
AVQUSTUN 8-dən SONRAKI REGİON
Müəllif: Redaksiya
Cənubi Osetiya və onun ətrafında yaşanan münaqişə Cənubi Qafqaz regionunda qüvvələr nisbəti ilə bağlı vəziyyəti radikal şəkildə dəyişdirdi. Bu gün artıq bütün analitiklər və siyasətçilər üçün aydındır ki, Gürcüstanın Cənubi Osetiyaya hücumundan və buna cavab olaraq, Rusiya qoşunlarının Gürcüstana yeridilməsindən sonra regionda situasiya əvvəlki kimi olmayacaq.
Artıq Gürcüstanda baş verən hadisələrlə bağlı hamını 2 sual maraqlandırır: necə oldu ki, hadisələr bu qədər dramatikləşdi və bundan sonra hadisələrin gedişi necə olacaq?
Fikrimizcə, baş verənlərin əsas səbəbi gürcü liderinin kobud xarici siyasi səhvə yol verməsi oldu: görünür o, bir tərəfdən hərbi əməliyyatlarda ani qələbə qazanacağına inanıb, digər yandan isə Moskvanın mümkün cavabının olacağı halda, Qərb və ABŞ-ın siyasi dəstəyinə arxalanıb.
Amma Saakaşvili ikiqat səhvə yol verib: açıq-aşkar görünür ki, o, ABŞ və Qərb müttəfiqlərindən ala biləcəyi dəstəyi həddindən artıq şişirdib, digər tərəfdən isə Rusiyanın cavab zərbəsinin gücünü və miqyasını düzgün təsəvvür edə bilməyib. Odur ki Gürcüstanın öz müttəfiqlərindən aldığı maksimum dəstək, NATO və Avropa İttifaqı ölkələrinin Moskvanın hərəkətləri ilə bağlı səsləndirdikləri təmkinli məzəmmət oldu.
Bundan başqa, Saakaşvili və onun Qərbdəki müttəfiqləri Gürcüstan prezidentinin yürütdüyü NATOpərəst siyasətin Moskvada necə hiddətlə qarşılandığını, son aylar isə bu hiddətin artıq kulminasiya nöqtəsinə yaxınlaşdığını və nəhayət indi öz apogeyinə çatdığını nəzərə almayıblarmış.
Bütün bu hadisələrdən Gürcüstanın "qazandığı" nə oldu və bundan sonra regionda hadisələr hansı istiqamətdə inkişaf edəcək?
Birincisi, Saakaşvilinin uğradığı ciddi hərbi məğlubiyyət (bu məğlubiyyət böyük iqtisadi ziyan və hərbi infrastrukturun bir hissəsinin dağılması ilə nəticələndi) onun siyasi karyerasının qürubunun başlanğıcı, həmçinin Gürcüstan hakimiyyətinin və siyasətinin ciddi şəkildə dəyişməsinə səbəb ola bilər - bəlkə də bunlar hakimiyyət dəyişikliyinə də təkan verdi. Rusiya liderlərinin açıqlamaları artıq Moskvanın Gürcüstanda yeni lider görmək istədiyinə şübhə yeri qoymur.
İkincisi, Abxaziya və Cənubi Osetiyanın sülh şərtləri bundan sonra Tbilisi üçün daha sərt olacaq. Hətta Moskva bu problemlərin Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həllinə dair danışıqlara getsə belə (müstəqillik tələb edən Abxaziya və Cənubi Osetiyanın mövqelərində məhz Rusiyanın fikrinin hakim olacağı məlumdur), Kreml bunun üçün daha ciddi kompensasiya və zəmanətlər tələb edəcək. Bunun əsasında isə minimum Rusiyanın regionda birmənalı rolu və məsuliyyətinin qəbul edilməsi dayanacaq. Yəni, Rusiya ordusu, gəmiləri və desantı artıq Cənubi Osetiya və Abxaziyadan "təmənnasız" çıxmayacaq.
Üçüncüsü, Moskvanın Qərbdəki tərəfdarları, ilk növbədə, Tbilisinin NATO-ya üzvlüyü məsələsinə ehtiyatla yanaşılmalı olduğunu düşünən Paris, Berlin, Roma və Madrid artıq bundan sonra öz mövqelərində haqlı olduqlarını söyləmək üçün bütün əsaslara malik olacaqlar və sözügedən məsələdə Kremlin mövqeyi daha çox nəzərə alınmağa başlanacaq. Ümumilikdə isə Avropa İttifaqında Gürcüstandakı hadisələrə yanaşma, həmçinin Ukraynanın NATO-ya qəbulu məsələsi ilə bağlı yaranmış fikir ayrılıqları daha da artacaq ki, bu da yalnız Rusiyaya xeyirdir.
Dördüncüçü, Gürcüstanın fəaliyyəti bütün bu illər ərzində Bakının Xəzərin enerji resurslarının dünya bazarlarına yeni, daha effektiv marşrutla çıxarılmasına nail olmaq üçün göstərdiyi səyləri ciddi risk qarşısında qoydu. Özü də bu səylərdən ən çox dividend götürən tərəf elə Gürcüstanın özü idi. Bundan başqa, Azərbaycanın bu ölkəyə yatırdığı çoxmilyardlı investisiyalar da risk qarşısında qaldı.
Başqa sözlə, Sxinvalinin bombardmanı ilk növbədə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi planlarına və gürcü tərəfinin Azərbaycan üçün etibarlı tərəfdaş kimi imicinə zərbə vurdu.
Rusiyaya gəldikdə, bu ölkənin Gürcüstana qarşı keçirdiyi hərbi aksiyaya ona baha başa gələ bilər. Çünki Moskvanın ABŞ və Avropa İttifaqı ilə münasibətlərindəki pozitiv tendensiyaları indi soyuq müharibə və qarşıdurmanın yeni mərhələsi əvəz edəcək. Qərb ölkələrində Moskvaya qarşı sərt xəttin yeridilməsini, bu dövlətlə Rusiya üçün prioritet olan iqtisadi və elmi sahələrdə əməkdaşlıq proqramlarının dayandırılmasını tələb edənlərin mövqeyi möhkəmlənəcək.
Ümumilikdə isə Tbilisinin hərbi aksiyası 1991-ci ildə SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq Moskvanın regiondakı mövqelərinin ciddi şəkildə möhkəmlənməsinə gətirib çıxartdı. Bu isə müvafiq olaraq, ABŞ və Qərbin bölgədə mövqelərini möhkəmlətmə prosesini 10 il dala saldı. Cənubi Osetiyadakı yaxşı hazırlanmış uğurlu hərbi aksiyası ilə Rusiya, faktiki olaraq, özünün geosiyasi dominantlıq zonasını bərpa etdi və bununla bağlı heç kəslə hesablaşmaq niyyətində olmadığını nümayiş etdirdi. Və bu, yalnız ABŞ və Qərbə yox, həm də postsovet məkanının digər ölkələrinə, o cümlədən, Ukrayna və Azərbaycana da siqnal olmalıdır.
Lakin bir məqam tam aydındır: Gürcüstanda baş verənlər göstərdi ki, demokratiya və korrupsiya ilə mübarizə sahələrində lider olmaq öz ölkəsinin müstəqilliyi və təhlükəsizliyinin təmin edilməsi üçün kifayət deyil. Bunun üçün milli azlıqlara qarşı tolerant yanaşma, balanslaşdırılmış xarici siyasət və dövlətçilikdə aktual olan məsələlərə təkamül yolu ilə yanaşma lazımdır.
İnqilablar dövrü, deyəsən, arxada qalıb...
MƏSLƏHƏT GÖR: