
"NEFTÇİ" AVROKUBOKLARLA VİDALAŞDI
"İnter" isə çempionlar liqasında uğurlu debüt etdi
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Avropa kubokları mövsümü "Neftçi" üçün uğurlu başladı və Bakı klubu Azərbaycan futbol tarixində yeni səhifə yazdı. Son vaxtlara qədər çox nadir hallarda Azərbaycan klubları Avrokubokların ilkin raundunu keçə bilmişdilər. Anatoli Demyanenkonun yetirmələri isə İntertoto kubokunda ilk iki raundda keçərək, yalnız üçüncü raunda Rumıniyanın "Vasluy" klubuna məğlub oldu.
"Vasluy"u keçə bilmədik
Bu mövsümdə "Neftçi" faktik olaraq bütün Azərbaycan klublarının əvəzinə "imtahan verməli oldu". Baxmayaraq ki turnir ərəfəsində bu komanda özünün əsas qoladorunu itirdi - Branimir Subaşiç Belqradın "Srvena Zvezda" klubu ilə müqavilə imzaladı. Amma bakılılar həmişə komanda oyunu ilə seçilib və Subaşiçin olmadığı komandada digər oyunçular qol axtarışına çıxdılar - Elnur Allahverdiyev, Rəşad Sadiqov, bir də forvard Georgi Adamiya. İki oyunun nəticəsinə görə Slovakiyanın "Nitra" komandasını üstələyən "Neftçi" ikinci mərhələdə Belçikanın "Jerminal" komandasını da sıradan çıxarmağı bacardı. Odur ki komandamız UEFA Kubokuna vəsiqə qazanmağa çox yaxın idi. Amma Rumıniyanın "Vasluy" klubu "Neftçi"ni bu turnirə buraxmadı: ilk oyunda 2:1 hesabı ilə qalib gələn "neftçilər" rəqib meydanında 0:2 hesabı ilə uduzaraq, Avrokuboklardakı çıxışını dayandırdılar.
Ölkə çempionu "İnter" isə Çempionlar Liqasının ilk mərhələsini keçə bildi. Evdə Makedoniyanın "Rabotniçki" klubu ilə qolsuz bərabərliyə qalan Valentin Xodukinin yetirmələri Skopyedə matçı 1:1 hesabı ilə başa vuraraq, növbəti mərhələyə vəsiqə qazandılar. Orada isə komandamızı Belqradın güclü "Partizan" klubu gözləyir.
Beləliklə də "bankirlər" "Şəmkir" və "Neftçi"dən sonra ən nüfuzlu Avropa klub turnirində ikinci mərhələyə keçən üçüncü klubumuz oldu.
Beləliklə, Azərbaycan klubları artıq “rəqib meydanı” sindromunu qırmağa başlayıb və nəticəyə oynamağa öyrəşib. Məsələn, "İnter" ilk matçda doğma meydanda 0:0 oynadıqdan sonra öz şanslarını xeyli azaltmışdı. Skopyedəki oyunda rəqib futbolçu Velkoskinin qolu isə vəziyyəti daha da gərginləşdirdi. Amma Azərbaycan çempionu vəziyyətdən çıxaraq, Branislav Çervenkonun qolu ilə lazımi nəticəni əldə etməyi bacarıblar. Bu nəticə "İnter"in növbəti mərhələ yolunu açdı və indi "bankirləri" daha güclü rəqib gözləyir.
Amma istənilən halda, bu klub Avropa kuboklarındakı ilk sınağından uğurla çıxdı. Baxmayaraq ki "İnter" öz oyununu yaxşılaşdırmaq və qol epizodlarından daha səmərəli istifadə etmək üçün öz üzərində hələ xeyli işləməlidir.
Hamı üçün bir stadion
Digər tərəfdən, artıq neçə ildir Azərbaycan klubları Avropa kuboklarında ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməli olur. Lazımi futbol infrastrukturunun olmaması klublara rəqibi öz doğma meydanında qəbul etməyə imkan vermir, ona görə də bu cür matçlar bir qayda olaraq yalnız Respublika stadionunda baş tutur. Bu mövsüm də vəziyyət dəyişmədi - Avrokuboklarda çıxış edən 4 klubumuz - "Neftçi", "Xəzər-Lənkəran", "İnter" və "Olimpik" ev matçlarını T.Bəhramov adına stadionda keçirməli oldu.
Keyfiyyətli meydançaların olmaması bizim futbolun əsas xüsusiyyətlərindəndir. Yaxşı meydanların olmaması komandalara gözəl oyun nümayiş etdirməyə imkan vermir. Və bu cür matçlardan nə azarkeşlər, nə də komandaların özləri həzz alırlar.
Bakıda futbol meydanlarının vəziyyəti daha acınacaqlıdır. Paytaxtda cəmi iki stadion var - T.Bəhramov adına stadion və "Şəfa". Özü də ikinci meydanda beynəlxalq oyunlar çox nadir hallarda keçirilir. Bütün digər meydançalar isə əsl futbol meydanı anlamından çox uzaqdır.
Meydan örtüyünün səviyyəsi isə başqa bir problemdir - oyunçular matç zamanı topla davranışın texniki elementlərindən çox, başqa faktorlara diqqət yetirməli olurlar. Və komandalar ildən-ilə bu problemdən yaxa qurtara bilmir. Məsələn, Respublika stadionunda da ot örtüyü yüksək səviyyədə deyil, amma bu çatışmazlıq heç olmasa, azarkeş tutumunun çoxluğu ilə kompensasiya edilir.
Beləliklə, "Bəhramov" hər dəfə Avrokuboklarda klublarımız üçün yeganə xilas yerinə çevrilir. O cümlədən, "İnter" və "Olimpik" üçün də. Bu klublar ölkə çempionatında oyunları "Şəfa"da oynasalar da, Avrokuboklarda Respublika stadionuna üz tutmalı olurlar. Baxmayaraq ki AFFA, haqlı olaraq, hər bir klubun oyunları öz doğma meydanında keçirməli olduğunu bildirir. Amma nə edəsən ki, futbol infrastrukturu lazımi səviyyədə deyil. Məsələn, "Xəzər-Lənkəran" UEFA Kubokunda Polşa "Lex"inə qarşı oyunu məmnuniyyətlə doğma meydanda keçirərdi. Amma Lənkəranda hələlik hava limanının olmaması buna imkan vermir.
Bu arada isə, hər il lisenziyalaşma ilə məşğul olan UEFA bu istiqamətdə tələblərini ildən-ilə sərtləşdirir. Yeri gəlmişkən, əsas idman arenasının direktoru Akif İsmayılov da stadiondan istifadəyə limit qoymağı düşünür. O bildirib ki, yeni mövsümdə T.Bəhramov adına stadiondan maksimum 2 klubun istifadəsinə icazə veriləcək. Onlardan biri "Bakı"dır - bu klubla müqavilə ilin sonunadək qüvvədədir. Digər komanda isə, çox güman ki, "Neftçi" olacaq - bu komanda əvvəlcə ev oyunlarını Bakıxanov qəsəbəsindəki T.İsmayılov adına stadionda keçirməyi düşünsə də, sonradan yenidən T.Bəhramov adına Respublika stadionuna üstünlük verib.
Legioner limitinin ləğvi nə verəcək?
Yeni mövsümdə Azərbaycan klublarının çıxış strategiyalarında da dəyişikliklər gözlənilir. Bu, AFFA İcraiyyə Komitəsinin legioner limitini ləğv etməsi ilə bağlıdır. Bu qərar Azərbaycanda futbolun səviyyəsinin artımına təkan verməli, həmçinin yerli oyunçularla əcnəbilər arasında rəqabəti artırmalıdır. Odur ki bundan sonra klublar istədikləri qədər legionerlə müqavilə bağlamaqda sərbəst olacaq. Amma bunun nə kimi nəticələr verəcəyini gələcək göstərəcək. Özü də maraqlıdır ki, UEFA prezidenti Mişel Platini də bu qərardan o qədər razı qalmayıb. Bu yaxınlarda Futbol Akademiyasının tikintisinin gedişi ilə tanış olmaq üçün Bakıya səfər etmiş Platini legioner limiti məsələsinə toxunaraq bildirib ki, bu, AFFA-nın daxili işidir. Lakin bununla belə, o vurğulayıb ki, UEFA-nın bu məsələyə yanaşması fərqlidir.
UEFA prezidentinin mövqeyi anlaşılandır: axı bundan sonra komandalar "ucuz xarici qüvvələr"ə üstünlük verə bilər ki, bu da perspektivli yerli oyunçuların özlərini göstərməsi üçün ciddi problem yaradacaq.
Ümumiyyətlə, AFFA-nın legioner limitini ləğv etməsi son həftə Azərbaycan futbolunda ən çox müzakirə olunan mövzudur. Çünki bu qərar klubların əksəriyyətinin bundan sonra yalnız əcnəbi futbolçular hesabına güclənməsinə şərait yaradacaq. Bu isə o deməkdir ki, yerli oyunçuların problemləri daha da çoxalacaq və əsas heyətə düşmək üçün onlar əcnəbi oyunçudan daha səviyyəli olduğunu sübut etməli olacaq.
Digər tərəfdənsə, son vaxtlar çempionatda əsas simalar məhz əcnəbi futbolçulardır. Məsələn, "Olmpik"in braziliyalı legioneri Junivan ötən mövsümün əsl açılışı oldu. Və onun komandası son turlara qədər turnir cədvəlinə məhz onun qolları hesabına başçılıq edirdi.
Lənkəran klubunda da əsas yük cərimə zərbələrinin mahir ifaçısı Juninyonun üzərinə düşürdü. Yeri gəlmişkən, bu bacarığına görə çoxları onu "Lion"dakı adaşı ilə müqayisə edirlər.
Bundan başqa, mütəxəssislərin fikrincə, legioner limitinin ləğvi yalnız çempionatın səviyyəsini artırmayacaq, həm də yerli futbolçuların "qiyməti"ni əsaslı şəkildə aşağı salacaq. Çünki ekspertlərin rəyinə görə, hazırda yerli futbolçuların "qiyməti" çox şişirdilib. Məsələn, "MKT-Araz" klubunun müdafiəçisi Saşa Yunisoğlu Polşanın "Qroslin" komandası ilə müqavilə bağladıqdan sonra yeni komadasının heyətinə nadir halda düşsə də, yarım il ərzində öz səviyyəsini xeyli artırıb. Beynəlxalq transferlərdən yığma komanda da qazanır, çünki millinin məşqçiləri daim yerli oyunçuların səviyyəsinin aşağı olmasından şikayətlənir və məhz buna görə milliləşdirilmiş legionerləri yığmaya cəlb etmək məcburiyyətində qaldıqlarını bildirirlər.
Qeyd edək ki, son illər ərzində Azərbaycan çempionatında legioner limiti üç dəfə dəyişdirilib. Əvvəlcə komanda eyni vaxtda meydana 5 legioner buraxa bilərdi. Daha sonra bu sxem "3+2" (3 nəfər meydanda, 2 oyunçu ehtiyatda) ilə əvəz olundu. Amma klubların təzyiqi ilə AFFA yenidən əvvəlki qaydaya qayıtmalı oldu.
Qərar çıxararkən AFFA digər ölkələrin təcrübəsindən istifadə edib. Bu zaman İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa kimi aparıcı futbol dövlətlərinin təcrübəsi bizə uyğun gəlməyib, çünki infrastruktur arasında fərq göz qabağındadır. Ona görə də AFFA ilk növbədə MDB və Şərqi Avropa ölkələrinin çempionatlarının təcrübəsindən istifadə edərək, əsl inqilabi qərar verib.
MƏSLƏHƏT GÖR: