14 Mart 2025

Cümə, 22:35

CAZDA YALNIZ GƏNCLƏRDİR

Bakıda növbəti musiqili improvizə festivalı keçirilib

Müəllif:

15.08.2008

İyulun həddindən isti  keçən son günlərinin durğun tənbəlliyini Bakıda keçirilmiş IV caz festivalı dağıtdı. İsti havaya baxmayaraq, Caz Mərkəzinə o qədər adam gəlmişdi ki, gecikənlər oturmağa yer tapa bilmirdilər. Bakıda hər il keçirilən caz festivalı artıq bir növ şəhərin mədəniyyət simasına çevrilib. 

 

Qısa tarixçə 

«Baku International Cazz Festival» ilk dəfə 2005-ci ildə keçirilib. Məhz onda, aprelin əvvəlində bakılıların və şəhərin qonaqlarının böyük marağına səbəb olmuş birinci festival keçirilmişdi.  Artıq elə birinci fesvtivaldan bu mədəniyyət hadisəsi həm iştirakçıların təmsil etdiyi dövlətlərin coğrafiyasının müxtəlifliyinə, həm də iştirakçıların peşəkarlıq səviyyəsinin yüksəkliyinə görə heyranlıq doğururdu. Bu irimiqyaslı tədbirdə Rusiyadan, Almaniyadan, Fransadan, Türkiyədən, ABŞ-dan, Gürcüstandan və başqa ölkələrdən yalnız peşəkar deyil, həm də nisbətən gənc cazmenlər də iştirak edirdilər. Festivalın əsas qonağı öz «Sindikat»ı ilə məşhur Uo Zavinul idi. Caz bayramının rəsmi proqramını o bağlamışdı. Festival konsertləri və cemlər bakılılara və şəhərin qonaqlarına bayram əhval-ruhiyyəsinə qatılmağa və sadəcə musiqiçilərlə ünsiyyət qurmağa imkan vermişdi. Festivalın əsas uğurlarından biri də müxtəlif ölkələrin cazmenlərinin bir-biri ilə ünsiyyət imkanı qazanması olmuşdu.

2006-cı ildə keçirilmiş festival dünya cazının superulduzlarının gəlişi ilə yaddaqalan olmuşdu. Dəfələrlə ən nüfuzlu musiqi mükafatı «Qremmi»nın sahibləri olmuş Herbi Henkok və El Uerrou Bakıda çıxış etmişdilər. Qeyd edək ki, Herbi Henkok Bakıda öz yeni proqramı ilə çıxış edib. 

İlk dəfə olaraq, festivalın açılışı «Space» telekanalının birbaşa efiri ilə yayımlanıb. Həmçinin, ilk dəfə olaraq caz tamaşası çərçivəsində Gürcüstanla telekörpü təşkil edilib. Bakı tamaşaçıları ekranda Vaqif Mustafazadənin sənət yoldaşı Tamaz Kuraşvilinin birbaşa çıxışını izləyiblər. Birinci festivaldan fərqli olaraq, 2006-cı ilin festivalının gənclik proqramı iki gün çəkib və onun saytında mətbuat üçün hər gün ətraflı açıqlamalar və fotoşəkillər dərc edilib. 

2007-ci ilin caz festivalı isə Əzizə Mustafazadənin çıxışı il yaddaqalan olub. Caz musiqisi həvəskarları hələ birinci festivaldan onun çıxışını arzulayırdılar. Və bu da təsadüfi deyil. Çünki caz-muğamın yaradıcısı Vaqif Mustafazadənin qızı olan Əzizə  musiqi irsinin varislik yolu ilə ötürülməsinin bir növ rəmzinə çevrilib. 

 

Əsas diqqət sabaha ünvanlanıb   

İndiki caz festivalı əvvəlkilərdən onunla fərqlənirdi ki, bu dəfə təşkilatçılar əsas diqqəti istedadlı gəncliyə ünvanlamışdı. Elə festival da məhz onların xatirinə təşkil edilmişdi. Bu təntənəli tədbirin açılışında tanınmış Azərbaycan cazmeni, Bakı Caz Mərkəzinin art-direktoru Emil İbrahim Məmmədov qeyd edib ki, bu il beynəlxalq festival sadə bir səbəb üzündən - Bakının bütün musiqi meydançalarının təmirdə olması ilə bağlı keçirilmir. Ancaq beynəlxalq səviyyədə tanınmış qonaqların olmamasına baxmayaraq, Caz Mərkəzinin zalı adamla dolu idi və bu da sevinc doğururdu. 

Öz çıxışından sonra Emil bunlar  söyləyib: «İstedadlar improvizə və gerçək ilham tələb edən cazın nəbzini tutmağa başlayıblar. Və bizim mərkəz bu ecazkar musiqiyə daha çox gənc cəlb etməyi qarşısına məqsəd qoyub. Qoy gəlsinlər, bir-birlərindən, bizim tanınmış ustadlardan öyrənsinlər. İstedadlarımızın sayı çoxdur və biz onları dəstəkləməyə hazırıq. Bizim mərkəz məhz bu cür gənclər üçün işləyir. İstənilən musiqi janrında olduğu kimi, məhz cazda da varislik olmadan, gəncliyin cürəti və dikbaşlığı olmadan inkişaf mümkün deyil». 

Festivalın iki günü göstərdi ki, həmin cürət və dikbaşlıq bizim gənclərdə yetərincədir. Pianoçu Aysel Quliyeva texnikası, caz ahəngini hiss etməsi və təsirli ifası ilə hamını heyran qoydu. Yaponiyanın «Yamaxa» firmasının tədbirə təsadüfən qatılmış təmsilçisi o qədər heyran olub ki, qızın istedadına təşəkkür olaraq klavinola bağışlamağı qərara alıb. Həmçinin pianoçular İsfar Sarabski, Mehran, Anar, trombonist Dəyanət, müğənni Yelena, balaca ifaçılar Jasmin ( 8 yaş) və  Fariz (9 yaş) də fərqləniblər. 

Təşkilatçılar festivalın bütün iştirakçılarını qiymətli  sponsor hədiyyələri ilə həvəsləndirməyə çalışıblar, sponsorlar da tədbirə çox həvəslə qatılıblar. Festivalı bağlayarkən Emil İbrahim Məmmədov bildirib ki, o, nəticələrdən razıdır. «Gələn il biz gənclər arasında caz müsabiqəsi keçirmək istəyirik. Seçim sistemini sərt etməyi düşünürük, üç mükafat yeri veriləcək. Müsabiqəni hər il keçirməyi düşünürük»,- deyə Emil bizimlə bölüşüb. 

Caz festivalı başa çatdı. Ancaq bizim gəncliyin peşəkarlıq səviyyəsinin, yaradıcılıq eşqinin getdikcə artdığını və ən başlıcası, musiqi ilə məşğul olmağa böyük həvəsini gördükcə, ümid etmək olur ki, gələcəkdə biz  yeni ulduzlarımızın yetişəcəyinə şahid olacağıq və onlar özünü qürurla «caz» adlandıran bu azadlıq, coşqu və ritm sənətinin ustadları ilə səhnəni cürətlə bölüşəcəklər. 


MƏSLƏHƏT GÖR:

316