Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Hitler Almaniyası üzərində qələbənin 70 illiyi ərəfəsində bu müharibənin yeni, az sayda insana məlum olan tərəfləri üzə çıxmaqdadır. Söhbət həm də Azərbaycana aid məqamlardan gedir. 1941-ci ilin avqustunda, müharibənin başlamasından az sonra, Hitler ordusunun inamla irəlilədiyi bir vaxtda Sovet hökuməti Azərbaycan və Türkmənistan SSR ərazisindən İrana öz 5-ci ordusunu yeritdi. Sovet qoşunları 1946-cı ilin mayınadək İran ərazisində qaldı. Düşmənin hücumunun ən kəskin vaxtında ordunun önəmli bir hissəsinin SSRİ ilə müharibə aparmayan dövlətin ərazisinə yeridilməsi nə ilə bağlı ola bilərdi? İkinci Dünya müharibəsi cənubdan, İrandan Azərbaycan (o zaman Azərbaycan SSR) ərazisinə də keçə bilərdimi?
Sovet və Britaniya qoşunlarının "Anlaşma" əməliyyatı" kodu altında birgə keçirdiyi hərbi əməliyyatlara aid bu və digər suallarla tarixçi, "1941-ci ilin aqustunda. Böyük müharibənin 1418 günü" kitabının müəllifi Boris Orişevə müraciət etdik.
- SSRİ və Böyük Britaniyanın İranı belə tezliklə nəzarətə götürmək qərarına gəlmələrinin səbəbləri ilə bağlı müxtəlif versiyalar var. Onlardan birinə görə, İranda çevriliş nəticəsində hökumətə fars millətçi-sosialistləri gələ bilərmiş. "Hitlergünd"in başçısı Baldur fon Şirax İran millətçi-sosialistlərinin tərbiyəsi ilə müharibədən xeyli əvvəl şəxsən məşğul olurdu.
- İran ordusunun zabit heyəti arasında almaniyapərəst qüvvələr var idi. Onlara qeyri-rəsmi olaraq İsfahan diviziyasının komandanı, general Fayzullo Zahidi başçılıq edirdi. Bu qrupun hakimiyyətlə bağlı müəyyən planları var idi. Onlardan müəyyən düşmən əməlləri də gözlənilirdi. Amma məsələ ondadır ki, İran şahı Rza 1940-cı ildə bu qruppa böyük zərbə vurmuş, bir neçə zabiti həbs etdirmişdi. Zahidi isə Almaniya kəşfiyyatı ilə əməkdaşlıqda təqsirləndirilərək həbs olunmuş və 1943-cü ildə ingilislər tərəfindən sürgün edilmişdi. Ümumilikdə İranda almaniyapərəstlik güclü idi. İkinci Dünya müharibəsi başladıqda İran parlamentarilərinin üçdəikisi ölkənin neytral qalmasını istəsə də, yerdə qalanları Üçüncü Reyx ilə əməkdaşlığın tərəfdarı kimi çıxış etdilər. İranın rəsmi neytrallığı Almaniya kəşfiyyatının bu ölkədə ciddi işlər aparmasına mane olmurdu. Almaniyanın SD xüsusi xidməti İranda fəaliyyətdə idi və ona təcrübəli Frans Mayer rəhbərlik edirdi. Bundan başqa, bu ölkədə Bertold Şultse-Xoltusun rəhbərliyi ilə Abver hərbi kəşfiyyatı da işləyirdi. Onlar İranda Almaniyapərəst insanlardan ibarət geniş gizli şəbəkə qurmuşdular. Etiraf etmək lazımdır ki, onlar paralel və son dərəcə effektli işləyirdilər.
- Almaniya millətçi-sosialistləri farsları irqi baxımdan özlərinə yaxın millət sayırdılar. İran iqtisadiyyatını məhz almanlar qaldırır, universitetlərdə məhz almanlar dərs deyir, mütəxəssislər iranlılara hərb elmini öyrədirdilər. Berlin farsları əsl arilər elan etmişdi. Üstəlik o, xüsusi dekretlə onları Nürnberq irqi qanunlarından azad etmişdi.
- 1942-ci ildə Almaniya ordusu SSRİ-nin cənubuna uğurla hücuma keçən zaman İrandakı alman kəşfiyyatı bir çox yerli millətçi-sosialistləri, ultrasağçıları və Almaniyapərəst qüvvələri birləşdirməyə nail olmuşdu. Onların arasında "Nehzat-e-melli" ("Milli hərəkat") adlanan zabitlərdən ibarət millətçi təşkilat da var idi. Bütün bu qüvvələr "Melliyun İrane" ("İranlı millətçilər") partiyasında bir araya gətirilmişdilər. Partiyanın tərəfdarları əllərində silah Almaniya tərəfindən vuruşmağa hazırlaşırdılar. Onların xüsusi planları var idi və planda hər bir detal əksini tapmışdı: əyalətlərdəki tayfalarla, xüsusilə kaşkaylarla əlaqələr necə qurulmalı, digər xalqları öz tərəflərinə necə cəlb etməli və sair. İranlıların əksəriyyətində nasist Almaniyasına simpatiya var idi. Lakin şah hazırlanma mərhələsində olan çevriliş planını darmadağın etdi, Almaniyapərəst qüvvələr isə gizli fəaliyyətə keçməli oldular. Berlin bir tərəfdən Rza şahı dəstəkləyir, digər tərəfdən onun əvəzinə almanlarla müttəfiq olacaq daha qərarlı şəxs hazırlayırdı. Almanlar Rza şahın oğlu Məhəmmədlə əlaqə qurmağa, hətta onu ələ almağa da çalışmışdılar - Məhəmmədə "Mersedes" avtomobili hədiyyə edilmişdi. Amma bütün bunlar heç bir nəticə vermədi.
- Bəs Azərbaycan SSR-də diversiya planları ilə bağlı nələr məlumdur? Bütün SSRİ-də aviasiya yanacağı yalnız Bakıda istehsal olunurdu. Mətbuatda ən azı bir hadisə haqda məlumata rast gəlmək mümkündür: İran tərəfdən Azərbaycan SSR ərazisinə daxil olmuş təyyarədən 2 paraşütçü atılıb. Həqiqətənmi almanlar İran ərazisində diversiya qrupları hazırlayır, gizli aerodromlar qururdular?
- Almaniya kəşfiyyatı Bakıda diversiya törətmək üçün konkret hədəflər müəyyənləşdirmişdi. Müharibədən az əvvəl Şultse-Xoltus turist qismində SSRİ-yə səfər etmiş, Azərbaycan paytaxtında olmuşdu. Məhz o, xəritədə Bakının bütün strateji obyektlərini göstərmişdi: neft kəmərləri, neft rezervuarları, sisternlər və s. Amma SSRİ-də artıq Şultse-Xoltusun əslində kim olduğunu bilirdilər və o, ciddi şəkildə izlənilirdi. Əlbəttə, İran tərəfdən Azərbaycana keçənlər alman diversantları idi. Amma Sovet xüsusi xidmət orqanları o qədər ağıllı tərpənmişdilər ki, onlar heç bir diversiya aktı törədə bilməmişdilər. Bununla yanaşı, müharibə illərində müttəfiqlərin SSRİ-yə lend-lizlə təchizatı pozmaq üçün diversiyaları olmuşdu. Tunellər, yollar partladılmışdı. Amma belə hadisələrin sayı o qədər də çox deyildi.
Yeri gəlmişkən, ingilis və sovet qoşunlarının İrana yeridilməsində əsas məqsəd müttəfiqlər üçün hərbi təchizatın təhlükəsizliyini təmin etmək idi.
- Lakin İran şahı Sovet-Britaniya hərbi əməliyyatlarına qarşı çıxmışdı. Hətta İran ordusu Qızıl Orduya və Britaniya hərbçilərinə müqavimət də göstərmişdi...
- İran ordusu çox əlverişli mövqelərə malik olmasına rəğmən, Sovet-Britaniya qoşunlarına çox zəif müqavimət göstərdi. Sovet ordusu, təxminən, 50 nəfərlik itki verdi, minlərlə insan yaralandı. Britaniyalılar arasında həlak olanların sayı 60 idi. İran ordusu isə minlərlə itki vermişdi.
Amma bu, qəzalar nəticəsində ölənlərin də daxil edildiyi ümumi itkidir. Sovet və Britaniya qoşunları çox qısa zamanda İran ərazisinin dərinliklərinədək irəlilədilər və Tehrana çatdılar. Bu yerdə onu da nəzərə almaq lazımdır ki, İran şahı iki qüdrətli xarici ordunun qarşısını almağın mümkünsüzlüyünü bilirdi. O, anlayırdı ki, ciddi müqavimət göstərməyə qərar verərsə, ordusu darmadağın ediləcək, ölkə iqtisadiyyatı isə çökəcək. Odur ki, şah, faktiki olaraq müqavimət görüntüsü yaradırdı. O, bunu gələcəkdə Hitlerin qarşısında özünə haqq qazandıra bilməsi üçün edirdi. Çünki 1941-ci ildə almanlar hücuma başladıqda şah Almaniya ordusunun SSRİ-ni tutacağına əmin idi.
- Bəs Sovet ordusu İran əməliyyatına niyə bu qədər qüvvə ayırmışdı? Qızıl Ordu az qala bütün İran-Sovet sərhədi boyunca hücuma keçmişdi.
- Görünür, Sovet komandanlığı İranda ciddi müqavimətlə üzləşməyəcəyinə əmin deyildi. Daha bir vacib məqam var: İrana yeridilən hərbçilər arasında çox sayda azərbaycanlı da var idi. Bu ona görə edilirdi ki, azərbaycanlılar bu ərazilərə yaxşı bələd idilər, yerli əhali ilə asanlıqla ünsiyyət qura bilirdilər. Sıralarında xeyli azərbaycanlının olduğu Sovet ordusunun gəlişi İranda milli hərəkata stimul oldu. Azərbaycan əyalətləri İranın sosial, iqtisadi cəhətdən geri qalmış bölgələri idi. Bu, İran hökumətinin siyasətinin nəticəsi idi. Cənubi azərbaycanlıların hüquqları tapdanırdı. Bu səbəbdən də Təbrizdə və digər şəhərlərdə əhalinin bir hissəsi Sovet ordusunu xilaskar kimi qarşıladı. Sovet ordusu ilə yerli kürdlər də əməkdaşlıq edir, tərcüməçi kimi işləyirdilər. Stalin İranda kimə arxalanmalı olduğunu müəyyənləşdirə bilmirdi - azərbaycanlılara, yoxsa kürdlərə? Nəticədə, iki dövlət yarandı - Cənubi Azərbaycan Demokratik Respublikası və İran Kürdüstanında Mehabad Respublikası. Aydındır ki, bu milli hərəkatlar əsasən Qızıl Ordunun gəlişilə canlanmışdı, Sovet qoşunlarının İrandan çıxmasından sonra monarxiya cəmi bir neçə aya respublikaları darmadağın etdi və onların sakinlərinə qarşı kütləvi repressiyalar başladı.
- Bəs Stalin ordunu İrandan niyə çıxardı? Axı Sovet ordusu Polşanı, Macarıstanı, Şərqi Almaniyanı və digər dövlətləri tərk etmədi...
- İran fərqli idi. Ümumiyyətlə, belə hesab olunur ki, Qərblə SSRİ arasında "soyuq müharibə" məhz İran məsələsinin həllilə başlayıb. "Soyuq müharibə" Britaniya və müttəfiqlərinin İkinci Dünya müharibəsinin başa çatmasına rəğmən, sovet qoşunlarının 1946-cı ildə də İranda qalmasına etirazı ilə start götürüb. O zaman isə artıq SSRİ İranla İran neftinin sovet mütəxəssisləri tərəfindən çıxarılmasına dair razılığa gəlmişdi. Lakin, sovet qoşunlarının İranı tərk etməsindən sonra İran parlamenti bu hökumətlərarası sazişi ratifikasiya etməkdən boyun qaçırdı. SSRİ İran neftinə sahib çıxa bilmədi.
- Almanlar Stalinqradda qələbə qazansaydı, hadisələr nə cür inkişaf edərdi?
- İranın o halda necə davranacağını ehtimal etmək çətindir. Çünki İran SSRİ-dən çox ehtiyatlanırdı. Yeri gəlmişkən, Sovet ordusunun İrana yeridilməsi işğal deyildi. Çünki 1921-ci ilə aid Sovet-İran müqaviləsinin 5-ci və 6-cı maddələrinə əsasən, SSRİ İran tərəfindən təhlükəsizliyinə problem hiss edərdisə, bu ölkəyə qoşun yeridə bilərdi. Belə müqaviləyə sahib olmayan ingilislərin əməli isə işğal kimi görünürdü.
Əminliklə demək olar ki, Türkiyə də İran ərazisindən istifadə edərək SSRİ-yə qarşı çıxa bilərdi. Sovet qoşunlarının İranın şimal hissəsinə nəzarəti Ankaraya müharibəyə girişməməklə bağlı xəbərdarlıq idi.
“Anlaşma” əməliyyatının hərbi əhəmiyyəti onda idi ki, birincisi, Sovet ordusu Almaniyaya qarşı yad ərazidən çıxış edirdi, ikincisi, bu, ingilislərlə birlikdə həyata keçirilən ilk hərbi əməliyyat idi. Üçüncüsü, SSRİ rəhbərliyini çox narahat edən cənub istiqamətdə təhlükəsizlik təmin olunmuşdu. Dördüncüsü, faşizm üzərində qələbənin əldə olunmasında İran vasitəsilə texnikanın, ərzağın tədarükü həlledici rol oynayırdı.
- Bəzi tarixçilərin bildirdiyinə görə, Molotov-Ribbentrop paktı üzrə danışıqlar zamanı Hitler SSRİ-yə İran və İraqı nəzarətə götürməsini təklif edib. Misiri və Şimali Afrikanın neft ölkələrini isə o, özünə saxlamaq istəyirmiş...
- İsti dənizlərə, Hind okeanına çıxış hər zaman Rusiya rəhbərlərinin arzusu olub. 1940-cı ilin noyabrında Berlində aparılan danışıqlar zamanı Molotova üçtərəfli ittifaqa qoşulmaq və dördlər blokunu yaratmaq açıq şəkildə təklif olunub. Söhbət Berlin-Roma-Tokio-Moskva blokundan gedir. Bu halda Mərkəzi Asiya ölkələri - Hind okeanınadək olan ərazi SSRİ-nin nəzarətinə keçəcəkdi. Molotov bu təklifdən imtina etməmişdi. O, sadəcə Stalinin göstərişi ilə sövdələşməyə getməyə çalışırdı. Məsələ ondadır ki, bu təklif Stalini qane etməmişdi. Danışıqlarda tərəflər prinsipcə, razılığa gələ bilərdilər. Lakin Hitler danışıqları davam etdirməmək və blitskriqə keçmək qərarına gəldi.
- Bəs “Anlaşma” əməliyyatı zamanı İran şahı Rzanı niyə devirdilər?
- Maraqlıdır ki, müttəfiqlər İranda respublika tipli dövlət qurmağı planlaşdırırdılar. Şah bunu anlayırdı və bu üzdən o, önləyici addımlar atmaq qərarına gəldi - taxt-tacdan imtina etdi və yerini oğlu Məhəmməd Rzaya verdi. Bununla da o, sülaləsini qoruyub saxladı və çətin vəziyyətdən minimal itki ilə çıxdı. Sonda SSRİ, İran və Böyük Britaniyadan ibarət antihitler ittifaqı yaradıldı.
- Amma SSRİ hələ 1930-cu illərdə İranın şimal, Türkiyənin isə şərq regionlarını özünə birləşdirmək planı hazırlamışdı. Bütün qəsəbələrin, körpülərin, yolların əks olunduğu xəritələr var. Vilayət şuralarının, idarəetmə orqanlarının, komitələrin və s. hansı şəhərlərdə yerləşəcəyi də müəyyənləşdirilmişdi.
- İran şahı yerli kommunist partiyasına "beşinci kolon" kimi baxırdı. Bu üzdən də daim bu partiyanı dağıdırdı. Kommunistlərin rəhbərləri həbsxanalara doldurulmuşdu. Odur ki, yerli özəkləri olan təşkilatlanmış Kommunist partiyası, əslində, yox idi. Amma Kominternin geniş yayılmış agentura şəbəkəsi var idi. Sovet ordusunun əməliyyatlar zamanı qazandığı uğurlarda Şimali İran əhalisinin SSRİ-yə simpatiyası da vacib rol oynayıb.
- 1943-cü ildə əməliyyata Sovet İttifaqını əsasən hərbi texnika və ərzaqla təchiz edən ABŞ da qoşuldu...
- ABŞ İrana özü üçün son dərəcə vacib ərazi kimi baxırdı. İrandakı Sovet hərbi administrasiyası ilə amerikalılar arasında münasibətlər daha yaxşı idi, nəinki ingilislərlə. Amerikalılar hesab edirdilər ki, müharibədən sonra dövran ABŞ-ın və SSRİ-nin olacaq, Böyük Britaniya isə tarixə çevriləcək. Bu üzdən də İranda amerikalılarla SSRİ vətəndaşları arasında isti münasibətlər, qarşılıqlı simpatiya var idi. Bu, hələ "soyuq müharibə"nin başlamadığı dövrlər idi...
MƏSLƏHƏT GÖR: