14 Mart 2025

Cümə, 21:00

XOŞ GÖRDÜK, ÇEMPİONAT!!!

Azərbaycanın futbol klublarında 2010-cu ilin dünya çempionatının seçmə mərhələsinə hazırlıq gedir

Müəllif:

01.09.2008

Pekində keçirilən Olimpiadaya baxmayaraq, Azərbaycanda futbol mövzusu diqqət mərkəzində qalmaqdadır. Və bu da təəccüblü deyil: klublar Avrokuboklarda çıxışlarını yekunlaşdırdılar, ölkə çempionatına start verildi, milli komanda isə 2010-cu ilin Dünya Çempionatının seçmə mərhələsinin hazırlığını başa çatdırmaq üzrədir.

Bir sözlə, toxunulası mövzular az deyil.

Əgər Azərbaycan klublarının bu mövsümdə Avropa kuboklarındakı çıxışlarının statistikasını aparsaq, aşağıdakı mənzərə alınır: "Neftçi", "Olimpik", "Xəzər-Lənkəran" və "İnter" bu mövsümdə 14 oyun keçiriblər, onlardan 3-də qalib gəliblər, 5-ni heç-heçə başa vurublar, 6-da isə meydanı məğlub tərk ediblər.

Maraqlıdır ki, ölkəmizə qələbələri yalnız bir klub - "Neftçi" bəxş edib. İntertoto Kubokunda uğurlu çıxış edən Bakı klubu Azərbaycanın UEFA-nın əmsal cədvəlindəki reytinqinə çox vacib töhfə verib.

 

Dəyişikliklər haqqında

Milli çempionatın startı ərəfəsində komandalarda yalnız yeni oyunçuların transferləri deyil, həm də məşqçi dəyişiklikləri qeydə alındı. Bu mənada, ən çox diqqət cəlb edən məqam "Xəzər-Lənkəran"da baş verən yeniliklərdir. Komandanın UEFA Kubokunun ilkin mərhələsində hər iki matçda Polşanın "Lex" klubuna məğlub olmasının ardından istefaya göndərilən baş məşqçi Ağasəlim Mircavadovu bu postda bir vaxtlar lənkəranlılara rəhbərlik etmiş türkiyəli Rasim Qara əvəz edib.

"Neftçi"nin sabiq baş məşqçisi Qurban Qurbanov isə yeni mövsümdən Ağdamın "Qarabağ" klubuna rəhbərlik edəcək.

Qeyd etmək lazımdır ki, son iki mövsüm ərzində Ağasəlim Mircavadov "Xəzər"lə ciddi uğurlar əldə edib: bu müddətdə klub ölkə çempionu adını qazanıb, iki dəfə Azərbaycan Kubokuna sahib çıxıb, həmçinin Moskvada keçirilən MDB çempionlar kubokunun qalibi olub.  Amma Avropa meydanlarında klubun oyunu alınmayıb. Və əgər ötən mövsümdə lənkəranlılar birinci kvalifikasiya raundunda Zaqreb "Dinamo"su ilə bərabər oyun göstərərək, turniri başıuca tərk etdilərsə, bu il "Lex"lə qarşılaşmalarda qürurverici heç nə olmadı.

Odur ki, indi "Xəzər"in tarixində yeni səhifə başlayır və bu mərhələdə komandaya bir vaxtlar klubun sükanı arxasında dayanmış Rasim Qara başçılıq edəcək. Amma bu mütəxəssis klubu mövsümə lazımi qaydada hazırlaya biləcəkmi? Bu sual hələ ki cavabsız qalır, çünki köklü dəyişikliklər üçün Qaranın vaxtı çox azdır. Axı "Xəzər" mövsümə hazırlığı A.Mircavadovun rəhbərliyi ilə keçib. Digər tərəfdən, təcrübə göstərir ki,  bu cür məsuliyyətli anlarda klubda məşqçi dəyişikliyi komandanın oyununa mənfi təsir göstərə bilər.

Üstəlik, nəzərə almaq lazımdır ki, Mircavadovla işləmiş məşqçi korpusu da tam heyətlə klubu tərk edib. Və belə çətin bir durumda komanda ölkə çempionu adı uğrunda mübarizə aparmalı olacaq. 

Xatırladaq ki, vaxtilə Qara "Xəzər"lə çempionluğa çox yaxınlaşmışdı, amma "qızıl" matçda Mircavadovun başçılıq etdiyi "Neftçi"yə məğlub olmuşdu. 

Lənkəran klubunda baş verən dəyişikliklərdən ən çox əziyyət çəkən isə, nə qədər təəccüblü olsa da, "Qarabağ" oldu: məşqçisini lənkəranlılara "güzəştə" getmiş ağdamlılar tələm-tələsik onu əvəz edəcək mütəxəssis axtarışına başladılar. Yeri gəlmişkən, "Qarabağ"la müqaviləsi başa çatmayan Rasim Qaranın "Xəzər"lə məxfi danışıqlar aparması Ağdam klubunun rəhbərliyini son dərəcə hiddətləndirib. Amma istənilən halda, vəziyyətdən çıxış yolu tapmaq lazım idi və bu yol tapıldı: "Qarabağ" Qurban Qurbanova tapşırıldı.

 

Tilsim qırılacaqmı?

Bu çempionatda əsas diqqət son üç mövsümü uğursuz başa vurmuş "Neftçi"yə yönəlib. Çoxları flaqmanın axır ki tilsimi qıracağına inanır, xüsusilə də nəzərə alsaq ki, İntertoto kubokunda iki mərhələni adlayan bakılılar mövsümə yaxşı başlayıblar.

Amma digər tərəfdən, "Neftçi" mövsümə vaxtından əvvəl hazırlaşmağa başlayıb və buna görə də klubun çempionatın ortalarında və ya sonunda necə formada olacağını indidən söyləmək çətindir.

Hər halda, klub çempionata çox uğursuz başlayıb və keçirdiyi ilk iki matçda məğlub olub.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bu il çempionluq uğrunda yarışın çox gərgin keçəcəyi gözlənilir. Ötən mövsüm uğursuz çıxış etmiş "Bakı", "Qarabağ" və "Karvan" bu il yenidən qızıl medallar və Avropa kuboklarına vəsiqələr uğrunda yarışa qatılacaqlar. Bu mənada, xüsusilə heyətini xeyli gücləndirmiş və turnirin favoritləri ilə mübarizəyə hazır olan "Bakı" klubu diqqəti cəlb edir. Və çempionatın startında "Neftçi" üzərində qazanılan qələbə də Coko Hacıyevskinin yetirmələrinin məqsədlərinin ciddi olduğunu bir daha göstərdi.

Ötən turnirdə yalnız son turda qızıl medalları əldən vermiş "Olimpik" də öz ambisiyalarını sübut etmək əzmindədir. Ötən il ən çətin matçlarda belə dəfələrlə klubuna qələbə gətirmiş braziliyalı Junivanın komandaya qayıtması da "Olimpik"in məşqçi heyətini sevindirməyə bilməz. 

Yuxarıda qeyd etdiyimiz "Xəzər-Lənkəran"dakı Braziliya "legioneri" da çox güclüdür.

Çempionluq uğrunda yarışın əsas favoritlərindən biri də Bakının "İnter" klubudur. Bu il Çempionlar Liqasının kvalifikasiya mərhələsində yaxşı çıxış edərək, bir mərhələ adlamış ölkə çempionunun yeni mövsümdə necə oyun göstərəcəyini söyləmək çətin olsa da, "bankir"lərin bu il də qızıl medallar uğrunda mübarizə aparacağı şübhə doğurmur. Deyirlər, çempionluq adını qoruyub-saxlamaq, onu qazanmaqdan qat-qat çətindir. Bu deyimin doğru olub-olmayacağını hamıya "İnter" nümayiş etdirəcək.

Bu arada isə milli komandanın baş məşqçisi Berti Foqts çempionatın oyunlarında legioner limitinin ləğvinə dair AFFA-nın qərarından narahatlığını bildirib. Onun fikrincə, bu fakt ölkə futbolunun inkişafına mənfi təsir göstərəcək (yeri gəlmişkən, milli çempionatın startı da bunu sübut etdi): "Meydana çıxan oyunçular arasında yerli futbolçular çox azdır, odur ki, məncə, limitin ləğvini birmənalı olaraq doğru qərar saymaq olmaz".

Foqts həmçinin qeyd edib ki, oyunçuların klublardakı hazırlıqları yüksək səviyyədə deyil və onların kondisiyaları idealdan çox uzaqdır. "Çox istərdim ki, milli komanda hər ay təlim-məşq toplantısı keçirsin, onda yığmaya çağırılan bütün futbolçuları diqqətdə saxlamaq olardı. İndi bizim məşğul olduğumuz işlə isə yalnız klubların məşqçiləri məşğul olmalıdırlar," - deyə Foqts vurğulayıb.

 

Son  məşq

Milli komandanın baş məşqçisini anlamaq olar, axı 2010-cu ilin dünya çempionatının seçmə mərhələsinin başlanmasına cəmi bir neçə cün qalır. Yəni, alman mütəxəssisin turnirə hazırlığı üçün, faktik olaraq, vaxtı çatmır. Odur ki, milli komandanın keçirdiyi hər bir yoldaşlıq matçını rəsmi turnirə son hazırlıq şansı kimi qiymətləndirmək olar.

Reykyavikdə keçirilmiş və 1:1 hesabı ilə başa çatmış İslandiya ilə qarşılaşma da istisna olmadı. 

Qeyd edək ki, İsveçrə və Avstriyada Avropa çempionatına və xüsusilə də, seçmə mərhələdə rəqiblərimiz olacaq Almaniya ilə Rusiyanın oyunlarına baxan Berti Foqts daha sonra Avrokuboklarda çıxış edən klublarımızı izləməyə başladı.  Almaniyalı mütəxəssis İntertoto kuboku çərçivəsində Antverpendə keçirilən "Jerminal"-"Neftçi" (1:1) matçını izlədikdən sonra, Çempionlar Liqasının kvalifikasiya mərhələsinin "Rabotniçki"-"İnter" (1:1) oyununa da baş çəkdi.  "Xəzər-Lənkəran" və "Olimpik"in UEFA Kubokunda keçirdiyi oyunları da nəzərə alsaq, İslandiya millisi ilə matça yollanan heyətə Avropa kuboklarında çıxış etmiş 16 futbolçu cəlb edildi.  Onların sırasına "Srvena Zvezda"nın heyətinə UEFA Kubokunda oynayan Branimir Subaşiç də əlavə olundu. Bundan başqa, bosniyalılar və andoralılarla qarşılaşmalarda meydana çıxmış "Bakı" klubunun oyunçusu, milliləşdirilmiş braziliyalı Fabio Luis Ramim bu dəfə də komandaya çağırıldı. Və belə təsəvvür yaranır ki, hazırda milli komandada əsas fiqur məhz bu Cənubi Amerikalı oyunçu olacaq - yığmanın bütün oyunu onun vasitəsilə qurulur. 

Elə İslandiyada da məhz Ramim fərqləndi - bu onun Azərbaycan yığmasının heyətində vurduğu ilk qol oldu. 

Qeyd edək ki, B.Foqts bəzi oyunçuların İslandiya ilə matçda tam gücü ilə oynamamasından narazı qalıb və Uels yığması ilə Kardifdə keçiriləcək matça qədər heyətdə bir sıra dəyişikliklərin olacağı şübhə doğurmur. Komandamızın düşdüyü qrup çox çətindir və artıq indidən söyləmək olar ki, bu qrupun favoritləri Almaniya və Rusiya yığmaları olacaq. Bu komandalar isə indi çox yaxşı formadadırlar - almanlar son Avropa çempionatının gümüş, rusiyalılar isə bürünc mükafatçısıdırlar. 

Azərbaycan yığması hələlik bu cür uğurlar haqda yalnız arzulaya bilər. Amma istənilən halda, qarşıdakı oyunlar bizim futbolçularımıza özlərini göstərmək üçün əla şans verir. 

Və yəqin ki, bunu onların özləri də dərk edirlər.


MƏSLƏHƏT GÖR:

331