
İŞ ƏNGƏLDİR
Ukraynadaki faktiki ikihakimiyyətlilik "odessa-brodi" layihəsinin reallaşmasina mane olur
Müəllif: Eldar Paşayev Bakı
Ukrayna prezidenti Viktor Yuşşenko ilə baş nazir Yuliya Timoşenko arasındakı münaqişə getdikcə daha kəskin xarakter alır. Prezident katibliyi ilə Nazirlər Kabinetinin səsləndirdikləri qarşılıqlı ittihamlar bitmək bilmir. Və bu gərgin mübarizə Ukraynada artıq başlamış prezident kampaniyasının əsas elementlərindən olan “Odessa-Brodı” neft layihəsinə də təsirini göstərir.
1996-2001-ci illərdə tikilən “Odessa-Brodı” neft kəməri lap əvvəldən Xəzər neftinin Rusiyadan yan keçərək Mərkəzi Avropaya, perspektivdə isə Baltik dənizinin limanlarına nəqli üçün nəzərdə tutulmuşdu. Onun uzunluğu 674 km, nəql imkanı isə ildə 9 mln ton təşkil edir.
2003-cü il mayın sonunda Ukrayna, Polşa və Avropa İttifaqı arasında imzalanmış bəyannamədə tərəflər Xəzər neftinin bu tranzit layihəsinə dəstək verərək, kəmərin Ploska qədər uzadılmasına dair razılığa gəldilər. Amma kəmər 3 il boş qaldı. “Odessa-Brodı”nın avers, yoxsa revers rejimlərinin sərfəli olması ətrafında uzunsürən fikir ayrılıqlarından sonra, 2004-cü ildə kəmərdən Rusiyanın da iştirakı ilə revers rejimində istifadə haqda qərar qəbul olundu.
Qeyd edək ki, Avropa İttifaqı, xüsusilə də Polşa hadisələrin bu cür inkişafından narazılığını açıq şəkildə bildirdi. Bundan başqa, Türkiyənin də buna yanaşması neqativ oldu.
Bu il mayın 22-də isə prezident Viktor Yuşşenko “Odessa-Brodı” neft kəmərinin avers rejimində fəaliyyətinin təmin olunması haqda fərman imzaladı. Bununla bağlı yaradılmış işçi qrupuna prezidentin katibliyi, Ali Rada, müvafiq nazirliklər və kəmərdən neft ala biləcək Ukraynanın 2 neftayırma zavodunun (“Qaliçina” və “Nefteximik Prikarpatiya” zavodları) rəhbərliyi daxil edildi. İşçi qrupu 2008-ci ildən “Odessa-Brodı” kəmərinin avers rejiminə keçməsini təmin etmək üçün təşkilati, hüquqi və texniki işlərin görülməsi və reallaşdırılmasına başladı.
İyunun 30-da isə Ukrayna prezidenti Viktor Yuşşenko ilə Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında kəmərin ən yaxın vaxtlarda texnoloji neftlə doldurulması haqda razılıq əldə olundu. Azərbaycan prezidenti bildirdi ki, layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasından sonra, layihənin kommersiya baxımından cəlbediciliyi haqda tam təsəvvür yaranacaq. V.Yuşşenko isə vurğuladı ki, Xəzər neftinin “Odessa-Brodı” ilə Avropa İttifaqı ölkələrinə nəqlinə dair indiyədək əldə olunmuş bütün razılaşmalar, o cümlədən Kiyevdəki enerji sammitində qəbul olunmuş kəmərin texnoloji neftlə doldurulması barədə razılığa da əməl ediləcək. “Hər iki tərəf, o cümlədən “Sarmatiya” birgə müəssisəsi əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların reallaşması istiqamətində fəaliyyət göstərirlər,” - deyən Yuşşenko xüsusi olaraq vurğuladı ki, “dövlət başçıları səviyyəsində bu məsələyə dair heç bir problem yoxdur”.
Amma indi məlum olduğu kimi, Ukraynanın öz daxilində belə bir problem var imiş. İyulun 18-də prezidentin katibliyi Nazirlər Kabinetinin hərəkətlərindən son dərəcə hiddətləndiyini bəyan edib. Dövlət başçısının beynəlxalq enerji təhlükəsizliyi məsələləri üzrə səlahiyyətli nümayəndəsi Boqdan Sokolovskinin sözlərinə görə, iyulun 16-da V.Yuşşenko “Odessa-Brodı” layihəsinin reallaşdırılmasına həsr olunmuş müşavirə keçirməyə hazırlaşırdı. Bu müşavirədə neft kəmərinin avers rejiminə keçidinin təmin olunmasına dair prezidentin məlum fərmanının həyata keçirilməsi üçün zəruri sənədlərin imzalanması da gözlənilirdi. Məlumata görə, artıq “Qaliçina” və “Nefteximik Prikarpatiya” zavodlarına 5 mln tondan artıq Xəzər neftinin nəqli, həmçinin Ukrayna ərazisindən 3 mln ton neftin tranzitinə dair layihələr üzərində iş, faktik olaraq, başa çatmışdır və bu sənədlər 2 il müddətinə imzalanmaq üçün hazır idi.
Lakin müşavirədən cəmi bir gün əvvəl baş nazir Yuliya Timoşenkonun imzası ilə faks alan Yuşşenko, iclası təxirə salmağa məcbur olub. Belə ki, baş nazir imzaladığı sərəncamla, guya korrupsiya ilə mübarizə çərçivəsində hökumət strukturları və dövlət şirkətlərinə Nazirlər Kabinetinin müvafiq qərarı olmadan “Odessa-Brodı” kəməri ilə neft nəqlinə dair hər hansı məsləhətləşmələrdə iştirak etmək və ya sənəd imzalamaq qadağan edilib.
Baş verənləri “presidenti olmayan hadisə” adlandıran Boqdan Sokolovski əlavə edib ki, “yaranmış situasiya bu layihənin reallaşmasının ən azı bir neçə aylıq təxirə salınması deməkdir.”
“Mən anlaya bilmirəm ki, baş nazir nəyi qadağan edib! Ukraynanın iki zavoduna neft almaq qadağan edilib? Ukraynalılara, əsasən də ölkənin qərbində yaşayan vətəndaşlara yeni iş yerlərinin açılması qadağan olunub? Ukraynalı sürücüyə normal neft məhsulu almaq qadağandır? Bu dövləti nə qədər sevməməlisən ki, bu cür addımlar atasan!” - deyə prezidentin səlahiyyətli nümayəndəsi hiddətlə bildirib.
Sokolovski həmçinin Ukraynanın neft və neft məhsulları bazarında yaranmış təhlükəli vəziyyətə də toxunub: ildə 50 mln ton neft emal etmək gücündə olan dövlət neft məhsullarının - dizel və benzinin 50%-dən artığını xaricdən alır. Xammal çatışmazlığı ilə üzləşmiş ayrı-ayrı neft emalı zavodları isə müflis olmaq təhlükəsi ilə üzləşiblər. Sokolovskinin sözlərinə görə, vəziyyəti normallaşdırmaq üçün Viktor Yuşşenko son 3 il ərzində neft mənbəyi və marşrutların diversifikasiyası istiqamətində xeyli səy göstərib.
Amma görünür, prezidentin bu səyləri Yuliya Timoşenkonu o qədər də maraqlandırmır. Sokolovskinin sözlərini qulaqardına vuran baş nazir bəyan edib ki, hökumət “Odessa-Brodı” neft kəməri ətrafında fırıldaq və sui-istifadələrə yol verməyəcək. Timoşenko əmindir ki, Ukrayna prezidentinin katibliyi neft kəməri ətrafında “növbəti fırıldaq” hazırlayır - beynəlxalq layihələrə cavab verməyən offşor şirkətləri ilə müqavilələr imzalamaq istəyir.
“Odessa-Brodı” kəmərini “unikal” adlandıran Yuşşenko isə artıq xəbərdarlıq edib ki, “kəmər ətrafında siyasi debatlar bundan sonra da uzansa, başqaları ukraynalıları qabaqlaya bilərlər”.
Düzdür, kim və necə qabaqlayacaq - bunu Yuşşenko konkretləşdirməyib. Ukrayna lideri əmindir ki, bu gün Avropada heç bir layihə Odessa-Brodı-Avropa İttifaqı neft kəməri ilə eyni cərgəyə qoyula bilməz. Baxmayaraq ki, indiyədək artıq 3 alternativ neft kəməri layihəsi təqdim olunub.
Bununla yanaşı, Yuşşenko dəfələrlə xatırladıb ki, kəmərin Xəzər nefti ilə doldurulması həm də Ukraynanın beynəlxalq öhdəliyidir: “Məncə, biz dövlətlərarası və hökumətlərarası öhdəlikləri pozmamalı, bu və ya digər hüquqi subyektin fəaliyyətini dayandırmaq haqda qərarlar verməməliyik. Bu, hakimiyyətin səlahiyyəti deyil. Bu, müəssisələrin öz səlahiyyətidir”.
Beləliklə, Yuşşenko ilə Timoşenko arasında əməlli-başlı “neft kəməri müharibəsi” gedir. İyulun 24-də Kiyevdə keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti açıq şəkildə bildirib ki, baş verənlərin arxasında “milli prioiritetlərə cavab verməyən siyasi gedişlər” durur və bunun “korrupsiya ilə heç bir əlaqəsi yoxdur”.
Cəmi bir həftə sonra - iyulun 31-də isə Ukrayna parlamentinin 59 deputatının imzası ilə Konstitusiya Məhkəməsinə məktub daxil olub. Parlamentarilər prezidentin bu il mayın 22-də imzaladığı “Odessa-Brodı” neft kəmərinin avers recimində fəaliyyətinin təmin olunması haqda fərmanın ölkə konstitusiyasına nə dərəcədə cavab verib-vermədiyinin araşdırılmasını istəyiblər.
Düzünə qalsa, bu mübarizənin gec-tez Konstitusiya Məhkəməsinə gəlib çıxacağı şübhə doğurmurdu. Çünki bu orqan Ukraynadakı siyasi mübarizənin ənənəvi və daimi “iştirakçısı”na çevrilib.
Yuliya Timoşenko isə iyulun 31-də keçirdiyi brifinqdə bir daha öz mövqeyini təkrarlayıb. “Biz heç vaxt “Odessa-Brodı” kəmərinin offşor şirkətlər vasitəsilə gizli yolla “özəlləşdirilməsinə” yol verməyəcəyik, çünki bu, Ukraynanın layihəyə təsir göstərmək imkanlarını əlindən alır. İndi imzalamaq istədikləri sənədlər, neft kəmərinə vurulmuş 100 milyon dollarlıq texnoloci neftin it-bat olması deməkdir. Bu, sadəcə, gizli bir sxemdir və hökumət heç zaman ona dəstək verməyəcək”.
Bütün bunlarla yanaşı, Timoşenko vurğulayıb ki, “Odessa-Brodı”dan avers rejimində istifadənin tərəfdarıdır, lakin yalnız “kəmərin Avropa dövlətlərinin ərazisinədək tikintisinə və sabit şəkildə neftlə təmin olunmasına zəmanət verən ölkələrin, Konsorsiumun toplaşmasından sonra”.
İş o həddə gəlib çatıb ki, Yuşşenkonun tərəfdarları ”narıncı ledi” Timoşenkonu Rusiya şirkətlərinin maraqlarına lobbiçilik etməkdə suçlayırlar. Çünki “Odessa-Brodı” ətrafındakı qeyri-müəyyənlik məhz onları qane edir: bu kəmərin avers rejimdə işləməsi Rusiya şirkətlərinə öz neftlərini Odessadakı “Cənub” neft terminalı vasitəsilə Avropa İttifaqına nəql etməyə imkan verməyəcək. Ukrayna prezidenti katibliyi rəhbərinin müavini Andrey Qonçaruk da məhz buna işarə edib: “Bu gün Ukraynanın magistral neft kəmərləri sistemi, faktik olaraq, iki əcnəbi sifarişçi - Rusiyanın “Transneft” və Kiprin “Skilton” offşor şirkətindən asılı vəziyyətdədir. Ona görə də Nazirlər Kabineti araşdırsın və izah etsin görək, niyə Ukraynanın bütün neft marşrutları bu iki şirkət tərəfindən idarə edilir”.
O həmçinin əlavə edib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən (konstitusiyaya görə, bütün hakimiyyət orqanları bu şuranın qərarlarına tabe olmalıdır), Nazirlər Kabineti “Odessa-Brodı”nın avers rejimində fəaliyyətini təmin etmək üçün sentyabrın 1-dək bütün hüquqi və təşkilati işləri yekunlaşdırmalıdır.
A.Qonçarukun adını çəkdiyi “Skilton” şirkəti 2001-ci il yanvarın 22-də Kiprdə qeydiyyatdan keçib. Onun təsisçisi - Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş “TNK İnterneşnl” şirkətidir. Bu şirkət isə Rusiyanın “TNK” şirkətlər qrupuna daxildir. “Nomos” mərkəzinin keçirdiyi “Ukraynanın neft-qaz sektorunun gəlirlərinin şəffaflığı” təhqiqatı nəticəsində məlum olub ki, “Skilton” offşor şirkəti “Ukrtransneft” ASU-in girov saxlayıcısı və hesab paylayıcısı kimi birinci dərəcəli Avropa bankında revers sxemində $90 milyonadək məbləğdə kreditor qismində təklif olunub. Sxem iqtisadi, maliyyə və hüquqi baxımdan sıx əlaqəli olan beş sazişdən ibarətdir. Söhbət neftin tranzitindən gəlirlərin əldə olunması və qeyri-rəsmi təkrar paylaşdırılması məqsədilə perspektiv neft axınları üzərində nəzarətin qurulmasından gedir». Qeyd edək ki, “Nomos” mərkəzinin bu xülasəsi “Ekonomika” internet-qəzetində dərc olunub.
Xatırladaq ki, baş nazir postuna təyin olunandan sonra Timoşenko əvvəlki hökumətin dövründə neft-qaz sektorunda yaradılmış korrupsiya sxemlərinin ləğv olunacağını bəyan etmişdi. Lakin o, yalnız ölkəyə qaz nəqli ətrafında yaranmış vəziyyətlə məşğul olmağa başladı və nədənsə neft seqmentini diqqətdən kənarda qoydu. Müşahidəçilərin fikrincə, bununla da Timoşenko Prezident katibliyinin “Odessa-Brodı” ilə bağlı səsləndirdiyi ittihamlara şərait yaratmış oldu.
Yuliya Timoşenko Blokundan olan deputat, Ali Radanın yanacaq-energetika kompleksi, nüvə siyasəti və nüvə təhlükəsizliyi komissiyasının üzvü Sergey Paşinskinin sözlərinə görə, “bu gün “Odessa-Brodı” kəməri ilə revers rejimində hər il 9 mln ton Rusiya nefti nəql edilir. Bu isə Ukraynaya 70 mln dollar gəlir gətirir”.
Ancaq qarşı tərəfin arqumentlərinə görə, müstəqil şirkətlər hələ 2004-cü ildə neft kəmərinin avers rejiminə keçməsi məsələsini araşdırıblar və belə qərara gəliblər ki, bu rejim iqtisadi baxımdan Ukrayna üçün daha çox əlverişlidir. Dünya bazarlarında neftin qiymətinin artması şəraitində isə bu rejim daha çox gəlir gətirəcək. Bundan başqa, bu, Xəzər neftinin Ukrayna və Mərkəzi Avropadakı istehlakçılara çatdırılması üçün ən əlverişli marşrutdur.
Göründüyü kimi, “Odessa-Brodı” layihəsi bu gün Yuşşenko ilə Timoşenko arasındakı mübarizənin əsas müddəalarından birinə çevrilib. Bununla əlaqədar olaraq, siyasi ekspert, Razumkov adına Ukrayna İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin siyasi-hüquqi proqramının direktoru Yuri Yakimenkonun fikirləri maraq doğurur: o hesab edir ki, GUAM-ın köməyi ilə “Odessa-Brodı” kəmərinin işə salınması Yuşşenkonun real uğuru olardı.
Öz növbəsində “Penta” Siyasi Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Vladimir Fesenko hesab edir ki, bu layihənin reallaşması GUAM üçün də olduqca önəmli məsələdir: “Əgər onlar “Odessa-Brodı” kəmərinin avers rejiminə keçməsinə nail olsalar, onda GUAM-ın artıq dəqiq iqtisadi perspektivləri yaranacaq”.
Onu da deyək ki, “Odessa-Brodı” layihəsində maraqlı olan dövlətlərin sayı az deyil, çünki bu, faktiki olaraq, Avropa üçün yeni neft mənbəyi deməkdir. Türkiyə Milli Komitəsinin sədri Necdet Pamirin sözlərinə görə, “ixrac marşrutlarının diversifikasiyası çox prinsipial məsələdir, çünki hazırda Avropa İttifaqına aparan bütün yollar Rusiya Federasiyasından keçir. Bu cür monopoliya isə heç kəsə - nə Avropa İttifaqına, nə də Xəzəryani ölkələrə əl verir. Odur ki gərək ölkələr öz iqtisadiyyatlarının daha çox müstəqilliyinə nail olsunlar”.
Yəqin ki, türkiyəli ekspertin bu fikirləri ilə razılaşmayan olmaz...
MƏSLƏHƏT GÖR: