16 Mart 2025

Bazar, 00:11

YAY MEDALLARI

Azərbaycan dördilliyin əsas idman yarışında medalların hesabını açdı

Müəllif:

15.08.2008

Yaxın iki həftədən bir qədər artıq müddətdə bütün dünyanın diqqəti Pekində keçirilən və açılış mərasimi «Quş yuvası» stadionunda düzənlənmiş Olimpiadaya dikiləcək.

Bu yarış Azərbaycanın idman tarixində yeni səhifə açır. Çünki idmançılarımız Pekinə, sadəcə, turnirdə iştirak üçün yox, medallar uğrunda yarışmaq üçün yollanıblar. Dördilliyin əsas yarışında uğurlu çıxış etmək üçün isə onların bütün imkanları var.

 

Elnur Məmmədlidən ilk qızıl

Pekində ilk medalı - özü də qızıl medalı 73 kq çəki dərəcəsində yarışan cüdoçu Elnur Məmmədli qazandı. Tatami üzərinə çıxdığı 5 qarşılaşmanın beşində də inamlı qələbə qazanan idmançı cüdo turnirinin əsl triumfatoruna çevrildi. O həm də azərbaycanlı cüdoçuların 1996-cı ildən bəri davam edən olimpiya uğursuzluğuna son qoydu.

Elnar lap əvvəldən turnirin qalibi adına əsas namizədlərdən sayılırdı. 2006-cı ildə 18 yaşında Avropa çempionu adını qazanmış Elnur Avropanın cüdo elitasına daxil oldu, bir il sonra isə Braziliyada keçirilən Dünya Çempionatında gümüş medal əldə edərək, Olimpiya Oyunlarına vəsiqə qazandı. 

Yəqin ki, Elnurun Pekindəki çıxışı hələ uzun illər yaddaşlardan silinməyəcək, çünki onun göstərdiyi güləş bu turnirin əsl yaraşığı oldu. Belə təsəvvür yaranırdı ki, onun üçün Olimpiadada çıxış, az qala, məşqdir. Finalda qarşılaşdığı koreyalı Ku Çin Vonqla Elnurun çoxdan haqq-hesabı var idi: ötənilki Dünya Çempionatının finalında azərbaycanlı cüdoçu məhz koreyalıya məğlub olmuşdu. Pekində isə Məmmədli rəqibindən qisasını aldı: döyüşün başlamasından cəmi 13 saniyə keçmiş Elnur əla fənd işlədərək, rəqibini ipponla məğlub etdi.

Şübhəsiz, Məmmədli layiqli qələbə qazandı. Öz çıxışı ilə o, mütəxəssisləri heyrətləndirə bildi və artıq hamı Azərbaycan cüdo məktəbinin 73 kq qədər çəki dərəcəsində dominantlığını etiraf etməli olub.

Bu qələbə Azərbaycan yığmasının baş məşqçisi Ağayar Axundzadə üçün də çox vacib idi, çünki son 3 olimpiadada onun yetirmələri mükafatsız qalmışdı. Amma Pekin Olimpiadası göstərdi ki, 1992-ci ildə Barselonada keçirilən Olimpiya Oyunlarında qalib gəlmiş Nazim Hüseynovun layiqli davamçısı  var. Özü də onun karyerası hələ indi başlayır. Odur ki Elnur bu uğurunu 4 ildən sonra Londonda da təkrarlaya bilər.

 

«Gümüş» güləşçilər

Elnurdan sonra növbə yunan-Roma üsullu güləşçilər Rövşən Bayramov (55 kq) və Vitali Rəhimova (60 kq) da çatdı - onlar hərəyə bir gümüş medal qazandılar. Hər iki idmançı turnirdə inamlı təsir bağışladı, halbuki rəqiblər heç də zəif deyildilər. İlk döyüşdə misirli Məhəmməd Mustafanı məğlub edən Bayramov, 1/4 finalda kubalı Yaqner Ernandesdən üstün oldu. Yarımfinalda isə Bayramovu «köhnə tanış» - ermənistanlı Roman Amoyan gözləyirdi. Qeyd edək ki, püşk indiyədək bir neçə dəfə Amoyanı Bayramova rəqib edib. Hər şey ötən il Bakıda keçirilən Dünya Çempionatında başlamışdı - həmin turnirdə ilk görüşdəcə erməni rəqiblə tatami üzərinə çıxan Rövşən qalib gəlmişdi. Daha sonra pəhləvanlar bu il Tamperdə keçirilən Avropa Çempionatında da üzləşdilər və bu dəfə də qələbə azərbaycanlı güləşçinin oldu. Beləliklə, Pekindəki qarşılaşma bu idmançılar arasında sayca 3-cü döyüş oldu və bu dəfə də inamlı qələbə qazanan Rövşən Bayramov finala çıxdı.

Həlledici qarşılaşmada onun rəqibi 2008-ci ilin Avropa Çempionatında Bayramova məğlub olmuş rusiyalı Nazir Mankiyev idi. Amma bu dəfə bəxt rusiyalının üzünə güldü və o, minimal hesabla (6:5) qalib gələrək çempion adını qazandı.

Amma Bayramov da göstərdiyi nəticə ilə fəxr edə bilər - Olimpiya  Oyunlarının gümüş medalını qazanmaq asan məsələ deyil.

Digər güləşçimiz Vitali Rəhimov da Rövşənin yolu ilə getdi. Turnirə meydan sahibi Yanq Şenqen üzərində qələbə ilə başlayan güləşçimiz, sonrakı mərhələdə rumın Eyseybiyu Dyakonun müqavimətini qırdı. Amma Vitali üçün ən çətin qarşılaşma yarımfinal oldu: burada o ikiqat Olimpiya çempionu, üçqat dünya çempionu, Bolqarıstanı təmsil edən Armen Nazaryanla üz-üzə gəldi.  Rəhimov bacarıq və ustalıq nümayiş etdirərək, finala vəsiqə qazanmağı bacardı. Amma bütün səylərə baxmayaraq, final qarşılaşmasında rusiyalı İslambek Albiyevi üstələmək mümkün olmadı - 0:4.

Qeyd edək ki, hər olimpiya turnirində Azərbaycan komandası əvvəlki turnirlə müqayisədə medallarının sayını artırır. Əgər “Atlanta-96”da biz yalnız Namiq Abdullayevin əldə etdiyi «gümüş»lə öyünə bilərdiksə, Sidneydə idmançılarımızın qazandıqları medallar arasında 2 «qızıl» da var idi. Afinada isə Azərbaycan təmsilçiləri fəxri kürsüyə 5 dəfə qalxdılar və onların arasında yunan-Roma güləşçisi Fərid Mansurov çempion adını qazandı. Bu dəfə də «qızıl»a əsas namizədlərdən olan Mansurovun Pekində Olimpiadanın açılışı zamanı Azərbaycan Bayrağını daşıması rəmzi məna daşıyırdı.

Maraqlıdır ki, yarışda Azərbaycan idmançılarının çıxış edəcəyi idman növlərinin sayı da xeyli artıb. Xüsusilə, qeyd etmək lazımdır ki, ölkəmiz Olimpiadada ilk dəfə atçılıq idmanı ilə də təmsil olunur (Camal Rəhimov). Bundan başqa, bədii gimnastika üzrə də ölkəmizin bu mötəbər yarışa qatılması ilk haldır. 

Ümumilikdə, Pekin Olimpiadasında 44 Azərbaycan idmançısı iştirak edir ki, onlar 11 idman növü üzrə uğur qazanmağa çalışacaqlar. Ənənəyə görə, güləşçilər, boksçular, cüdoçulardan uğur gözlənilir. Qeyd edək ki, bu idman növü üzrə Çinə 6 idmançımız yollanıb.

 

Qismət, forma, psixoloji yük

Amma Olimpiada elə yarışdır ki, burada heç də həmişə ən yaxşılar qalib olmur. Belə ki, turnirə qatılmış idmançının psixoloji hazırlığı, idman forması, idman xoşbəxtliyi və sair amillər həlledici rol oynayır. Odur ki burada favoritlər və autsayderlər bölgüsü yoxdur və Olimpiadanın istənilən iştirakçısı sürpriz etməyə qadirdir. Eyni zamanda, Olimpiadanın «Əsas qələbə yox, iştirakdır» şüarı da artıq keçmişdə qalıb. Axı Olimpiadaya qatılmış idmançıların böyük əksəriyyəti üçün bu, yalnız özünü göstərmək imkanı yox, həm də yaxşı qazanmaq üçün şəraitdir. Məsələn, Azərbaycanda qızıl medal əldə edəcək idmançıya veriləcək mükafatın məbləği 600 min manatdır. Odur ki idmançıların qələbə uğrunda yarışması üçün əlavə stimul da var.

Pekində azərbaycanlı idmançıların qaldıqları «China Hotel» mehmanxanası idman obyektləri və avtobus dayanacağına yaxında yerləşməsi baxımından üstünlüyə malikdir. «Bura bizi tam qane edir və nümayəndə heyətimizin özlərini Pekində evlərindəki kimi hiss edirlər. Elə həmin mehmanxanada prezident İlham Əliyev üçün də nömrə götürülüb», - deyə gənclər və idman naziri Azad Rəhimov vurğulayıb.

Qeyd edək ki, Olimpiadaya hazırlıq üçün dövlət tərəfindən 3,150 milyon manat ayrılıb ki, bunun da 2,3 milyonu artıq xərclənib. Təkcə idmançıların Çinə uçmasını təmin etmək üçün «AZAL» şirkəti ilə imzalanmış müqaviləyə 650 min manat xərclənib. Formanın sifarişi üçün isə 206 min avro sərf edilib. Nazir bildirib ki, milli komanda üçün formanı Sloveniyanın «Mura» şirkəti hazırlayıb və ümumilikdə buna 500 min avro xərclənib. «Biz bir neçə variant seçmişik. Əlbəttə ki, formada bayrağın rəncləri olmalıdır. Lakin, təəssüf ki, dizayn baxımından bu, heç cür mümkün olmadı. Ona görə də seçim ağ rəngli kostyum və qırmızı qalstuklar oldu. Düşünürəm ki, açılış mərasimində nümayəndə heyətimiz digərlərindən müsbət mənada fərqlənirdi», - deyə nazir qeyd edib.

A.Rəhimov azərbaycanlı atlı Camal Rəhimovla bağlı sırf azarkeş hisslərini də açıqlayıb: «Mən bu oğlana inanırdım və onun Olimpiadaya vəsiqə qazanmasından məmnunam. İndiyədək Olimpiadada 20 yaşında cəmi 2 atlı çıxış edib. Bunlar Camalın məşqçisi Nelson Pesoa və onun oğlu Rodriqo Pesoadır. Məlum olduğu kimi, atçılıq çox bahalı idman növüdür və bu növdə idmançının Olimpiadaya hazırlanmasının öhdəsindən tək nazirlik gələ bilməzdi. Bu baxımdan biz Camalın tələbatlarının ödənməsi üçün hər ay 10 min avro ayırmış Heydər Əliyev Fonduna minnətdarıq. Fond 1 milyon 970 min avro qiyməti olan yeni atın alınmasına da kömək edib». 

Qeyd edək ki, Pekinə Azərbaycan idmançılarından ilk olaraq cüdoçular yollandı. «R+»un xəbər verdiyi kimi, komanda ilk olaraq iqlimə uyğunlaşmaq üçün Çinə yaxınlığı baxımından Qazaxıstanda olub ki, bu da yarış ərəfəsində idmançıların durumuna müsbət təsir göstərməlidir. 


MƏSLƏHƏT GÖR:

527