15 Mart 2025

Şənbə, 00:42

"YAŞIL" TÜRKİYƏDƏ "QARA ZOLAQ"

Hələlik ankaranın regiondakı rolunun möhkəmlənməsi və onun ai-yə inteqrasiyasının sürətlənməsi haqda danışmaq mümkün deyil

Müəllif:

15.08.2008

Yəqin ki, tarixdə çox nadir hallarda hansısa dövlətin taleyi ona rəhbərlik etməyən şəxsdən asılı olur. İyulun 30-da Türkiyənin Konstitusiya Məhkəməsi ölkə ictimaiyyətini son aylar ərzində narahat edən məsələyə dair qətnamə çıxardı. Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) qapadılmadı və bu müxalifət və baş prokuror Əbdurrəhman Yalçınqayanın təəssüfünə səbəb oldu.

Baş Prokurorluğun iddiasının təsdiqlənməsi üçün məhkəməyə cəmi 1 səs çatmadı. Qurumun 6 yox, 7 hakimi hakim partiyaya qarşı çıxsaydı, Türkiyədə hər şey başqa istiqamətdə inkişaf edəcəkdi.

Məhkəmə prezident Abdullah Gül və hökumət başçısı Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, partiyanın bir sıra funksionerlərinin siyasi fəaliyyətinə qadağa qoyulması iddiasını da qəbul etmədi. Bununla yanaşı, hakimlər bu il Türkiyənin bütün partiyaları üçün nəzərdə tutulmuş büdcə ayırmalarının ƏİP üçün 2 dəfə azaldılmasını vacib saydı.

Hətta siyasətdən uzaq insanlar da anlayırdılar ki, ƏİP rəhbərliyinin siyasi fəaliyyətinə 5 il müddətinə qadağa qoyulması Türkiyənin yeni tarixində bütöv bir səhifənin qapadılması olardı. Çünki bu halda, növbədənkənar parlament seçkisində Ərdoğan tərəfdarlarının qələbə qazanmaq şansı çox az idi. Axı hakim partiyanın özündə də hazırda təşkilatın reytinqinin 1 nəfər üzərində qurulduğunu etiraf edirlər.

Buna görə də ictimai-siyasi dairələrdə məhkəmənin Baş Prokurorluğun iddiasını qismən qəbul edəcəyi təqdirdə hadisələrin hansı ssenari ilə inkişaf edə biləcəyi müzakirə olunurdu. Əksər ekspertlər hesab edirdi ki, bu halda siyasi fəaliyyətinə qadağa qoyulmayan Ərdoğan parlamentə müstəqil deputat kimi dönərək, ətrafında hakim koalisiyanın üzvü olan 300 "partiyasız"ı birləşdirəcəkdi.

Baş nazirin qəti əleyhdarlarının çoxu müxalifətçi Cümhuriyyət Xalq Partiyasının ali məktəblərdə hicaba qoyulan qadağanın aradan qaldırılmamasına dair iddiasının təmin edilməsi fonunda, Konstitusiya Məhkəməsinin Baş Prokurorluğun şikayətini də təmin edəcəyinə inanırdı. Onlar ümid edirdilər ki, qurum Ərdoğan hökumətinin Türkiyədə "dünyəvi dövlətçilik prinsiplərini pozmasını" nəzərə alaraq, bu fəaliyyətin qarşısını alacaq. 

Xatırladaq ki, hələ 1998-ci ildə Konstitusiya Məhkəməsi Rifah Partiyasını, 2001-ci ildə isə Ərdoğanın siyasi təşkilatının sələfi olmuş Rifah Partiyasını dindən siyasi məqsədlərlə istifadə etdikləri üçün qapatmışdı. 

Lakin bu dəfə ölkədə hakimiyyət dəyişikliyi olmadı.

Avqustun əvvəllərində Türkiyədə daxili siyasi qarşıdurma nəzərəçarpacaq dərəcədə azalsa da, özündən sonra qeyri-müəyyənlik və iqtisadi durğunluq yaratdı.  Bundan əlavə, ölkə bir-birinin ardınca faciələr yaşadı. Əvvəlcə İstanbulda 17 nəfərin həyatına son qoyan terror aksiyası baş verdi. Əksər dairələrin fikrincə, partlayışın terrorçu Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqəsi yoxdur. Belə ki, cənub-şərq əyalətlərində Türkiyə ordusu ilə mübarizə aparan təşkilat böyük şəhərlərdə günahsız insanları məhv etməklə, "kənar dəstək"dən  məhrum ola bilər. Lakin araşdırmaların ilkin nəticələri PKK-nı baş verənlərə görə məsuliyyəti üzərinə götürməyə vadar etdi.

Bəzilərinin fikrincə isə, terror aksiyası 40-dan artıq üzvünün iyulun əvvəlində həbs olunduğu və dövlət çevrilişinə cəhddə günahlandırılan yerli "Ergenokon"un tərəfdarları tərəfindən təşkil edilib. Türkiyənin Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir ki, "Ergenekon" üzvləri tanınmış siyasi və ictimai xadimlərin aradan götürülməsi planı ilə yanaşı, R.T.Ərdoğan hökumətinin devrilməsi məqsədi ilə dinc nümayişlərdən iştirak etmək fikrində də olublar. Lakin hökumət sözügedən qurumun İstanbulda baş vermiş terror aksiyasına aidiyyətinin olmadığını bəyan etdi.

Cəmi bir neçə gün sonra Türkiyənin Konya şəhərində daha bir faciə baş verdi. Avqustun 1-i səhər maye qazla dolu sisternin partlaması nəticəsində 3 mərtəbəli qadın yataqxanası uçdu. Hadisə 18 nəfərin ölümünə, onlarca qızın yaralanmasına səbəb oldu.

Baş verənlər müvəqqəti olaraq, Türkiyədə daxili siyasi çəkişmələri arxa plana keçirdi və hətta Silahlı Qüvvələrin Baş Qərargah rəisinin dəyişməsi kimi hadisə o qədər də ciddi müzakirələrə səbəb olmadı. 

Halbuki həyatında, heç olmasa, bir dəfə Türkiyədə olmuş istənilən kəs bu ölkədə ordunun cəmiyyətdə necə böyük rol oynadığını təsdiqləyə bilər. Ölkə əhalisi arasında keçirilən sosioloji sorğular da hər dəfə sübut edir ki, Türkiyədə Silahlı Qüvvələrin reytinqi istənilən siyasi xadimin reytinqindən daha yüksəkdir.

Beləliklə, avqustun 4-dən etibarən, general İlkər Başbuğ 700 minlik orduya rəhbərlik edən Yaşar Böyükanıtı əvəzlədi. Qeyd edək ki, Böyükanıt ölkədə baş verən son siyasi hadisələrə müdaxilə etmədi və bütün diqqətini həm ölkə daxilində, həm də Şimali İraqda terrorçulara qarşı mübarizəyə yönəltdi. Başbuğun özündən əvvəlki rəisin yolunu davam etdirəcəyi, yoxsa hökumətə qarşı daha sərt mövqe tutacağı hələ ki məlum deyil.

Türkiyədə analitiklər bu fikirdədirlər ki, cəsarətli xarakteri ilə tanınan general ordunun başına ölkə üçün heç də adi olmayan dövrdə keçib. PKK-nın son dərəcə fəallaşdığı göz qabağındadır (Bakı-Tbilisi-Ceyhan neft kəmərində baş vermiş partlayış da bunun göstəricisidir). Maraqlıdır ki, Baş Qərargahın yeni rəhbəri bilavasitə terrorçularla PKK ilə dialoq tərəfdarı olan kürdpərəst Demokratik Cəmiyyət Partiyası (DCP) arasında fərq qoymur. Hətta ordu rəhbərliyinin təşkilatçılığı ilə keçirilmiş ziyafətlərdən birinə məhz İ.Başbuğun tapşırığı ilə  DTP təmsilçiləri dəvət olunmamışdı. Həmin vaxt jurnalistlər belə radikal addımın səbəbi ilə maraqlanan zaman general demişdi: "Bu axşam ölkənin hansısa ərazisində PKK-çıların əli ilə ən azı bir əsgərimiz həlak olarsa, mən bu dəvəti tabeliyimdə olanlara necə izah edə bilərəm?"/.

Başbuğun yaddaqalan daha bir məşhur açıqlaması isə ötən ilin oktyabrında ölkənin cənub-şərq bölgəsinə səfəri zamanı səslənmişdi. O, Türkiyə ordusunun PKK ilə 23 illik mübarizəsində arzuolunan nəticə əldə edə bilmədiyini açıq şəkildə bəyan etmişdi. "Əgər siz məndən Türkiyə Silahlı Qüvvələrinin PKK ilə 1984-cü ildən bu yana apardığı mübarizənin uğurlu olub-olmadığını soruşsanız, mən "yox" cavabını verərəm. Biz uğurlu mübarizə aparsaydıq, artıq terrorçuların axırına çıxardıq", - deyə o qeyd etmişdi. 

Başbuğ eyni zamanda hərbçiləri antiterror əməliyyatlarını qanun çərçivəsində aparmağa, PKK-çılarla dinc sakinlər arasında fərq qoymağa çağırıb.

Bundan başqa, İ.Başbuğ Vaşinqtonun PKK məsələsinə dair siyasətini sərt tənqid etməsi, Yunanıstan və Cənubi Kiprə münasibətdə istənilən dəyişikliyə qarşı olması ilə də məşhurdur.

Baş Qərargahın yeni rəhbərinin şəxsiyyətinin dəqiqliklə analiz edilməsi təsadüf deyil. Çünki iki dəfə hərbi çevrilişə məruz qalmış Türkiyədə ordu daim siyasi sahədə sözünün çəkisi olan qurum olub. Ankaranın xarici siyasi kursunda da daim Baş Qərargahın maraqlarının nəzərə alındığı sirr deyil. Bu, xüsusilə, ABŞ, Avropa İttifaqı, İraq və Ermənistanla bağlı siyasətdə belədir.

Ordu rəhbərliyindəki dəyişiklik hələ tam başa çatmamış, artıq müxalifətçi Cümhuriyyət Xalq Partiyası (bu partiya parlamentdə deputatlarının sayına görə ikinci yerdədir) iqtidarı qərargah rəhbərliyi ilə gizli razılaşmaya getməkdə günahlandırdı. Buna səbəb kimi isə uzun illərdən bəri ilk dəfə olaraq, şuranın bir nəfər də olsun generalı istefaya göndərməməsi, Baş Qərargahın sabiq rəhbəri Yaşar Böyükanıtın təhlükəsizliyinin təmin olunması üçün isə ona dövlət büdcəsi hesabına zirehli maşının ayrılması göstərildi. Hakim elitanın əleyhdarlarının fikrincə, dövlət büdcəsindən ayrılan bu xərclər Baş Qərargahla hökumət arasında yaxınlığın göstəricisidir ki, bu da hüquqi baxımdan yolverilməzdir. Çünki ölkə Konstitusiyası ordunun siyasətə qarışmasını qadağan edir.

Türkiyənin xarici siyasəti də "axsayır". Son həftələr yerli mətbuat Ankara ilə Yerevan arasında münasibətlərin normallaşması istiqamətində fəal dialoqun aparıldığını yazır. Bu isə Türkiyədə ictimai rəyin haçalanmasına səbəb olub - iki ölkə arasında münasibətlərin yaxınlaşmasına onlarla məşhur jurnalist və ictimai xadim razı və ya narazıdır.

Türkiyə və Ermənistanın futbol üzrə milli komandaları arasında bu ilin sentyabrında Yerevanda keçiriləcək qarşılaşmaya az müddətin qalmasına baxmayaraq, Türkiyə rəhbərliyinin erməni prezident Serj Sarkisyanın həmkarını matçı izləməyə dəvət etməsinə şərh verməməsi də "odun üzərinə yağ töküb". 

Erməni məsələsi Türkiyənin digər qonşusu - İranla münasibətlərində də iz qoyub. Belə ki, İran prezidenti Mahmud Əhmədinejadın Ankaraya səfəri ərəfəsində Qərb kimi, Tehran da "erməni kartı"ndan istifadə etməyə çalışıb. Qeyri-rəsmi kanallar vasitəsi ilə İran Ankaraya Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçilik edə biləcəyini bildirib. Türkiyə XİN isə buna kifayət qədər sərt reaksiya verib və bəyan edib ki, Ankara ilə Yerevan arasında onsuz da bilavasitə əlaqələr mövcuddur və bu işdə vasitəçilərə, həmçinin İrana ehtiyac yoxdur. 

Qurumun bəyanatına cavab olaraq, Tehran nüvə proqramı ilə bağlı yaşanan problemin həllində Türkiyənin vasitəçiliyindən imtina edib. İran prezidentinin Ankaraya səfəri çərçivəsində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məqbərəsini ziyarətdən imtinası da diqqətdənkənar qalmayıb.

Türkiyədə və onun ətrafında cərəyan edən bütün bu proseslər, həmçinin ölkənin yeni konstitusiyasının hazırlanması prosesi belə bir fikir yaradır ki, Cənubi Qafqaz ölkələrinin Qərb qonşusu "qara zolaq"dan hələ tezliklə çıxa bilməyəcək və orada hadisələrin müsbət istiqamətdə inkişaf etməsi, ən azı, 2009-cu ildə baş tutacaq bələdiyyə seçkisindən sonra mümkün olacaq. Hakim partiya siyasi opponentləri ilə mübarizəyə həddindən artıq güc sərf edib və onun adaptasiyası üçün zamana ehtiyac var. Hələliksə Türkiyənin Avropa İttifaqına inteqrasiyasının sürətlənməsi və Ankaranın regiondakı rolunun möhkəmlənməsindən danışmaq hələ çox tezdir.



MƏSLƏHƏT GÖR:

344