
AVROOYUNLARIN HESABINA
Cüdo üzə Avropa Oyunlarının qalibi həm də Avropa çempionu hesab ediləcək
Müəllif: Sənan NADİROĞLU Bakı
"R+" oxucuları Bakıda keçiriləcək ilk Avropa Oyunlarında təmsil olunan idman növləriylə tanış etməkdə davam edir.
Kamandan oxatma
Avropa Oyunlarının proqramına daxil edilən 20 idman növündən biri kamandan oxatmadır. Bu idman növündə Avropa Oyunlarında iştirak üçün ölkələr reytinq və son nailiyyətlərə əsasən seçilib. Avropanın ən dəqiq ox atan idmançıları yeddi yarış günü müddətində Tofiq Bəhramov adına stadionda qələbə uğrunda mübarizə aparacaqlar. Avropa Oyunlarında yarışlar fərdi və qrup halında, eyni zamanda qarışıq qrup şəklində rekursiv kaman kateqoriyasında (recurve division) 64 kişi və 64 qadın arasında Olimpiya Oyunları formatında keçiriləcək. Ümumilikdə, 5 dəst medal sahibini tapacaq. Oxatma, həmçinin 2016-cı il Rio Yay Olimpiya seçmə yarışları üçün yüksək xallar uğrunda mübarizəyə imkan yaradacaq.
Avropa Qran-pri yarışları zamanı Belarus, Fransa, Almaniya, İtaliya, Hollandiya, Polşa, Rusiya, İspaniya, Türkiyə, Sloveniya, Norveç, Danimarka, Gürcüstan, Böyük Britaniya, Yunanıstan və Ukrayna kamandan oxatma üzrə həm kişi, həm də qadın idmançılar arasında keçiriləcək turnirlərin hər biri üçün üç kvota yeri əldə edib. Bakı - 2015 yarışlarına ev sahibliyi edəcək Azərbaycan da kişi və qadınlar arasında keçiriləcək yarışların hər biri üçün 3 kvota yerinə malikdir.
Aşağıda adları çəkilən ölkələrin hər biri Bakı 2015 Avropa Oyunlarında kişilər arasında keçiriləcək kamandan oxatma yarışlarında bir idmançıyla təmsil olunacaq: Ermənistan, Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, Yunanıstan, İrlandiya, İsrail, Latviya, Lüksemburq, Moldova, Rumıniya, San Marino, Slovakiya, İsveç, İsveçrə, İslandiya (universallıq prinsipinə əsasən verilən yer), Kosovo (universallıq prinsipinə əsasən verilən yer) və Serbiya (universallıq prinsipinə əsasən verilən yer).
Su idman növləri
Yeni istifadəyə verilən Su İdman Sarayında ümumi maraq oyadacaq idman növləri suya tullanma, üzgüçülük və sinxron üzgüçülük olacaq. Sözügedən yarışlarda 6000 azarkeşin qarşısında 800-dən çox atlet gücünü sınayacaq. 2000 tamaşaçı tutumuna malik müvəqqəti Su Polosu Arenasında 360 nəfər su polosu yarışı idmançısı yarışacaq. Su idmanı yarışlarında idmançılar 56 medal ilə təltif olunacaq. Üzgüçülük yarışlarında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün Olimpiya seçmə yarışları standartları tətbiq olunacaq.
Badminton
Badminton yarışları yeni bərpa olunan Bakı İdman Sarayında baş tutacaq. Yeddi gün ərzində keçiriləcək yarışlarda kişi və qadın idmançılar təkbətək, cütlük şəklində və qarışıq cütlük şəklində mübarizə aparacaqlar. Təxminən, 160 idmançı 2000 tamaşaçı qarşısında qızıl uğrunda mübarizə aparacaq. Azərbaycan hər iki növdə təmsil olunacaq.
Boks
Azərbaycanda çox məşhur idman növü olan boks yarışları 296 idmançının iştirakı ilə 12 gün ərzində keçiriləcək və bu yarışlarda 15 dəst medal qazanmaq fürsəti olacaq. Kişilər arasında 10, qadınlar arasında 5 çəki kateqoriyasında mübarizə təşkil olunacaq. Bu, əsas boks turnirində ilk dəfə olaraq qadınlar üçün ənənəvi üç kateqoriyadan artıq çəkilərin iştirakı deməkdir. 3400 tamaşaçı Crystall Hall-da həm yerli, həm də xarici idmançılardan ibarət "boks qəhrəmanları"na azarkeşlik edəcək.
Qılıncoynatma
Avropanın ən yaxşı qılıncoynadanları Crystal Hall-da 2000 tamaşaçı qarşısında qələbə uğrunda yarışacaq. Altı yarış günü müddətində şpaqa, rapira və sablya üzrə fərdi və qrup şəklində, təxminən, 300 qılıncoynadan gücünü sınayacaq. Ümumilikdə, 12 dəst medal ilə təltifolunma həyata keçiriləcək.
Atıcılıq
İlk Avropa Oyunlarında atıcılıq yarışları müasir Bakı Atıcılıq Mərkəzində baş tutacaq. Təxminən, 330 nəfər kişi və qadın idmançının ən yüksək ad uğrunda mübarizəsi yeddi yarış günü müddətində baş tutacaq. Medal qazanmağa namizəd şəxslər tüfəng, stend və güllə atıcılığını əhatə edən 19 fərdi və komanda yarışlarında medal qazanmaq imkanı əldə edəcəklər. 2016-cı il Rio Yay Olimpiya Oyunları üçün, ümumilikdə, 15 Olimpiya yerləri fərdi birincilik yarışlarının qaliblərinə təqdim olunacaq. Qeyd edək ki, Atıcılıq Mərkəzi, təxminən, 730 tamaşaçı tutumuna malik olacaq.
Stolüstü tennis
Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyan stolüstü tennis yarışları Bakı İdman Sarayında təşkil olunacaq. Yeddi yarış günündə, ümumilikdə, 128 idmançı mübarizə aparacaq. Kişilərin və qadınların fərdi və komanda şəklində yarışlar dörd dəst medal ilə təltif olunma mərasimi ilə yekunlaşacaq. Qızıl medal sahibləri gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak üçün lisenziya qazanacaq.
Taekvondo
Taekvondo yarışları dörd gün müddətində Crystal Hall-da keçiriləcək. Yarışa həm kişilər, həm də qadınlar üçün dörd çəki kateqoriyası daxil olacaq və ümumilikdə, səkkiz medal ilə təltif olunma ilə nəticələnəcək. Təxminən, 128 idmançı 2000 tamaşaçı qarşısında 2016-cı il Rio Yay Olimpiya Oyunlarına kvalifikasiya üçün yüksək reytinq xalları uğrunda mübarizə aparacaq.
Voleybol
Azərbaycanda sevilən idman növlərindən biri də voleyboldur. İlk Avropa Oyunlarına həm qapalı, həm də çimərlik voleybolu daxil olacaq. Dənizkənarı Crystal Hall-da 6000 tamaşaçının qarşısında 24 komandanın və 336 idmançının iştiraki ilə voleybol yarışları keçiriləcək. 64 komandanın və 128 idmançının iştirak edəcəyi çimərlik voleybolu 3700 nəfərlik tutumu olan müvəqqəti Çimərlik Arenasında gözəl günəş şüaları altında oynanılacaq. Ümumilikdə, 22 yarış günü kişi və qadın idmançıların voleybolun hər iki növü üzrə medal uğrunda mübarizələri ilə başa çatacaq. Atletlərin 2016-cı il Rio Yay Olimpiya Oyunlarının çimərlik voleybolu yarışlarında iştirakına zəmanət verən yüksək xal qazanmaq uğrunda mübarizəyə qoşulmaq şansı olacaq.
Güləş
Azərbaycanda ən məşhur təkbətək idman növü olan güləş Avropa Oyunlarının ən əhəmiyyətli yarışı olacaq. Bu idman növündə mübarizə Heydər Əliyev adına İdman Arenasında 7800 tamaşaçı qarşısında keçiriləcək. Ümumilikdə, 24 çəki kateqoriyasının olması yarış günlərinin gərgin keçəcəyini göstərir. Güləşin həm sərbəst, həm də yunan-Roma növləri üzrə keçirilən yarışlarında 480 idmançı qızıl medal uğrunda yarışacaq.
Cüdo
Cüdo Azərbaycanda ən geniş şəkildə inkişaf etmiş idman növlərindən biridir. Cüdo yarışları müasir standartlara cavab verən Heydər Əliyev adına İdman Arenasında baş tutacaq. Dörd gün ərzində fərdi və qrup halında keçiriləcək kişilərin və qadınların yarışlarında təxminən 350 cüdoçu mübarizə aparacaq. Çoxsaylı idman növləri üzrə əsas kontinental yarışlarda ilk dəfə olaraq görmə qabiliyyəti itmiş, çəkisi 100 kiloqramdan artıq olan kişilər və 48 kiloqramdan aşağı çəkili qadınlar arasında da medal uğrunda mübarizə baş tutacaq. Bu, o deməkdir ki, Avropa Oyunlarında cüdo yarışlarında, ümumilikdə, 18 medal üzrə təltif olunma mərasimi təşkil olunacaq. Qeyd edək ki, Avropa Cüdo İttifaqının qərarına əsasən cari il Avropa çempionatı keçirilməyəcək. Avropa Oyunlarının qızıl medalçısı həm də Qitə Birinciliyinin qalibi hesab olunacaq.
Qeyd edək ki, ilk Avropa Oyunlarının təntənəli açılış mərasimi iyunun 12-də Olimpiya stadionunda olacaq.
MƏSLƏHƏT GÖR: