Müəllif: Sənan NADİROĞLU Bakı
Ənənəvi hal alan "Tur de Azerbaijan" veloyürüşü ilk dəfə olaraq meydan sahibinin qələbəsi ilə başa çatıb. Beş mərhələdən ibarət mötəbər yarışda yekun nəticəsində birinci olan "Synergy Baku" ölkə idmanı tarixində yeni səhifə açıb.
Nüfuzlu yarışın ilk mərhələsi Azərbaycanın "Synergy Baku" komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, ölkəmizin elit yığma komandasının şərəfini qoruyan Elçin Əsədov Dövlət Bayrağı Meydanından start götürən 154 km-dən ibarət marşrutun dağ mərhələsində hamıdan yaxşı nəticə göstərib və bununla da qırmızırəngli "AZAL" köynəyini əldə edib.
Sloveniyanın "Adria-Mobil" komandasının üzvü Marko Kump məsafəni hamıdan tez qət edib və bununla da mərhələ qalibinə verilən mavirəngli "Synergy" köynəyinə sahib olub. İtaliyanın "Androni Giocattoli" komandasının üzvü Françesko Kiki, "Synergy Baku" komandasının üzvü Maksim Averin isə liderdən cüzi fərqlə geri qalmaqla, müvafiq olaraq, 2-3-cü yerləri tutublar.
İkinci mərhələdə velosipedçilər 187 kilometr məsafə qət etməklə yürüşü İsmayıllıda başa vurublar. Bu mərhələni birinci Primoj Roqliç ("Adria Mobil") qət edib, ikinci yerə Matey Müqerli ("Synergy Baku"), üçüncü yerə isə Kristofer Horner ("Airgas Safeway") çıxıb.
Üçüncü mərhələdə iştirakçılar Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürərək, Oğuz - Şəki - Oğuz - Qəbələ marşrutu üzrə hərəkət ediblər. Ümumi uzunluğu 177 km olan mərhələni İrlandiyanın "An Post-Chain Reaction" komandasının üzvü Coşua Edmonson udub. Ondan cəmi 1 saniyə geri qalan Marko Kump ("Adria Mobil") ikinci, Matey Müqerli ("Synergy Baku") üçüncü olublar. "Synergy Baku" komandasının üzvü Aleksandr Surutkoviç dağ mərhələlərində daha uğurlu nəticə göstərərək, ən yaxşı dağ velosipedçisinə verilən qırmızırəngli "AZAL" köynəyinə layiq görülüb.
Yarışın növbəti günü idmançılar Qəbələ - Ağdaş - Yevlax - Mingəçevir marşrutu üzrə turnirin ən uzun mərhələsində hərəkət edərək, 205 km məsafə qət ediblər. Mərhələnin qalibi İsrailin "Cycling Academy Team" komandasının üzvü Daniel Turek olub.
Dörd mərhələdən sonra komanda hesabında Sloveniyanın "Adria Mobil" klubuna 42 saniyə uduzan "Synergy Baku" paytaxt küçələrində əla taktiki gedişlər nümayiş etdirərək, nəinki bu geriliyi aradan qaldırıb, hətta rəqibini 29 saniyə qabaqlamağı da bacarıb. Təmsilçimiz sonuncu mərhələdəki uğurlu çıxışı ilə 25 kollektiv arasında komanda hesabında 1-ci yerə çıxdı.
Uğurlarımız bununla da bitməyib - 3-cü mərhələdən etibarən, dağ mərhələlərində daha yaxşı nəticə göstərərək qırmızırəngli "AZAL" köynəyini ələ keçirən komandamızın üzvü Aleksandr Surutkoviç üstünlüyünü sonuncu mərhələdə də qoruyub, bununla da "Synergy Baku" "Tour d'Azerbaijan-2015"i qırmızı köynəklə başa vurub.
5-ci mərhələnin qalibinə gəlincə, məsafəni hamıdan tez qət edən Rusiyanın "Rusvelo" komandasının üzvü Sergey Firsanov finiş xəttini birinci keçib. Qazaxıstan yığmasının üzvü Aleksandr Şuşemoin və "Synergy Baku"nun üzvü Matey Müqerli qalibə cüzi fərqlə uduzmaqla 2-3-cü yerləri tutublar.
Beş mərhələdən sonra, "Adria Mobil"in üzvü Primoj Roqliç ümumi təsnifatda liderliyi və mavirəngli "Synergy" köynəyini özündə saxlayıb. İlk 10-luqda "Synergy Baku" komandasının 2 üzvü yer alıb - Matey Müqerli 3-cü, Maksim Averin isə 7-ci yeri tutub.
Sprinterlərin mübarizəsində Sloveniyanın "Adria Mobil" komandasının digər üzvü Marko Kump yaşılrəngli "SOCAR" köynəyinə yiyələnib. Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsinə gəlincə, Çexiyanın "Dukla Praqa" komandasının üzvü Frantişek Sisr bənövşəyirəngli "Ataholding" köynəyinə sahib çıxıb. Ən yaxşı azərbaycanlı velosipedçi üçün nəzərdə tutulan "AzVİF" köynəyinə isə Maksim Averin layiq görülüb.
24 ölkənin təmsil olunduğu yarışın qalibi olan Azərbaycan təmsilçisi bununla gələn ay start götürəcək ilk Avropa Oyunlarına hazır olduğunu nümayiş etdirib. Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov "R+"a açıqlamasında turnirin nəticələrini yüksək qiymətləndirib: "Məqsədimiz komandaların razı qalması idi. Turnir zamanı narazılıq edən olmayıb. İştirakçılarımız Azərbaycanla tanış olmaq imkanı qazandılar. Bu yarışı izləyənlər gördülər ki, ölkəmiz istənilən yarışı yüksək səviyyədə keçirmək gücündədir. Bununla Azərbaycanın Avropa Oyunları üçün tam hazır olduğunu və ölkəmizin istənilən səviyyəli yarışları ən yaxşı şəkildə təşkil etməyə qadir olduğunu növbəti dəfə göstərdik".
Təşkilatçılıqdan razı qalan Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov Bakının ilk Avropa Oyunlarına hazır olduğunu bildirib: "Tour d'Azerbaijan-2015"də təşkilatçılıq çox yüksək səviyyədə idi. Yarışın son mərhələsinin marşrutu Avropa Oyunlarına test xarakteri daşıdığı üçün təşəkkür edirəm. Əminliklə deyə bilərəm ki, Bakı günü sabah qitənin ilk Oyunlarını keçirməyə tam hazırdır. Komandanız - "Baku Synergy"də çox uğurla çıxış etdi. Böyük işlər görülüb. "Synergy Baku" çempion olmaqla yanaşı, dağ köynəyini də qazandı. Bu templə davam edərsə, "Tour d'Azerbaijan" daha nüfuzlu yarışlar arasına daxil olacaq".
Qeyd edək ki, ardıcıl 4-cü dəfə təşkil edilən nüfuzlu yarış "Eurosport" kanalı ilə canlı yayımlanıb.
MƏSLƏHƏT GÖR: