14 Mart 2025

Cümə, 21:37

YENƏ DƏ “MANÇESTER YUNAYTED”!

Mançesterlilər çempion adını qazandılar, amma "çelsi"nin çempionlar liqasının Moskvada keçiriləcək finalında qisas almaq şansı var

Müəllif:

15.05.2008

"Mançester Yunayted" futbol üzrə İngiltərə çempionudur. Komanda tarixində növbəti, 17-ci çempionluğunu turnir cədvəlində 14-cü yerdə olan "Uiqan"la həlledici görüşdə əldə etdiyi qələbə ilə qazandı.

Həlledici tur ərəfəsində "Mançester Yunayted"lə "Çelsi"nin xalları bərabər idi. Lakin mankunianlıların vəziyyəti daha qənaətbəxş idi - "Çelsi"nin doğma "Stenford Bric"də "Bolton"la oyununun hesabından asılı olmayaraq, "MY" səfərdə keçirdiyi qarşılaşmada qələbə qazanaraq, çempion ola bilərdi. Çünki çempionatın sonuna yaxın "Mançester Yunayted"i haqlamış londonlularla müqayisədə mankunianlılar daha yaxşı top fərqinə malik idilər.

Konkret olaraq "Uiqan"la qarşılaşmaya gəlincə, matçın ilk dəqiqələrindən "Mançester" üstünlüyü ələ aldı, lakin çempiona layiq sürətli oyun göstərmədən. Amma "qırmızı şeytanlar"a "Uiqan"ın oyunçusu Emerson Boys "kömək etdi" - onun öz cərimə meydançasındakı qayda pozuntusundan sonra hakim meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi və Ronaldo fürsəti əldən vermədi - 1:0. 

Yeri gəlmişkən, bu, Kriştianonun çempionatda vurduğu 31-ci qol idi.

İkinci hissədə "Mançester Yunayted"in futbolçuları daha inamlı təsir bağışlayırdılar. Oyuna nəzarət edən "qırmızı şeytanlar" topu özlərində saxlayaraq, rəqib qapısı qarşısında çoxsaylı təhlükəli vəziyyət yarada bildilər. Qarşılaşmanın sona çatmasına 10 dəqiqə qalmış təcrübəli Rayan Qiqqz ikinci qolu vuraraq, komandasının qələbəsini daha inamlı etdi. Onu da qeyd edək ki, bu, uelsli futbolçunun İngiltərə çempionatında "Mançester Yunayted"in heyətində keçirdiyi 758-ci matç idi. Bununla da Qiqqz öz dahi soydaşı, əfsanəvi Bobbi Çarltonun rekordunu təkrarladı.

"Çelsi" - "Bolton" qarşılaşmasına gəlincə, oyun kifayət qədər maraqlı və gərgin keçdi. Matçın ilk dəqiqələrindən Roman Abramoviçin komandası meydanda üstünlüyü ələ aldı və sonadək onu əldən vermədi. İlk 10 dəqiqədə "Çelsi" kəskin əks-hücumlar təşkil edərək rəqib qapısına üç təhlükəli zərbə endirdi. 7-ci dəqiqədə londonlular əlverişli fürsət əldə etsələr də, Droqba sadə vəziyyətdən topu qapıya vura bilmədi. 20-ci dəqiqədə isə Ballak cərimə zərbəsindən təhlükəli zərbə ilə yadda qaldı.

İkinci hissədə meydana çıxmış Andrey Şevçenko nadir hallarda rast gəlinən halla - komandasının oyununu gücləndirməklə yadda qaldı. 62-ci dəqiqədə məhz o, qarşılaşmanın ilk qoluna imza atdı. Uzun-uzadı davam edən hücumdan sonra Essyenin cərimə meydançasına göndərdiyi topa Aleks ayaq qoya bilməsə də, hücum bununla bitmədi və Şevçenko "Bolton"un qapıçısı Al Habsini məğlub etdi.

İlk yarıdan sonra "Çelsi" rəqib qapısına 6, "Bolton" isə cəmi 1 zərbə endirmişdi. "Bolton" bir də rəqib qapısına matçın 92-ci dəqiqəsində zərbə vurdu və bu zərbə qolla nəticələndi. Hər şey Aleksin səhvi, özü də üçqat səhvi ucbatından baş verdi. Əvvəlcə Aleks topu birbaşa M.Teylorun ayağına atdı, daha sonra onu ayaqlarının arasından buraxdı, nəhayət, komandasının qapıçısı Petr Çexin qapı qarşısındakı təhlükəli vəziyyəti görməsinə mane oldu.

Qarşılaşmanın əvvəlindən "Çelsi"nin qələbəyə kökləndiyi hiss edilirdi. Lakin... 

Görünür, komanda gücünü Çempionlar Liqasının finalına saxladı. Odur ki "Mançester Yunayted"in çempionatda layiqli qələbə qazandığını söyləmək olar. "Çelsi" hər turdan-tura daha yaxşı təsir bağışlasa da, bu onun çempion olması üçün kifayət etmədi. Komanda turnir ərzində cəmi üç dəfə məğlubiyyətlə üzləşsə də, bir çox matçlar "Çelsi" azarkeşlərinin arzuladığı kimi sonunclanmadı. Görünür, klub daha az heç-heçə etməli idi. Çempionat ərzində komandada bu göstərici 10, "Mançester Yunayted"də isə 6-dır. Amma istənilən halda bu, son çempionatın ən yaxşı məşqçisi seçilmiş Avraam Qrant üçün heç də pis göstərici deyil. Onun rəhbərliyi altında komanda hücum futbolu nümayiş etdirib və "Çelsi"ni tarixində ilk dəfə Çempionlar Liqasının finalına daşıyan bu futbol azarkeşlərin ürəyincədir.

Ümumilikdə, yeni çempion özünü kifayət qədər cəsarətli göstərə bilib. Uğurlu mövsüm keçirən "MY" onu layiqli pillədə də başa vurub. Mankunianlılar bütün mövsüm boyu əla fiziki formanı qoruyub-saxladıqlarını, hücum futbolu və məzmunlu oyun göstərmək iqtidarında olduğunu nümayiş etdiriblər. 

Daha bir maraqlı fakt: çempion mövsümboyu 5 matçda məğlub olduğu halda, ikinci pillədə qalan "Çelsi" cəmi 3 oyunda - özü də yalnız rəqib meydanında - uduzub. 

Mövsümün üçüncüsü isə Londonun "Arsenal" klubu oldu. Mövsümboyu uzun müddət baxımlı oyun göstərərək, turnir cədvəlinə liderlik edən "Arsenal", sonda "MY" ilə "Çelsi"ni özündən irəli buraxdı. "Liverpul" isə növbəti dəfə dördüncüdür. 

Bu dörd komandanın keyfiyyətli və baxımlı oyunu azərbaycanlı futbolsevərlər arasında da böyük auditoriya toplamış İngiltərə futbolunun vizit vərəqəsi olub. 

Beləliklə, Çempionlar Liqasının yarımfinal mərhələsinə yüksəlmiş dörd klubdan üçünün yuxarıda adları çəkilən komandalar arasında olması tamamilə qanunauyğun haldır.

Nəticədə qazanan yalnız azarkeşlər və televiziya tamaşaçıları deyil, ingilis futbolunun imici və nüfuzu da maksimum həddə yüksəlib.

Bütün bunlarla yanaşı, ən maraqlısı hələ ki qarşıdadır - mayın 21-də Çempionlar Liqasının Moskvada keçiriləcək finalında məhz "Mançester Yunayted" və "Çelsi" komandaları üz-üzə gələcək. Onu da qeyd edək ki, London klubuna rəhbərlik etdiyi dövrdə Qrant yeganə məğlubiyyətini məhz "MYu"dan alıb. Amma ikinci dövrədə o, 2:1 hesablı qələbə ilə revanş qazana bilib. 

Odur ki, iki klub arasında intriqa son dərəcə yüksəkdir: ya "Mançester Yunayted" çempionat və Çempionlar Liqasında qələbə əldə etməklə dubla imza atacaq, ya da "Çelsi" tarixində ilk dəfə olaraq Avropa çempionluğunu yaşayacaq. 

Lap az qalıb!


MƏSLƏHƏT GÖR:

416