25 Dekabr 2024

Çərşənbə, 18:14

HAKİMLƏRƏ RƏĞMƏN

Hakimlərin aşağı xal verməsinə baxmayaraq, Azərbaycan idmançısı bədii gimnastika üzrə Avropa Çempionatının bürünc medalını qazandı

Müəllif:

12.05.2015

Bədii gimnastika üzrə Minskdə keçirilən sayca 31-ci Avropa Çempionatı idmançılarımızın parlaq çıxışıyla yadda qaldı. Kompozisiya, musiqi və hərəkət seçimi gimnastlarımızın mötəbər çempionatda mükafatlar uğrunda yarışmağa hazır olduğunu sübut etdi. 

Qrup hərəkətləri üzrə yeniyetmələrdən ibarət yığmamız Maykl Ceksonun "Smooth Criminal" musiqisinə bütün qitədə məşhurlaşan kompozisiyanı məharətlə nümyayiş etdirdi. Çətin hərəkətlərin öhdəsindən ustalıqla gələn gimnastlarımızın çıxışı tamaşaçıların alqışıyla müşaiyət olundu. Balaca gimnastların Ceksonun məşhur hərəkətlərini məharətlə yerinə yetirməsi ən yüksək qiymətə layiq idi. İlahə Məmmədova, Züleyxa İsmayılova, Dərya Sorokina, Simarə Cəfərova və Fatimə Cəfərovanın 5 topla göstərdiyi kompozisiya məşqçilərin seçiminin düzgün olduğunu sübut etdi. Təəssüf ki, hakimlər tamaşaçıların rəğbətiylə razılaşmadı və komandamızı layiqli qiymətləndirmədi. Nəticədə yığmamız Avropa Çempionatını 4-cü pillədə başa vurdu. 

Fərdi çıxışlara gəlincə Azərbaycanı Avropa Çempionatında yığmanın lideri Marina Durundayla yanaşı Ayşən Bayramova təmsil etdi. Gülsüm Şəfizadənin son məşqdə zədələnməsi gənc və perspektivli Ayşənə karyerasının ən böyük yarışında iştirak etmək şansı qazandırdı. Nəticədə gimnastımız məşqçilərin etimadını doğrultdu. Yekun sıralamada 16-cı olan gimnast növbəti qitə birinciliyində təmsil olunmaq imkanı əldə etdi.

Azərbaycan yığmasının lideri Marina Durunda haqda xüsusilə danışmağa ehtiyac var. Daim üzərində çalışan Durunda məşqçilərin tapşırığını böyük həvəslə yerinə yetirir. Buna görə də qitə birinciliyində ən böyük ümid məhz onunla bağlı idi. Gürz və lentlə çıxışlarda finala vəsiqə qazanan Durunda nümayiş etdirdiyi kompozisiya ilə hamını valeh etdi. Lentlə çıxışda təmsilçimiz bürünc medal qazanmaqla Avropada sözünü deməyi bacardığımı göstərdi. Maraqlıdır ki, lentlə çıxışdan sonra hakimlər gimnastımıza aşağı xal verməklə onu sıralamada 4-cü etmişdi. Amma Azərbaycan nümayəndə heyətinin etirazından sonra kompozisiyaya yenidən baxıldı və Durundaya layiq olduğu yüksək qiymət verildi. Beləliklə, Marina Durunda karyerasında ilk dəfə Avropa Çempionatında lentlə kompozisiyaya görə bürünc medala layiq görüldü. 

Bədii gimnastika üzrə Avropa Çempionatı hakimlərin qeyri-obyektivliyi ilə yadda qaldı. Təsadüfi deyil ki, millimizin baş məşqçisi Mariana Vasilyeva turnir zamanı 3 dəfə hakimlərin qərarına etiraz etməli oldu. Bu etirazlardan yalnız sonuncusu qəbul edildi və nəticədə, Marina Durunda bürünc medala qovuşdu. Həm Marina Durunda, həm də Ayşən Bayramovanın çıxışı barədə yalnız xoş sözlər demək mümkündü. 

Gimnastlarımızın uğurlu çıxışı məşqçilər heyətinin düzgün seçiminin nəticəsidir. Mariana Vasilevanın rəhbərlik etdiyi məşqçilər heyəti hər il gimnastlarımız üçün gözəl hərəkətlər və düzgün musiqi nömrəsi müəyyənləşdirir. Bu dəfə də gimnastlarımızın milli musiqi sədaları altında çıxışı xüsusi hisslər yaratdı. Mariana Vasilevanın rəhbərlik etdiyi məşqçilər korpusunun düzgün işi prinsipi gimnastlarımza ardıcıl 7-ci Avropa Çempionatında medal sevinci yaşatdı. Qeyd edək ki, idmançılarımız 2009-cu ildən başlayaraq bütün Avropa çempionatlarında mükafatçılar sırasında yer alıb. 

Hakimlərin qeyri-obyektiv qərar qəbul etməsiylə Avropa Gimnastika İttifaqı da razılaşır. Qurumun prezidenti Corc Gelzek "R+"a açıqlamasında hakimlərin işində səhvlərin olduğunu etiraf etməsi dediklərimizi təsdiqləyir: "Azərbaycan tərəfinin etiraz etməsi gimnastika ailəsində demokratiyanı göstərir. Etiraz qəbul edildi və gimnastınızın xalı dəyişdirildi. Mən təkrara baxdığım zaman hakimlərin düzgün qərar qəbul etmədiyini gördüm. Ona görə hakimlərdən qərarı düzəltməyi xahiş etdi. Bilirsiniz, hakimlər də insandır. Səhvdən heç kim sığortalanmayıb. Gələcəkdə biz hakimlərin işində bir qədər dəyişiklik etmək fikrindəyik. İstərdik ki, hakimləri oyunlara texniki komitəmiz deyil, Avropa Gimnastika İttifaqının vitse-prezidentləri təyin etsin".

Avropa Çempionatında bürünc medal qazanan Marina Durunda çıxışı barədə "R+"a danışıb. Millinin lideri qazanılan uğurdan sonra Avropa Oyunlarına daha böyük həvəslə hazırlaşacağını deyib: "Çox şadam ki, qitə birinciliyində medal qazanmışam. Karyeramda ilk dəfə Avropa Çempionatında bürünc medala layiq görüldüm. Ümumilikdə, bütün komandamız yaxşı çıxışla yadda qaldı. Ayşən Bayramova ilk dəfə iştirak etməsinə baxmayaraq, yaxşı təsir bağışladı. Qrup hərəkətləri üzrə millimiz isə sözün əsl mənasında hamını valeh etdi. Həm gürzlə, həm də lentlə hərəkətlərdə uğur qazanacağıma inamım var idi. Lentlə hərəkətləri çox sevirəm. Bürünc medalı da məhz bu növdə əldə etdim. Avropa Çempionatında iki Azərbaycan musiqisindən istifadə etdik. Mariana Vasilyeva və məşqçilər korpusunun sayəsində çox mükəmməl kompozisiya alındı. Gərgin məşqlərin bəhrəsini görəndə insan çox şad olur. Bürünc medal bizə bundan sonra da çalışmağa güc verəcək. Qarşıda bizi ilk Avropa Oyunları gözləyir. Avropa Oyunlarının Bakıda keçiriləcəyinə görə fəxr edirəm. Doğma azarkeşlər qarşısında çıxış etmək böyük xoşbəxtlikdir. Bütün fikrimi bu oyunlara yönəltmişəm. İstəyirəm ki, Avropa Oyunlarında adım medalçılar sırasında olsun. Bizi güclü rəqabət gözləyir. Bakıya ən güclü gimnastlar gələcək. İnanıram ki, idmançılarımız ümidləri doğruldacaq".

Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyevna gimnastların çıxışından razı qaldığını söyləyib: "İlk olaraq qrup hərəkətləri üzrə yeniyetmələrin çıxışından başlayaq. Onlar qitə birinciliyində Maykl Ceksonun məşhur musiqisi sədaları altında kompozisiya nümayiş etdirdilər. Qızlar, sözün əsl mənasında, hamını valeh etdi. Sadəcə olaraq layiqli qiymətlərini almadılar. Yekunda qrup hərəkətləri üzrə yığmamız 4-cü oldu. Hərçənd onlar medala layiq idilər. Onlar mükafatçılar sırasından kənarda qalmasında günahları yoxdur. Biz hər zaman olduğu kimi yolumuzu davam etdirəcəyik. Komandamız bundan sonra da güclənəcək və daha yaxşı çıxış edəcək. Mən istərdim, gözəl çıxışa görə qrup hərəkətləri üzrə komandanın üzvləri İlahə Məmmədova, Züleyxa İsmayılova, Darya Sorokina, Simara Çəfərova və Fatimə Cəfərovaya təşəkkür edim. Federasiya rəhbərliyi bizə lazımi şəraiti yaradıb. Ona görə hər yarışda yüksək yerlər uğrunda mübarizə aparmağa hazırıq. Əvvəlcədən Gülsüm Şəfizadənin çıxışı planlaşdırılırdı. Lakin sonradan onu Ayşən Bayramova əvəz etməli oldu. Ayşən bizim etimadı doğrultdu. Çətin hərəkətləri layiqincə, səhvsiz yerinə yetirdi və 16-cı oldu. Bu nəticə ona gələn il keçiriləcək Avropa Çempionatında iştirak etmək imkanı qazandırdı. Yeni qaydalara əsasən ilk 20-də qərarlaşan gimnastlar növbəti il keçiriləcək yarışa vəsiqə əldə edir. Ayşənin böyük potensialı var. Avropa Çempionatında ona bəslənilən ümidi doğrultdu. Yığmamızın bir nömrəsi Marina Durunda Avropanın güclülərindən olduğunu sübut etdi. Lentlə çıxışda Azərbaycan musiqisi sədaları altında etdiyi hərəkətlər hamını valeh etdi. Marina karyerasında ilk dəfə Avropa Çempionatında fərdi qaydada medala layiq görüldü. Durundanın uğuru hamımızı sevindirdi. Biz ondan daha böyük uğurlar gözləyəcəyik.

Mütəxəssis Avropa Çempionatı zamanı 3 dəfə hakimlərin qərarına etiraz etməsini belə izah etdi: "Gimnastlarımız layiq olduğu qiyməti almayanda bu bizə təsir edir. İstənilən hərəkətə görə mübarizəmiz davam edəcək. Əgər biz güclüyüksə, deməli, layiq olduğumuz xalı qazanmalıyıq. Buna görə Minskdə 3 dəfə etiraz etməli olmuşam. Sonuncu dəfə Marina Durundanın son çıxışına etiraz etdik. Bu dəfə hakimlər haqlı olduğumuzu etiraf edərək Durundanın xalını düzəltdi. Bu halda o bürünc medal qazandı. Azərbaycan gimnastları yarışdan yarışa güclənir. Sözsüz artıq digər ölkələr bizi ciddi rəqib kimi qəbul edir. Amma biz güclü olduğumuz halda layiq olduğumuz mükafatı əldə etməliyik".

Azərbaycan Gimnastika Federasiyasının baş katibi, Avropa Gimnastika İttifaqının vitse-prezidenti Fərid Qayıbov da nəticədən razı qaldığını söyləyib: "Azərbaycan gimnastları 2009-cu ildən etibarən ardıcıl olaraq bütün Avropa çempionatlarında medal qazanıb. Bu dəfə biz ardıcıl olaraq 7-ci qitə birinciliyində medala layiq görüldük. Sözsüz ki, gimnastikada ənənəvi olan favorit ölkələr var. Azərbaycan da həm qrup hərəkətləri üzrə, həm də fərdi mübarizədə mükafatlar uğrunda mübarizə aparmağa qadirdi. Minskdə göstərilən kompozisiyalar Azərbaycanda gimnastikanın inkişafda olduğunu göstərdi. Biz düzgün yoldayıq və bundan sonra da bu yolla davam edəcəyik".

Qrup hərəkətləri üzrə yeniyetmələrdən ibarət yığma medala layiq ustalıq nümayiş etdirdi. Federasiya rəsmisinin fikrincə hakimlərin qiymətləri onları ilk üçlükdən kənarda qoydu: "Qızlarımız sözün əsl mənasında yaxşı çıxış etdilər. Çətin kompozisiya hamı tərəfindən alqışla qarşılandı. Sonda hakimlərin qiymətləndirməsi onları ilk üçlüyə daxil etmədi. Biz onların çıxışını yüksək qiymətləndiririk. Bu komanda qitədə ən yaxşılar sırasındadır".

Fərid Qayıbov yarış zamanı hakimlərin etdiyi səhvlərin Avropa Gimnastika İttifaqı tərəfindən araşdırılacağını da söylədi: "Avropa Gimnastika İttifaqında ənənəyə uyğun olaraq həm idman gimnastikası, həm də bədii gimnastika üzrə Avropa Çempionatı təhlil olunacaq. Bu zaman hakimliyin müzakirə olunması gözlənilir. Ən azı bu məsələnin baxılmasını təklif edəcəm. Çünki, belə qiymətləndirmə davam edə bilməz".

Avropa Oyunlarına gəlincə, gimnastlarımız mötəbər yarışa hazırlığı davam etdirir. AGF-nin baş katibi artıq Avropa Oyunlarında iştirak edəcək idmançıların böyük ölçüdə məlum olduğunu dedi: "Qrup hərəkətləri üzrə yığmamız 6 gimnastdan ibarətdir. Heç bir problem olmasa, onların heyətində dəyişiklik olmayacaq. Marina Durunda liderliyini qoruyur, ona görə əminliklə demək olar ki, Avropa Oyunlarında iştirak edəcək. İkinci gimnastın adı ayın sonunda dəqiqləşəcək. Ayşən Bayramova Avropa Çempionatında özünü yaxşı tərəfdən göstərdi, eyni zamanda, bizdə Gülsüm Şəfizadə var. Son qərarı baş məşqçi Mariana Vasilyeva verəcək".



MƏSLƏHƏT GÖR:

694