
QƏLƏBƏ NAMİNƏ
Azərbaycanli qrossmeysterlər soçi qran-prisində liderliyi əldən verdilər
Müəllif: Ağa ASLANOV Bakı
11-ci turun nəticələrinə görə, Qran-prinin Soçidə keçirilən ikinci mərhələsində azərbaycanlı qrossmeysterlər Teymur Rəcəbov və Vüqar Həşimov turnir cədvəlindəki mövqelərini itirdilər. Azərbaycanlı qrossmeysterlər Teymur Rəcəbov və Vüqar Həşimov dünya şahmat tacı uğrunda mübarizəni davam etdirirlər. Söhbət FİDE Qran-prisinin Soçidə keçirilən ikinci mərhələsindən gedir - şahmatçılarımız bu turnirdə ilk “üçlüyə” düşmək uğrunda yarışırlar.
Nəticələrə baxsaq, şahmatçılarımızın turnirdəki çıxışı oxşar olub: 10 turdan sonra hər iki şahmatçımız 6 xal toplayaraq, qələbə üçün əla şans əldə etmişdilər.
Ofunun favoriti
FİDE Qran-prisinin ikinci mərhələsinin 10 turundan sonra Rəcəbov çinli Van Yue-yə məğlubiyyətdən sonra əldən verdiyi liderliyi özünə qaytara bilmişdi. Bundan əvvəl turnir cədvəlinə başçılıq etmiş bolqar şahmatçı İvan Çevarinovu ağ fiqurlarla məğlub etməklə, Teymur özü turnirin favoritinə çevrilmişdi. Və sonradan çinli rəqibə məğlub olsa da, Teymur özünü ələ alaraq, David Navara ilə partiyadan qalib ayrıldı. Odur ki turnirdə hadisələr ildırım sürəti ilə inkişaf edirdi.
Maraqlıdır ki, Soçidə Teymur Qran-prinin Bakı mərhələsində məğlub olduğu rəqibləri bir-bir üstələyirdi. Söhbət Çeparinov və Navara ilə qarşılaşmalardan gedir - hər iki şahmatçı Bakıda Teymurdan üstün olmuşdular. Odur ki bunu revanş da adlandırmaq olar. Hərçənd, Çeparinovla budəfəki partiyada da Teymur az qala, problemlə üzləşəcəkdi: üstünlüyü ələ almış Rəcəbov gözlənilmədən səhvə yol verərək, uduzmaq təhlükəsi yaşadı. Amma o, vəziyyətdən çıxmağı və rəqibi çıxılmaz vəziyyətə salmağı bacardı: “Baxmayaraq ki, bir sıra səhvlərə yol verildi, amma partiya çox gərgin və maraqlı şəraitdə keçdi. Ümumiyyətlə deyim ki “anti-Moskva variantı”nda səhvə yol verməmək çox çətindir. Bu variantda yalnız o şəxs səhvə yol vermir ki, “slavyan müdafiəsi”ni seçir və 10-cu gedişdə heç-heçə təklif edir. Odur ki, mən şahmatçıları bu partiyada yol verdiyi səhvlərə görə günahlandırmaq istəməzdim. 15-ci gedişdən sonra belə təsəvvür yaranmışdı ki, Teymur inamlı qələbə qazanacaq, amma bir səhvlə o hər şeyi alt-üst etdi. Bundan sonra artıq üstünlük İvanın tərəfinə keçdi, amma seytnot vəziyyətində o da kobud səhvə yol verdi və bununla da hər şey bitdi,” - deyə partiyanı şərh edən chesspro.ru saytının şərhçisi, qrossmeyster Konstantin Sakayev deyir.
Amma ikinci mərhələdə Teymur ukraynalı Vasili İvançukla heç-heçə edərək, turnir cədvəlindəki liderliyini itirdi.
Qeyd edək ki, Bakı mərhələsi ilə müqayisədə, Rusiyadakı turnirə yeni oyunçular təşrif buyurublar - bu turnir Vasili İvançuk, Levon Aroyan, Boris Qelfand, Dmitri Yakovenko və Mohammed Əl-Modaihi üçün debüt turniri oldu.
Turnirin reytinq-favoriti İvançuk olsa da, ukraynalının qalib olacağını indidən əminliklə söyləmək olmaz. Çünki qalibi reytinq yox, konkret olaraq bu yarışda göstərilən oyun müəyyənləşdirəcək. Odur ki turnirdə qalib adını bütün yarışı sabit keçirən qrossmeyster qazanacaq. Qalib adına namizədlər sırasında isə, təbii ki, T.Rəcəbovun da adı var idi: şahmatçımız Bakı mərhələsini çox aşağı səviyyədə keçirdiyindən, bu dəfə daha inamlı və uğurlu çıxış etməyə çalışırdı.
Qeyd edək ki, bu mərhələni Rəcəbov, doğrudan da, inamla başladı və ilk partiyada Qətər təmsilçisi Əl-Modaihini məğlub etdi. Məlumat üçün bildirək ki, çoxları qətərli şahmatçını turnirin autsayderi saysa da, Teymur onunla matça son dərəcə məsuliyyətlə yanaşdı. Çünki onun özünün də dediyi kimi, “indi hər bir şahmatçı gün ərzində 12 saat kompyuterin qarşısında keçirir, odur ki hər kəs hər istənilən şəxsə qalib gələ bilər”.
Matç, doğrudan da, bunu sübut etdi. Belə ki, uzun müddət partiya tam bərabər şəraitdə keçdi. Və əgər Mohammed güclü seytnota düşməsəydi, Teymurun özünün də etiraf etdiyi kimi, qalib gəlmək çox çətin olardı.
Reytinq haqda düşünməmək
Digər təmsilçimiz Həşimov da uzun müddət gözləmə mövqeyində oldu - Vüqar bu turnirdə sanki “heç-heçə xəstəliyi”nə tutulmuşdu. Amma qətərli Məhəmməd Əl-Modaihini məğlub etdikdən sonra Vüqar özünü daha inamlı hiss etməyə başladı.
Qeyd edək ki, Bakıdakı fenomenal oyunu (orada Həşimov Aleksandr Qrişuku, Pyotr Svidleri və hazırkı Dünya Kubokunun sahibi Qata Kamskini məğlub edərək, qalib adını qazanmışdı) ilə hamını heyrətə gətirən Vüqarın bu turnirdəki oyunu da hamının diqqət mərkəzində idi.
Odur ki, Həşimov üçün Soçi Qran-prisi öz gücünü sınamaq üçün yeni imkan idi. Axı 6 mərhələdən ibarət silsilə turnirlərdə qalib gələn şahmatçı, dünya şahmat tacı uğrunda Dünya Kubokunun sahibi ilə qarşılaşmaq hüququ qazanacaqdı. Vüqar isə Van Yu və Maqnus Karlsenlə birlikdə ilk turnirdən sonra ümumi qələbəyə əsas namizədlərdən sayılırdı.
Qeyd edək ki, Soçi Qran-prisi ərəfəsində Vüqar Poykovskidə keçirilən A.Karpov adına turnirdə də uğurla çıxış edərək, üçüncü yeri tutmuşdu. Özünün də etiraf etdiyi kimi, həmin turnir Qrin-pri ərəfəsində qüvvəsini sınamaq baxımından çox yerinə düşdü. “Soçi turniri ərəfəsində nəyə qadir olduğumu bilməli idim. Bakıdakı Qran-pridən əvvəl də mən Rusiyanın komanda çempionatında iştirak etmişdim və həmin turnir sonradan mənə çox kömək etdi. Üstəlik, Bakı yarışından sonra 3 ay idi ki, mənim oyun təcrübəm yox idi, odur ki, Poykovskidə uğursuz çıxış etsəm belə, təəssüflənməyəcəkdim. Amma turnir göstərdi ki, hazırda əla formadayam və indi bunu Soçidə də sübut etmək istəyirəm,” - deyə V.Həşimov vurğulayıb.
Qrossmeyster həmçinin etiraf edib ki, FİDE-nin reytinqində ilk iyirmilikdə qərar tutsa da, hazırda reytinqlər barədə düşünmür. “Reytinq haqda düşünürsənsə, bir qayda olaraq, onu itirməyə başlayırsan. Mən bunu öz təcrübəmdən bilirəm, axı bir vaxtlar mən birdən-birə 74 pillə irəliləmişdim, amma sonradan bu mövqeni itirdim. Yəni, reytinq haqda düşüncələr normal çıxışa mane olur, odur ki, sadəcə masa arxasına əyləşib oynamaq lazımdır,” - deyə şahmatçı qeyd edib.
Özü də Vüqar indi özünün debüt repertuarını da yaxşılaşdırıb, xüsusilə də ispan başlanğıcını. “Bundan əvvəl Ruslan Ponomaryov və Aleksandr Qrişuku məhz bu başlanğıc hesabına məğlub etmişdim. Əvvəllər məndə ağ fiqurlarla oynayanda müəyyən problemlər yaranırdı, amma indi onları aradan qaldırmışam. Statistika da öz sözünü deyir - axı Poykovskidəki Qran-pridə mən qalib gəldiyim 6 partiyanın hamısında ağ fiqurlarla oynayırdım,” - deyə Həşimov bildirib.
Amma təəssüf ki, rusiyalı Dmitri Yakovenkoya məğlubiyyətdən sonra Vüqar da turnir cədvəlindəki aparıcı mövqeyini itirdi.
Oyunu gücləndirmək
Prinsipcə, Teymur Rəcəbovun göstərdiyi nəticədən asılı olmayaraq, Soçi Qran-prisi onun üçün mövsümün ikinci hissəsinin açılışı idi. Onu da deyək ki, bu mövsümün sonunadək Teymuru “Böyük şlem” turnirinin finalı, klublar arasında çempionlar kuboku, həmçinin Drezdendə milli komandanın heyətində Olimpiada gözləyir. Ona görə də indiki mərhələdə onu daha çox göstərdiyi oyunun keyfiyyəti maraqlandırır. “Mənə elə gəlir ki, oyunumu getdikcə gücləndirirəm, çünki keçirdiyim partiyalar keyfiyyətcə olduqca yüksək səviyyədədir. Səhvlərin sayı azalır, amma hələ üzərimdə çox işləməliyəm. Əsasən də, oyunumu xala çevirməyi bacarmaq üçün. Axı bəzən olur ki, qələbə üçün yalnız keyfiyyətli oyun yox, həm də həlledici məqamda qəbul edilən doğru qərar lazım gəlir. Çünki əgər sən əla partiya oynayarsan, amma qalib gəlmirsənsə, deməli, problemlər var. Ələlxüsus da indiki zamanda - hazırda şahmatda qalib olmaq üçün həm fiziki, həm də psixoloci hazırlıq lazımdır, çünki nəticəyə çoxlu sayda psixoloci amillər təsir göstərir. Bir sözlə, oyun və keyfiyyət baxımından mən yeni mərhələyə çıxsam da, bəzi psixoloji məqamlar üzərində işləməliyəm”, - deyə Rəcəbov vurğulayıb.
Bundan başqa, Teymur müxtəlif “ev hazırlıqları” üzərində də işləyir. Amma onların çoxunu hələ rəqiblər üçün gizli saxlayır. “Mən özümün debüt repertuarıma bir sıra sxemlər əlavə etmək istəyirəm. Amma bu sxemlərdən hansına ehtiyac var, hansına yoxdur, bu, yalnız turnirin gedişi zamanı məlum olacaq. Mənim hazırda tətbiq etdiyim sxemlər FİDE reytinqində ilk onluqda qərar tutmağıma imkan verir. Ona görə də, məncə, hələ ki debütdə yox, oyunun bəzi məqamlarında dəyişikliklər etmək lazımdır. Çünki mən əla oyun göstərdiyim partiyalarda da xal itirirəm. Düzdür, bunda debüt sxemlərinin də “günahı” olur. Məsələn, mənim ağ fiqurlarla oynadığım və qalib gəlməli olduğum, amma yekunda uduzduğum partiyalar az deyil. Əgər mən həmin partiyalarda xallar itirməsəydim, indi hansısa yeniliklər haqda düşünmək lazım gəlməzdi. Amma nə isə sanki bəxtim gətirmirdi. İndi görək bundan sonra necə olacaq. Sadəcə, vəziyyəti diqqətlə analiz etmək lazımdır, mənim gərgin qrafikim isə turnirlərlə normal hazırlaşmağa imkan vermir. Ona görə də hələlik özüm üçün vəziyyətdən qəti nəticə çıxarmamışam” - deyə qrossmeyster qeyd edib.
Doğrudan da, Teymuru anlamaq olar. Axı ilin ilk yarısını Teymur çox gərgin qrafiklə keçirib - Odessada rapid üzrə Dünya Kubokunda, Veyk-An-Zee və Morelii-Liqares superturnirlərində, Bakıdakı FİDE Qran-prisində, Sofiyadakı “M Tel Masters” turnirində, hətta, Rusiyanın komanda çempionatında da iştirak edib.
Və bu hələ başlanğıcdır.
MƏSLƏHƏT GÖR: