlük təşkil edirdi. Həyata keçirilmiş tədbirlər nəticəsində indi yalnız sertifikatlaşdırılmış dərman vasitələrinin idxalına icazə verilir və bu gün ümumi bazarda onların çəkisi cəmi 4% təşkil edir".

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü ilə olan hesabatında Azərbaycanda 4563 adda dərman vasitəsinin dövlət qeydiyyatından keçirildiyi bildirilir. Bununla yanaşı, ekspertlər, deputatlar və hökumət hesab edirlər ki, daxili bazarda dərmanların ucuzlaşdırılmasının ən yaxşı yolu onların Azərbaycanda istehsalının artırılması olardı. Məsələn, Milli Məclisin sosial siyasət komitəsinin rəhbəri Hadı Rəcəbli ölkədə dərman istehsalının təşviqi üçün tədbirlər görülməsinin vacibliyini bildirib. Deputat buna ən sadə misal kimi yodu göstərib. Yodun Neftçalada istehsalı mümkün olsa da, o da ölkəyə xaricdən gətirilir. Halbuki, bu istehsalın təşkili üçün Neftçalada lazımi baza var. Bazarda məhz yerli istehsal olan ucuz və keyfiyyətli dərmanlar sağlam rəqaməbin yaranmasına, qiymətlərin ucuzlaşmasına və idxaldan asılılığın aradan qaldırılmasına imkan verə bilər. Başqa sözlə, hökumətin sərt tənzimləyici tədbirlərilə yanaşı, dərman vasitələri bazarının yerli məhsullara üstünlük verməsini stimullaşdırmaq üçün mexanizmlərin düşünülməsi də vacibdir. Amma bir daha təkrar edirik ki, bu, onların beynəlxalq tələblərə və standartlara cavab verməsindən sonra həyata keçirilməlidir.


MƏSLƏHƏT GÖR:

621