15 Mart 2025

Şənbə, 00:28

DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHD, YOXSA SİYASİ ŞOU?

Ədalət və inkişaf partiyası gizli ekstremist təşkilata qarşı cinayət tədqiqatı ilə hakim partiyanın bağlanması ehtimalı arasında əlaqəni istisna edir

Müəllif:

15.07.2008

Son vaxtlara qədər "Ergenekon" ifadəsi adi türklər üçün heç bir siyasi məna kəsb etmirdi: onlar üçün "Ergenekon" qanlı döyüşlərdən sonra sağ qalmış döyüşçülərin sığındığı mifik ərazi anlamına gəlirdi. Rəvayətə görə, sonradan "Boz qurd"un açdığı yolla mühasirədən çıxmış türk millətinin əsasını məhz həmin döyüşçülər qoyub.

Amma 13 ay əvvəl bu adda gizli ekstremist təşkilatın yaranması ilə bağlı məlumatın meydana çıxması ilə vəziyyət köklü surətdə dəyişdi. Söhbət bu qrupa daxil olan şəxslərin mövcudluğundan daha çox, onların hədəflərindən, yəni dövlət çevrilişinə hazırlıqdan gedirdi. İndiyədək iki dəfə (1960-cı il mayın 

17-si və 1980-ci il sentyabrın 12-si) dövlət çevrilişi yaşamış türklər sonradan demokratik cəmiyyətə qayıdışın nə qədər çətin olduğunu yaxşı xatırlayırlar.

Bütün bunlar Türkiyə  tarixində ən böyük cinayət  tədqiqatına səbəb oldu. Türkiyənin Daxili İşlər Nazirliyi bəyan etdi ki, "Ergenekon" təşkilatının üzvləri bir sıra terror aktları, adam oğurluqları və mitinqlər hazırlayırlarmış. Bütün bunlar isə sonda ötən il iyulun 7-də ölkədə hərbi çevriliş ilə yekunlaşmalı imiş. Plana görə, həmin gün böyük şəhərlərdə solçu qeyri-hökumət təşkilatlarının təşkilatçılığı ilə izdihamlı mitinqlər başlamalı idi. Daha sonra isə polislə toqquşmalar nəticəsində xaos yaranmalı, vəziyyətdən istifadə edən hərbçilər isə Ərdoğan hökumətini devirməli idilər.

Çevrilişə hazırlıq tamamilə məxfi şəraitdə aparılırdı və qiyamın üstü sırf təsadüf nəticəsində - İstanbul polisinin ötən il iyunun 12-də şəhərdə apardığı adi əməliyyat zamanı açıldı. İstanbulun Umraniyə bölgəsindəki əməliyyat nəticəsində 27 qumbara aşkar edən polis orqanları cinayətkar qismində istefada olan kapitan Oqtay Yıldırımı istintaqa cəlb etdilər. Onun evində aparılan axtarış zamanı isə sonradan "Ergenekon"un digər üzvlərinin də həbsinə rəvac vermiş gizli sənədlər aşkar edildi.

Hadisələr bu il yanvarın 22-də birbən-birə 33 nəfər tanınmış şəxsin həbsi ilə davam etdi. Saxlanılanlar arasında istefada olan general Vəli Kiçik də var idi. "Ergenekon" üzvlərinin həbsi məqsədi ilə əməliyyatlar eyni vaxtda 6 əyalətdə 24 müxtəlif ünvanlarda keçirildi. İstintaq nəticəsində məlum oldu ki, təşkilatın üzvləri məqsədlərinə nail olmaq üçün hər şeyə, hətta terrorçu Kürd Fəhlə Partiyası (PKK) və solçu ekstremist "DHKP-C" təşkilatı ilə əməkdaşlığa da gediblərmiş. Qiyamçılar 4-5 gün ərzində bütün "islamçı elementlər" - hakim partiyanın üzvləri, həmçinin "Nurçular" dini hərəkatının lideri Fətullah Gülənin tərəfdarlarının fiziki cəhətdən məhvini hazırlayırmışlar.

İstintaq orqanları rəsmən bəyan etdilər ki, "Ergenekon"un üzvləri, hətta baş nazir Rəcəb Tayyib Ərdoğanın da fiziki məhvini hazırlayırmışlar: hökumət başçısı Ankaradakı körpülərdən birinin açılışı zamanı öldürülməli idi.

Qeyd edək ki, "Ergenekon"un əsasını ultrasolçu Fəhlə Partiyası təşkil edirdi. Təsadüfi deyil ki, çevriliş günü xalqa elan olunacaq manifesti məhz bu partiyanın lideri Doğu Periçek oxumalı idi.

Maraqlıdır ki, bütün sui-qəsdləri terrorçular həyata keçirməli idilər. Amma buna inanmaq çox çətindir. Axı istintaq orqanlarının məntiqinə görə, "Ergenekon"un başında istefada olan generallar dayanırdı, onlar isə bütün həyatlarını məhz terrorçulara qarşı mübarizəyə həsr etmişdilər. Təşkilatın məqsədlərinin çox ziddiyyətli olması da təəccüb doğurur: bir tərəfdən bu təşkilat dünyəviliyin əsasını qoymuş Mustafa Kamal Atatürkün nəsihətlərini əsas götürür, digər yandan isə atatürkçülüyə qarşı çıxan terrorçularla əməkdaşlıq edirlər. Ziddiyyət göz qarşısındadır.

Buna baxmayaraq, aybaay təşkilatın fəallarının - Ərdoğanın əleyhdarları olan istefadakı hərbçilər, siyasətçilər, jurnalistlər, biznesmenlər, ali məktəb müəllimlərinin həbsləri davam edirdi. "Ergenekon"un üzvlərinin həbsinə dair ən böyük əməliyyat bu yaxınlarda - iyulun 1-də keçirildi. Həmin gün ölkənin müxtəlif şəhərlərində birdən-birə 22 nəfər tanınmış şəxs, o cümlədən birinci səhra ordusunun sabiq komandanı, istefada olan general Xürşid Tolon, briqada generalı Şener Eruygün, Ankaranın Ticarət Palatasının rəhbəri Sinan Aygün, "Cümhuriyyət" qəzetinin paytaxt bürosunun rəhbəri Mustafa Balbay həbs edildi. Ümumilikdə isə həbsə alınanların sayı 58-ə çatdı. İstintaqın iddiasına görə, təşkilata rəhbərlik edən istefada olan 2 general Tolon və Eruygünə qarşı Türkiyə Cinayət Məcəlləsinin terrorizm maddəsi (maddə 312 və 314) ilə cinayət işi açıldı. Bu maddələr istənilən dövlət çevrilişi cəhdinə görə, əfv hüququ olmadan ömürlük həbs cəzasını nəzərdə tutur.

Qeyd edək ki, dövlətin dünyəvilik prinsiplərinin əsas müdafiəçisi sayılan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərarganı dərhal qiyamçılarla hər hansı əlaqəsinin olmadığını bəyan etdi. Ölkənin Quru Qoşunlarının komandanı, general İlkər Başbuğ (avqustun 31-də onun Baş Qərargahın rəisi seçiləcəyi gözlənilir) KİV-də qiyamçılarla ordu rəhbərliyinin əlaqəsi haqda yayılan məlumatları dərhal təkzib etdi.

Yeri gəlmişkən, hərbçilərin dövlət çevrilişinə hazırlığı haqda məlumat Türkiyə mətbuatında hələ 2003-2004-cü illərdə yayılmışdı. O zaman ictimaiyyətə "Sarıkız" və "Ayişığı" şərti adları altında dövlət çevrilişi əməliyyatı hazırlanmasına dair məlumat verilmişdi. Lakin sonradan bu məlumatlar təkzib olundu. Ədalət naminə qeyd edək ki, bu dəfə istintaq orqanları istefada olan general Vəli Kiçiyin qiyamla əlaqəsi haqda məlumatı birbaşa Baş Qərargahdan alıblar.

"Ergenekon"la bağlı açılmış cinayət işi artıq 2500 səhifəni ötüb. Halbuki, hələlik həbs olunanlardan heç biri öz günahını boynuna almayıb, əksinə, baş verənləri Ərdoğan hökumətinin qurduğu siyasi şou adlandırırlar.

Üstəlik baş verənləri "Türkiyə tarixinin ən böyük fırıldağı" adlandıran müxalifətçi Xalq Cümhuriyyət Partiyasının lideri Dəniz Baykal da həbs olunanlara dəstək verib. Onun sözlərinə görə, ümumiyyətlə "Ergenokon" adlı təşkilat mövcud deyil. "Bu, hökumətin öz rəqiblərini sıradan çıxartmasına yönəlmiş iftiradır", - deyə Türkiyənin hazırkı baş nazirinin opponenti olan D.Baykal qeyd edib.

"Ergenokon"a qarşı iddiaların nə qədər əsaslı olduğunu məhkəmə müəyyənləşdirəcək. Amma artıq bu gün həm Türkiyənin daxilində, həm də xaricində əksər siyasətçi və ekspertlər bu işin ideoloji xarakter daşıdığı qənaətindədirlər. Türkiyə KİV-i isə hakim partiyanın bağlanması prosesi ilə bu cinayət işinin bir başa əlaqəli olduğunu yazır.

Artıq gələn ay Konstitusiya Məhkəməsinin ƏİP-in bağlanmasına dair yekun qərar verəcəyi gözlənilir. Baş prokuror Əbdürrəhman Yalçınqayanın iddiası təsdiqlənərsə, hakim partiya nəinki qapadılacaq, həm də Ərdoğan başda olmaqla, partiya rəhbərliyinin siyasi fəaliyyətlə məşğul olmasına 5 il müddətinə qadağa qoyulacaq. Xatırladaq ki, Türkiyə tarixində indiyədək Konstitusiya Məhkəməsi "dünyəvilik prinsipini pozduğuna görə" siyasi partiyaların fəaliyyətinə 4 dəfə qadağa qoyub. Özü də maraqlıdır ki, bu partiyalar həmişə Ərdoğanın siyasi müəllimi hesab edilən keçmiş baş nazir Nəcbəddin Ərbakan başçılıq edib.

Beləliklə, 2000-ci ildən başlayaraq, parlamentdə mövqelərindən məhrum olmuş müxalifət hökumət və parlamentə yalnız bir vasitə ilə - Konstitusiya Məhkəməsinə müraciətlə təsir göstərməyə çalışır. Son illər Türkiyə parlamentində qəbul olunmuş əksər qanunlarla bağlı müxalifət Konstitusiya Məhkəməsinə müraciət edib və bir çox hallarda hakim partiyanın opponentlərinin iddiaları təmin edilib. Və təbii ki, bu taktikanın uğurlu olduğunu görən müxalifət daim eyni vasitədən istifadə etməyə çalışır.

Təsadüfi deyil ki, son illər ərzində Ərdoğan hökumətinə böyük zərbəni də məhz Konstitusiya Məhkəməsi vurub - ali məktəblərdə hicaba qoyulan qadağanın aradan qaldırılmasına dair qərarın ləğvi ƏİP-in mövqelərinin zəifləməsinə yönəlib. Çünki bu qərar Ərdoğanın seçkiqabağı vədinə əməl etməsinə imkan vermədi. Təsadüfi deyil ki, çoxları baş nazirin Konstitusiya Məhkəməsinin bu qərarına cavab olaraq yeni qanunverici təşəbbüslərlə çıxış edəcəyini gözlə-yirdi. Amma bu təşəbbüsləri "Ergenekon"un üzvlərinin həbsləri əvəzlədi. Hakim partiya "Ergenekon" üzvlərinin həbsi ilə ƏİP-in bağlanması prosesi altında hər hansı əlaqəni təkzib etsə də, mətbuat bunun əksini iddia edir. Vəziyyət, hətta o həddə çatıb ki, hadisələrə yalnız "qiyamçıların hakim partiyaya qarşı yox, ümumilikdə xalqa qarşı çıxdıqlarını" bildirən baş nazir Ərdoğan deyil, prezident Abdullah Gül də müdaxilə etməli olub: dövlət başçısı hamını "soyuqqanlılıqla istintaqın yekununu gözləməyə" çağırıb.

Bütün baş verənlər təbii ki ölkədaxili siyasi vəziyyəti son dərəcə gərginləşdirir. Axı ƏİP-in 71 nəfər yüksək vəzifəli tərəfdarı siyasi fəaliyyətlə məşğul olmaq hüququnu itirə bilər. Belə olarsa, yalnız 1 nəfərin reytinqi sayəsində özünə imic qurmuş ƏİP itirdiyi mövqeləri bərpa edə bilməyəcək. Partiyanın parçalanma təhlükəsi reallaşarsa, artıq növbədənkənar parlament seçkisi və koalision hökumətin formalaşması ehtimalı ortaya çıxacaq. Amma bütün bunlara baxmayaraq, hakim partiya başladığı islahatları dayandıra bilməz, çünki bu, ilk növbədə, ölkə iqtisadiyyatına ciddi zərbə vura bilər. Məsələn, yalnız bir gün - "Ergenekon" əməliyyatı ilə əlaqədar həbslərin keçirildiyi 1 iyulda Türkiyə iqtisadiyyatı 11 milyard dollar itirib. Və bu yalnız başlanğıcdır. Hazırda olduqca təhlükəli qeyri-müəyyənlik atmosferi yaranıb və vəziyyətin nə vaxt sabitləşəcəyi bilinmir. Bütün bunlar beynəlxalq investorların Türkiyədən qaçmasına, ölkənin imicinin isə getdikcə pisləşməsinə gətirib çıxarır.

Türkiyədə qeyri-sabitlik nə ABŞ, nə də Avropanı qane edir. Çünki onlar etibarlı siyasi və hərbi müttəfiqi itirə bilərlər. Axı Yaxın Şərq kimi qeyri-sabit regionda Ankaranın dəstəyi çox şeyi həll edir. Ona görə də həm Vaşinqton, həm də Brüssel "Ergenekon" hadisələrinin Türkiyənin daxili işi olduğunu dönə-dönə bəyan edir.

Şübhəsiz, hakim partiyanın qapadılması təhlükəsi gələn il keçiriləcək bələdiyyə seçkisi ərəfəsində tərəflər arasında gərginliyin daha da artmasına səbəb olacaq. O da şübhə doğurmur ki, Ərdoğanın seçkilərdəki məğlubiyyəti və hakimiyyətin yuxarı eşolonlarında radikal kadr dəyişikliklərindən sonra hakimiyyət "Ergenekon" üzvlərini həbsxanada saxlaya bilməyəcək. Türkiyə tarixində dəfələrlə rast gəlindiyi kimi, onların müxtəlif bəhanələrlə amnistiyaya salınması ehtimalı real olacaq.


MƏSLƏHƏT GÖR:

387