14 Mart 2025

Cümə, 11:12

ELMİN PİARLA ƏZİLMƏSİ

Serj Sarqsyan iddia edir ki, "erməni alimlərini Türkiyənin arxivlərinə buraxmayacaq, öz arxivlərimizi isə dünyaya açmayacağıq, amma soyqırımı olub"

Müəllif:

05.05.2015

İnformasiya məkanını piksellərlə doldur ki, tarix elminə yer qalmasın - bu, ermənilərin özünəməxsus virtual dünyasıdır və orada tarixi faktlar virus kimi qəbul olunur. Odur ki, öz antivirusunu yaratmaq cəhdləri getdikcə ortaya daha gülməli halların çıxmasına səbəb olur. Lap vaxtilə, guya, QİÇS-ə qarşı tapılmış və geniş reklam olunan "armenikum" antivirusu kimi.

Ermənistan prezidenti Serj Sarqsyanın Rusiyanın Birinci kanalının efirində yayımlanan "Pozner" verilişindəki açıqlamaları Ermənistan hökumətinin müasir və tarixi reallıqlara adekvat reaksiya vermək iqtidarında olmadığını bir daha ortaya qoydu. Üstəlik, söhbət ermənilərin yalnız 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələrlə bağlı mövqeyindən yox, həm də İrəvanın beynəlxalq və regional proseslərə ümumi yanaşmasından gedir.

Bundan başqa, S. Sarqsyan öz ritorikası ilə eyni tarixdə - 24 aprel 2015-ci ildə keçirilən və mahiyyət etibarilə bir-birinə tam zidd olan iki tədbirlə (Çanaqqala zəfərinin 100 illiyi və "erməni soyqırımı"nın 100-cü ildönümü tədbirlərilə) bağlı dünyanın əsas qənaətini də təsdiqləyib. Türkiyə sülh və barış addımı kimi, Birinci Dünya müharibəsi zamanı hər iki tərəfdən həlak olmuş insanların xatirəsinin anılması üçün keçmiş düşmənləri bir araya toplamışdısa, Ermənistan İrəvanda nifrət və qisas toxumu səpən iztirab şousu təşkil etmişdi.

"Hər hansı cinayətin üstü açılmırsa, ona görə günahkarlar cəzalandırılmırsa, o, növbəti cinayətlər üçün stimula çevrilir. Ən yaxşı xəbərdarlıq, gələcəkdə baş verə biləcək hadisələri önləməyin ən güclü elementi məhz keçmişdə törədilmiş cinayətlərin etiraf olunmasıdır", - deyə S. Sarqsyan Rusiya telekanalına müsahibəsində bildirib.

Diqqət yetirin! Bu sözləri yaxın keçmişdə dinc azərbaycanlı əhaliyə qarşı qətliamda iştirakını şəxsən etiraf etmiş şəxs söyləyir. Hamımız britaniyalı jurnalist, "Qara bağ" kitabının müəllifi Tomas de Vallın S.Sarqsyandan gətirdiyi "Xocalıyadək azərbaycanlılar bizimlə zarafat etməyin mümkünlüyünü düşünürdülər. Düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq" sitatını yaxşı xatırlayırıq... 

Bu gün sübuta yetirilməmiş ittihamlara görə Türkiyənin cəzalandırılmasına çağırışlar edən Ermənistan prezidenti nəinki özünün cəzasız qalmış cinayətlərini unudur, həm də özü də anlamadan "erməni soyqırımı işi"nin üstünün hələ də açılmadığını etiraf edir.

Bəs, 100 il əvvəl baş vermiş "iş"in üstünü tarixçilər açmayacaqsa, kim açacaq?! Görünən odur ki, İrəvan tarixdən çox miflərə inanır. Əks təqdirdə, Sarqsyan Ankaranın 1915-ci ildə baş vermiş olayların elmi araşdırılması təklifini rədd etməzdi. O, yaxşı başa düşür ki, ortaya çıxarılacaq tarixi sənədlər "1915-ci il soyqırımı" haqqında bütün nəzəriyyələri - oyuncaq evi məhv edəcək. Çünki bu nəzəriyyələr hər hansı tarixi sənədlərə deyil, bədii əsərlərə əsaslanır.

Sarqsyan 1915-ci il hadisələrinin alimlər tərəfindən araşdırılmasına etibar etməməsini unikal iddia ilə əsaslandırıb: erməni və türk alimləri öz hökumətlərinin təsiri altında olacaqlar və bu səbəbdən də, belə birgə komissiyanın işi heç bir nəticə verməyəcək. Bu yerdə Türkiyənin Aİ ilə iş üzrə naziri Volkan Bozkırın ağıllı fikrilə razılaşmamaq mümkün deyil. O, hesab edir ki, erməni prezidentinin bu sözləri Ermənistan tarixşünaslığının siyasi konyunkturdan asılılığını təsdiqləyir. Nazir bildirib ki, istənilən sivil dövlətdə olduğu kimi, Türkiyədə də alimlər öz fəaliyyətlərində sərbəstdirlər.

S. Sarqsyanın etirafı yalnız Türkiyə nümayəndəsinin deyil, digər sivil dövlətin - ABŞ təmsilçisi, üstəlik, erməni soykökü olan Robert Hyusenin sözlərilə də üst-üstə düşür. "İrəvanda məni bir qədər səbirsiz şəkildə inandırmağa cəhd edirlər ki, biz Qərbdə tədqiqatlar aparmağa çalışaraq zəhmət çəkməməliyik. Onlar deyirlər ki, biz Ermənistan Elmlər Akademiyasının hazırladığı sənədləri başqa dillərdə dərc etdirməklə, Ermənistana daha çox xidmət göstərərik", - deyə Hyusen bildirir.

Ümumiyyətlə, erməni tarixşünaslığı region və bütünlükdə dünya elmilə dərin münaqişə şəraitindədir. Fərqli düşünən erməni əsilli xarici alimlərin fikrilə razılaşanlar isə Ermənistanda 1937-ci ildə olduğu kimi, dərhal "xalq düşməni" kimi damğalandırıla bilər.

Erməni tərəfinin azğın təqibinə məruz qalanlardan biri də M.V. Lomonosov adına MDU yanında Asiya və Afrika Ölkələri İnstitutunun direktoru, 2013-cü ilin iyununda Rusiyanın "Kultura" telekanalının efirində "erməni soyqırımı" adlı hoqqabazlığı ifşa etmiş tarixçi Mixail Meyerdir. Bu yaxınlarda "İnterfaks" agentliyinə verdiyi müsahibəsində o, erməni tərəfinin məsələ ilə bağlı ciddi elmi araşdırmalardan qaçdığını bir daha təkrar edib.

"Türkiyənin materiallarının sayı çoxdur. "Daşnaksutyun" isə əvvəlki kimi, heç nə dərc etməyərək, bunun səbəblərini gizlədir. Türkiyənin malik olduğu sənədləri görmüşəm, bu materiallarla hər şey aydındır. Bəs, "Daşnaksutyun"un sənədləri haradadır? Bu sənədlər hansısa Amerika arxivlərində gizlədilib, onları dərc etmək istəmirlər", - deyə M. Meyer bildirib.

O, hesab edir ki, tarixlə yalnız sənədlər əsasında məşğul olmaq olar. Sənədlərin olmadığı halda isə tarixlə bağlı spekulyasiyalar başlayır. "Nəticədə, "soyqırımı tarix ətrafında spekulyasiyaya çevrilib", - deyə tarixçi qeyd edib: "Sənədlər təqdim olunmalıdır. Yüz il keçib. Burada gizlədiləsi nə var? Sənədləri göstərin və biz, tarixçilər, əslində, nə baş verdiyinə qərar verək. Lakin əgər tərəflərdən biri sənədləri nəşr edir, digər tərəf isə etmirsə, bir tərəfə meyillilik düzgün olmayacaq".

Beləliklə, Rusiyanın türkologiya patriarxı vəziyyəti aydın şəkildə ortaya qoyub: Ermənistan hakimiyyəti erməni və dünya ictimaiyyətini çaşdırmaqda davam edir, nə öz alimlərini, nə xarici mütəxəssisləri arxivlərinə buraxır, bununla da, dünyanı "soyqırımı"nın baş verdiyinə yalnız şifahi iddialarla inandırmağa çalışırlar.

M. Meyer alimə xas olan diplomatiya ilə sual verir: "Əgər Ermənistanın əlində 1915-ci il hadisələrinin soyqırımı olduğunu təsdiqləyən sənədlər varsa, onları niyə gizlədir?" Mən isə sualı birbaşa qoyuram: ermənilər kimi böyük təbliğatçılar özlərinə sərf edən informasiyaya malik olsaydılar, onu gizlədərdilərmi? Ermənilərin əlində hər hansı sübut olsaydı, şübhəsiz ki, onları dərhal bütün dünyaya yayar, interneti bu faktlarla doldurardılar.

M. Meyerin sözlərinə görə, "Daşnaksutyun"un sənədləri hansısa Amerika arxivlərində gizlədilib". Türkiyənin Aİ ilə iş üzrə naziri Volkan Bozkır məsələni bir qədər də dəqiqləşdirərək, həmin sənədlərin Bostonda saxlanıldığını bildirir. Erməni tərəfisə bu arxivlərin də açılmasına imkan vermir.

Göründüyü kimi, qarşı-qarşıya duran iki tərəfin mövqeyi ortadadır. Onlardan biri - Türkiyə heç bir soyqırımının olmadığını deyir, həmin illərdə baş verənlərin öyrənilməsi üçün arxivlərini açmağa hazır olduğunu bildirir. Digər tərəf - Ermənistan isə bütün dünyaya "erməni soyqırımı"nın baş verdiyini car çəkir, lakin arxivlərə nə yerli, nə də əcnəbi mütəxəssisləri buraxır, üstəlik, hadisələrin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasına qarşı çıxır.

Bu arada S. Sarqsyanın "Euronews" telekanalına verdiyi son müsahibəsində işlətdiyi bir fikir də diqqətləri çəkir: "Axı, tarixçilər ortaya yeni nə çıxara bilərlər? Nə qədər insanın həlak olduğunu? Məgər, həmin hadisələr zamanı 1 milyon 500 min, yoxsa 1 milyon 449 min insanın həlak olması haqda prinsipial fərq varmı?"

Təbii ki, 1915-ci il hadisələri zamanı həlak olmuş ermənilərin sayı ilə bağlı Sarqsyanın səsləndirdiyi hər iki versiya çox şişirdilib. Amma onlar reallığı əks etdirsəydi belə, Ermənistan prezidentinin 50 mindən artıq erməninin ölümünün xəta kimi qeyd olmasına asanlıqla razı olur. Halbuki həmin illərdə Birinci Dünya müharibəsinin əhatə etdiyi bütün iştirakçı dövlətlər savaş zamanı həlak olmuş həmvətənlərinin sayını az qala dəqiqliklə müəyyənləşdiriblər. Görünür, S.Sarqsyan həlak olmuş, deportasiya edilmiş və s. həmvətənlərinin dəqiq sayı ilə maraqlanmayan yeganə prezidentdir. Amma bu, təəccüblü deyil. On min artıq, ya on min əskik - Osmanlı imperiyasında "erməni soyqırımı"nın baş verdiyinə dair iddialar kimi, rəqəmlər də hər bir halda uydurmadır. Erməni tərəfinin bu mövzu ilə bağlı tarixi müzakirələrdə iştirak etməkdən qorxması da bununla bağlıdır. Üstəlik, bu halda dünya ictimaiyyəti erməni bandalarının Türkiyənin və Qafqazın müsəlman türk əhalisinə qarşı törətdikləri vəhşiliklərdən də xəbər tutacaq.

Çar Rusiyasının XİN-nə bu ölkənin Van və Ərzurumdakı o zamankı konsulu Vladimir Mayevskinin yazdıqlarına nəzər salaq: "Türkiyənin müxtəlif şəhərlərində ermənilərlə müsəlmanlar arasındakı toqquşmalara dair şəxsən mənə məlum olan faktlar onu deməyə əsas verir ki, baş verən qanlı hadisələrin təşəbbüskarı məhz ermənilərdir". O, ermənilərin, guya, qətliama məruz qaldıqlarına dair iddialarının mifik uydurmadan başqa bir şey olmadığını da bildirib. Bu da son deyil. V. Mayevski 1915-ci ildə "Qafqazda erməni-tatar nifaqı erməni məsələsinin fazalarından biri kimi" adlı məxfi hesabat hazırlayıb. Sənəddə o, 1905-ci ildə Qafqazda baş vermiş erməni-müsəlman toqquşlmalarının səbəblərindən danışır, qətliama yol açmış erməni millətçilərinin rolundan bəhs edir, Türkiyənin şərq hissəsində həmin ildə ermənilər tərəfindən törədilmiş vəhşiliklərlə bağlı yeni faktlar ortaya qoyur.

Bəs, erməni tərəfi bütün bunlara cavab olaraq ortaya hansı sənədləri və sübutları qoyur? Əksəriyyəti şübhəli təsir bağışlayan şahidlərin dedikləri? Aydın olub ki, onların əksəriyyəti ya həmin hadisələrə şahidlik etməyib, ya da türklər tərəfindən itkiləri gizlədərək, ermənilərin verdiyi itkilərlə bağlı şişirdilmiş rəqəmlər söyləyiblər. Maraqlıdır ki, Osmanlı Türkiyəsinin rəhbərliyi tərəfindən erməni əhalinin məqsədli şəkildə qırılmasına dair göstərişin olduğunu sübut edən bir dənə də arxiv sənədinə rast gəlinmir. Ortada olan yalnız Aram Andonyan adlı birinin 1920-ci ilə aid qondardığı "Tələt Paşanın məktubu" var. Guya, orada ermənilərin qətlə yetirilməsilə bağlı göstəriş yer alır. Sonradan araşdırma bu məktubun da saxta olduğunu üzə çıxarıb. Osmanlı imperiyasında ermənilərin "soyqırımı"na məruz qaldığını sübut etməyə çalışanlar isə hələ də yalnız bu saxta "məktub"a istinad edirlər.

1915-ci ildə ermənilərə qarşı məqsədyönlü qətliamın törədilmədiyini başqa alimlər də təsdiqləyirlər. Onların arasında erməni əsilli olanlar da var. Məsələn, tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Sergey Arutyunov "Amerikanın səsi"nə 2011-ci ilin aprelində verdiyi açıqlamasında deyirdi: "Rəsmi olaraq bu, məhvetmə əmri deyildi. Rəsmi şəkildə bütün erməni kontingentin hərbi əməliyyatların keçirildiyi bölgədən uzağa, Mesopotamiyaya köçürülməsi əmri verilmişdi".

Bu kontekstdə Ermənistan prezidentinin arxivlərin, o cümlədən erməni arxivlərinin açılmasının ermənilər üçün təhqir olduğuna dair bəyanatı da son dərəcə komik təsir bağışlayır. Bununla yanaşı, o, V.Poznerə müsahibəsində faktiki olaraq, sövdələşmə təklif edib - Ankara "soyqırımı"nı tanıyarsa, erməni tərəfi Türkiyəyə qarşı hər hansı ərazi və ya digər iddialar irəli sürməyəcək. Amma bunun ardınca Sarqsyan dərhal başqa bir fikri də əlavə edib: "Sonrakı addımların nədən ibarət olacağı danışıqlar predmetidir". Ermənistan hökumətinin "sözünü tutmağı" necə bacardığını isə Ankara 2009-cu ildə imzalanmış başıbəlalı Sürix protokollarından sonra görüb.

Ümumiyyətlə, S. Sarqsyan V.Poznerə müsahibəsində xüsusi "hazırcavablılığı" ilə yadda qalıb. Məsələn, o, Ermənistanın monoetnik dövlət olmasının səbəbləri haqda sualı belə cavablandırıb: "Mən öz-özlüyümdə bu sualın cavabını tapmışam. Çünki çar Rusiyası ermənilərin İmperatora loyallığına əmin idi. Bu üzdən də, Ermənistana Rusiya ordusuna dayaq olacaq başqa millətlərin nümayəndələrinin köçürülməsinə ehtiyac yox idi".

"Soyqırımı" məsələsində olduğu kimi, bu məsələdə də Sarqsyan tarixi sənədlərə deyil, öz qənaətinə əsaslanır. Bu yerdə ona ermənilərin köçürülməsilə bilavasitə məşğul olmuş rus şairi və diplomatı A.S. Qriboyedovun yazışmalarını xatırlatmaq yerinə düşərdi. O, Qafqazın komandan qrafı Paskeviçə yazdığı məktublarından birində deyirdi: "...yeni köçürülmüş ermənilərin böyük hissəsi Arazın o tayına yerləşdiriliblər, ...onlar ilk dəfə müvəqqəti olaraq köçürüldükləri ərazilərdə qalmaq istəyiblər...".

A.S. Qriboyedovun məktublarından daha bir sitat: "Ermənilərin əksəriyyəti mülkədar müsəlmanların torpaqlarına yerləşdiriliblər. Yayda bunu başa düşmək olardı. O ərazilərin sahibi olan müsəlmanların çoxu köç yerində idilər və gəlmə yadellilərlə az-az təmasda olurlar... Köçkünlər özləri çətin vəziyyətdədirlər və müsəlmanları daha da sıxışdırırlar ki, onların da narazılığı artır".

Çar Rusiyası müsəlman əhalinin sıxışdırılmasını qismən önləmək, orta əsrlərə aid Azərbaycan memarlığı abidələrini qoruyub saxlamaq istəyirdi. Bu, əsrlər boyunca Azərbaycanın İrəvan xanlığının mərkəzi olmuş İrəvana da aid idi. Moskva İmperator Arxeologiya Cəmiyyəti ilə Qafqaz canişinliyi, İrəvan qubernatoru və İrəvan mühəndis dairəsinin rəhbəri arasında 1903-1913-cü illərə aid yazışmalar İrəvan sarayı və oradakı tikililərin necə acınacaqlı vəziyyətdə olduğunu göstərir.

Lakin İrəvan hökumətinin müqaviməti, hətta açıq sabotajı o zaman xan sarayında bərpa işlərinin aparılmasına imkan verməyib. Hətta Rusiya imperatoru II Nikolayın İrəvan sarayının fotoları ilə şəxsən tanış olmasına və onun bərpasına göstəriş verməsinə rəğmən, bu istiqamətdə heç bir iş aparılmayıb. 1920-1930-cu illərdə isə sovet Ermənistanın yaradılmasından dərhal sonra erməni rəhbərliyi azərbaycanlıların və digər qeyri-erməni xalqlarının ölkədən total şəkildə çıxarılmasına başlayıb. 1990-cı illərin əvvəllərində azərbaycanlı əhali Ermənistandan tam çıxarılıb, oradakı qədim memarlıq abidələri məhv edilib. Elə həmin dövrdə bütün rus əhali də Ermənistandan qovulub.

Əsl soyqırımı budur - XIX-XX əsrlər boyunca Ermənistandan bütün qeyri-erməni xalqları qovulub, bu ərazilərin keçmişdə Azərbaycana məxsus olduğunu göstərən bütün memarlıq və dini irs nümunələri ya məhv edilib, ya da erməniləşdirilib. Serj Sarqsyan isə bütün bunların məsuliyyətini gah çar Rusiyasının, gah da SSRİ-nin üzərinə atmağa çalışır.

Müasir dövrdə Azərbaycan tərəfi Ermənistanda etnik təmizləmə siyasətinin həyata keçirildiyini, Ermənistanın dünyanın ən monoetnik dövlətinə çevrildiyini dünya birliyi qarşısında dəfələrlə qaldırıb. Yeri gəlmişkən, Rusiya Dövlət Dumasının vitse-spikeri V. Jirinovski də Dumada bu yaxınlarda etdiyi çıxışı zamanı monoetnik Ermənistanın ölkədə yaşayan bütün digər xalqların nümayəndələrini oradan qovduğunu, bunun rus əhaliyə də aid olduğunu söyləyib, bu səbəbdən də, Ermənistanın Rusiya üçün "qardaş ölkə" olmasının mümkünsüzlüyünü bildirib.

Bütün bunlar sənədlər və tarix elminin təsdiqlədiyi faktlardır. Və bu faktlar get-gedə daha yüksəkdən səsləndikcə, Ermənistan mif və saxtakarlıqlar üzərində qurulmuş piarla elmi əzmək cəhdlərini də gücləndirir.



MƏSLƏHƏT GÖR:

636