
PEKİN STARTDADIR
Atlantada Azərbaycan bir gümüş, sidneydə iki qızıl və bürünc, afinada bir qızıl və dörd bürünc qazanıb. deməli, pekinə ümidlər daha böyükdür
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Yaxın günlərdə Azərbaycan millisi avqustun 9-də start götürəcək Pekin Olimpiadasına qatılmaq üçün Çinə yollanacaq. Bu yarışdan nə gözləmək olar, komandamız hansı nəticəyə ümid edə bilər və onun turnirə hazırlığı hansı səviyyədədir? Bu suallara yalnız Olimpiadanın sonunda cavab tapmaq mümkündür. Amma bununla belə, artıq indidən müəyyən nəticələr çıxarmaq olar.
Qırx dörd
Milli komandamız “Olimpiada-2008”-ə artıq 3 ildir hazırlaşır və bu hazırlıq faktik olaraq, Afina Olimpiadasının sona çatması ilə başlayıb. Bu günə Azərbaycanın 44 idmançısı yarışa qatılmaq hüququ əldə edib ki, bu da Afina Olimpiadası ilə müqayisədə altı nəfər çoxdur.
Xatırladaq ki, iki il əvvəl Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev millinin “Olimiada-2008”-ə hazırlanmasına dair sərəncam imzalamışdı. Məhz həmin vaxt idmanın prioritet sayılan 19 növü üzrə siyahı hazırlanmışdı və əsas ümidlər məhz bu siyahıda yer alan idman növlərinin təmsilçilərinə idi. Lakin minimum işin öhdəsindən yalnız 11 idman növünün təmsilçiləri gələ biliblər və Pekinə də məhz onlar yollanacaqlar.
«R+»un xəbər verdiyi kimi, onların sırasında sərbəst (kişilər və qadınlar) və yunan-Roma güləşinin təmsilçiləri, taekvondo, stend atıcılığı, cüdo, ağır atletika, gimnastika, boks, atletika və üzgüçülük növlərinin nümayəndələri var.
Qeyd edildiyi kimi, ümidləri doğrultmayan idman növləri də var. «Biz ümid edirdik ki, Afina Olimpiadasının güllə atıcılığı üzrə bürünc mükafatçısı olmuş İradə Aşumova növbəti dəfə mötəbər turnirə qatılacaq. Atıcılıq üzrə lisenziyalı turnir də ən tez başlanmış yarışlardan idi. Lakin o, lazımi nəticəni göstərə bilmədi və Pekin Olimpiadasından kənarda qaldı. Eyni zamanda, məşhur Olimpiya çempionumuz, stend atıcısı Zemfira Meftahətdinovanın çıxışından da razı qala bilmərik. Lakin bir müddət əvvəl onun yenidən ana olduğunu da unutmaq olmaz. Bu səbəbdən Zemfiranın idman formasını bərpa etməsi üçün vaxta ehtiyacı var idi və onun son nəticələri göstərir ki, idmançı yavaş-yavaş əvvəlki formasını qaytarır. Millinin baş məşqçisi Hafiz Cəfərovun istedadını bildiyimiz üçün deyə bilərik ki, atıcımız Pekinə idman formasının pikində gedəcək», - deyə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Mirkamil Rəhimov bildirib.
Bununla yanaşı, boks üzrə millinin də Pekinə daha çox idmançı ilə yollanacağı gözlənilsə də, bu dəfə onların sayı Afina Olimpiadası ilə müqayisədə daha az oldu. Ötən yarışa 9 çəki dərəcəsində qatılmış dəri əlcək ustalarımız bu dəfə cəmi iki lisenziya əldə edə bildilər. Bunlar Samir Məmmədov (51 kq) və Şahin İmranovdur (57 kq).
Dopinq-test məcburiyyəti
Bununla yanaşı, güləşlə bağlı situasiya sevindiricidir: bu idman növündə güləşçilərimiz Olimpiadaya ümumilikdə 16 lisenziya əldə ediblər. M.Rəhimovun bu haqda fikirləri belədir: «Millimiz müəyyən qədər legionerlərin köməyinə ehtiyac duysa da, bunun öz səbəbləri var. Güləş sürətlə inkişaf edir və yalnız son 5 ildə qaydalar 3 dəfə dəyişib, bu və ya digər ölkələr öz güləş məktəblərinin xüsusiyyətlərinə görə bu yeniliklərə daha tez alışıblar. Bununla yanaşı, sevindirici olan odur ki, yunan-Roma güləşi üzrə lisenziya qazanmış güləşçilərimizin əksəriyyəti öz idmançılarımızdır. Bununla əlaqədar olaraq, millinin baş məşqçisi Elçin Cəfərovun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Komandanın gənclər turnirindəki uğurlu çıxışı isə bizim hazırkı liderlərimizə layiqli əvəzedicilərin yetişdiyini söyləməyə əsas verir. Güləş üzrə millilərin göstərdiyi nəticələr özü-özlüyündə hər şeyi göstərir - «klassiklər» Pekində 7 çəki dərəcəsindən 6-da, qadınlarımız 3-də, sərbəst güləşçilər isə 7 çəki dərəcəsinin hamısında təmsil olunacaqlar».
Qeyd edək ki, Olimpiadaya hazırlıq məqsədilə Gənclər və İdman Nazirliyinə dövlət büdcəsindən 6 milyon manat ayrılıb. Daha sonra bilavasitə komandanın Pekində iştirakı, Pekində Azərbaycan günlərinin keçirilməsi, idmançıları lazım olan hər şeylə təmin etmək və sair üçün əlavə olaraq, 3 milyon manat ayrılıb.
Beləliklə, heç bir idman növü diqqətdən kənarda qalmayıb və onların hər birinə 20 min manat ayrılıb.
Oyunçuların turnir ərəfəsində yerli iqlimə uyğunlaşması məsələsi isə məşqçilərin öhdəsinə buraxılıb. Bu məqsədlə Pekinə üç aviareys təşkil olunur. Məsələn, cüdo üzrə milli komanda Çinə Bakıdan yox, Qazaxıstandan yollanacaq və Pekinə yaxın olan bu ölkə idmançıların iqlimə uyğunlaşmasına yardım edəcək. Gimnastlarımız isə Pekinə yollanmazdan əvvəl Yaponiyada olacaqlar. Ağır atletlərimiz də yarışa çıxışlarına az müddət qalmış qatılmağı planlaşdırsalar da, onlar «hadisə yeri»nə 8 gün əvvəl getməli olacaqlar: idmançılar bu müddətdə dopinq testindən keçməlidirlər.
Hazırda isə komandalar nəinki son təlim-məşqlərini yekunlaşdırırlar, həm də dördillik yarışa nöqsansız qatılmaq məqsədilə dopinq yoxlamasından keçirlər.
Proqnozlar və reallıqlar
«Bu gün Azərbaycanda idmanın inkişafına, həmçinin bilavasitə Olimpiadaya hazırlıq və orada iştiraka dövlət tərəfindən xüsusi diqqət göstərilir. Millilərin hazırlanması ilə əlaqədar bütün məsələlər, onların təchizatı, dava-dərmanla təmin olunmaları və s. məsələlər dərhal həll olunur. İndi söz atletlərindir. Lakin idmanda proqnozun mənasız iş olduğunu da unutmaq olmaz. Burada psixologiya, idmançının həmin andakı forması, elementar idman xoşbəxtliyi kimi nüanslar var», - deyə M.Rəhimov qeyd edib. - «Məsələn, Afinada boksçu Şahin İmanov rusiyalı rəqib Aleksandr Tişşenkodan çox üstün döyüşsə də, sona yaxın qaşı çatladığından, əsas mükafatı əldə edə bilməmişdi. Və ya Zemfira Meftəhətdinovanın 2000-ci il Olimpiadasına vald-kartla yollanmasına rəğmən çempion olmasını da misal göstərmək olar. Lakin statistika göstərir ki, bizim Olimpiadada əldə etdiyimiz nəticələr artan xətt üzrə inkişaf edir: əgər “Atlanta-96”da cəmi 1 gümüş qazanmışdıqsa, Sidneydə komandamız 2 qızıl və bürünc, Afinada 1 qızıl və 4 bürünc əldə etdi. Odur ki bu dəfə ən azı son nəticəni təkrarlamaq lazımdır».
Gənclər və idman naziri Azad Rəhimov öz növbəsində bildirib ki, o, heç zaman proqnoz verməsə də, Azərbaycan millisinin Pekində uğurlu çıxışına inanır. Komandanın Olimpiadadakı şanslarından danışan nazir seçmə mərhələdə yüksək nəticə göstərən güləşçilərin - həm «klassiklər»in, həm sərbəst güləşçilərini, həm də qadınların ümumilikdə 16 lisenziya əldə etmələrini xüsusi vurğulayıb. «Bizim pəhləvanlarımız olimpiadalarda daim uğurla çıxış ediblər və ümid edirəm, onlar bu dəfə də bizi sevindirəcəklər», - deyə A.Rəhimov bildirib.
Nazirin fikrincə, cüdoçuların, boksçuların, xüsusilə də dünya çempionatının bürünc mükafatçısı Samir Məmmədovun (54 kq) yarışda uğur qazanmaq şansları yüksəkdir: «Atçılıq idmanında son illər yüksək nəticələrə nail olmuş Camal Rəhimova da çox inanıram. Əlbəttə, idmanda proqnoz vermək çətindir, lakin düşünürəm, Camal Pekində layiqli çıxış edəcək». A.Rəhimov Sidney Olimpiadasının qızıl mükafatçısı Z.Meftəhətdinovanı da qeyd edib.
Nazir 55 kq çəki dərəcəsində sərbəst güləşçilər Namiq Abdullayevlə Namiq Sevdimov arasındakı rəqabətə də toxunub. Məlum olduğu kimi, Pekinə lisenziyanı qazanmış, həmçinin FILA-nın qızıl Qran-Pri yarışının finalında Abdullayevə qalib gəlmiş Sevdimov yollanacaq. «Biz bu məsələyə müdaxilə etmək hüququna malik deyilik. Hər şeyi məşqçi həll edir və heyəti o müəyyənləşdirir. Bəli, Olimpiya çempionu Namiq Abdullayev Pekinə yollanacaq, lakin yalnız turist qismində», - deyə A.Rəhimov bildirib.
Nazirin sözlərinə görə, Pekində qazanılacaq qələbələrə görə mükafatlar Afina Olimpiadasının qaliblərinə verilən mükafatlardan daha üstün olacaq: «Əvvəllər pul mükafatları dollarla hesablanırdısa, bu dəfə bu, manatla veriləcək».
MƏSLƏHƏT GÖR: