
YEMƏLİ İNCƏSƏNƏT
Nikolay Popov şokolada olan sevdasını dostluq və mədəni inteqrasiya missiyası ilə Bakıya gətirib
Müəllif: Valentina REZNİKOVA Bakı
Bütün dünyada gildən, şüşədən, dəmirdən, plastilindən, mumdan, kağızdan və parçadan əsl şah əsərləri, bədii incəsənət inciləri yaradılır. Şah əsərlər Muzey Mərkəzinin dəyirmi zalında da nümayiş etdirilib, lakin artıq başqa materialdan hazırlananlar. Bunun orijinallığı da ondan ibarətdir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan "Nikolay şokolad muzeyi" ekspozisiyası çərçivəsində tamaşaçının diqqətinə şokolad ustası Nikolay Popovun dünyanın şirin, ən arzulanan və ən cəlbedici materialından - şokoladdan hazırladığı əsərləri təqdim olunub. Şokoladın xammalı kakao-paxlalarıdır, yəni tropik meşələrdə bitən kakao ağaclarının toxumlarıdırlar.
"Biz sərgimizlə bir çox ölkələri və 40-dan çox şəhərləri gəzmişik, lakin Bakıya səfər bizə xüsusi gəlir. Birincisi, bizim sərgi Bakıda keçiriləcək I Avropa Oyunlarının ərəfəsində açılıb və iyunun 28-ə qədər davam edəcək. İkincisi, sərgi çərçivəsində ustad-dərsləri təşkil olunacaq və hər kəs, sözün əsl mənasında, bu şirin yaradıcılığa yiyələnə bilər. Ola bilsin, bu, şokoladın şirin heykəllərin yaradılmasında material kimi istifadə oluna biləcəyi barədə mənim kimi oxuyan birilərinə maraqlı olacaq", - deyə "R+" ilə söhbətində Nikolay Popov deyib.
Nobel laureatlarının təchizatçısı
Şokolad kütləsi dad və ətir inqrediyentləri qatılmaqla şəkər tozu, sürtülmüş kakao və kakao yağından hazırlanır. Qarışıq bir daha kakao yağı ilə qarışdırılır, 30-31 dərəcəyədək soyuduqdan sonra şirin və dadlı şah əsərlərinin yaradılması üçün material kimi artıq istifadəyə yararlı olur.
Şokolad muzeylərinin yaradılması dünya məkanında məşhur və gözəl hadisədir. Hesab olunur ki, nümayiş edilən plastik əsərlərin səviyyəsinə görə ən cəlbedici və orijinalı Brüssel və Sankt- Peterburqda olan muzeylərdir. Muzey eyni zamanda ona görə cəlbedicidir ki, burada eksponatlara, adətən, təkcə uzaqdan seyr etmək deyil, eyni zamanda bu şirin məhsulların dadına da baxmaq olar. Barselona, Brüssel, Köln, Kedberiuorld, Moskva, Sankt-Peterburq, Simferopol, Kiyev, Trostyanets, Best və Riqa kimi şəhərlərin sakinləri, həqiqətən də, orijinal və çox xoş bir hadisə kimi şokolad muzeyləri ilə fəxr edirlər. Bundan başqa, şokolad təkcə şirniyyat deyil, eyni zamanda insan üçün çox faydalı olan bir məhsuldur. O, ürək üçün faydalıdır, əhvali-ruhiyyəni yaxşılaşdırır, aclıq hissini öldürür. Şokoladsevərlər daha çox yaşayırlar, şokoladın mütəmadi qəbulu həyatı bir il uzada bilər, şokoladın bir neçə tikəsindən sonra insan daha yaxşı fikirləşir, isti şokolad fincanı ağrıyan boğazı sakitləşdirir və öskürəyi boğur. Söz düşmüşkən, daha çox şokolad yeyilən ölkələrdə - Nobel laureatları da daha çoxdur!
Dadlı görməli yerlər
Öz ekspozisiyası ilə Belarusdan gələn şokolad ustası Nikolay Popovun sərgisində yüksək keyfiyyətli şokoladdan hazırlanan 250 məhsul təqdim olunub. Burada şokolad baqetlərlə çərçivəyə salınmış marsipan və şokolad heykəllər, miniatürlər və 700 kq çəkidə olan müxtəlif kompozisiyalar var. Elə burada da sərginin ziyarətçiləri şokoladın tarixi ilə tanış ola bilərlər.
Şokolad bədii fantaziyaları canlandırmaq üçün çox bərəkətli və əlverişli materialdır. Ekspozisiya müəllifi gətirilən bir çox işlərini xüsusi olaraq Bakıdakı sərgi üçün yaradıb. Onlar Azərbaycan və Bakıya həsr olunublar. Bu - bizim ölkəmizin bayrağını əks etdirən "Şokoladlı rəsm"dir, çəkisi 70 kq-dan çox olan "Qız qalası", Hökumət evinin, Muzey Mərkəzinin, Milli Akademik Opera və Balet Teatrının şokolad binaları, şokolad manqalıdır. Eksponatlar arasında martsipan meyvələr və güllər, "Venesiya maskaları", "Heyvanlar aləmində", "Qızıl Tac", "Faberje yumurtaları", "Royal", "Kareta", "Kənddə səhər naharı", "Qadın dəsti", "Duzlu balıqcıq" və başqaları yer alır. 200 kq-dan çox olan ən böyük şokolad rəsmini Nikolay Popov Bakıdakı Birinci Avropa Oyunlarına həsr edib.
Belarusun fəxri
Nikolay Popovun şokolad muzeyi məişət detalları, qadın qarderobu və s. ibarət sadə, ətirli qeyri-adi sərgidir. Bura yaşından asılı olmadan müəllifin işlərini seyr edərək və şokolad eksponatlarının ətrini udaraq müsbət emosiyalar qazanmaq istəyənlər üçün əla məkandır. Həmçinin əsl incəsənətdən həzz almaq, həm şokolad, həm də şokolad sənəti barədə faydalı, dolğun məlumatlar əldə etmək və eləcə də öz əlləri ilə bu cür gözəlliyin yaradılması haqda praktiki bacarıqlar qazanmaq mümkün olan bir yer.
Nikolayın şokolad muzeyi təkcə bu yaradıcılıq işindən sevinc hissini keçirən müəllifin deyil, həmçinin bütün Belarusun xüsusi fəxr mənbəyidir. Şokolad ustası Bakıya dostluq, mədəni inteqrasiya missiyası və eyni zamanda həm şokolad sənətinin ustalığı, ona vurğunluğu bölüşmək, həm də bu sənəti digərilərinə də öyrətmək istəyi ilə gəlib. O, bakılılarla nəinki həvəslə ünsiyyətə girir, həmçinin sevimli, ətirli, dadlı və hər mənada şirin və çox cəlbedici sənəti - şokolad sənətkarlığı, şokoladın gözü və ürəyi xoş edən sənəti barədə ustad dərsləri də keçir. Hələ söhbət bir çoxlarının dad seçimlərindən gedirsə...
MƏSLƏHƏT GÖR: