
ƏSASSIZ BƏDBİNLİK
2012-ci ildən sonra iqtisadi geriləmə gözlənilirmi?
Müəllif: Alyona MOROZ Bakı
Artıq 16 ildir -1992-ci ildən bu yana Azərbaycan beynəlxalq maliyyə institutları (BMİ), o cümlədən Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı (DB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və sair qurumlarla əməkdaşlıq edir. Şəksiz ki, bu əməkdaşlıq respublikanın xeyrinə olub. BMİ-nin yardımı ilə ölkədə bir sıra strateji vacib layihələr gerçəkləşdirilir. Bundan başqa, ölkə hökuməti iqtisadiyyatın gələcək inkişafı üzrə onların tövsiyələrini nəzərə alır.
Misal üçün, sosial iqtisadi inkişafın sürətlənməsi üzrə dövlət proqramının hazırlanmasında BVF-nin tövsiyələri diqqət mərkəzində idi. Bununla yanaşı, BMİ-nin inflyasiya səviyyəsi ilə bağlı proqnozları çox vaxt hökumətin proqnozları ilə üst-üstə düşmür. Və bir sıra yerli iqtisadçı ekspertlər narazılıq bildirmişdilər ki, çox vaxt BVF ekspertləri inflyasiya sıçrayışlarından danışarkən nədənsə «Azərbaycanı Zambiya ilə eyni tuturlar».
Bununla yanaşı, BVF-də yenə də düşünürlər ki, neft dollarlarının böyük axını, ölkənin neftdən asılılığı, büdcə xərclərinin artımı inflyasiyanın daha da sürətlənməsinə, manatın daha da qiymətdən düşməsinə gətirəcək. Bu da öz növbəsində həyat səviyyəsinin aşağı düşməsinə və ölkənin sərmayə cəlbediciliyinin azalmasına səbəb olacaq.
Bu bəyanatların əsaslandığı təmiz monetarist postulatlar praktikada heç də həmişə özünü doğrultmur. Bu dəfə BVF-nin dünya iqtisadiyyatının vəziyyəti haqqında iyul hesabatında (World Economic Outlook 2008) Azərbaycan iqtisadiyyatının orta və uzunmüddətli perspektivi haqqında verilmiş məlumatlar yerli KİV-də geniş əks-səda doğurmuşdu.
Neft var və olacaq
Bu məlumatlar Qarşılıqlı Əməkdaşlıq və İnkişaf Təşkilatının statistik metodologiyasıın cəlb edilməsi ilə təşkil edilmişdi. Beləliklə, BVF-nin proqnozlarına görə, artıq 2011-ci ildə Azərbaycanın iqtisadi artım tempi minimal səviyyəyə - 1,6 faizə düşəcək. 2012-ci və 2013-cü illərdə ümumi daxili məhsulun (ÜDM) həcmi uyğun olaraq 1,7 faiz və 2,6 faiz azalacaq.
Başqa sözlə, 2012-ci ildə Azərbaycanda ÜDM həcminin mənfi dəyişmə dinamikası gözlənilir. BVF ekspertlərinin hesablamasına görə, əgər 2007-ci ildə Azərbaycanda ÜDM-in artımı 23,4 faiz təşkil etmişdisə, 2008-ci ildə bu göstərici 18,6 faizdən çox olmayacaq və 2009-cu ildə 15,6 faizə bərabər olacaq. Yerli KİV təmsilçiləri həmin an ehtimal etdilər ki, BVF-nin bu cür mənfi proqnozu 2012-ci ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın zirvə göstəricilərinin əldə edilməsinin gözlənilməsi ilə bağlıdır.
Başqa sözlə, əgər Azərbaycan az neft çıxararsa, ölkə iqtisadiyyatının artımı dayanacaq. Özü də hesabat üçün iki amil nəzərə alınmayıb: birincisi, ölkədə qaz hasilatının artımı, ikincisi, iqtisadiyyatın neftdənkənar bölmələrinin inkişafı diqqətdən kənarda qalıb.
Bir neçə gün sonra BVF-nin Azərbaycan üzrə daimi təmsilçisi Koba Qvenetadze BVF-nin Azərbaycan üzrə son məruzəsinin bir sıra bəndlərinə aydınlıq gətirib.
«2012-ci ildə Azərbaycanda ÜDM-in həcminin 1,7 faiz azalmasının proqnozlaşdırılması heç də müxtəlif mətbuat orqanlarının iddia etdiyi kimi, iqtisadi tənəzzülün başlanğıcı deyil. ÜDM-in azalması ortamüddətli perspektivdə neft hasilatının dinamikasını əks etdirir. Neft hasilatı üzrə plana və və təsdiq edilmiş karbohidrogen ehtiyatlarına görə neft hasilatı 2011-ci ildə zirvə səviyyəsinə çatacaq, bundan sonra yavaş-yavaş azalma başlayacaq. Azərbaycan ÜDM-ində neft bölməsinin yüksək payının olmasını nəzərə alaraq, plan 2012-ci ildən başlayaraq ÜDM həcmlərinin azalacağından bəhs edir. Bu göstərici Azərbaycanda 2004-cü ildən müşahidə edilən yüksək ÜDM artımı kontekstində nəzərə alınmalıdır. Bu proses də neft hasilatının artım dinamikası ilə sıx bağlıdır. Əgər, əlbəttə, gələcəkdə hasilat yeni yataqların açılması və ya mövcud yataqların daha səmərəli istismarı hesabına artarsa, onda BVF ÜDM artımı üzrə proqnozlarına yenidən baxar»,- deyə K.Qvenetadze vurğulayıb.
Fondun təmsilçisi bildirib ki, bu proqnozlar Azərbaycanla dördbəndlik məsləhətləşmələr çərçivəsində hazırlanıb və məruzədə öz əksini tapıb. «Struktur islahatlar sahəsində irəliləmələr, sahibkarlıq mühitinin yaxşılaşdırılması, infrastrukturun çağdaşlaşdırılması və yeniləşdirilməsi, iqtisadiyyatın neftdənkənar sahələrində yüksək artım tempi gözləməyə imkan verir. Neft hasilatının azalması şəraitində neftdənkənar bölmə Azərbaycan iqtisadi artımının aparıcı qüvvəsinə çevrilməlidir. Azərbaycan xalqı üçün daimi iş yerlərinin yaradılması və rifah səviyyəsinin ardıcıl olaraq yaxşılaşdırılması çox vacibdir. Bu məqsədlərin əldə edilməsi neftdənkənar bölmənin dinamik artımının təşkil edilməsindən çox asılıdır», - deyə məruzədə vurğulanır.
Göründüyü kimi, BVF-nin proqnozu Azərbaycanda neft hasilatının dinamikası ilə bağlı olub. Qeyd edək ki, Britaniyanın «Royal Institute of International Affairs» elmi mərkəzinin araşdırmasına görə, Azərbaycanda gündə 1,3 milyon barrelə bərabər olan neft hasilatı zirvəsi 2010-2013-cü illərə təsadüf edəcək. «Azərbaycanda neft hasilatının və ixracını artımı «BP»nin operatoru olduğu iri «Azəri-Çıraq-Günəşli» («AÇG») yataqları ilə bağlıdır»,- deyə məruzədə vurğulanır.
Britaniya analitiklərinin fikrincə, Azərbaycanda qaz hasilatının zirvə göstəricisi sutkada 0,5 milyon barrel neftə ekvivalentdir və «Şahdəniz» qaz kondensant yatağının hesabına baş verəcək bu göstərici 2011-2016-cı illərə təsadüf edəcək. Bununla yanaşı qeyd edilir ki, «Azərbaycan yaxın zamanlarda neftdən asılılığı bir qədər azalda bilər».
Bununla yanaşı, bu yaxınlarda - iyun ayında «Oil & Gas-2008» konfrans sərgisinin açılışı zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, bu il Azərbaycanda neft hasilatı 50 milyon tonu keçəcək və gələn il 60 milyon tona çatacaq. Həmçinin bəllidir ki, 2012-2015-ci illərdə ölkədə ildə 66-67 milyon ton neft hasil ediləcək. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın enerji resursları yaxın yüz ildə tükənməyəcək.
Bildirmək gərəkdir ki, hazırda «AÇG»də 46 quyudan neft hasil edilir. Onların sutkalıq debiti 800 min barrel, yəni 110 min ton neftə və 27-28 milyon kubmetr qaza bərabərdir. Bununla yanaşı, 2008-ci ilin sonuna Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin operatoru olan «BP» neft şirkəti «AÇG» üzrə sutkada bir milyon barrelə bərabər olan maksimal hasilat həcminə çıxmaq niyyətindədir.
Əgər yaxın zamanlarda «AÇG»dən çıxarılacaq neftin toplam həcmi 5,6 milyard barrelə bərabərə götürülürdüsə, «BP-Azərbaycan» neft şirkətinin prezidenti Bill Şreyderin dediyinə görə, ««BP» bu göstəricinin 9 milyard barrelə qədər artırılacağına ümid edir». Bu, «AÇG»də yeni neft hasilatı üsullarının istifadə edilməsinə və yeni məhsuldar «Balaxanı» layının işlənməsi layihəsinin hesabına baş verəcək. «Çıraq-Balaxanı» layihəsinin sanksiyalaşdırılması 2009-cu ilin sonuna planlaşdırılır.
ARDNŞ-in proqnozlarına görə, 2015-ci ilə kimi Azərbaycanda illik qaz hasilatı 47,6 milyard kubmetrə bərabər olacaq ki, bu da 2007-ci ilin göstəricisindən 2,8 dəfə çoxdur. «Şahdəniz» yatağının “Mərhələ-1” layihəsi çərçivəsində «Şahdəniz» yatağının ehtiyatlarının yalnız beşdə bir hissəsi çıxarılacaq. “Mərhələ-2” layihəsində isə 20 milyard kubmetr qaz çıxarılacaq. Bununla belə, ekspertlər və Azərbaycan hökuməti əmindir ki, bu göstəricini istək olarsa, daha on milyard kubmetr artırmaq mümkündür.
Özü də «Şahdəniz» heç də Azərbaycanın təsdiq edilmiş və ya hələ təsdiqi gözlənilən qaz ehtiyatlarının hamısı demək deyildir. İndi ARDNŞ-in gündəmində beş perspektiv struktur - «Ümid», «Babək», «Naxçıvan», «Abşeron» və «Zəfər-Məşəl» yataqları dayanır və onlarda kəşfiyyat işləri başlamalıdır.
Göründüyü kimi, gələcəkdə Azərbaycan indi mövcud müqavilələr çərçivəsində və həm də davam edən kəşfiyyat fəaliyyəti hesabına daha çox karbohidrogen xammalı əldə edəcək. Bu zaman dünya bazarında neftin və qazın qiymətinin durmadan artmasını da unutmaq olmaz.
Bundan başqa, neft və qaz hasilatını artırmaqla yanaşı, Azərbaycan hökuməti iqtisadiyyatın neftdənkənar bölməsinin inkişafı üzərində işləyir. Bu zaman diqqət kənd təsərrüfatı, nəqliyyat, turizm və sair strateji vacib sahələrin üzərinə yönəldilir. Bunun nəticəsidir ki, Azərbaycan Milli Bankının məlumatına görə, 2008-ci ilin birinci yarısında neftdənkənar bölmədə ÜDM 5694,6 mln manata çatıb. Bu, 2007-ci ilin birinci yarısına olan göstəricidən (3688 mln manat) 15,6 faiz çoxdur.
Böhran istisnadır
Yenə də ekspertlərin fikrinə üz tutaq. Azərbaycan İqtisadi İslahatlar Fondunun prezidenti Azər Əmiraslanovun fikrincə, «faktik olaraq BVF-nin proqnozlarında sözügedən müddətdə Azərbaycanda böhran gözlənildiyindən bəhs edilmir».
«Bundan başqa, Azərbaycan iqtisadiyyatının ortamüddətli və uzunmüddətli dövrdə artım templərinin azalması haqqında proqnozlar yeni və eyni zamanda təbiidir. BVF-dən də qabaq bu cür proqnozlar hökumət tərəfindən tutulub və 2008-ci ilin büdcə zərfinə daxil edilib. Dünya Bankı rəsmi göstəricilərə əsaslanaraq bu ilin əvvəlində oxşar proqnozlarla çıxış etmişdi», - deyə A.Əmiraslanov vurğulayır.
İqtisadçının fikrincə, iyulun 29-da BVF-nin Bakı ofisi mətbuatda gedən yanlış şərhlərlə bağlı bəyanat yayıb. «Beynəlxalq maliyyə institutlarının proqnozları üzərində oynayaraq pessimist ssenarilərə, iqtisadiyyatın zəifləməsi və qarşıdan maliyyə böhranı gəlməsi haqqında nəzər nöqtəsi formalaşdırmağa yönəlmiş istənilən manipulyasiya əsassızdır. Biz bunu Azərbaycanın inkişaf perspektivlərinə kölgə salmaq cəhdi kimi qiymətləndiririk», -deyə A.Əmiraslanov vurğulayıb.
Onun sözlərinə görə, bu və ya başqa ölkədə iqtisadi böhran bir ayda olaraq müflisləşmə miqyasları, iş yerlərinin bağlanması, istehlak tələbatının azalması ilə səciyyələnir. «Azərbaycanda tamamilə əks meyil müşahidə edilir. Orta və uzunmüddətli perspektivdə, hətta iqtisadi inkişaf meylinin gələcək artımı gözlənilir. Təcrübə göstərir ki, iqtisadi böhran, adətən maliyyə böhranından sonra gəlir. Azərbaycanda 2012-2013-cü illərdən sonra heç cür maliyyə böhranı gözlənilmir. Dövlətin maliyyə bazası daha da güclənəcək, əhalinin ödəniş qabiliyyəti artacaq. İqtisadiyyatın böhranı və geriləməsi əks istiqamətdə ölçülən bir sıra amillərin qarşılıqlı təsiri nəticəsində mümkündür. Əgər böhranı şərtləndirən amillər yoxdursa, hadisələrin bu cür cərəyan etməsindən söhbət belə gedə bilməz»,- deyə A.Əmiraslanov vurğulayıb.
Bundan başqa, iqtisadçı əmindir ki, neft hasilatı artım templərinin azalmasını defolta və tənəzzülə gətirəcəyi, işsizliyin və yoxsulluq səviyyəsinin artmasına səbəb olacağı barədə edilən iddialar tamamilə gerçəklikdən uzaqdır. «Neft hasilatının və neft gəlirlərinin həyat səviyyəsinə heç bir təsirinin olmadığını iddia edənlər həm də hasilatın azalması ilə yoxsulluğun artacağını bəyan edirlər. Azərbaycanda qarşıdan gələn müddətdə ÜDM artımı templərinin azalması tamamilə təbiidir və neft hasilatının önəmli artımının olmaması ilə bağlıdır. İqtisadçılara bəllidir ki, kəskin böyük göstəricilərilə səciyyələnən uzunmüddətli artım qeyri-realdır», - deyə A.Əmiraslanov bildirib.
Onun fikrincə, gələcəkdə xidmət sektorunun, kənd təsərrüfatı məhsulları emalının, turizmin, nəqliyyatın və rabitənin inkişafı hesabına iqtisadiyyatın neftdən kənar bölməsinin xüsusi çəkisi artacaq. Bu da iqtisadi artım templərinə müsbət təsir göstərəcək.
Bununla yanaşı, iqtisadçı ehtimal edir ki, iqtisadi inkişafın bu və ya başqa inkişaf ssenarisinin tutulması zamanı həm də ölkənin tranzit potensialının adekvat qiymətləndirməsi də vacibdir.
«Misal üçün, Gürcüstan ÜDM-dən 40-50 faizini bu amilin hesabına formalaşdırmağı düşünür. Azərbaycanda isə iqtisadi perspektivlər qiymətləndirilən zaman bu amil nəzərə alınmır»,- deyə A.Əmiraslanov vurğulayır.
ÜDM-in əsas komponentləri arsında başqa bir məqam isə sərmayələrin həcmidir. Başqa sözlə, yerli və xarici sərmayələrin, həmçinin təmiz ixracatın ÜDM həcminə müsbət təsirini də nəzərə almaq lazımdır. Buna görə də əhalinin istehlak xərclərinin və dövlət bölməsinin xərclərinin dinamik artımı şəraitində ÜDM-in önəmli səviyyədə azalmasını proqnozlaşdırmaq da doğru deyil.
A.Əmiraslanov həmçinin bildirib ki, Xəzərin Azərbaycan bölməsindəki «Azəri-Çıraq-Günəşli» neft yataqlarının tammiqyaslı işlənməsi, yeni neft və qaz kondensant yataqlarının kəşfiyyat imkanları, neftin qiymətinin artması, neftdən kənar bölmənin inkişaf meyilləri iqtisadi artımın davam edəcəyinə zəmanət verir və «həm beynəlxalq səviyyədə, həm də dövlət strukturları səviyyəsində əvvəlki proqnozlara yenidən baxmağa vadar edəcək».
Özü də ortamüddətli perspektivdə iqtisadi artımın kəmiyyət yox, keyfiyyət dəyişməsi gözlənilir. Bu, BVF-nin də, hökumətin də proqnozlarında öz əksini tapıb. Məsələn, əgər 2007-ci ildə neft bölməsinin ÜDM-də payı 58-59 faiz təşkil edibsə, 2011-ci ildə bunun 47 faizə enməsi gözlənilir. BVF 2008-ci ildə iqtisadiyyatın neftdənkənar bölmələrinin 9 faiz, strateji rezervlərin 25 milyard dollara qədər artmasını proqnozlaşdırır.
BVF-nin 2012-2013-cü illər üzrə proqnozlarının analizi göstərir ki, həmin müddətdə Azərbaycan inkişaf etmiş iqtisadiyyata və möhkəm maliyyə dayaqlarına malik ölkəyə çevrilməlidir. Əgər 2006-cı ildə 34,5 faizlik artım fonunda adambaşına ÜDM göstəricisi 2469 dollara bərabər idisə, BVF-nin proqnozuna görə, 2013-cü ildə 2,6 faizlik azalma olsa da, adambaşına ÜDM 12 915 dollara bərabər olacaq.
«Başqa sözlə, Azərbaycan adambaşına gəlirləri yüksək olan ölkələr sırasına daxil olub. BVF-nin proqnozuna görə, 2013-cü ildə Azərbaycanda adambaşına neftdənkənar ÜDM göstəricisi 7,5 min dollara, Ermənistanda isə 6,4 mil dollara bərabər olacaq. Bütün bu məlumatlar göstərir ki, iqtisadi artım daim azalan templərlə olsa da, davam edəcək. Və mütləq rəqəmlərdə artım göstəriciləri dinamikasını qoruyacaq»,-deyə iqtisadçı fikrinə yekun vurur.
Öz növbəsində tanınmış iqtisadçı Oqtay Haqverdiyev «Region plus»a bildirib ki, «Azərbaycan iqtisadiyyatının inkişafının gələcəyi barədə proqnoz verən BVF ekspertləri böyük ehtimalla «BP-Azərbaycan»ın 12 il bundan qabaq ölkənin neft hasilatının 2012-ci ildən sonra kəskin düşəcəyi barədə hesablamalarını əsas götürüblər».
«Əslində isə hər şey heç də belə deyil və 12 il bundan qabaq edilmiş bu hesabatı çoxdun unutmaq lazımdır. Hər şeydən öncə son on ildə Azərbaycanın neft ehtiyatlarının qiymətləndirilməsi dəyişib. Həm də ölkənin qaz ehtiyatları ortaya çıxıb. Hazırda ölkə dünya bazarında karbohidrogen xammalının etibarlı ixracatçısı kimi yer tutur», - deyə O.Haqverdiyev bildirib. Ekspert vurğulayıb ki, yerli geoloqlar ölkənin neft ehtiyatlarının yüz il, qaz ehtiyatlarının isə 50-60 il tükənməyəcəyini müəyyən ediblər.
«Reallıqları anlamaq lazımdır. Ehtimal edək ki, bu gün biz ildə 50 milyon ton neft çıxarırıq. Əgər gələn il həmin qədər və ya azacıq çox neft hasilatı əldə edəcəksə, aydındır ki, neft hasilatının artımı qeydə alınmayacaq. Ancaq biz ildə 50 milyon tona bərabər olan neft hasilatı göstəricisinə malik olacağıq. Eyni misalı ÜDM-ə görə də çəkə bilərik. Yəni hələ ki neft-qaz sektoru iqtisadi artımın əsasında durur və ÜDM-in strukturunda 60 faizi təşkil edir. ÜDM-in həcmi isə azalmayacaq, əksinə, onların artımı proqnozlaşdırılır. Bu isə iqtisadiyyatın neftdən, kənar bölmələr hesabına baş verəcək.
Bunun parlaq nümunəsi kimi bu ilin birinci yarısı üzrə göstəriciləri göstərmək olar. Həmin göstəricilərə görə, neftdənkənar sektorda artıq böyük artım templəri müşahidə edilir. Bundan başqa, neftdənkənar bölmənin inkişafına, neftə alternativ olan ixrac potensialının yaradılmasına yönəlmiş proqramlar var. Ancaq onların gerçəkləşdirilməsi bir ilin işi deyil; bunun üçün on illiklər sərf edilməlidir. Nəhayət, gün gələcək və ölkənin neftdənkənar bölməsi ÜDM-in strukturunda 50 faizdən çox yer tutacaq. Biz gözləyirik ki, bu, ən azı yaxın 10-15 ildə gerçəkləşəcək. Ona görə də bizim iqtisadi böhranla üzləşmə qorxumuz yoxdur. Yalnız iqtisadi artım templərinin müəyyən düşməsi mümkündür. Ancaq ÜDM-in öz templəri isə daima artacaq», - deyə O.Haqverdiyev vurğulayıb.
Neftdənkənar bölməyə ümid çoxdur
Yuxarıda sadalanan daha bir vacib amil də var. Ölkədə gerçəkləşdirilən yeni infrastruktur layihələri də BVF tərəfindən 2012-ci ildən sonra baş verəcəyi ehtimal edilən iqtisadi tənəzzülün olmayacağını göstərir. Özü də onların gerçəkləşməsində heç də BVF-dən nüfuzu az olmayan beynəlxalq maliyyə institutları iştirak edəcəklər. Məsələn, yaxın 12-18 ayda ölkə hökuməti ilə birgə ovtoyol infrastrukturunun yaxşılaşdırılması sahəsində ekoloji problemlərin həllində kreditləşmə üçün yeni layihələr hazırlamaq niyyətindədir.
Bununla belə, DB-nin Direktorlar Şurası tərəfindən 2007-2010-cu illər üzrə ölkə ilə tərəfdaşlıq strategiyasının (UPS) büdcəsinin iki dəfə artırılması məsələsi bəyənilib. 2009-2010-cu illər üzrə əlavə maliyyələşdirmə 1,2 milyard dollar səviyyəsində, yəni hər il üzrə 600 milyon səviyyəsində razılaşdırılıb. Ancaq layihələrin maliyyələşdirilməsi üçün əlavə vəsaitlər lazım olarsa, bank tərəfindən 1,2 miyard dollar səviyyəsində müəyyənlişdirilmiş limitin artırılması məsələsinə yenidən baxıla bilər.
Həm də Azərbaycanda özəlləşdirmə prosesi davam edir. Özü də bir neçə il qabaq o, əsas mərhələsinə - strateci özəlləşdirməyə qədəm qoyub. Özü də hökumət özəlləşdiməyə bir məqsəd kimi deyil, özəl bölmənin inkşafını stimullaşdırmaq və ölkənin iqtisadi potensialını artırmaq üçün mülkiyyət formasını dəyişmək vasitəsi kimi baxır.
Ölkənin iqtisadi siyasətinin kökündə dövlət müəssisələrini maksimum baha satmaq dayanmır. Çünki bunun nəticəsində onların fəaliyyəti dayana bilər. Əsas məqsəd müəssisələrin fəaliyyətinin bərpası, onda mövcud olan iş yerlərinin qorunması, həmçinin yenilərinin açılmasıdır. Bu istiqamətdə işlər davam etdirilir.
Büdcədən xüsusilə sahibkarlığın dəstəklənməsinə sərmayə xərcləri də artır. Həmçinin dövlət büdcəsinin tərtib edilməsi zamanı hökumət neftin həddindən baha olmasına ümid etmir. Bununla yanaşı, ölkədə inflyasiya templərinin aşağı salınması üzrə ardıcıl tədbirlər kompleksi cerçəkləşdirilir.
Bununla yanaşı, respublikanın xarici ticarət dövriyyəsinin həcminin yetərincə artması müşahidə edilir. Belə ki, 2008-ci ilin birinci yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi 20 milyard 572 milyon 261,4 min dollara çatıb ki, bu da 2007-ci ilin birinci yarısına olan göstəricidən 4,1 dəfə çoxdur. İlin birinci yarasında xarici ticarətdə müsbət saldo 14 milyard 405 milyon 825,4 min dollar təşkil edib.
Həmçinin artıq neçənci ildir ki, ölkənin dövlət büdcəsi sosial yönümlüdür. Təhsilin, səhiyyənin maliyyələşdirmə həcmləri artır, əmək haqları və pensiyalar qaldırılır. İqtisadi inkişaf naziri Heydər Babayevin bu yaxınlarda bildirdiyi kimi, Azərbaycan iqtisadiyyatının lokomotivi sayılan neft-qaz sektorunda layihələrin gerçəklşdirilməsi ölkənin çox-çox illər öncəsi dayanıqlı inkişafı üçün əsas yaradıb.
Onun fikrincə, dünya böhranına baxmayaraq, 2008-ci ildə Azərbaycanda iqtisadi inkişaf templəri ikirəqəmli səviyyədə qalacaq və ölkə artım templərinə görə dünya lideri mövqeyini qoruyacaq. Son dörd ildə, yəni 2004 - 2007-ci illərdə ölkə iqtisadiyyatı 96 faiz artıb. «Biz iqtisadi potensialı iki dəfə artırmağı və bu güclü iqtitsadi bazada yüksək templəri qorumağı bacardıq. İqtisadi inkişafı davam etdirmək, əlbəttə, asan iş deyil»,- deyə nazir vuğulayıb.
Qeyd edək ki, 2008-ci ilin birinci yarısında ölkə üzrə ÜDM 16,5 faiz artıb. Heydər Babayev hesab edir ki, ÜDM artım templərinin azalması, yəni 2006-cı ildə 34,5 faiz olduğu halda, 2007-ci ildə 25 faizə düşməsi müsbət dəyişilmələrdən xəbər verir və bunun nəticəsində yaxın gələcəkdə bu göstəricini daha aşağı səviyyədə sabitləşdirmək mümkün olacaq. Cari ildə isə Azərbaycan ÜDM-nin real artımının 20 faiz, həcminin isə 32,4 milyard dollar olacağı proqnozlaşdırılır.
Başqa sözlə, əgər ÜDM artımının templəri azalsa belə, Azərbaycan iqtisadiyyatında staqnasiyadan və ya mənfi göstəricilərdən söhbət gedə bilməz...
MƏSLƏHƏT GÖR: