14 Mart 2025

Cümə, 21:49

OLİMPİADANIN "YEDDİ" QİYMƏTİ

Pekində məhz bu qədər medal qazanmış Azərbaycan milli komandası öz rekordunu təzələdi

Müəllif:

01.09.2008

Azərbaycan milli komandası Olimpiya Oyunlarında əldə etdiyi medalların sayına görə yeni rekord vurdu: artıq bu rəqəm 7-yə çatıb və bunu da simvolik saymaq olar. Komandamızın heyətində bir qızıl, iki gümüş və dörd bürünc medal var. Pekinin əsas qəhrəmanı isə, şübhəsiz, turniri  əla üslubda qələbə ilə başa vuran cüdoçu Elnur Məmmədli oldu.

 

Uğursuzluqlar arxada qaldı

Elnurun uğurlu çıxışı göstərdi ki, psixoloji gərginliyə tab gətirərək, öz potensialından maksimum istifadə edən cüdoçu Pekin Olimpiadasına öz formasının ən pik nöqtəsində gəlmişdi. Yəqin ki, E.Məmmədlinin öz rəqiblərini necə asanlıqla məğlub etməsi Olimpiya Oyunları tarixində qalacaq. Belə demək mümkünsə, Elnur 1992-ci ildə Barselona Olimpiadasının qalibi olmuş cüdoçu Nazim Hüseynovdan estafeti qəbul etdi. 

Beləliklə, azərbaycanlı cüdoçular Olimpiya turnirlərində üzləşdikləri uğursuzluq zolağını yarmağı və hətta gözlənildiyindən də böyük uğur əldə etməyi bacardılar.

Pekində uğur qazanacağına çoxlarının inanmadığı digər cüdoçumuz - 100 kq çəki dərəcəsində yarışan Mövlud Mirəliyevin bürünc medalı isə xoş sürpriz təsiri bağışladı. Düzdür, son iki Olimpiya turnirində Mövlud daim yığmanın heyətində yer alıb, amma heç vaxt bu komandanın lideri hesab edilməyib. Çünki Afina Olimpiadasında 5-ci yeri tutmuş Mirəliyevin bundan əvvəlki uğuru yalnız Osakada keçirilən Dünya Çempionatının bürünc mükafatı idi. Amma Pekində 34 yaşlı cüdoçu sübut etdi ki, bu cür turnirlərdə təcrübə çox vacibdir. 

Üstəlik, nəzərə almaq lazımdır ki, Pekin turnirindəki qeyri-rəsmi hesaba görə, Azərbaycanın cüdo üzrə yığması Avropa birincisi oldu - turnirdə 4-cü yeri tutan millimiz yalnız Yaponiya, Çin və Koreya cüdoçularından arxada qaldı. 

Tam əminliklə söyləmək olar ki, bu, tarixi bir uğurdur, çünki Azərbaycan yığması daim cüdo yarışlarında yaxşı nəticələr göstərən Hollandiya, Braziliya və Fransa ilə yanaşı, ənənəvi favoritlər sayılan Rusiya və Gürcüstanı da geridə qoymağı bacardı. Özü də maraqlıdır ki, hər üç çəki dərəcəsində bizim cüdoçuların məğlub olduqları idmançılar sonradan Olimpiya çempionu adını qazandılar: 81 kq qədər çəki dərəcəsində Mehman Əzizovun məğlub olduğu alman Ol Bişof, Elxan Məmmədovun (90 kq) uduzduğu gürcü güləşçi İrakli Üirekidze və Mövlud Mirəliyevin üstələyə bilmədiyi monqol cüdoçu Tumşirbayar Naydan sonrakı görüşləri də qazanaraq, qızıl medala sahib çıxdılar. 

Cüdoçuların turnirində Asiya regionu növbəti dəfə öz gücünü nümayiş etdirdi - 14 kateqoriyadan 9-da Olimpiya çempionu adını məhz bu qitənin nümayəndələri qazandılar. Özü də onlardan 4-ü Yaponiya təmsilçisidir. Hərçənd, ayrı-ayrı çəki dərəcələrində avropalılar asiyalıların qarşısını kəsə bildi - elə Elnur Məmmədlinin finalda cənubi koreyalı Ki Çun Vanq üzərindəki qələbəsi də bu qəbildəndir.

Komandamızın uğuru həm də ona görə dəyərlidir ki, millimiz Pekində tam heyətlə çıxış etmirdi - qadınların turnirində Çinə yalnız Kifayət Qasımova (57 kq) vəsiqə qazanmışdı, kişilərdən isə yüngül və super-ağır çəki dərəcələrində təmsilçilərimiz yox idi.

Odur ki, bu turnirdə güclü rəqibləri, o cümlədən Rusiyanı da arxada qoyan komandamızın uğuru ikiqat önəmlidir. Axı, Olimpiada ərəfəsində Rusiya yığması cüdo turnirində ən azı 5 qızıl medala iddia etdiyini bildirmişdi. Yekunda isə şimal qonşumuz bir qızıl belə qazana bilmədi.

"Millimiz çox böyük nailiyyət qazandı və axır ki, Olimpiya oyunlarındakı uğursuz çıxışlarına son qoydu. M.Mirəliyev isə Afina turnirində bürünc medal uğrunda yarışdakı məğlubiyyətinin əvəzini çıxdı. Onda bürünc medal ona qismət olmamışdı, amma bu dəfə güləşçimiz onu əldən vermədi. Elnur və Mövludun uğurları ona görə önəmlidir ki, indiyədək cüdoçularımız olimpiya oyunlarında mükafatçılar sırasına düşə bilmirdi. Və hər dəfə mükafatın bir addımlığında dayanırdı. Sidneydə Rəsul Səlimov (90 kq) 5-ci yerlə kifayətləndi, Afinada isə M.Mirəliyev və M.Əzizov bürünc medal uğrunda yarışlarda məğlub oldu. Demək olar ki, bəxtimiz gətirmirdi. İndi isə bu uğursuzluq zolağı artıq yarıldı", - deyə millimizin baş məşqçisi Ağayar Axundzadə bildirib. 

 

Təcrübəlilər ümidləri doğrultmadı

Cüdo yarışlarında ümidlər doğrulsa da, yunan-roma güləşində vəziyyəti bu cür birmənalı qiymətləndirmək olmur. Bir tərəfdən, komandamız Rövşən Bayramov (55 kq) və Vitali Rəhimovun (60 kq) səyləri ilə iki gümüş medal qazandı, amma digər tərəfdən Afinanın olimpiya çempionu, 66 kq çəki dərəcəsində yarışan Fərid Mansurov bu dəfə mükafatçılar sırasına düşə bilmədi. Əgər o, lazımi formada olsaydı, heç şübhəsiz, medallar uğrunda yarışa qatılacaqdı. Amma soyuqdəymə və qızdırma güləşçiyə uğurlu çıxış etməyə imkan vermədi. 

Onun əvəzində isə, Rövşənlə Vitali turnirdə əla çıxış etdilər. Özü də, Rövşənin uğurlu çıxışı çoxları üçün gözlənilməz olmasa da, Vitali Rəhimovun finala çıxması əsl sürpriz oldu.

Odur ki, bizim yunan-roma güləşi məktəbimiz bir daha öz səviyyəsini göstərdi.

Sərbəst güləş üzrə komandamız isə turnirə tam heyətlə qatılsa da, yalnız bir medal qazana bildi - 96 kq çəki dərəcəsində yarışan Hetaq Qazyumov bürünc medal əldə etdi. Turnir ərəfəsində böyük ümidlərlə yanaşılan digər pəhləvanlarımız isə bu ümidləri doğrultmadı. Və söhbət, ilk növbədə, Namiq Sevdimovdan (55 kq) gedir. Komandanın heyətindən olimpiya çempionu Namiq Abdullayevi sıxışdırıb çıxarmış Sevdimovdan Pekində daha inamlı çıxış gözləyirdilər. Amma güləşçi çox iradəsiz təsir bağışladı. Kim bilir, bəlkə də, təcrübəli Namiq Abdullayev sonda 5-ci yerlə kifayətlənmiş Sevdimovdan daha uğurlu çıxış edə bilərdi…

Amma digər tərəfdən, Pekində təcrübəli idmançılar da uğur qazana bilmədilər. Bu, ilk növbədə Çamsulvar Çamsulvarayevə (74 kq) aiddir - dünya və Avropa çempionatlarının mükafatçısı olan bu güləşçi son illər daim diqqət mərkəzində idi. Və məşqçilər də tam haqlı olaraq, Çamsulvarayevdən çox şey gözləyirdilər. Amma Çində o, öz ustalığını göstərə bilmədi.

Bir məsələyə də xüsusilə diqqət yetirmək lazımdır: 7 çəki dərəcəsində Azərbaycanı təmsil edən güləşçilərdən 5-i milliləşdirilmiş idmançılar idi. Məlum olduğu kimi, legionerlərin cəlb olunması təcrübəsindən son vaxtlar daha tez-tez istifadə olunur və bu gün, MDB ölkələrinin millilərinin, demək olar ki, hamısında Qafqazdan olan pəhləvanlar çıxış edirlər. Amma Pekində bizim legionerlərdən yalnız H.Qazyumov uğur əldə edə bildi. Finalda yarışmağa layiq olan Qazyumov, təəssüf ki, yarımfinalda gərgin mübarizədə rusiyalı Şirvani Muradova məğlub oldu.

Qadın legioner - Mariya Stadnikin (48 kq) milliyə cəlb olunması isə özünü doğrultdu və güləşçi komandamıza "bürünc" medal qazandırdı. Qeyd edək ki, Stadnik olduqca perspektivli idmançı sayılır. Hazırda onun cəmi 19 yaşı var, bu isə o deməkdir ki, Stadnik ən azı daha iki olimpiadada yarışa bilər.

Pekindəki çıxışı ilə çoxlarını təəccübləndirmiş boksçu Şahin İmranov (57 kq) isə finala çıxa bilmədi. Ötən olimpiya turnirində də Şahin inamlı təsir bağışlayırdı və yalnız qaşının yarılması ona yarımfinala vəsiqə qazanmağa və minimum, "bürünc" medal əldə etməyə imkan verməmişdi. 4 il sonra vəziyyət yenə təkrarladı. Amma bu dəfə yarımfinalda. 1/4 finalda  kubalı İdel Torrienteni məğlub etmiş Şahin İmranov yarımfinalda fransız Delkurla qarşılaşmaya hazır idi və artıq ilk raundun əvvəlində hesabda irəli çıxdı. Amma bunun ardınca o, 5 zərbə buraxdı. İkinci raundun əvvəlində isə komandamızın məşqçi korpusu "ağ bayraq" qaldıraraq, döyüşdən imtina etdi. Beləcə, fransız finala vəsiqə qazandı, Şahin isə "bürünc" medalla kifayətləndi. 

Sonradan məlum oldu ki, boksçunun döyüşü davam etdirməməsi onun kubalı ilə qarşılaşmada aldığı zədənin yenidən ağrı verməsi olub.

Bu arada isə maraqlı bir məlumat gəlib: Pekin Olimpiadası başa çatsa da, Azərbaycan komandası özünün bu turnirdəki göstəricilərini yaxşılaşdıra bilər. Məsələ bundadır ki, bürünc medal qazanmış cüdoçu Mövlud Mirəliyev bu mükafatı "gümüş"lə əvəz edə bilər. Səbəbsə çox ciddidir: yarımfinalda Mirəliyevi üstələmiş, sonradan isə olimpiya çempionu adını qazanmış monqol güləşçi Tuvşinbayar Naydanın qanında dopinq tapılıb. Hər halda, bu idmançıdan götürülmüş  qan nümunəsi müsbət nəticə verib. Və indi sual yaranır: Mövludun "bürünc" medalı "gümüş"lə əvəz oluna bilərmi? Axı, Mövludun finala yolunu məhz Naydan kəsmişdi. Cüdoda iki bürünc medal verildiyini nəzərə alsaq, Mövlud öz medalının dəyişdiriləcəyinə ümid edə bilər. İndi sadəcə analizin nəticəsinin rəsmən açıqlanmasını gözləmək qalır. 

 

Minimum məqsədə nail olundu  

Bədii gimnastika üzrə Azərbaycan yığması da hamını sevindirdi. Bizim ulduz idmançımız - Aliyə Qarayeva Olimpiadada müxtəlif növlər üzrə yarışda 6-cı yeri tutdu. Komandamızın Olimpiya turnirlərində ilk dəfə çıxış etdiyini nəzərə alsaq, bu, olduqca yaxşı nəticədir. Çünki Aliyə yekun cədvəldə ukraynalı Nataliya Qodunko, İsrail təmsilçisi İrina Rizenson, ispaniyalı Almunda Sid və Bolqarıstan nümayəndəsi Simona Peyçevanı geridə qoymağı bacardı.

Qeyd edək ki, A.Qarayeva qarşıya qoyulan minimum məqsədə artıq yarışın finalına çıxmaqla nail oldu. Axı, rusiyalı Yevganiya Kanayeva, Olqa Kapranova, ukraynalı Anna Bessonova və beloruslu İrina Jukova ilə medallar uğrunda mübarizə aparmaq çox çətindir. Əgər ayrı-ayrı növlərdə medallar verilsəydi, yəqin ki, Aliyə mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparardı. Amma müxtəlif növlər üzrə yarışda mükafat qazanmaq daha çətindir. Xüsusilə  nəzərə alınsa da, ənənəvi olaraq bu növdə medallar uğrunda əsas rəqabət rusiyalı və ukraynalı qızlar arasında gedir. Pekin olimpiadasından əvvəlki turnirlərdə uğur ukraynalıların tərəfində olmuşdu: A.Bessonova həm Beynəlxalq Universiada, həm də ötən il Patrasda keçirilmiş lisenziyalı dünya çempionatında qızıl medala sahib çıxmışdı.

Amma qayıdaq A.Qarayevanın çıxışına. O, ən yaxşı nəticəni çənbərlə yarışda göstərdi və hakimlərdən 18,075 xal aldı. Bütün 4 növ üzrə çıxışın yekununda isə Aliyə 69,675 xal topladı. Ən aşağı balı ona lent yarışında verdilər - cəmi 16,700. 

Beləliklə, yekunda gimnastımız E.Kanayeva, İ.Jukova, A.Bessonovanı (onlar birinci, ikinci və üçüncü yeri tutdular), həmçinin O.Kapranova və Qazaxıstan təmsilçisi Aliyə Yusupovanı  irəliyə buraxaraq, 6-cı pillədə qərarlaşdı. 

Qeyd edək ki, pyedestaldakı düzülüş çoxları üçün gözlənilməz oldu - İ.Jukova dünya çempionu A.Bessonova və O.Kapranovanı üstələməyi bacardı. E.Kanayevanın qələbəsi isə əvvəlcədən proqnozlaşdırılırdı, baxmayaraq ki, o, yalnız ötən il Bakıda keçirilən Avropa çempionatında mütəxəssislərin diqqətini özünə cəlb edə bilmişdi. 

A.Qarayevanın göstərdiyi nəticəyə gəldikdə, onun 6-cı yeri tutması çox yaxşı nəticədir və bu, onun gələcək uğurları üçün tramplin rolunu oynaya bilər.

Ümumilikdə Pekin Olimpiadasının yekunlarına nəzər yetirsək, demək olar ki, o, Azərbaycan üçün çox uğurlu alındı. Pekində əldə edilmiş 7 medal çox şeydən xəbər verir və bunu 4 ildən sonra Londonda keçiriləcək Olimpiya oyunları üçün əla oriyentir saymaq olar.



MƏSLƏHƏT GÖR:

426