
"ŞEYTAN" QƏLƏBƏSİ
"Mançester Yunayted" çempionlar liqasının finalını oyunsonrası penalti zərbələri ilə qazandı
Müəllif: Camal MUSTAFAZADƏ Bakı
Çempionlar Liqasının Moskvanın "Lujniki" stadionunda keçirilən və olduqca emosional keçən final matçının qalibi oyunsonrası 11 metrlik cərimə zərbələrindən sonra məlum oldu. Bu oyunu Moskvada o qədər həsrətlə gözləyirdilər ki, böyük futbol bayramının ləzzəti və iki ingilis qrandının paytaxta gəlməsi ilə yaşanan ajiotajla yanaşı, eyni zamanda yüngül kədər də var idi. Axı qarşılaşmadan dərhal sonra bu bayram bitəcəkdi... Finalda üz-üzə gələcək komandalar da, yəqin ki, eyni hissləri keçirirdi: bu finala doğru hər iki klub uzun və çətin yol keçib, oyunçular bu oyun naminə çox tər və bəzən hətta qan da töküblər. Və nəhayət, budur - hər şey qarşıdakı iki saat ərzində aydınlaşacaq. Komandalardan birinə sevinc və mükafat, digərinə isə üzüntü və göz yaşları qismət olacaq...
"Mankunianlar" və "aristokratlar" bu mövsüm daim bir-birinə rəqib olublar. İndiyədək daxili arenada rəqabət aparan komandalar, bu dəfə Avropa birinciliyinin finalında üz-üzə gəldilər. İngiltərə çempionatında "Mançester Yunayted" bir müddət əvvəl gərgin "döyüşdə" "göylər"ə məğlub olsa da, artıq birinciliyini sübut etmişdi. Çempionlar Liqasında isə Aleks Ferqüssonun yetirmələri ötən yazdan bəri məğlubiyyət üzü görmürdülər.
Bu turnirin finalına tarixində ilk dəfə vəsiqə qazanmış "Çelsi"yə gəlincə, o da kuboku qazanmağa köklənmişdi. Tarixində ilk dəfə Avropanın birincisi olmaqla, "aristokratlar" həm də milli çempionat və Liqa Kubokundakı uğursuzluğunu unutdurmaq istəyirdi. Komanda kimi, bu cür matçlar üçün "MY" daha təcrübəli olsa da, "Çelsi"nin heyətində də indiyədək Çempionlar Liqasının finalında çıxış etmiş 9 futbolçu var idi.
Komandalardan final qarşılaşmasına çıxan heyətlərində sürpriz yox idi: hər iki cəbhədə işlər qaydasında idi. Yalnız Eşli Koul matç ərəfəsindəki məşq zamanı kiçik zədə almışdı. Amma bu səviyyədə oyunlar naminə kiçicik ağrıları unutmaq da olar.
Hər halda, final hər zaman adi qarşılaşmalardan fərqlənir və bu səbəbdən təcrübəli Furqüssonun hansı taktika seçdiyini və Qrantın ona qarşı hansı sxemdən istifadə edəcəyini əvvəlcədən müəyyənləşdirmək çox çətin idi.
Oyunçular matça çıxarkən məlum oldu ki, ser Aleks meydana iki hücumçu buraxıb. Meydanın mərkəzində isə Lempard və Ballaka qarşı Kerrik və Harqrivs oynamalı idi.
"Göylər"də isə Kriştianu Ronaldu və Ko-nun məqsədlərinin reallaşdırılmasına Makelele imkan verməməli idi. "MY"da Pak Ci Sunn meydana çıxmamışdı, "aristokratlar"da isə ilk dəqiqədən Maluda oyunda idi.
Əksər mütəxəssislər belə düşünürdü ki, ən azı birinci hissədə futbolsevərlər parlaq oyuna şahidlik edə bilməyəcəklər. İlk dəqiqələr bu fikirləri təsdiqlədi. Həm "Çelsi", həm də "MY" müdafiədə son dərəcə diqqətlə oynayaraq, rəqibə qapı önündə qol vəziyyəti yaratmağa imkan vermirdi. "Qırmızı şeytanlar"da müdafiədə və yarımmüdafiədə çox sürətli görünən Harqrivs daha fəal idi. Çexin qapısına ilk zərbəni də məhz o endirdi - Kiper o qədər də təhlükəli olmayan bu topu tuta bildi.
Bundan sonra komandalar növbə ilə bir-birlərinin cərimə zərbələrinə hava ötürmələrinə başladılar: Ronaldunun ötürməsinə Harqrivs yetişə bilmədi, Lempardın cərimə meydançasına göndərdiyi topun qarşısını isə Vidiç aldı.
Bir-birini bir qədər sakitləşdirəndən sonra komandalar ardıcıl iti hücumlara başladılar və onlardan elə birincisindəcə ilk qol vuruldu. Skoulzla Braunun sağ cinahda öz aralarında paslaşmasından sonra Ues topu cərimə meydançasına ötürdü. Burada isə Ronaldu istənilən hücumçuya başla oyundan dərs keçə biləcəyini nümayiş etdirərək, komandasını önə keçirdi.
Bunun ardınca buraxılan topun əvəzini çıxmağa atılan "Çelsi" iki dəfə Ballakla rəqib qapısına güclü həmlə etdi. Əvvəlcə o, cərimə zərbəsini qapının üstündən vurdu, daha sonra isə Ferdinandı keçsə də, Van Der Sar yerində idi.
Lakin bu arada əks-hücum zamanı Qrantın yetirmələri az qala qapılarında ikinci topu görəcəkdilər. Runi sol cinahdakı Ronaldunu mükəmməl gördü, portuqaliyalı isə öz növbəsində topu qapı qarşısına göndərdi. Lakin burada Çex Tevesin hesabı artırmasına imkan vermədi. Kiperdən dönən topa Kerrik özünü yetirsə də, Çex bu dəfə də mübarizədən üstün çıxdı.
Daha bir təhlükə Runinin sağ cinahdan topu cərimə meydançasına kəsməsi zamanı yaşandı ki, bu dəfə Teves ayağını topa toxundura bilmədi.
Futbolda hamının bildiyi "vura bilməyənə..." prinsipi belə qarşılamalarda da özünü doğruldur. Ballak təhlükəli cərimə zərbəsindən sonra "qırmızı şeytanlar"ı bağışladısa, Lampard əldə etdiyi fürsətdən ustalıqla istifadə edərək hesabı bərabərləşdirdi.
Qarşılaşmanın ilk yarısında hərəyə bir qol vurmuş rəqiblər ikinci hissəyə daha cəsarətlə çıxdılar. "MY" ilk təhlükəli hücumunu sol cinahdan etdi. Ronaldunun hiyləgərcəsinə verdiyi ötürməni Evra lazımınca dəyərləndirə bilmədi.
"Çelsi" isə Essyenin solo keçdi nəticəsində rəqib qapısı qarşısında təhlükə yaratdı. Lakin cərimə meydançası qarşısında rəqibindən topu "oğurlayan" yarımmüdafiəçinin zərbəsi dəqiq olmadı. Bir qədər sonra isə yenə Ballak meydana çıxsa da, onun da zərbəsi qapıya getmədi.
"Aristokratlar" bu mərhələdən etibarən, matçın əvvəlindəki ehtiyatlı oyundan əl çəkərək, rəqib qapısına ciddi həmlələr etməyə başladı. Lakin "Qırmızı şeytanlar"ın müdafiəsi ehtiyatlı və inamlı oynayırdı və onların arasında Ferdinand xüsusilə fərqlənirdi.
Buna baxmayaraq, "göylər" daha bir dəfə fərqlənməyə imkan tapdılar: Lempardın yerinə yetirdiyi künc zərbəsi zamanı Van Der Sar çıxışda səhvə yol versə də, Terri topu qapıya göndərə bilmədi.
"Çelsi" bəxtini uzaq zərbələrlə də yoxlayırdı və belə vəziyyətlərdən birində Droqbanın cərimə meydançasından kənarda vurduğu zərbə qapı dirəyinə tuş gəldi.
Ardından Maluda soldan qapı qarşısına ötürmə versə də, Vidiç müdafiədə nümunəvi oynadı.
Co Koulun sağdan göndərdiyi oxşar pas zamanı isə Droqba fərqlənməyə yaxın oldu.
"Mançesterlilər" bu hücumlara Tevesin yaxın küncə ünvanladığı güclü zərbə ilə cavab verdi. Lakin top qapı dirəyinin yanından keçdi. Oyunun əsas vaxtının sonlarına yaxın Ferqüsson komandanın veteranları arasında dəyişiklik etdi - Skoulzun yerinə meydana Giqz çıxdı. Yeri gəlmişkən, uelsli futbolçu bununla klubundakı çıxış sayına görə rekord müəyyənləşdirdi: "Qırmızı şeytanlar"ın forması ilə 759-cu matçına çıxan Giqz əfsanəvi Bobbi Robsonun nəticəsini geridə qoydu.
Həmkarının gedişinə Avraam Qrant da dəyişikliklə cavab verərək, Maludanın əvəzinə oyuna hücumçu Salomon Kalunu buraxdı. Ancaq bu dəyişiklik artıq matçın əlavə vaxtında həyata keçirildi.
Bir çoxlarının əvvəlcədən gözlədiyi kimi, 90 dəqiqə ərzində qalib müəyyənləşmədi. Əlavə olunmuş ilk 15 dəqiqənin başlanğıcında "Çelsi" daha bir qol vəziyyətini əldən verdi: Lampardın güclü zərbəsi bu dəfə qapı çatına tuş gəldi. Bir neçə dəqiqə sonra "göylər" Essyenin sayəsində sürətli əks-hücum qursalar da, onun topu özündən çox qabağa buraxması nəticəsində rəqib müdafiəçilər təhlükəni aradan qaldıra bildilər.
Bu dəqiqələrdə Ferqüssonla Qrant daha çox hər gediş üzərində gərgin şəkildə düşünən şahmatçıları xatırladırdılar. İsrailli mütəxəssis tezlikdə daha bir dəyişikliyə qərar verdi: Co Koulu Anelka əvəzlədi.
Ser Aleks də növbəti addımını çox gözlətmədi: final qarşılaşmasında o qədər də yadda qalmayan Runinin əvəzinə meydana Nani çıxdı.
Bu arada, "Çelsi"nin kəskin hücumlarını Çexin qapısı qarşısında yaranan təhlükəli vəziyyətlər əvəzlədi. Əvvəlcə Giqz Evranın keçidindən sonra boş qapı qarşısında üz-üzə qalsa da, Terri başı ilə topu uzaqlaşdıra bildi.
Daha sonra isə veteran futbolçunun zərbəsini qapıçı dəf etdi.
Əlavə vaxtın ikinci hissəsi də 90 dəqiqədə yaşananların davamı idi: maksimum gərginlik, minimum qol vəziyyəti.
Oyun nöqteyi-nəzərindən bu 15 dəqiqə, çətin ki, Ballakın gözəgəlimli zərbəsindən başqa nə iləsə yadda qalsın.
Qeyri-futbol baxımından isə əlavə vaxtın sonu Droqba ilə Vidiçin toqquşması ilə yadda qaldı. Tevesin təxribatı ilə başlamış qarışıqlığın sonunda serb oyunçu sarı kart belə görməsə də, Droqba qırmızı kartla meydandan qovuldu - rəqibə vurduğu silləyə görə.
Nəhayət, yağışdan islanmış, yorulmuş və psixoloji baxımdan yüklənmiş futbolçular kubokun sahibini penalti zərbələri ilə müəyyənləşdirməli oldular. Çempionlar Liqasının Moskvada keçirilən ilk finalının məhz belə sonluğu gözlənilən idimi? Güman ki, bunu proqnozlaşdırmaq olardı. Hər iki komanda mövsümün gedişində sübut etmişdi ki, bir-birlərinə layiqdirlər və heç nədə güzəştə getməyəcəklər.
...Yalnız top, qapıçı və zərbə endirəcək futbolçu. Gər-ginliyi sözlə ifadə etmək mümkün deyil. İlk zərbəni Teves vurur və Çex topun istiqamətini düz müəyyənləşdirmir - 1:0.
Van Der Sar Ballakın hansı istiqamətə vuracağını müəyyənləşdirə bilsə də, əlindən heç nə gəlmir - 1:1.
Kerrik də topu Çexin tullandığı istiqamətə yox, əks tərəf göndərir - 2:1.
Belettinin qolu eyni ssenari ilə vurulur - 2:2.
Və budur, 11 metrlik nöqtəyə, bəlkə də, dünyanın ən yaxşı futbolçusu - Kriştianu Ronaldu yaxınlaşır... və Çexlə əsəb mübarizəsini uduzur!
Mövsümün sonunu möhtəşəm keçirən Lempard isə fürsəti əldən vermir - 2:3.
Daha sonra Harqrivz doqquzluğu nişan alır, Co Koul da penaltini uğurla yerinə yetirir - 3:4.
Nani daha ad-sanlı portuqaliyalı həmkarından daha uğurlu vurur və Çex zərbənin istiqamətini müəyyənləşdirsə də, topu tuta bilmir - 4:4.
Nəhayət, daha bir xəta - dəmir əsəbə malik Con Terri şansdan yararlana bilmir. Andersonun topa yaxınlaşması ilə "Mançester Yunayted" yenidən önə keçir - 5:4.
Lakin Kalu görünür, təzyiqlər Salomon Kaluya o qədər də təsir etmir - 5:5. "Mankunianlar"ın yeni rekordçusu Giqz da eyni küncü nişan alır - 6:5.
Anelkanın səhv etməyə haqqı yoxdur və fransalının səhv etdiyini söyləmək olmaz. Lakin fakt faktlığında qalır - uğur Van Der Sarın tərəfindədir. Topu çıxaran qapıçı komandasına gərgin matçın sonunda böyük qələbəni gətirir!
MƏSLƏHƏT GÖR: