15 Mart 2025

Şənbə, 00:26

PEKİN PROQNOZU

Çindəki olimpiya oyunlarına qatılacaq azərbaycan yığmasının heyəti, demək olar ki, məlumdur

Müəllif:

15.07.2008

Azərbaycanın Olimpiya yığmasının tərkibi, demək olar ki, məlumdur, indi, sadəcə, bəzi ştrixləri müəyyənləşdirmək qalır. Elə isə artıq idmançılarımızın Pekindəki şansları haqda danışmağın vaxtıdır. Axı Olimpiya Oyunlarının başlamasına cəmi 1 ay qalır. Beləliklə, 4 ilin ən vacib idman turniri Azərbaycan idmanına nə vəd edir?

 

16 atlet 

Medal qazanmağa namizədlərdən söz düşəndə, göz önünə ilk növbədə güləşçilər, boksçular və cüdoçular gəlir. Axı əvvəlki Olimpiadalarda bu idman növlərindən ilk ikisinin nümayəndələri uğurla yarışaraq, Olimpiya medalları əldə etməyi bacarmışdılar. İlk növbədə, söhbət bizim pəhləvanlarımızdan gedir. Özü də nəzərə alaq ki, budəfəki oyunlara pəhləvanlarımız çox geniş heyətlə qatılır: sərbəst və klassik güləşçilərimiz qızlarımızla birlikdə turnirə nə az-nə çox - düz 16 atletlə gedəcək. Burada hamının nəzərləri yunan-Roma stilində güləşən idmançılarımıza yönəlib. Çünki Afina Olimpiadasının triumfatoru Fərid Mansurov (66 kq) və Avropa çempionu Rövşən Bayramov (55 kq) ölkəmizi məhz bu stildə təmsil edirlər. 

Qeyd edək ki, Olimpiadanın seçmə mərhələsində bir çox skeptiklər Fəridin uğur əldə edəcəyinə inanmır, artıq 2 ildir zədədən əziyyət çəkən güləşçimizin Pekinə vəsiqə qazanmasını qeyri-real sayırdılar. Amma 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatı göstərdi ki, Mansurov əvvəlkitək ən yüksək yerlər uğrunda yarışmağa qadirdir. Hər halda, onun “doğma divarlar” arasında əldə etdiyi qələbə çoxlarını heyrətləndirdi, idmançımızın səviyyəsini və ustalığını nəzərə alsaq, onun Pekində də "qızıl"a ən real namizədlərdən biri olduğunu düşünməyə əsas var.

Pekinə yollanacaq güləşçilərimizin heyəti FILA-nın Bakıda keçirilən final Qran-prisi zamanı tam müəyyənləşdi. Çünki "klassik"lər və qadınlardan ibarət yığmamız Olimpiya Oyunlarına yollanacaq heyətini əvvəlcədən müəyyənləşdirdiyi halda, sərbəst güləşçilərimiz yekun heyəti bu turnirin yekunlarına uyğun qurmalı idi.

Xüsusilə nəzərə alsaq ki güləşçilərə fərdi lisenziya yox, çəki dərəcələri üzrə kvotalar ayrılır. Ona görə də seçmə turnirdə yüksək nəticə göstərən idmançılar da, nəzəri baxımdan, yığmadan kənarda qala bilər. Bu baxımdan bütün diqqət 55 kiloqrama qədər çəki dərəcəsinə yönəlmişdi, çünki burada Pekinə vəsiqə uğrunda seçmə turnirdə minimum məqsədə nail olmuş Namiq Sevdimov ilə Sidney Olimpiya çempionu Namiq Abdullayev mübarizə aparırdı. Odur ki finalda məhz bu iki idmançının üz-üzə gəlməsi çox məntiqi oldu. Bu qarşılaşmada gənclik üstün oldu və güclü rəqib üzərində qələbə qazanan Sevdimov Olimpiya yığmasındakı yerini möhkəmləndirdi.

 

İki boksçu 

Pekində əsas ümidimiz həm də boksla bağlıdır. Baxmayaraq ki 10 idmançımızın qatıldığı Afina Olimpiadasından fərqli olaraq Pekində ölkəmizi cəmi 2 boksçu təmsil edəcək. Amma bu məhz o haldır ki, hər şey kəmiyyətdən yox, keyfiyyətdən asılıdır. Çünki Azərbaycanı 54 kq çəki dərəcəsində təmsil edəcək Samir Məmmədov ustalığını günü-gündən artırır. Son bir neçə il ərzində o, Avropa çempionatının gümüş medalını, daha sonra Çikaqoda keçirilən lisenziyalı dünya çempionatında bürünc medal qazanıb, bu günlərdə isə Beynəlxalq Həvəskar Boks Federasiyasının Prezidenti Kubokunun qalibi olub. Və baxmayaraq ki adıçəkilən turnirlərlə müqayisədə Olimpiya Oyunları daha çətin və məsuliyyətli yarışdır, Pekində medal qazanmağa ən potensial namizədlər sırasında Samir ön sıralardadır. Boksçumuzun uğuruna inanan Azərbaycan Boks Federasiyasının rəhbəri Ağacan Əbiyev də Samirdən Pekində qələbə gözlədiyini gizlətmir.

 

6 cüdoçu 

Qarşıdan gələn Olimpiya Oyunları cüdoçularımız üçün də tarixi ola bilər, çünki onların medal qazanmaq imkanları çox yüksək qiymətləndirilir. Ən azı ona görə ki,  ilk dəfə olaraq Azərbaycan yığmasını Olimpiya Oyunlarında 6 cüdoçu təmsil edəcək, bu isə qələbə qazanmaq şansını xeyli artırır. Bu turnirdə gəncliklə təcrübənin vəhdəti olacaq komandamızın lideri, şübhəsiz, Elnur Məmmədlidir. Son 2 il ərzində bu cüdoçunun keçdiyi yolu qət etmək üçün bir çox idmançıya uzun illər lazım gəlir. 2006-cı ildə o, əsl sensasiya edərək Avorpa çempionu titulunu qazanıb, bir il sonra isə dünya çempionatında gümüş medala layiq görülüb. Və budur - indi o, Olimpiya çempionluğunun bir addımlığındadır. Odur ki, Pekində Elnurun, ən azı, mükafatçılar sırasına düşmək şansları çoxdur.

 

1 stend atıcısı  

Şübhəsiz, Olimpiadaya olan ümidlərimizi yalnız yuxarıda adı çəkilən 3 idman növü ilə məhdudlaşdırmaq düzgün olmazdı. Ən azı ona görə ki, digər idman növlərində də uğur qazana biləcək idmançılarımız az deyil. Əbəttə, söhbət ilk növbədə stend atıcısı, Sidney Olimpiadasının qalibi Zemfira Meftahətdinovadan gedir. Sidney Olimpiadasında olduğu kimi, Pekinə də idmançımız vald-kart hesabına düşüb, yəni öz gücü sayəsində lisenziya qazana bilməyib. Amma 8 il əvvəl bu amil ona "qızıl" qazanmağa mane ola bilməmişdi. Odur ki bu dəfə də ümidlər çoxdur. Zemfiranın Afinada “bürünc” qazandığını da nəzərə alsaq, onda belə nəticəyə gəlmək olar ki, Olimpiadada Zemfira həmişə uğurlu çıxış edir.

 

1 ağır atlet 

Qarşıdan gələn oyunlarda ağır atletlərimizə, xüsusilə də Nizami Paşayevə də ümidlər çoxdur. Düzdür, 2 illik diskvalifikasiyanı nəzərə alsaq, onun bu turnirə hansı formada qatılacağını indidən söyləmək asan deyil. Amma istənilən halda ağır atletimiz bu iki il ərzində qələbə üçün çox darıxıb və təbii ki, öz iddialarını hamıya nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxacaq. 

 

1 taekvondoçu 

80 kiloqram çəki dərəcəsində yarışan taekvondoçumuz Rəşad Əhmədov da qızıl medal qazanmaq üçün çox çalışacaq. Xatırladaq ki, Afina oyunlarında Rəşad əvvəlcə finalın, sonra isə bürünc medalın  cəmi bir addımlığında büdrəmişdi. Odur ki motivasiya baxımından idmançımızın problemi olmamalıdır. Ümidlərin nə qədər doğrulacağını isə oyunlar göstərəcək. 

 

Yalnız "təmiz" idmançılar 

Bu arada isə komandaların başı yalnız yekun mərhələlərdə təlim-məşq toplantılarına deyil, həm də dopinq-testlərə qarışıb. Çinə yola düşməzdən əvvəl milli komandamız respublikada 3 dəfə dopinq-testdən keçməlidir. Qeyd edək ki, bu təşəbbüs Antidopinq departamenti yaratmış Gənclər və İdman Nazirliyindən gəlir. Nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun sözlərinə görə, "zamanın tələbi" olan bu addım azərbaycanlı idmançıların ölkəmizi Olimpiya Oyunlarında layiqincə təmsil etməsinə yönəlib. "Bu yaxınlarda ölkəmiz Antidopinq Konvensiyasına qoşulub və biz üzərimizə müəyyən öhdəliklər götürmüşük. Odur ki bu öhdəliklərə qeyd-şərtsiz əməl etməliyik", - deyə M.Rəhimov vurğulayıb.

Nazirliyin bu təşəbbüsü həm də Azərbaycan idmanında yaranmış vəziyyətlə də bağlıdır: son illər ərzində bizim birdən-birə bir neçə idmançımız Ümumdünya Antidopinq Komitəsinin (WADA) "qara siyahısı"na düşüb. Elə təkcə diskvalifikasiyası yalnız bu yaxınlarda başa çatmış dünya və Avropa çempionu Nizami Paşayev və ya cüdo üzrə dünya çempionu Nicat Şıxəlizadəni xatırlamaq kifayətdir. Özü də Şıxəlizadə  artıq iki dəfə dopinqlə "tutulub". Və birinci dəfə Nicatın "gənclik səhvi" bağışlansa da, ikinci dəfə onu 4 illik diskvalifikasiya etdilər. 

Odur ki nazirliyin son təşəbbüsünün hansı səbəblərdən irəli gəldiyi aydındır.

WADA və Beynəlxalq Olimpiya Komitəsi dopinqə qarşı amansız müharibə elan ediblər və qadağan olunmuş preparatlardan istifadə edən istənilən idmançı növbəti Olimpiya Oyunlarına da buraxılmayacaq. Qeyd edək ki, artıq 8 çinli idmançı, o cümlədən Olimpiya Oyunlarına qatılmalı olan 2 idmançı dopinqdən istifadəyə görə diskvalifikasiya edilib. Cəzalandırılanlar sırasında üzgüçülər, atletlər, ağır atlet, güləşçi də var. Onlardan ikisi - güləşçi Ouyan Kunpen və güləşçi Lo Men ömürlük diskvalifikasiya olunublar. 

Təşkilatçılar oyunlar zamanı dopinq məsələsinə son dərəcə ciddi yanaşılacağını nümayiş etdirirlər. Olimpiada-2008-də Çində 41 dopinq-nəzarət stansiyası fəaliyyət göstərəcək, onlardan 34-ü Pekində, 7-si isə müxtəlif idman növləri üzrə yarışların keçiriləcəyi digər şəhərlərdə qurulacaq. Mütəxəssislər yarışın başlanmasına 24 və 72 saat qalmış idmançılardan analiz götürəcəklər. Ümumilikdə isə Olimpiya Oyunları zamanı 4,5 min analiz götürüləcək ki, bu da Afina oyunlarındakı göstəricidən az qala 1000 ədəd çoxdur.


MƏSLƏHƏT GÖR:

496