15 Mart 2025

Şənbə, 00:30

KLAVİATURA İLƏ QOL ÇƏKMƏK

Azərbaycan elektron imzaların tətbiqi üzrə planlarını fəallaşdırır

Müəllif:

15.08.2008

İnformasiya kommunikasiya texnologiyalarınının (İKT), kompyuter şəbəkələrinin, avtomatlaşdırma sahələrinin inkişafını sürətləndirən bizim əsrdə məlumatın qiymətliliyi durmadan artır. Bu, yalnız personal kompyuter və internet istifadəçiləri üçün deyil, həmçinin öz fəaliyyətini hər hansı kənar təzyiqdən maksimum qorumaq istəyən çoxsaylı biznes qurumları və dövlət orqanları üçün də önəmlidir. 

Buna görə də bu gün elektron sənədlərini saxtakarlıqdan qorumaq bir nömrəli problem olaraq gündəmdədir. Özü də bu çox rahatlıqla həll olunur. Bunun üçün sənədin altında elektron məlumatların kriptoqrafiq çevrilməsi nəticəsində əldə edilmiş simvolların ardıcıllığını, yəni elektron rəqəmsal imza (ERİ) qoymaq kifayətdir, ERİ fərdi imzanın özünəməxsus analoqudur. 

Məhz ERİ-nin hesabına sənədlərin kağız versiyaları üzərində sərf edilən iş və vaxt azalır, ofislərdə kağızların miqdarı aşağı düşür, həmçinin müqavilələrin altında imza qoymaq üçün iş adamlarına yüz minlərlə kilometr məsafə qət etməyə ehtiyac qalmır. Qeyd edək ki, bu, xarici iş adamlarına aid məsələdir. Çünki Azərbaycanda hələ də «Elektron imza və elektron sənəd haqqında» qanunun tətbiqinə rastlanmayıb. Baxmayaraq ki «Elektron Azərbaycan» qlobal proqramı çərçivəsində «Elektron hökumət» yaratmaq üçün məhz elektron imza çox vacibdir.  

 

Qanun köhnəlib?

Qeyd edək ki, bir sıra hüquqi prosedurları, həmçinin müqavilələrin, qəbizlərin, icarə və başqa sahələrdə olan anlaşmaların təsdiqini mürəkkəbə əl atmadan gerçəkləşdirməyə imkan verən qanun Azərbaycan Milli Məclisi tərəfindən dörd il bundan qabaq 9 mart 2004-cü il tarixdə qəbul edilib. Qanun elektron imzanın istifadəsinin əsaslarını və onun elektron sənədləri dövriyyəsində tətbiqini,  elektron bazarının iştirakçıları arasında, yəni hüquqi və fiziki şəxslər, dövlət və bələdiyyə qurumları arasında elektron imzanın istifadəsi zamanı ortaya çıxan münasibətlərin tənzimlənməsi hüquqlarını müəyyən edib. 

Qanuna görə, elektron imza bütün sahədən olan  elektron sənədlərdə istifadə edilə bilər. Burada yalnız qanunla müəyyən edilmiş sahələr istisnadır. 

Düşünülürdü ki, dörd il bundan qabaq elektron sənəd dövriyyəsi rəsmi status əldə etdikdən sonra bir neçə sahə - bank, sosial təminat, elektron kommersiya və sair sahələr bir sıra üstünlüklər əldə etdi. Lakin «Region plus»la söhbətində Azərbaycan İnternet Forumunun prezidenti, İnformasiya Texnologiyaları və Sistemləri Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, bütün bu üstünlüklər hələ ki deklarativ xarakter daşıyır. 

«Elektron imza haqqında» qanun elektron imzasının sertifikatlaşdırılması üzrə xüsusi mərkəzlərin yaradılmasını nəzərdə tutur. Son məlumatlara görə, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN)  İnformasiya Hesablama Mərkəzi (İHM)  Milli Sertifikatlaşdırma Mərkəzi (MSM) yaratmaq niyyətindədir və MSM-in elektron imzaların sertifikatlaşdırılması məsələsini həll edəcəyi düşünülür. Ancaq təəssüf ki, hətta belə olan vəziyyətdə belə «Elektron imzası və elektron sənədi haqqında» qanunun tətbiqi üzrə heç bir praktiki addımları müşahidə etmək mümkün olmur. Mən hər hansı infrastruktur bölmələrinin yaradılması barədə konkret addımları nəzərdə tuturam. Həmçinin bəlli deyil ki, elektron imza əldə etmək üzrə xidmət bütün vətəndaşlara, yoxsa yalnız dövlət orqanlarına şamil ediləcək», - deyə O.Gündüz vurğulayıb. 

Bununla belə o, vurğulayıb ki, qanun çoxdan qəbul edilib və dünya sahəsində çoxsaylı texnoloci dəyişikliklər baş verdiyindən mütləq onda müəyyən dəyişikliklər edilməlidir. 

 

Banklar elektron imzaya meyil edirlər

Ancaq müəyyən müsbət irəliləyişlər var. Osman Gündüzün fikrincə, dövlət qurumları, bank icmaları, həmçinin bir sıra sıravi istifadəçilər elekron rəqəmsal imzaların tətbiqinə tam hazırdırlar. Baxmayaraq ki, qanun geniş ictimai səviyyədə hələ real olaraq işləmir, ancaq ölkədə elektron imzaları istifadə edirlər. Həm də bu praktika qanun hələ qəbul edilməzdən öncə də tətbiq edilməyə başlanmışdı. 

Məsələn, hazırda «Azericard» prosessinq mərkəzində hazırda Azərbaycan bankları ilə bütün sənəd dövriyyəsi rəqəmsal imza əsasında gerçəkləşdirilir. İnternet-bankinqdə də rəqəmsal imza elementləri istifadə edilir. «Azericard» faktiki olaraq rəqəmsal imzanın sertifikatlaşdırılması və yoxlanılması mərkəzidir. Təşkilat imzaların verilməsi üçün avadanlıq alıb və qanun real olaraq qüvvəyə mindikdə o, lisenziya mərkəzi kimi fəaliyyət üçün müraciət edəcək.

Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) alimləri tərəfindən rəqəmsal imzalı elektron sənəd dövriyyəsinin gerçəkləşdirilməsi və onların AMEA-nın yerli şəbəkəsində tətbiqi üçün alqoritmlər və proqram vasitələri hazırlayıblar.

«Ölkənin dövlət strukturları arasında informasiya mübadiləsi sahmanlı gedir, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və bir sıra başqa qurumlar artıq daxili elektron sənəd dövriyyəsi mexanizmlərini formalaşdırırlar. Bu, informasiya münasibətlərinin inkişafında böyük sıçrayış deməkdir. Ancaq bu münasibətlər nə cürsə rəsmiləşdirilməli, sivilizasiyalı üsullarla gerçəkləşdirilməlidir ki, bu gün buna rastlanılmır. Vəziyyət internet bankçılığının, elektron ticarətin inkişafını, Azərbaycanda elektron biznesin genişləndirilməsini və onu təhlükəsizlik səviyyəsinin artırılmasını yetərincə əngəlləyir»,- deyə Multimedia Mərkəzinin rəhbəri vurğulayır. 

O.Gündüz bildirir ki, Baltikyanı ölkələrdə, qonşu Rusiya və Ukraynada elektron imzadan yetərincə geniş istifadə edilir. Çünki yalnız Rusiyada hazırda elektron imzaları təsdiq edən 200-ə yaxın lokal mərkəz mövcuddur. Ukraynada isə «elektron imza haqqında» qanunun tətbiqi çərçivəsində «virtual notarius», yəni sertifikatlaşdırma mərkəzi layihəsinin gerçəkləşdirilməsinə 0,5 milyon dollar vəsait ayrılıb. Ölkəyə neft dollarının axınını nəzərə alsaq, bu rəqəm, doğrudan da,  Azərbaycan üçün kiçikdir.

 

Əsas söz hökumətindir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin rəisi Rüfət Gülməmmədov «Region plus»a bildirib ki, hər şey ilk baxışda göründüyü kimi elə də pis deyil və elektron imzaların tətbiqi elə də uzun çəkməyəcək. Onun sözlərinə görə, «Elektron imza və elektron sənəd haqqında» qanunun tətbiqi üçün Milli Sertifikatlaşma Mərkəzinin rəhbərliyi altında üç səviyyəli ierarxiya yaratmaq lazımdır. «Bəllidir ki, qanunauyğun olaraq ölkədə elektron imzaların tətbiqini bu cür mərkəzlər yaradılmadan gerçəkləşdirmək mümkün deyil. Bundan başqa, qanunda açıq-aydın qeyd edilir ki, başqa növ elektron imzalar, yəni sertifikatı olmayan imzalar hüquqi gücə malik olmayacaqlar»,- deyə Gülməmmədov vurğulayıb.

Daha sonra isə sahələrarası elektron sənəd dövriyyəsinin vahid formatını nəzərdə tutan «Elektron hökumət» layihəsinin çərçivəsində sahədaxili dövlət sertifikatlaşma mərkəzlərinin yaradılması düşünülür. Nəhayət, qanuna uyğun olaraq şirkətlər, banklar və başqa özəl qurumlar öz korporativ sertikifatlaşdırma mərkəzlərini yarada bilərlər. Onlara elektron imzalı sənədlərin dövriyyəsi üçün tam sərbəstlik verilib. Qeyd etmək lazımdır ki, elektron imzalar artıq Azərbaycanın bir sıra bankları tərəfindən internet bankinq xidmətinin gerçəkləşdirilməsi üçün tətbiq edilir, bu zaman üçüncü səviyyəli sertifikatlaşdırma mərkəzləri istifadə edilir. 

Müsahibin sözlərinə görə, hazırda dünyada elektron sənəd dövriyyəsi üzrə bir neçə standart fəaliyyət göstərir. Azərbaycan həm Qərb təcrübəsindən,  həm də MDB ölkələri arasında qəbul edilmiş dövlətlərarası formatdan yararlanmaq niyyətindədir. 

RİTN ekspertləri tərəfindən Rusiya, həm Türkiyə, həm də Baltikyanı ölkələrin qanunun tətbiqi üzrə qaydaların və mexanizmlərin yaradılması təcrübəsi öyrənilib. Müvafiq qanunvericilik bazası, normativ sənədlər hazırlanıb, Türkiyənin telekommunikasiya strukturu ilə elektron imzalar sahəsində əməkdaşlıq üzrə niyyət protokolu bağlanıb. 

Konsaltinq xidmətlərinin göstərilməsi sahəsində Türkiyənin sözügedən qurumu və Rusiyanın «Vosxod» Elmi Tədqiqat İnstitutu arasında sazişlər bağlanıb. Qeyd edək ki, Rusiyada 2005-ci ildə məhz «Vosxod» ETİ-nin bazasında ilk əsaslı təsdiq mərkəzi yaradılıb və o, elektron rəqəmsal imzaların vahid dövlət reyestrini gerçəkləşdirir. Həmçinin Cənubi Koreyanın «ST» şirkəti ilə əməkdaşlığa başlanıb. 

Koreya müxətəssisləri ilə sözügedən mövzuda artıq seminar keçirilib və artıq onlar tərəfindən 2004-cü il qanununa görə, qəbul edilmiş konsepsiyaya uyğun olaraq, sertifikasiya mərkəzlərinin strukturu işlənir. Bundan başqa, Latviyanın müvafiq qurumları elektron imzalar üçün elektron idarəetmə proqramının hazırlanmasında, həmçinin elektron satınalmalar sisteminin yaradılmasında Azərbaycana məsləhətlər verməyə hazır olduqlarını bildiriblər. 

R.Gülməmmədov həmçinin bir sıra nazirliklər və qurumlar tərəfindən daxili elektron sənəd dövriyyəsi mexanizmlərinə formalaşdırılması faktını qeyd edib. Həmçinin vurğulayıb ki, ölkədə vahid sertifikatlaşdırma və elektron imzaların qeydiyyatı mexanizminin tətbiqi olmadan qurumlarda yaradılmış elektron strukturlar ictimaiyyət tərəfindən tam keyfiyyətli istifadə edilə bilməz. Məhz buna görə də RİTN tərəfindən Milli Sertifikatlaşdırma Mərkəzi yaradılır. Nazirliyin təmsilçisinin sözlərinə görə, əgər yaxın vaxtlarda Azərbaycan hökuməti Koreya mütəxəssisləri tərəfindən yaradılmış sistemi təsdiq edərsə və Koreya hökuməti tərəfindən bizim ölkəyə 30 milyon dollar məbləğində güzəştli kredit verilməsi üçün saziş bağlanarsa, 2009-cu ilin əvvəlinə Milli Sertifikatlaşdırma Mərkəzinin strukturlarını qurmaq imkanları yaranacaq və marağı olan qurumlar qeydiyyat və elektron imzaların verilməsi üçün müraciət edə biləcəklər.

Qeyd edək ki, ölkə hökuməti Dünya Bankı ilə analoci danışıqlar aparır. DB «Elektron hökuməti» layihəsinin gerçəkləşdirilməsinə 30 milyon dollar borc verməyə hazırdır. 

 

Planlar gerçəkləşdirilməsini gözləyir

Ölkənin bütün regionlarını vahid elektron sənəd dövriyyəsi sisteminə qoşmağa imkan verən vahid informasiya şəbəkəsi nə qədər tez yaradılacaq? «Elektron Azərbaycan» layihəsinin koordinatoru R.Gülməmmədovun sözlərinə görə, RİTN artıq bunun fəaliyyət proqramı üzrə sənədləri dövlət qurumlarının və geniş ictimaiyyətin müzakirəsinə çıxarıb. 

Layihənin gerçəkləşdirilməsi üçün ilkin olaraq dövlət hakimiyyətinə mərkəzi qurumları tərəfindən informasiya reserslarının formalaşması işinin sürətlənməsi vacib görülür. Belə ki, yaxın 1- 1,5 il ərzində bütün bələdiyyələrin və başqa yerli dövlət qurumlarının resursları formalaşdırılacaq. Daha sonra yaradılmış və yaradılmaqda olan informasiya resurslarının uyğunlaşdırılması gerçəkləşdiriləcək. Bunlar əvvəlcə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərəcəklər, daha sonra isə dövlət strukturlarının vahid portalında birləşdiriləcəklər. 

Bunun üçün məlumatların ötürülməsi vahid elektron şəbəkəsinin yaradılması düşünülür. Məsələnin texniki tərəfinin həlli üçün «AzDataCom» sürətli məlumat ötürülməsi şəbəkəsi özünəməxsus rol oynayacaq. 

RİTN-nin İnformasiya Hesablama Mərkəzinin direktoru Nail Mərdanov isə bildirib ki, elektron imzaların sahiblərinin rəqəmsal sertifikatı olacaq. Orada sahibkarın adı və bu açıq açarın istifadə məqsədi göstəriləcək.

Bundan başqa, RİTN elektron imzaların identifikasiyalaşmış kodları üçün depozitari yaratmaq fikrindədir. Məhz depozitarinin olmaması ölkədə elektron ticarətin inkişafını əngəlləyən amildir. İlk öncə depozitari dövlət qurumları üçün yaradılacaq. Daha sonra özəl qurumlar gündəmə gələcək.

Elektron imzaların identifikasiya kodlarının ilk depozitarinin yaradılması bu il yox, gələn il mümkündür. Qeyd edək ki, bu gün yalnız Azərbaycan Milli Bankı lokal elektron kommersiya sistemi təklif edir. Belə şəraitdə ölkədə müxtəlif elektron alqı-satqıları üçün xarici sistemlərdən istifadə edilir. 

Nəhayət, RİTN Məlumat Hesablama Mərkəzi artıq elektron imzanın tətbiqi üçün milli açıq açarlar infrastrukturunun yaradılması üçün tender elan edib. Tender təklifləri sentyabrın 9-na kimi götürüləcək, tender prosedurunun özü isə sentyabrın 10-da gerçəkləşdiriləcək. Başqa sözlə, RİTN çətinliklərə baxmayaraq, elektron imzaların verilməsi və istifadə sistemlərinin iş rıçaqlarının yaradılması üzərində ciddi işləyir və nazirliyin təmsilçilərinin elektron imzaların 2009-cu ildə tətbiq ediləcəyi barədə verdiyi vədlər əsassız deyil. 

«Elektron Azərbaycan» dövlət proqramı və Azərbaycanın Avropa Şurasının kibernetika cinayətləri üzrə konvensiyasına qoşulması çərçivəsində ölkədə elektron təhlükəsizliyi üzrə milli mərkəzin (AZ-UERT) yaradılması da düşünülür. Mərkəz RİTN yanında «.az» domeni altında fəaliyyət göstərəcək və saytların işlənilməsi və istismarı zamanı yaranan texniki problemləri həll edəcək, həmçinin dövlət strukturları və əhali ilə informasiya təhlükəsizliyi sahəsində aktiv əməkdaşlıq gerçəkləşdirəcək.

Başqa sözlə, AZ-UERT elektron sənədləşməsinin normal fəaliyyəti üçün böyük rol oynayacaq. Hələlik isə ölkənin çoxsaylı istifadəçiləri öz məlumatlarını hakerlərin hücumundan qorumaq üçün ABŞ-da geniş tətbiq olunan quraşdırma mikroprosessorlu xüsusi kartlardan istifadə edə bilərlər. 

Və bu, heç də istifadəçiyə elektron imza qoymağa imkan verən yeganə texniki vasitə deyil. Alternativ variantlar kimi mütəxəssislər adi elektron parolu, internet planşeti, videoskayneri, gözlərin identifikasiyası üçün lazeri və ya səstanıyanı sadalayırlar.


MƏSLƏHƏT GÖR:

435