
XİLAS YOLU
Avropa çempionatına vəsiqə uğrunda yarışan voleybolçu qızlarımızı çox çətin sınaq gözləyir
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Gələn il keçiriləcək voleybol üzrə Avropa Çempionatına vəsiqə uğrunda yarışan Azərbaycanın qadınlardan ibarət milli komandası minimum məqsədə nail oldu: qızlarımız çempionata qatılmaq üçün pley-off qarşılaşmalarında oynayacaq.
İspaniyada keçirilmiş seçmə mərhələdə qrupda ikinci pilləni tutan Faiq Qarayevin yetirmələri, Avropa Çempionatına qatılmaq üçün yaxşı imkan qazansalar da, bunun üçün onlar oyunlarını çox təkmilləşdirməlidirlər.
Vaxt bizim xeyrimizə işləyir
Pirineydə keçirilmiş seçmə mərhələnin ikinci dövrəsi birinci dövrənin təkrarı oldu - komanda iki qələbə qazandı və bir dəfə məğlub oldu. Qeyd edək ki, millimiz hər iki dövrədə ispanlara məğlub oldu və yekunda, Piriney təmsilçiləri qrup lideri olaraq, "Avro-2009"a birbaşa vəsiqə əldə etdi.
Seçmə mərhələdə Azərbaycan millisi uğur əldə etməyə yaxın olsa da, meydan sahiblərinə 2:3 hesablı məğlubiyyət bütün ümidləri yox etdi. Amma hər halda, komandamızın öz oyununu hələ indi-indi tapdığını, aparıcı oyunçuların komandaya yenicə qayıtdığını nəzərə alsaq, əldə edilmiş nəticəni uğurlu saymaq olar.
Xatırladaq ki, seçmə mərhələnin gedişində üçüncü pillədə qərarlaşan Azərbaycan yığması, sonradan vacib xallar qazanaraq, ikinci yerə yüksəldi və bununla da pley-off qarşılaşmalarında iştirak hüququ əldə etdi. Bu mərhələdə isə qızlarımız "F" qrupunda Türkiyəni üstələyərək, birinci pilləni tutmuş Yunanıstan komandası ilə qarşılaşacaqlar.
Pley-off qarşılaşmaları 2 aydan sonra - sentyabrda keçiriləcək. Odur ki məşqçilərin komandanı gücləndirməsi üçün kifayət qədər vaxtı var.
Zədələrini tam sağaltmış Yelena Parxomenko və Lidiya Maksimenko, eləcə də digər idmançılarımız bu müddət ərzində yaxşı idman forması yığa bilərlər. Hazırda isə komandanın oyunu əsasən millinin lideri, iki il əvvəl Çempionlar Liqasının bombardiri olmuş Natalya Məmmədovanın əhvalından asılıdır.
Qeyd edək ki, komandamızın seçmə mərhələdə yarışdığı komandalar, demək olar ki, bərabər gücdə idi. Və mübarizənin son tura qədər davam etməsi də bunu göstərir. Qrupda yalnız bir aşkar autsayder var idi - Makedoniya: bu komanda keçirdiyi 6 oyunun hamısını uduzdu - özü də "quru" hesabla.
Azərbaycan millisi isə rumınlardan bir xal çox, qrup lideri kimi çempionata birbaşa vəsiqə qazanmış ispanlardan isə bir xal az toplayaraq, ikinci pilləni tutdu.
Beləliklə, Azərbaycan Avropa Çempionatına vəsiqə qazanmaq şansını saxlayır və bunun üçün pley-off qarşılaşmalarını qazanmaq lazımdır. Bir sözlə, hər şey millimizin öz əlindədir.
Komandadan-komandaya
Bu arada isə Azərbaycan millisinin lideri Natalya Məmmədovanın növbəti mövsümü "Türk Telekom" klubunda keçirəcəyi məlum olub. Məlumata görə, son mövsümü İsveçrənin "Volero" klubunda keçirən Məmmədovanın isveçrəlilərlə danışıqları uğurlu alınmayıb və nəticədə voleybolçu qüvvəsini Turkiyə birinciliyində sınamaq qərarına gəlib.
Xatırladaq ki, Natalya "Volero"ya milli çempionatın qalibi olmağa kömək etdikdən sonra, İspaniyanın "İkaro Palma" klubuna icarəyə verilmiş və bu klubun heyətində Çempionlar Liqasına qatılmaq hüququ qazanmışdı. Azərbaycanlı voleybolçunun çıxışından məmnun qalan ispanlar onun növbəti mövsümdə də "İkaro Palma"da qalmasını istəyirdilər. Komandanın kapitanı Kinqa Masuleviç də hesab edirdi ki, Azərbaycan millisinin üzvü komandada qalmalıdır. "Məmmədova bizim son dövrlərdə əldə etdiyimiz ən yaxşı oyunçulardandır və o, klubda qalarsa, bu bizə Çempionlar Liqasında uğurla çıxış etməyə köməklik edəcək. Natalya əla voleybolçudur və öz ustalığını günü-gündən daha da artırır", - deyə kapitan yerli mətbuata açıqlamasında bildirmişdi. Amma digər tərəfdən, "Volero"da da Çempionlar Liqasına vəsiqə qazanıb və isveçrəlilər Məmmədovanın onlara rəqib komandada çıxışına yol verə bilməzdilər.
Beləcə, seçim qarşısında qalan Məmmədova sonda Türkiyədə oynamaq qərarı verdi.
Qeyd edək ki, N.Məmmədova ilk dəfə deyil, bu cür vəziyyətlə üzləşir. Onun ölkə xaricindəki karyerası voleybolçunun "Azer-Reyl" tərəfindən İtaliyanın "San Paolo Kyari" klubuna icarəyə verilməsi ilə başlayıb və bundan sonra Natalya karyerasını xaricdə davam etdirmək fikrinə düşüb. Bir il sonra isə o, daha güclü İspaniya birinciliyində oynamaq qərarına gələrək, yenidən klubunu dəyişib.
Sürixlilərlə danışıqlar zamanı idmançımızın lehinə işləmiş daha bir faktor da olub. Məsələ ondadır ki, növbəti mövsümdən başlayaraq, Beynəlxalq Federasiya (FIVB) legionerlərin sayı ilə bağlı ciddi limit tətbiq etmək qərarına gəlib. Və təbii ki, bu, ilk növbədə, oyunçuların əksəriyyətinin legionerlərdən ibarət olduğu klublara təsir göstərib. Öz yetirmələri olmayan "Volero" isə məhz belə komandalardandır. Əvvəlcə federasiya oyun zamanı meydanda yalnız 2 legionerin olmasına icazə verdi, lakin sonradan bu məhdudiyyəti bir qədər yumşaldaraq, meydana eyni zamanda 3 legionerin çıxmasına razılaşdı. Qeyd edək ki, bu dəyişiklik Avropa ölkələrinin, xüsusilə, Almaniya, İspaniya və İsveçrə federasiyalarının etirazı ilə bağlıdır. Amma istənilən halda, komandalara yalnız legioner hesabına oynamaq imkanı verilməyəcək. "Biz milli federasiyalarla danışıqlar apardıq və yekdil fikrə gəldik",- deyə Beynəlxalq Federasiyanın rəhbəri Ruben Akosta qeyd edib: "Meydandakı oyunçuların yarıdan çoxunun legioner olması yolverilməzdir".
Beləliklə, növbəti mövsümdən voleybol meydanlarında əcnəbi oyun-çuların sayı bir qədər az olacaq.
"X" saatı gəldi
Əvvəllər Azərbaycan milli komandasının kifayət qədər "sıx" olan iş cədvəli bu il qəfildən "kasıb"layıb. Bunun ilk göstəricisi komandanın Yekaterinburq və Nijnı- Tagildə keçirilən ənənəvi Boris Yeltsin Kubokuna qatılmaması oldu. Milli Federasiyadan bildirirlər ki, komandanın turnirə qatılmaqdan imtinası Avropa çempionatının seçmə mərhələsindən sonra yaşanan yorğunluq ilə bağlı olub.
Lakin necə deyərlər, yarışın çoxluğu heç vaxt ziyan gətirmir. Vaxtilə komandamız iki dəfə bu turnirin bürünc mükafatını qazanmışdı, Azərbaycan yığmasının oyununu, hətta Rusiyanın birinci prezidenti şəxsən tərifləyirdi.
Amma görünür, son illər komanda xeyli zəifləydiyindən, artıq turnirin təşkilatçıları üçün o qədər də böyük maraq kəsb etmir. Çünki təşkilatçılar turnirə yarışın bəzəyinə çevrilə biləcək milliləri və ya həmin vaxt seçmə mərhələlərdə çıxış etməyən komandaları cəlb edir. Son turnirə nəzər salsaq görərik ki, o, heyətinə görə heç də ən güclü kubok deyildi - Rusiya, Hollandiya, Bolqarıstan, Xorvatiya, Ukrayna və Belarus.
Bu komandalardan yalnız ilk üçü müəyyən beynəlxalq çəkiyə malikdir. Ukrayna və Belarus milliləri isə ümumiyyətlə, ikinci eşelonu təmsil edir. Amma buna baxmayaraq, ötən il keçirilən Heydər Əliyev Kubokunda Azərbaycan yığması zəif ukraynalılara məğlub olmuşdu. Ümumiyyətlə, həmin turnirdə meydan sahibləri son dərəcə zəif çıxış ilə yadda qalmışdı.
Baş məşqçi Faiq Qarayev hesab edir ki, Dünya Qran-Prisindəkı çıxış komandanı əməlli-başlı yorub. Onun sözlərinə görə, bu cür turnir güclü ehtiyat oyunçuları çox olan və müxtəlif heyətlərlə çıxış edən komandalar üçün əlverişlidir. "Əlbəttə, bu hamı üçün, o cümlədən mənim üçün də yaxşı təcrübədir. Əksər maksimalistlər hesab edir ki, komanda Avro-2005-də dördüncü yeri tutubsa, sonrakı illərdə o, birinci olmalıdır. Şübhəsiz ki, hamımız qələbə üçün çalışırıq, amma əgər bu gün Azərbaycan millisi elitada təmsil olunursa, ilk növbədə, əldə edilmiş mövqenin qorunub-saxlanması haqda düşünmək lazımdır. Realist olmaq lazımdır: komandadakı nəsil dəyişikliyini nəzərə alaraq, heç olmasa, hazırkı mövqeni qorumaq haqda düşünməliyik. Odur ki hazırda ilk növbədə, klublar və rəqabət problemi həll edilməlidir. Eyni heyətlə nə qədər oynamaq olar? Axı bütün gərginilk eyni oyunçuların üzərinə düşür. Belə olanda isə bizi, əlbəttə ki, tənəzzül və fəlakət gözləyir. Belə çətin vəziyyətdə "AzerReyl"in Çempionlar Liqasındakı çıxışı yeni oyunçuların yetişdirilməsi üçün "poliqon"dur. Çünki başqa çıxış yolu sadəcə yoxdur. Avrokuboklardan başqa, klub heç yerdə oyun təcrübəsi əldə edə bilmir və demək, yeni nəsli təmsil edən voleybolçuların potensiallarını üzə çıxarmaq üçün yeganə vasitə məhz Avropa kuboklarıdır",- deyə baş məşqçi bildirir.
Göründüyü kimi, milli ilə bağlı kifayət qədər problemlər var - ehtiyat oyunçuların olmaması, bir sıra mövqelərdə ciddi rəqabətin yoxluğu, oyun təcrübsinin çatışmaması və s. Məhz bu səbəblər üzündən oyunçuların zədələnməsi məşqçi heyəti üçün əsl faciəyə çevrilir. Məsələn, ötən ilin sentyabrında diz əzələsini zədələmiş Yelena Parxomenko hələ də müalicəni başa vurmayıb. Onun oyun meydanına nə vaxt dönəcəyi hələ də bəlli deyil.
Beləliklə, ümumilikdə komandanın perspektivi qeyri-müəyyəndir. Belə bir şəraitdə Avropa Çempionatına qatılmaq üçün Yunanıstanla oynanacaq pley-off qarşılaşması da keçilməz həddə çevrilə bilər.
MƏSLƏHƏT GÖR: