15 Mart 2025

Şənbə, 00:38

HƏRBİ PARAD NƏYİ NÜMAYİŞ ETDİRDİ?

Müəllif:

01.07.2008

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyini qeyd etdi. 16 illik fasilədən sonra Bakının Azadlıq Meydanında ilk dəfə olaraq, hərbi parad keçirildi. Paradda 4510 hərbçi, 210 müasirləşdirilmiş hərbi texnika, 19 vertolyot, 25 təyyarə, 31 gəmi və kater iştirak etdi. Bu, Azərbaycan Silahlı Qüvvələri tarixində sayca üçüncü, əzəmətliliyinə görə isə birinci hərbi parad idi. Xatırladaq ki, ilk hərbi parad 1919-cu il mayın 28-də, Azərbaycan Demokratik Respublikasının ordu korpusunun yaradılmasından bir il sonra keçirilmişdi. Növbəti  belə tədbir isə müasir Azərbaycanın müstəqillik qazanmasından sonra - 1992-ci il oktyabrın 9-da keçirildi. Amma etiraf edək ki, həmin vaxt nizami ordunun vahid rəhbərlik altında birləşməsi haqda danışmaq belə olmazdı.

Həmin vaxtdan 16 il keçib. Beləliklə, Silahlı Qüvvələrin güclü ordu səviyyəsinə yüksəldiyi, dövlətin keşiyində durmaq bacarığında olduğu vaxtda ölkə rəhbərliyinin artıq gördüyü işlərin nümayiş etdirilməsinə haqqı çatırdı.

Paradı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qəbul etdi. "Azərbaycan Ordusunun ən yüksək standartlara cavab verməsindən çox məmnunam. Sizlərə də məlum olduğu kimi, mən tez-tez hərbi hissələrdə oluram, səngərlərdə düşmənlə təmas xəttində dayanan əsgərlərlə görüşürəm. Tərtər, Ağdam, Füzuli rayonlarında, cəbhə xəttində, Naxçıvanda və digər sərhəd bölgələrimizdə zabit və əsgərlərlə görüşən zaman mən bir daha əmin oluram ki, Azərbaycan Ordusunun səviyyəsi çox yüksəkdir. Onun hərbi ruhu yüksəlir, peşəkarlıq sürətlə yüksəlir, yeni standartlara adaptasiya baş verir. Əlbəttə ki, biz bunu böyük fəxr hissi ilə qeyd edirik", - deyə paradın açılışında çıxış edən Ali Baş Komandan bildirib.

Həqiqətən də, prezidentin fəxr etməsi üçün ciddi əsaslar var və hərbi parad bunu bir daha göstərdi. Bu gün Milli Ordunun hazırlıq vəziyyəti və təchizatı elə yüksək səviyyədədir ki, artıq Ermənistan bundan narahat olduğunu gizlədə bilmir. Bundan başqa, son bir neçə il ərzində Azərbaycanda müasir və güclü hərbi-sənaye kompleksi yaradılıb. Hərbi parad ərəfəsində ölkə prezidentinin Müdafiə Sənayesi Nazirliyinin optik avadanlıqların sitehsalı ilə məşğul olan "Alov" müəssisəsinin açılışında iştirakı da təsadüfi deyil. Müdafiə sənayesinin yaradılması prosesindən məmnunluğunu ifadə edən dövlət başçısı bildirdi ki, bu istiqamətdə işlər davam etdiriləcək. "Hələ ki biz silah-sursatın, hərbi texnika və təyyarələrin əhəmiyyətli hissəsini xaricdən alırıq. Bu proses davam edir, bu sahədə dost ölkələrlə əməkdaşlığımız möhkəmlənir. Lakin biz istəyirik ki, ölkəmizə vacib olan hərbi texnika, silah-sursat maksimum dərəcədə Azərbaycanın özündə istehsal edilsin", - deyə İ.Əliyev bildirdi. Onun sözlərinə görə, bu gün sözügedən məqsədə nail olmaq üçün bütün imkanlar var.

Bu konteksdə maliyyə imkanları da az əhəmiyyət daşımır və ölkənin bu sahədə problemi yoxdur. Azərbaycanın illik müdafiə xərcləri büdcə xərcləri arasında ilk yerdədir ki, bu da ərazisinin 20%-i işğal altında olan dövlət üçün  təbiidir.

Prezidentin qeyd etdiyi kimi, son beş ildə Azərbaycanın müdafiə xərcləri 10 dəfədən çox artaraq, 2 milyard dolları keçib. Bu, təxminən Ermənistanın ümumilikdə 2008-ci il üçün dövlət büdcəsinə bərabərdir. 

Amma bununla yanaşı, Azərbaycanda artan yalnız hərbi xərclər deyil. Ölkədə, demək olar ki, bütün sahələrdə genişmiqyaslı inkişaf proqramları həyata keçirilir. Dövlət büdcəsi artır və buna müvafiq olaraq, ordu, təhsil, səhiyyə və digər sahələrə ayrılan xərclər də çoxalır. Yəni, Ermənistanın tez-tez dediyi və bəzilərinin də təkrarladığı kimi, Azərbaycanın hərbi xərclərini ümumi xərclər kontekstindən ayırmaq və bununla da ölkəmizi "militarist-dövlət" kimi qələmə vermək cəhdi əsassızdır.

Bakının siyasətində "sülh istəyirsənsə, müharibəyə hazır ol" prinsipini görmək üçün böyük analitik olmağa ehtiyac yoxdur. Bu siyasət isə təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı aparılan danışıqlarda onun mövqeyini möhkəmlədir. "Danışıqlar uzun illərdir ki, davam edir və artıq Azərbaycan xalqı bundan bezib. Biz hesab edirik ki, danışıqlar prosesi sonsuzluğa qədər davam edə bilməz. Doğrudur, danışıqlar prosesində irəliləyişlər var. Bu gün müzakirə obyekti olan təkliflərdə Azərbaycanın ərazi bütövlüyü məsələsi əsas götürülür. Danışıqlar masası üzərində olan təkliflər arasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına dair heç bir mexanizm yoxdur", - deyə İ.Əliyev qeyd edib.

Məlum olduğu kimi, Azərbaycan prezidenti problemin hərbi yolla da həllinin mümkünlüyünü dəfələrlə bəyan edib və keçirilən hərbi paradda da bir daha Azərbaycan xalqının nəticəsiz danışıqlardan bezdiyini deməklə, buna işarə edib. Yeri gəlmişkən, bu işarəni Azərbavycanın artan hərbi gücünün şahidi olan ATƏT-in Minsk Qrupunun həmsədrləri də növbəti dəfə eşitdilər. Ya vasitəçilərin özləri belə istəmişdi, ya təsadüfən belə alındı - hər halda, onların regiona növbəti səfərləri Bakıda hərbi paradın keçirilməsi ilə üst-üstə düşdü və fransalı həmsədr Bernar Fasiye şəxsən parada qatıldı. Ola bilməz ki, bu nəhəng güc nümayişi həmsədrlərdə hər hansı fikir fomralaşdırmasın və yəqin ki, onlar artıq həmin fikirlərini Ermənistan rəhbərliyi ildə də bölüşüblər. Lakin, məsələ heç də bunda deyil. Hər halda, Azərbaycan qarşısına "əzələlərini oynatmaq" məqsədi qoymayıb və parad sadəcə ordu quruculuğu sahəsində görülən işlərlə bağlı xalqa hesabat verilməsinə hesablanmış əzəmətli bayram tədbiri idi. Bununla yanaşı, parad bir daha göstərdi ki, Azərbayjan bölgədə iqtisadi və geosiyasi üstünlüklərilə yanaşı, hərbi üstünlüklərə də malikdir.


MƏSLƏHƏT GÖR:

364