14 Mart 2025

Cümə, 23:32

EUROVISION SİYASƏTİ VƏ YA KİM ÖZ AYRANINA TURŞ DEYƏR?..

İlk dəfə ümumavropa musiqi müsabiqəsinə qatılan Azərbaycan 8-ci pilləyə sahib çıxdı

Müəllif:

01.06.2008

Axır ki! Azərbaycan "Eurovision-2008" musiqi müsabiqəsində 8-ci yeri tutdu və etiraf edək ki, bu elə də pis nəticə deyil. Düzdür, daha yüksək yerlərə də sahib çıxa bilərdik. Əgər... 

Təəssüf ki, bu cür "əgər"lər çoxdur... 

Etiraf olunmalıdır ki, Elnurla Samir əllərindən gələni və bacardıqlarını etdilər. Onların nümayiş etdirdikləri nömrə bu şoudakı ən parlaq və effektli çıxışlardan idi. Xüsusilə də nəzərə alsaq ki, söhbət ilk dəfə bu müsabiqəyə qatılan ölkədən gedir. Amma yalnız qələbə haqda düşünən uşaqlar bir məqamı nəzərdən qaçırmışdılar: hər yerdə olduğu kimi, Eurovision müsabiqəsində də hər şeyi əlahəzrət Siyasət həll edir.

 

Xalq üçün musiqi neçəyədir?

Fikrimizi bir qədər əsaslandırmaq üçün diqqət yetirək ki, Eurovision müsabiqəsində səsvermə sistemini mükəmməl adlandırmaq olmaz. Bu sistemə  görə, 12 maksimal bal ümumilikdə səslərin sayına görə yox, hər ölkədən alınmış ən çox səsə görə verilir. Bu isə o deməkdir ki, müsabiqədə 2-3 milyonluq ölkədən cəmi 50 min səs alıb udmaq və əksinə, 60-70 milyonluq ölkədən milyonlarla səs alıb, lakin uduzmaq olar.  Belə çıxır ki, söhbət səslərin sayında deyil, sənə səs verən ölkədədir. Burada isə məsələyə siyasət qarışır. Buna əmin olmaq üçün "Eurovision-2008"in qalibi Dima Bilana səs verən ölkələrin siyahısına nəzər salmaq kifayətdir. Kiçik təhlil göstərir ki, Rusiya təmsilçisinə səslərin verilməsində ya bu ölkə ilə siyasi münasibətlər, yaxud da ki səs verən ölkədə diasporanın çoxluğu həlledici rol oynayıb.

Bu səbəbdən də Eurovisionun "köhnə sakinləri"ndən bizim çıxışımıza adekvat qiymət gözləməyə dəyməzdi - qonşular qonşularına, daimi "vassal"lar isə həmişə olduğu kimi, "böyük qardaş"larına səs verdilər. Skandinaviya dövlətlərinin bir-birlərinə səs verməsi, həmçinin Fransanın Ermənistana, Ermənistan və Belarusun isə Rusiya təmsilçisi Dima Bilana 12 xal göndərməsi tamamilə qanunauyğun idi. Ötən il Sovet xilaskarı abidəsinin dağıdılması üzündən millətçilikdə ittiham olunan Estoniya da siyasətinə korrektə etmək qərarına gələrək, ən yüksək xalı Rusiyaya versə də, Moskvadan eyni qarşılığı görmədi.

Bizi ən çox təəssüfləndirən isə qonşu Gürcüstanın Azərbaycanın çıxışını cəmi 7 balla qiymətləndirməsi oldu. Bu ölkə Ermənistana 12 xal verdi! Qəribədir, deyilmi? Rəsmi Tbilisi ölkələrimiz arasında "mehriban qonşuluq" münasibətlərindən danışmağı sevir, ən çətin anlarda göstərilən dəstəyə görə, Azərbaycana daim minnətdarlıq edir. Amma Gürcüstanın əsl "minnətdarlığı"nı hamımız gördük. Və dərhal siyasət haqda düşündük, gözümüzün qarşısında neft, qaz, nəqliyyat dəhlizləri canlandı. Lakin yaxşılıq edib, sonradan da onu başa qaxmaq Azərbaycanın xarakterinə uyğun deyil. Özləri bilən məsləhətdir. Amma onu da unutmaq olmaz ki, erməni müğənniyə verilən səslərin bir hissəsi Gürcüstanda yaşayan ermənilər (600 minə yaxın) tərəfindən göndərilib. 

Bunu elə-belə xatırlatdıq. 

Qardaş Türkiyə də təəccübləndirdi. Elnurla Samirin çıxışını 12 xalla qiymətləndirən Türkiyə, ermənilərə 10 bal verməyi unutmadı (yeri gəlmişkən, bu ölkədə də ermənilərin sayı az deyil).  Buna cavab olaraq, ermənilər isə politkorrekt qonşularının jestini görməzliyə vuraraq, səslərini Yunanıstan, Gürcüstan və əlbəttə ki, "forpost"u olduqları Rusiyaya verdilər. 

 

Qonşu olmasa da, dost ölkələr

Macarıstan və Makedoniyanın Azərbaycana verdiyi 12 və 8 xal isə sevindirici oldu. Samirlə Elnurun duetini Ukrayna da yaxşı qiymətləndirdi - 10 bal. 

Yeri gəlmişkən, Ukrayna Rusiyanı da yüksək xalla qiymətləndirdi ki, amma ruslar cazibədar Anna Loraka cəmi 8 xal verdilər.

Bu prosesdə ən təəssüfləndiricisi isə, yəqin, o idi ki, öz sevimli iştirakçılarına səs vermək istə-yən azərbaycanlı tamaşaçıların əksəriyyəti səsverməyə qatıla bilmirdi. Telefon xətləri həddindən artıq yüklənmişdi və SMS-lərin ünvanına çatmasına əngəl yaranırdı. 

Təəssüf ki, bizdə əvvəlcədən belə bir problemin yarana biləcəyi nəzərə alınmamışdı.

Müsabiqənin nəticələrinə gəlincə, Avropanı "fəth etmək" istəyilə alışıb-yanan Rusiya ifaçısı Dima Bilanın arzusu, axır ki, reallaşdı. İki il əvvəl müsabiqədə 2-ci yeri tutmuş Bilan bu dəfə 272 xal toplayaraq, əsas rəqibini 42 xal üstələdi və "Eurovision-2008"in qalibi oldu.

Üçüncü yeri gənc yunan  Kolomire, dördüncülüyü isə bütün dünyaya səpələnmiş erməni diasporunun səsləri hesabına Siruşo tutdu. Qeyd edək ki, bu qızın xüsusi istedada malik olduğunu söyləmək çətindir. Ermənistanın nümayəndə heyəti əsas diqqəti müğənninin xarici görünüşünə və ermənilərin fikrincə, seksual görünən rəqsə yönəltmişdi. İstənilən halda, Avropa bu "tələ"dən qurtula bilmədi və erməni diasporu əsl toy-bayram etdi. 

Maraqlıdır, bəs həmin vaxt Avropada yaşayan azərbaycanlılar nə ilə məşğul idilər? Ümid edək ki, çox vacib və çox ciddi işləri olub. Və yalnız buna görə mədəniyyət xadimlərimizin Samirlə Elnura səsləndirdikləri dəstək çağırışlarını eşitməyiblər... Bəlkə onlar sadəcə Eurovision müsabiqəsinə ciddi əhəmiyyət verməyiblər? Sanki bu, adi musiqi müsabiqəsidir, vəssalam... 

Amma nahaq yerə. Ölkənin imici məhz bu cür "adi müsabiqələr"lə formalaşır. 

Bəlkə indiyədək etdiyimiz səhvlərdən nəticə çıxararaq, heç olmasa, cəmi bir gün birləşib televiziya ekranları qarşısında əyləşməyə, öz Vətənimizə səs verməyə dəyərdi?

Çox ümid edirik ki, Azərbaycan ifaçılarının öz ölkələrini Euro-vision müsabiqəsində layiqincə təmsil etmək uğrunda ikinci cəhdi uğurla nəticələnəcək və biz ilk üçlüyə düşə biləcəyik.


MƏSLƏHƏT GÖR:

396