
"BİZ UZUN YOLUN BAŞLANĞICINDAYIQ"
Latviya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Yuris Poykansın "R+"a müsahibəsi
Müəllif: Almaz MAHMUD Bakı
Növbəti "Şərq tərəfdaşlığı" (ŞT) sammiti bu il mayın 21-22-də Riqada keçiriləcək. Toplantı Latviyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində baş tutacaq. AzərTAc xəbər verir ki, sammitdə Aİ-nin 28 ölkəsinin yüksəkvəzifəli nümayəndələri, həmçinin qurumun ŞT üzrə 6 tərəfdaş ölkəsinin təmsilçiləri, Aİ-nin siyasi rəhbərliyi, o cümlədən Avropa Parlamentinin sədri Donald Tusk və Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker də iştirak edəcəklər. Riqa sammitində ŞT-nin Aİ-nin xarici siyasətində Avropa qonşuluq siyasətinin bir hissəsi kimi, strateji əhəmiyyətinin təsdiqləyəcəyi gözlənilir. Sammitdə ŞT siyasətinin reallaşdırılması ilə bağlı aktual məsələlər, çağırışlar müzakirə olunacaq, yaxın illər üçün Aİ-nin tərəfdaş dövlətlərlə əməkdaşlığının əsas inkişaf istiqamətləri ətrafında diskussiyalar aparılacaq.
Toplantıda Aİ siyasətinin formalaşdırılması prinsipləri müəyyənləşdiriləcək - aşkarlığa əsaslanan tərəfdaşlıq, şəffaflıq, qarşıdurma xarakteri daşımayan ümumi hədəflərin müəyyənləşdirilməsi və s. Bundan başqa, iclasda ŞT-nin hər hansı üçüncü ölkələrə qarşı yönəlmədiyi də vurğulanacaq.
Riqa sammiti Aİ ilə 3 tərəfdaş ölkə - Gürcüstan, Moldova və Ukrayna arasında assosiativ sazişin imzalanmasından sonra keçiriləcək ilk belə toplantı olacaq. Orada assosiativ razılaşmanın gətirdiyi ilkin nəticələr qiymətləndiriləcək.
Bundan başqa, ŞT siyasətinin digər üç tərəfdaş - Azərbaycan, Belarus və Ermənistanla əməkdaşlıq imkanlarına da qiymət veriləcək. Aİ bu ölkələrin hər birilə dialoqla fərdi yanaşmanın vacibliyini daha çox nəzərə alacağını təsdiqləyəcək, onların hər birilə müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı səmərəli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu nəzərə çatdıracaq.
Riqa sammitindən daha nələrin gözlənildiyini Latviyanın bu proqram üzrə səfiri Yuris Poykans "R+"a müsahibəsində danışıb.
- Latviyanın Avropa İttifaqı Şurasına sədrliyi hansı perspektivləri vəd edir?
- Avropa İttifaqı Şurasına 6 aylıq sədrlik böyük şərəf və məsuliyyətdir. 25 ildir totalitarizmdən demokratik dövlətlərin ittifaqına sədrliyədək gəlib çıxa bilmiş kiçik dövlət - Latviya üçün bu, böyük nailiyyət, ciddi uğurdur. Bu sədrlik ölkəyə, onun hökumətinə və xalqına böyük təcrübə qazandıracaq. O, bizi Aİ çərçivəsində cərəyan edən proseslərə yaxınlaşdıracaq, Avropada hakimiyyət institutlarının necə işlədiyini, möhkəmləndiyini anlamamıza kömək edəcək. Bu hər kəsə bizim necə çevik olmalı, üzərimizə böyük məsuliyyət götürməli olduğumuzu göstərəcək. Latviya "Şərq tərəfdaşlığı" ölkələrinə yaxın dövlət kimi, xeyli üstünlüklərə malikdir. Çünki o, sizi daha yaxşı tanıyır və daha yaxşı anlayır. Biz "Şərq tərəfdaşlığı" məsələsinin, onun üzvü olan ayrı-ayrı dövlətlərlə əməkdaşlıq problemlərinin qaldırılacağına, bundan sonrakı uzun illər üçün doğru siyasətin əsas prinsiplərinin müəyyənləşdiriləcəyinə ümid edirik.
- Aİ-də bu vəzifəni tutmazdan əvvəl Siz Azərbaycana 3 dəfə səfər etmisiniz. Güman ki, burada "Şərq tərəfdaşlığı" proqramına dair müzakirələr aparmısınız. Bu müzakirələrin nəticələri haqda nə danışa bilərsiniz?
- "Şərq tərəfdaşlığı" Aİ ilə sizin dövlətiniz arasında daha sıx əlaqələrin qurulmasına imkan verir. Latviya Azərbaycanın bu proqramda iştirakını yüksək qiymətləndirir. Biz enerji sahəsində uzunmüddətli tərəfdaşlıq qurmuşuq, viza rejiminin sadələşdirilməsi yolu ilə Azərbaycan vətəndaşları üçün Şengen zonasına səyahətin şərtlərini yüngülləşdirmişik. Tərəflər arasında yaxşı siyasi dialoq da mövcuddur. Latviya Azərbaycanın dostu olaraq, Aİ ilə Bakı arasında əlaqələrin dərinləşdirilməsi üçün əlindən gələni edir.
- Bakıya son səfəriniz zamanı Rusiyanın Ukraynanın bir hissəsini, konkret desək, Krımı işğal etdiyini dilə gətirmişdiniz. Bəs, Aİ nədən Ukraynaya kömək edə bilmir? Bəzi siyasətçilər deyirlər ki, Aİ-nin hazırkı xarici siyasəti effektiv deyil. Əks təqdirdə, Ukrayna bu cür problemlərlə qarşılaşmazdı.
- Avropa İttifaqı Krımın qanunsuz işğalını qəti şəkildə pisləyib və bu siyasət dəyişməzdir. Aİ Ukrayna ilə geniş əhatəli dialoq qurub. Biz ona maddi, texniki, konsultativ yardımlar göstərəcək, ölkədə islahatların həyata keçirilməsinə dəstək verəcəyik. Qarşıdan gələn Ukrayna-Aİ sammiti bu siyasətin parlaq nümunəsi olacaq.
Bütün bunlarla yanaşı, realist olmaq lazımdır. Aİ hazırda Krım problemini çözmək iqtidarında deyil. Biz "Şərq tərəfdaşlığı" proqramı vasitəsilə ölkələrə ən yüksək standartlara uyğun islahatlar aparmaq imkanı veririk. Bu, uzaq perspektivdə ciddi nəticələrə gətirib çıxarmalıdır. Şərqi Avropa ölkələri Aİ üçün böyük əhəmiyyət kəsb edir və hər zaman da kəsb edəcək. Çünki onlar bizim yaxın qonşularımızdır.
- Riqada "Şərq tərəfdaşlığı" sammiti keçiriləcək. Orada Azərbaycan Dağlıq Qarabağ problemini bir daha qaldıracaq. Bu sammitdən Azərbaycan hansı yenilikləri və dəstəyi gözləyə bilər?
- Latviya Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmaması ilə əlaqədar yaşanan məyusluğu anlayır. Beynəlxalq birlik, o cümlədən Avropa İttifaqı problemin tərəflərin qəbul edəcəkləri format əsasında həllinin tapılmasına çalışır. Biz başa düşürük ki, bu, çox vaxt aparır. Amma sülh yolu ilə həll variantını axtarmaqdan başqa yol yoxdur. Amma buna da zaman tələb olunur. Riqa sammiti Aİ-nin Azərbaycan dövlətilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu, Azərbaycanın Cənubi Qafqaz regionunun inkişafındakı konstruktiv rolunu qəbul etdiyini göstərəcək. Aİ Azərbaycanın strateji tərəfdaşlığa dair mümkün razılaşma haqda mövqeyini öyrənməyə çalışır. Biz onun üzərində bundan sonra da işləyə bilməliyik. Latviya üçün Prezident İlham Əliyevi sammitdə qarşılamaq böyük şərəf olacaq.
- Azərbaycanla Aİ-nin ümumi maraqları nədən ibarətdir?
- Bizim marağımız sıx tərəfdaşlıq, birgə maraqlar və "vahid, azad" Avropadır. Biz eyni mədəni irsi və tarixi bölüşürük. İcazə verin imkandan istifadə edərək Azərbaycanın yüksək qonaqpərvərliyinə, birinci Avropa Oyunlarına hazırlığın səviyyəsinə görə də minnətdarlığımı bildirim.
- Bildirdiniz ki, Riqa sammitində Avropanın qonşuluq siyasətinin genişləndirilməsi məsələsi müzakirə olunmayacaq. Məgər, bu siyasət kifayət qədər effektiv deyil?
- Biz Avropanın qonşularını çiçəklənən, sabit və təhlükəsiz ölkələr kimi görmək istəyirik. Bu, "Şərq tərəfdaşlığı" proqramının əsas məqsədidir. Praqada keçirilmiş ilk sammitdən sonra uzun yol qət etmişik. Gürcüstanla, Moldova ilə, Ukrayna ilə assosiasiya haqqında 3 saziş imzalanıb. Onlar vacib siyasi sənədlərdir. İndi biz Azərbaycan da daxil olmaqla, digər 3 ölkəyə fərdi yanaşma yollarını axtarırıq. Biz çox uzun bir yolun başlanğıcındayıq və gələcəkdə heç nə istisna deyil.
MƏSLƏHƏT GÖR: