Müəllif: Çingiz MƏMMƏDOV Bakı
Aprelin 28-29-da Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu keçirildi. Forumda dünyanın siyasi elitasının bir çox nümayəndələri iştirak edirdilər. Onlardan biri olan Polşanın sabiq prezidenti (1995-2005) Aleksandr Kvasnevski "R+" jurnalının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, hazırkı beynəlxalq vəziyyətin münaqişənin həlli prosesinə təsirlərilə bağlı suallarını cavablandırıb.
- Azərbaycan Prezidenti İlham Əliyev Bakı forumunun iştirakçılarını salamlayan zaman beynəlxalq münasibətlərdəki böhrandan, dünyanı ikili standartların idarə etməsindən, nəticədə oxşar münaqişələrə, problemlərə fərqli yanaşmaların ortaya çıxmasından danışdı. Misal Dağlıq Qarabağ münaqişəsidir.
- Cənab Əliyevin forumda səsləndirdiyi fikirlərlə tamamilə razıyam. Həyatımızda, münasibətlərimizdə əsaslanmalı olduğumuz başlıca prinsiplərdən biri yalnız beynəlxalq qanunlar yox, həm də ölkələrin ərazi bütövlüyü olmalıdır. Onların birtərəfli qaydada dəyişdirilməsi yolverilməzdir. Bu, istər Dağlıq Qarabağla, istərsə də Krımla bağlı da belədir. İndi BMT Təhlükəsizlik Şurasında əyləşən bütün ölkələrin qarşısında bir sual durur: "Bu problemi necə həll etməli?". Biz ya belə hallara imkan verməliyik, ya da verməməliyik. Yol vermiriksə, onda son illərdə qarşılaşdığımız bütün problemlər çözülməlidir. Burada isə söhbət bir münaqişədən getmir. Əlbəttə, dünyaya ünvanlanmış çox vacib sual həm də budur: ərazi bütövlüyünün qorunmasına necə qayıtmalı?
- Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın inkişafına mane olmur. Üstəlik ölkə iqtisadi artım templərinə görə dünyada liderlərdən biridir. Beşdəbir hissəsinin işğalının davam etməsi fonunda Azərbaycanın gələcəyilə bağlı görüşləriniz nədən ibarətdir?
- Azərbaycanın inkişaf edəcəyinə şübhəm yoxdur. Sən yaxşı siyasətçisənsə - mən özümü pis siyasətçi saymıram - bunu görməyə bilməzsən. Burada yaxşı resurslar var. 10 il Azərbaycanda olmamışam. Bakıda küçələri gəzdim, şəhərin necə inkişaf etdiyini gördüm. Böyük potensial hiss olunmaqdadır. Küçələrdə gənc insanların sayı çoxdur. Hiss olunur ki, onlar nəinki ümidlə, hətta inamla irəli gedirlər. Bu cür resurslara malik Azərbaycan üçün siyasi sabitliyin faydalı olacağına şübhəm yoxdur.
Bəs buna nə mane ola bilər? Əlbəttə ki, beynəlxalq vəziyyət, müxtəlif tipli regional münaqişələr. Buraya Ukrayna münaqişəsini də daxil etmək olar. Görünən odur ki, Ukrayna problemi hələ çox uzanacaq. Çünki yaranmış vəziyyətdən tezliklə çıxış yolunu görmürəm.
Dağlıq Qarabağa gəlincə... Bilirsiniz, mən bu problemin həllilə bağlı danışıqlarda iştirak etmişəm və onun həllinin uzaqda olmadığını düşünmüşəm. Amma illər keçsə də, heç bir yenilik yoxdur. Odur ki, bu problemlə bağlı da nikbin fikir söyləyə bilmirəm. Fikrimcə, hələ ki, həllə nail olmaq üçün işləri davam etdirəcəklər, milyonlarla qaçqın isə böyük problemlər içərisində olsa da həyatlarını sürəcəklər... nə etmək olar? Yenə də müharibənin, qurbanların olmaması yaxşıdır. Bu, münaqişənin ilk dövrlərindəki vəziyyətdən daha yaxşıdır.
- Rəsmi Bakı Avropa İttifaqı və ona daxil olan ayrı-ayrı dövlətlərin rəhbərliyinin Ukrayna, Gürcüstan və Moldovada separatçılığı birmənalı şəkildə pisləmələrinə rəğmən, Azərbaycanla bağlı eyni mövqe ortaya qoymamalarından narazılığını dəfələrlə ifadə edib. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanla bağlı vəziyyətdə heç kəs işğalçını açıq şəkildə işğalçı adlandırmaq istəmir. Doğrudanmı bu, Ermənistanın "xətrinə dəyməmək" üçün edilir?
- Fikrimcə, bu, əsas səbəbdir. Hamı 20 ildən artıqdır davam edən danışıqların müsbət nəticə verəcəyinə ümid edərək, bu addımı atmaq istəmir. Məncə, diplomatları ilk növbədə dialoqa inandıqları üçün, amma yaranan şanslardan istifadə olunmadığına görə söymək də düzgün deyil.
Digər tərəfdən, mən prezident olduğum dövrdə bu dialoqa özüm kömək etmişəm. Amma heç bir irəliləyiş görmürəm və buna görə özümü narahat hiss edirəm. Mən diplomatiyanın uğur gətirəcəyinə inanmaq istərdim.
- Riqada keçiriləcək "Şərq tərəfdaşlığı" sammitinə az qalır. Azərbaycan Avropa İttifaqının bu layihənin iştirakçısı olan ölkələrə onların xarici siyasi oriyentirlərinə, iqtisadiyyatına və digər amillərə əsasən yanaşmasını vacib sayır. Avropa İttifaqının şərqli qonşuları ilə yaxınlaşması ideyasının təşəbbüskarlarından olan dövlətlərdən birinin sabiq rəhbəri kimi, bu ideyaya münasibətiniz necədir?
- Düşünürəm ki, bu məsələdə mövqelər üst-üstə düşür. "Şərq tərəfdaşlığı"nda Aİ-nin Şərqdəki bütün tərəfdaşlarla bərabər dialoq aparması ideyası olmayıb. Əlbəttə ki, bu gün Azərbaycanı məsələn, Belarusla müqayisə etmək olmaz. Ölkələrin tam fərqli imkanları var. Vilnüsdə keçirilmiş son "Şərq tərəfdaşlığı" sammitində iştirak etmişəm. Orada bir sıra sənədlər imzalansa da, onlar Aİ ilə bu səviyyədə əməkdaşlıq etmək istəyən ayrı-ayrı ölkələr arasında imzalandı. Əlbəttə ki, bu müqavilələrin səviyyəsi və məzmunu fərqlidir.
Azərbaycan çox maraqlı tərəfdaşdır. İlham Əliyevin dünyada enerji təhlükəsizliyindən danışdığımız hazırki şəraitdə Azərbaycanın Avropa üçün mütləq şans olduğuna dair fikrini tam bölüşürəm. Çünki Rusiyaya aid hər şey qüvvəsindədir. Biz əlbəttə ki, Rusiya qazı olmadan Avropanın yaşaya bilməyəcəyini anlayırıq. Yeni imkan isə Azərbaycandır. Çünki sizin qazınız var və yaxşı infrastruktur olarsa, Azərbaycan qazını Avropaya satmaq mümkün olacaq. Fikrimcə, Aİ-Azərbaycan münasibətlərini daha da sürətləndirəcək bir çox belə vacib məqamlar var.
MƏSLƏHƏT GÖR: