Müəllif: İrina XALTURİNA Bakı
Bu gün o, "İnterfaks-Azərbaycan"ın rəhbəridir. Amma Aleksandr Alekseyeviç İvanov ictimaiyyət arasındakı hazırkı nüfuzunu KİV sahəsində çalışmağa başlamazdan illəröncə də qazanıb.
Azərbaycanda yaşlı sovet nəslindən olan insanların demək olar ki, əksəriyyəti ümummilli lider Heydər Əliyevin SSRİ rəhbərliyini tərk etməsinədək onun mühafizəsinə başçılıq etmiş bu şəxsi yaxşı tanıyır.
Aleksandr İvanov görkəmli siyasətçi Heydər Əliyevlə bağlı xatirələrini ilk dəfə bölüşmür. Lakin onunla hər söhbət orijinal, yeni faktlarla zəngin olur. Hələ deyilməmiş çox şey var. Ümummilli liderin anadan olmasının 92-ci ildönümü ərəfəsində Aleksandr Alekseyeviç "R+"un Heydər Əliyevin fərdi xüsusiyyətləri, ətrafındakılara münasibəti və bir çox digər məsələlərlə bağlı suallarını cavablandırmağa lütfkarlıqla razılıq verdi.
- Heydər Əliyev haqqında saatlarla danışmaq olar. Onun müxtəlif vəzifələrdə gördüyü işlərin, müasir Azərbaycanın yaradılmasına töhfələrinin qiymətləndirildiyi, çıxışlarının, qərarlarının yer aldığı çox sayda kitab və məqalələr var... Amma, siz bəlkə də ən vacib olanı - Heydər Əliyevin insani keyfiyyətləri haqqında danışa bilərsiniz. Axı bunlar tarix dərsliklərində, siyasi materiallarda yer almır. Heydər Əliyevin xarakterində əsas məqamlar kimi nələri qeyd edərdiniz?
- Həqiqətən də, Heydər Əliyev haqqında saatlarla danışmaq mümkündür. Amma onun necə iqtisadçı, siyasi xadim, dövlət qurucusu olduğunu qiymətləndirmək mənə düşməz. Bunun üçün kifayət qədər səriştəli insanlar var və onlar artıq bu mövzuda çox danışıblar. Mən Heydər Əliyevin şəxsiyyətinin qiymətləndirilməsinə töhfəmi başqa işdə görürəm - xalqa, xüsusilə gənc nəslə onun nə qədər qeyri-adi şəxsiyyət olduğunun çatdırılmasında. Mənim bəxtim onda gətirib ki, mən Heydər Əliyeviçin həyatını hakimiyyətin "kulis arxasında" izləyə bilmişəm.
Düşünürəm ki, Əliyevin xarakterində ən vacib məqam onun işçiləri, ətrafında olan insanlar arasında yalana, qeyri-peşəkarlığa dözümsüzlüyü idi. Əgər o, insanın hansısa subyektiv səbəblərdən hər hansı işi görə bilmədiyini hiss edirdisə, vəziyyəti nəzərə alırdı və belə insanlara daha yaxşı yanaşırdı, nəinki uğursuzluqlarını, müvəffəqiyyfətsizliyini yalanla, saxta görüntülərlə gizlətməyə çalışanlara. O, hər zaman nəyisə gizlətməkdənsə, həqiqəti söyləməyə üstünlük verirdi. Heydər Əliyeviç sadiqliyi də çox yüksək qiymətləndirirdi. Lakin şəxsiyyətə deyil, işə sadiqliyi. Və kimisə bu və ya digər sahəyə təyin edəndə, hansısa sahəni etibar edəndə, bunu nəzərə alırdı.
- Onu həyatının müxtəlif dövrlərində görmüsünüz. Məsələn, Moskva dövrü heç də asan keçməyib. Amma o, hər zaman çox işləməli olub, daim səfərlərdə olub, bəzən çox stresli vəziyyətlərlə üzləşib. Heydər Əliyev iş gününü necə müəyyənləşdirirdi?
- Bu yerdə "kulisarxası həyat" məsələsinə qayıdaraq, bir məqamı qeyd etməmək olmaz: Heydər Əliyeviç o qədər məşğul olurdu ki, hətta bu "kulisarxası həyat" belə, yalnız onun özünə mənsub deyildi. Heydər Əliyev hər zaman çox çalışıb, onun çalışqanlığı, sadəcə, heyrətamiz idi. O zaman, əslində, hamımız xeyli cavan idik. Amma tez-tez yorulduğumuzu hiss edirdik. Heydər Əliyeviç isə daim enerjili idi. Bu, əlbəttə ki, onun bu enerjisi, şux görkəmi, iti hafizəsi bizdə qürur hissi yaradırdı. Həm Moskvada, həm də Bakıda işləyərkən, o, səhər saat 9-da iş başında olurdu. Şənbə günləri də işləyir və həftədə cəmi 1 gün - bazar günü dincəlirdi. Evə isə gecə saat 1-də, 2-də, 3-də qayıdırdı. "Vremya" verilişinə hər zaman işdə baxardı. Maraqlıdır ki, 1982-ci ildə işə başladığı Kremldə çalışdığı zaman biz bildik ki, sən demə, orada nahardan sonra yuxulamaq ənənəsi var imiş. Bunu başa düşmək olar. O zaman əksər işçilər, o cümlədən Nazirlər Kabinetinin rəhbəri Tixonov yaşlı insanlar idilər və yorulurdular. Heydər Əliyeviçin Kremlə gəlişindən 2 həftə sonra, xidmətçi heyət məndən təəccüblə Əliyevin niyə yatmadığını soruşdu. Bu suala Heydər Əliyeviç, əlbəttə ki, gülmüşdü...
Heydər Əliyevin qrafiki, adətən, çox sıx olurdu - müxtəlif görüşlər, tədbirlər, qonaqlarla, nümayəndə heyətləri ilə danışıqlar, ezamiyyətlər... Bundan başqa, Azərbaycanda birinci katib işləyən zaman o, daim rayonlara səfərlər edir, xüsusilə əkin, pambıq yığımı, buğda biçimi, üzüm yığımı zamanı belə səfərlər daha sıx olurdu.
Yeri gəlmişkən, Heydər Əliyevi rayonlara səfərlər zamanı onu əksər hallarda həmin dövrdə tətildə olan İlham Əliyev müşayiət edirdi. 17-19 yaşlarında bu gəncin, əslində, istirahət vaxtı idi - dəniz, günəş, meyvə və s. Amma o, atası ilə səfərə getməli idi. Üstəlik, Heydər Əliyeviç bu zaman onun üçün heç bir xüsusi şərait yaratmırdı və İlham Əliyev atası ilə birlikdə "ZİL"də yox, arxadan gələn, DTK-nın mühafizə maşınında gedirdi. Təhlükəsizlik qaydalarına görə, bu maşının pəncərəsi açıq olmalı idi. Yollar isə o zaman indiki kimi deyildi. Nəticədə, yolun bütün toz-torpağı arxada gələn mühafizə maşınındakı sərnişinlərin üzərinə çökürdü. O zaman iclas zallarında kondisioner də yox idi. İclas isə saatlarla davam edə bilərdi. Bir sözlə, bütün bunlar sırf fiziki baxımdan heç də asan deyildi.
- Moskvada iş yəqin ki, daha intensiv idi. Hər halda, miqyas məsələsi var...
- SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini olarkən Heydər Əliyeviç 20-dən artıq nazirliyi, komitəni, ümumittifaq əhəmiyyətli şöbələri kurasiya edirdi. Üstəlik, bunlar tamamilə fərqli profili qurumlar idi. Məsələn, Yollar və Rabitə Nazirliyi, Mədəniyyət Nazirliyi, Nəqliyyat Tikintisi Nazirliyi və s. İndi Fövqəladə Hallar Nazirliyi var. O zaman isə Əliyev öz postunda həm də "fövqəladə vəziyyətlər üzrə menecer" idi. Haradasa nəsə baş verdikdə, hökumət komissiyasına başçılıq məhz ona tapşırılırdı. Heydər Əliyeviç bu gün Rusiyanın ən vacib nəqliyyat magistralı olan Baykal Amur Magistralının tikintisinə də böyük töhfə verib. Bu yolun tikintisi üzrə komissiyaya rəhbərlik edən Əliyevədək partiyanın məsul işçilərindən heç biri orada olmamışdı. Heydər Əliyeviç isə bilirdi ki, BAM-ın tikinti gedən hissəsi ilə bilavasitə tanışlıq işlərin ölü nöqtədən tərpənməsinə təkan ola bilər. Səfər çətin şəraitdə 10 gündən çox uzanırdı. Severomuyski tuneldə, dərinlikdə ilk dəfə Nazirlər Sovetinin, yaxın vilayət və rayonlarının rəhbərlərinin iclası keçirilmişdi. İclasa qatılan hər kəs fəhlə geyimində idi - çəkmədə, sırıqlı. Onlar aşağı, dizədək qrunt sularının içərisinə düşmüşdülər... Onun bu inadkarlığı, iradəsi, peşəkarlığı tikinti işinin doğurdan da ölü nöqtədən tərpənməsinə səbəb oldu.
- Onun çalışqanlığını qoruyub-saxlamasına nə kömək edirdi? Məlumdur ki, Heydər Əliyev idmanla məşğul olmağı sevirdi. Bir gün belə, idmansız keçinməməyə çalışdığı haqda deyilənlər doğrudurmu?
- Bəli, doğrudur. Biz həmişə onu səhər saat 6-da domofon rabitəsi vasitəsilə oyadırdıq. Bəzən, xüsusilə zəngə uzun müddət cavab vermədikdə, onu bu cür tezdən oyatmaq xoş olmurdu. Amma Heydər Əliyeviç hər dəfə dəstəyi qaldırır və deyirdi: "Sabahınız xeyir!". "Gənclik"dəki iqamətgahında olarkən, 40-45 dəqiqə iti addımlarla gəzirdi. Bundan sonra bədən tərbiyəsi metodistinin rəhbərliyi ilə xüsusi hərəkətlər edir, sonda qapalı hovuza yollanırdı.
Yayda isə Heydər Əliyeviç Zuğulbada piyada dənizə enir, uzun-uzadı, ən azı, 50 dəqiqə üzürdü. O, əla üzgüçü idi. 1982-ci il dekabrın 7-də Moskvaya köçdüyümüz zaman, bu idman qrafikini də "özümüzlə apardıq". Orada havanın hərarəti mənfi olsa da, elə səhəri gün Əliyev gəzintiyə çıxdı. Bu, onun formada qalmasına, bütün gün boyunca enerjili olmasına kömək edirdi.
- Bəs onun barəsində əfsanələrin dolaşdığı nadir yaddaşı? Fikrinizcə, bu, genetik amil idi, yoxsa öz üzərində ciddi işləməyin nəticəsiydi?
- Öz üzərində işləmək, anadangəlmə istedad - hamısı birlikdə. O, heç zaman bu və ya digər sahəyə aid biliklərini ekspertlərin biliklərindən yuxarı tutmur, heç zaman soruşmaqdan utanmırdı. Məsələn, səfər zamanı bizi "Vremya" verilişinin baş redaktoru Kaleriya Kislova müşayiət edirdi. O, hazır materialı dinlədi və Əliyevə düzəliş verərək, hansısa sözdə vurğunu düz qoymadığını bildirdi. Heydər Əliyeviç bunu nəzərə aldı, səhvi düzəltdi və çıxışında bu sözü 15 dəfə təkrar elədi. Yeri gəlmişkən, onun çıxışları hər zaman tezislər şəklində hazırlanırdı. Qalan hər şey improvizə olurdu. Heydər Əliyeviç adları, tarixləri, sifətləri çox yaxşı yadında saxlayırdı. İnsanı bir dəfə görür, sonralar onunla digər məkanda rastlaşdıqda deyirdi: "Sən burada nə gəzirsən? Axı sən Ucarda yaşayırdın...". Belə vaxtlarda biz onun yaddaşına, sadəcə, həsəd aparırdıq.
- İstənilən siyasətçi, xüsusilə də Heydər Əliyev kimi böyük siyasətçilər üçün hər şəraiti olan arxa cəbhə, yəni, ailə vacibdir. Heydər Əliyev üçün ailə nə demək idi?
- Bu ailədə daim hər kəs bir-birinin qayğısına qalırdı, bir-birinə dayaq olurdu, ənənələrə daim əməl edilirdi. Halbuki, iş qrafikinin sıxlığı üzündən, Əliyev uşaqları ilə çox məşğul ola bilmirdi. Bazar günləri onların hər biri üçün təsəlli idi - birlikdə nahar edirdilər, gəzirdilər. Heydər Əliyeviçlə Zərifə Əzizovnanın münasibətləri hazırkı gənclərə nümunə sayıla bilər. Onlar bir-birlərini çox sevir, hörmət edirdilər. İnsanların yanında hər zaman bir-birlərini adları və atalarının adları ilə çağırardılar. Zərifə xanım Heydər Əliyeviçin qayğısına qalır, ona kömək edir, dəstək olurdu. Bizdə elə bir adət var idi ki, harasa çatan kimi, ilk olaraq ona xəbər verirdik - hər şeyin qaydasında olduğunu ilk olaraq o bilirdi. Bağ evində yaşadıqda o, hər zaman Heydər Əliyeviçin maşınının arxasınca su atardı. O, mərd qadın idi. Bir dəfə xüsusi reyslə Moskvadan qayıdırdıq. Təyyarədə Zərifə xanımla mən də var idim. Qəflətən fövqəladə vəziyyət yarandı. Vəziyyət pis idi. Aeroportda "təcili yardım", yanğındanmühafizə maşınlarının yığışdığını, Vnukovo şosesinin bağlı olduğunu görürdük. Təyyarə bir saat idi Moskva üzərində fırlanırdı. Artıq hamı, o cümlədən mən də həyatla vidalaşmışdıq. Zərifə Əzizovnanın dilindən özü haqqında bir kəlmə giley, narahatlıq eşitmədim. O yalnız bir şeyi təkrarlayırdı: Heydər Əliyeviç bunu eşidəndə nələr çəkəcək, uşaqların taleyi necə olacaq. O, hətta ağır xəstə olduğu zaman belə, hər zaman özünə fikir verir, gözəl geyinir, daim gülümsəyirdi. Əlbəttə ki, Zərifə Əzizovnanın vəfatı Heydər Əliyeviçə və uşaqlara çox təsir göstərdi. O zaman hamımız üçün ağır günlər idi...
- Heydər Əliyevin işçilərinə münasibəti necə idi?
- Mən bu haqda öz timsalımda danışa bilərəm. 1985-ci ildə Qorbaçov SSRİ KP MK-nin birinci katibi olan kimi, xanımı ilə birlikdə bütün mühafizə rəhbərlərinin heç bir səbəb olmadan dəyişdirilməsi haqqında qərar qəbul etmişdi. Sonralar Heydər Əliyev mənə danışırdı ki, DTK rəhbərliyindən ona zəng vuraraq, mənim də vəzifəmdən kənarlaşdırılmalı olduğumu deyiblərmiş. Zəng vuran şəxs bunun səbəbini açıqlamır və sadəcə, göstərişin yuxarıdan gəldiyini bildirirdi. Belə olduqda Əliyev DTK-nın rəhbəri general Viktor Çebrikova zəng edir. Çebrikov da göstərişin səbəbini bilmədiyini, üstəlik, öz mühafizəsinin rəisini artıq dəyişdiyini deyir. Nəticədə, Heydər Əliyeviç mənim məsələmi şəxsən Qorbaçovla həll edir. O, mənə görə məsuliyyət hiss etdiyini, vətənimdən ayırdığını,səbəbsiz yerə vəzifədən kənarlaşdıra bilməyəcəyini söyləyir. Beləliklə, Siyasi Büronun 20-dən artıq üzvünün hər birinin mühafizəsinə yeni rəhbər təyin olunur, mən isə yerimdə qalıram...
Zərifə Əzizovna da insanlarla çox mehriban idi. O, heç kəsə hər hansı sosial məhdudiyyət qoymazdı. Bizim hər birimiz nahar etmədən o, nahar etməzdi.
- Siyasətçi həyatının böyük hissəsini kostyumda keçirir. Xüsusilə sovet illərində xarici görünüşlə bağlı tələblər son dərəcə sərt idi. Heydər Əliyeviç geyiminə, xarici görünüşünə necə yanaşırdı?
- Geyimlə bağlı bir maraqlı məqamı danışa bilərəm. Bir gün Moskvada yenicə dəbə minmiş açıq rəngli yay fin kostyumlarını gördüm. Onu Zərifə Əzizovnaya göstərdim və o, əvvəlcə kostyumu mənim almağımı məsləhət gördü ki, buna Heydər Əliyeviçin reaksiyasını yoxlasın. Kostyumu geydiyim zaman, ozamankı rəisim məni danladı və Əliyevin də məni danlayacağını söylədi. Amma əynimi dəyişmədim. Düşündüm ki, hər şey qaydasındadır - köynək, qalstuk, gödəkcənin altında gizlədilmiş tapança... Səhər operativ vəziyyəti yoxlamaq üçün rayona gedirdim. Saat 8-in yarısında vaqona yaxınlaşdım, Heydər Əliyeviç hər kəslə görüşdü və maşina əyləşdi, qapı bağlanan kimi dedi: "Ay səni, "stilyaqa"! Volodyanı (bu onun dərzisi idi) çağır və bu kostyumunu da gətir". Beləliklə, Əliyevin qarderobunda belə kostyumlar peyda oldu - bejrəngli, yaşılımtıl, göyümtül. Bundan sonra hər kəs belə kostyumlarda gəzməyə başladı. Bu, Anqola, Koreya, Mozambik, Vyetnama səfərlər zamanı bizə çox kömək oldu.
- Bu cür siyasətçinin, məmurun mühafizəsinin təşkili böyük diqqət, peşəkarlıq, konkret, işə köklənmə tələb edən çətin vəzifədir. İşinizlə əlaqədar çox məqamı xatırlayırsınız. Amma yəqin, bəzi gülməli hadisələr də yaşanıb. Axı Heydər Əliyev yumor hissini yüksək qiymətləndirir, özü də zarafat etməyi sevirdi...
- Diqqət yetirsəniz görərsiniz ki, o, əksər şəkillərində gülümsəyir. Gülümsəmədiyi şəklini nadir halda görə bilərsiniz. Heydər Əliyeviç çox fotogenik şəxsiyyət idi və yeri gəlmişkən, onun yumor hissini göstərən məqamlardan biri məhz foto ilə bağlı olub. Elə alınmışdı ki, Əliyevin məhz bədii fotoportreti yox idi. Məşhur sovet fotoqrafı Eduard Pesov məndən Heydər Əliyeviçi onun fotostudiyasına baş çəkməyə razı salmağımı istəmişdi. Məqsəd bədii portretin çəkilməsi idi. Günlərin birində biz bazar günü fotostudiyaya yollanmaq qərarına gəldik. Amma Əliyev mənə tapşırdı ki, bu haqda heç kəsə heç nə deməyim. Çünki bu halda sakit şəkildə maşına oturaraq, tez bir zamanda ora gedib, geri dönəcəkdik. Amma bu, heç cür mümkün olmadı - Kremldə mühafizə çox ciddi idi. Növbətçiyə xəbər vermədən maşınla oranı tərk etmək mümkünsüz idi. Zərifə xanım dünyasını dəyişdikdən sonra, Heydər Əliyeviç tez-tez Novodeviçi qəbiristanlığına baş çəkirdi və bu zaman orada operativ mühafizə əməkdaşlarının olmamasını xahiş edirdi. Amma qəbiristanlıqda gizli şəkildə mühafizəçilər yerləşdirmək çətin deyil. Studiyaya getməzdən əvvəl işçilərimizə "Novodeviçe variantı" ilə işləyəcəyimizi dedim. Yəni, heç kəs gözə görünməsin. Yaxşı əhvalda gedir və həyətə girirdik, birdən nə görsək yaxşıdır? Orada əməlli-başlı parad təşkil olunub - rayon partiya komitəsinin birinci katibi, DTK-nın rəisi, milis rəisi. Əliyev elə maşındaca məni danlamağa başladı ki, heç kəs heç nə bilməməli idi və s. Heydər Əliyeviç fotoatelyedən çıxdıqda isə mən, əlbəttə ki, artıq tək idim. Geri qayıdırıq, əhvalım pis idi və o, təbii ki, bunu hiss edirdi. Ona görə də mənə deyir: "Bax, görürsən, istəyəndə bacarırsan". Cavab verdim ki, onda SSRİ-nin dövlət xadimlərinin və qonaqlarının mühafizəsinə dair Siyasi Büro tərəfindən təsdiqlənmiş bütün sənədləri dəyişmək lazımdır. Heydər Əliyeviç buna zarafatla cavab verdi: "Birdən şəxsi işlərimin dalınca gedəsi olsam - əlbəttə ki, gedən deyiləm - amma yenə də, birdən getsəm, onda nə edəcəksən?". Dedim, onda hasarın üstünə çıxıb orada oturacağam. Beləliklə, o, vəziyyəti zarafatla düzəltdi. Halbuki, hər şeyi olduğu kimi saxlaya bilərdi... Bu da onun xarakteri, insanlara münasibəti haqqında çox şeydən xəbər verirdi.
MƏSLƏHƏT GÖR: