
OLİMPİYAÇILAR PEKİNƏ YAXINLAŞIRLAR
Azərbaycanlı idmançılar olimpiada-2008-ə vəsiqə uğrunda mübarizəni davam etdirirlər
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Pekində keçiriləcək Olimpiadanın başlanmasına yüz gündən də az vaxt qalıb. Lakin Azərbaycanı bu yarışda təmsil edəcək idmançıların sayı hələ artmaqdadır. Çünki idmanın müxtəlif növləri üzrə lisenziyalı turnirlər hələ də davam edir - onların əksəriyyəti bu ay başa çatacaq. Hələliksə Azərbaycan 35 vəsiqə əldə edib və bu heç də son deyil.
Bölgü belədir
Azərbaycanın sərbəst güləş üzrə milli komandası Olimpiadada tam heyətlə təmsil olunacaq. Bu, Beynəlxalq Güləş Federasiyasının (FILA) Tamperdə keçirilmiş Avropa çempionatında üçüncülük qazanmış ağır çəkili güləşçimiz Əli İsayevə (120 kq) vakansiya verməsindən sonra məlum olub. Odur ki artıq komanda turnirə 7 atletlə qatılacaq və ola bilsin, Varşavada keçiriləcək sonuncu seçmə mərhələdə iştirak etməyə də bilər.
Xatırladaq ki, əvvəlcə İsayev Avro-2008-in yekunlarına əsasən, Pekinə vəsiqə əldə edə bilmədi və yeganə lisenziya Gürcüstan idmançısı David Modzmanaşviliyə qismət oldu. Lakin gürcü güləşçinin dopinq nəzarəti zamanı "ilişmə"sindən sonra, FILA boş qalmış vakansiyanı azərbaycanlı güləşçiyə verdi. İsayev bu xəbəri Polşada keçiriləcək seçmə mərhələsinə var gücü ilə hazırlaşdığı bir vaxtda aldı və artıq həmin turnirə qatılmaya da bilər.
Beləliklə, millinin baş məşqçisi Maqomedxan Arasilov komandanın Olimpiadada bütün çəki dərəcələrində iştirak edə biləcəyilə bağlı vədini yerinə yetirdi.
Qeyd edək ki, bu, millimizin Olimpiadaya tam heyətlə yollanacağı ilk haldır.
Sərbəst güləşçilərin lisenziya yarışmasının yekunlarına gəldikdə, qeyd edək ki, İsayevlə (120 kq) yanaşı, Pekinə Emin Əzizov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Heqat Qazyumov (96 kq), Namiq Sevdimov (55 kq) və Zəlimxan Hüseynov (60 kq) da Pekinə vəsiqə qazanmış idmançılardır. Amma onlar hələ ki bu siyahıdakı yerə layiq olduqlarını sübuta yetirməlidirlər. Belə ki, güləşdə lisenziya konkret idmançıya yox, ölkəyə verilir. Bununla yanaşı, millinin baş məşqçisi bildirib ki, Pekinə yollanacaq komandanın yekun heyəti FILA-nın Qızıl Qran-pri yarışının iyunda Bakıda keçiriləcək finalından sonra müəyyənləşəcək.
Pekində stend atıcılığı yarışı üzrə qatılmaq hüququnu bu dəfə də Sidney Olimpiadasının çempionu Zemfira Meftahətdinova əldə edib. Bu, Beynəlxalq Atıcılıq Federasiyasının idmançımıza verdiyi xüsusi vald-kart hesabına baş verib. Odur ki əvvəlki iki olimpiadada medal qazanmış tanınmış stend atıcısı növbəti yarışda da uğurlu çıxış etmək üçün yaxşı imkana malikdir. Düzdür, Meftahətdinova öz gücü ilə Pekinə vəsiqə qazana bilməsə də, Olimpiada-2008-də qələbəyə əsas iddiaçılardandır. O, Pekinə yollana bilməyən atıcılar arasında daha yüksək reytinqə malikdir və seçmə mərhələnin gedişində bir sıra yüksək nəticələrə imza atıb. Məsələn, Qahirədə keçirilmiş Dünya Kuboku-2006-da finala çıxa bilməsə də, dünya rekordunu təkrarlayıb. "Mən analıq məzuniyyətinə çıxmağımla əlaqədar, atıcılığa xeyli fasilə vermişdim. Ötən yanvarda mənim oğlum dünyaya gəlib və bu səbəbdən də yarışa hazırlığın ilk mərhələsini buraxmalı olmuşam. Ən əsası isə odur ki, mən turnirlərə psixoloji cəhətdən lazımi şəkildə hazırlaşa bilmədim. Odur ki taktiki-texniki baxımdan hər şey qaydasında olsa da, məhz bu amillə əlaqədar olaraq, məğlub duruma düşdüm", - deyə lisenziya uğrunda yarışlarda lokal məğlubiyyətinin səbəblərini izah edib.
Zemfiranın Pekinə yollanmaq üçün əlavə şansı Olimpiada proqramı üzrə iştirakçıların sayının artırılmasından sonra yaranıb. Bu səbəbdən Meftahətdinova yalnız beynəlxalq federasiyanın qərarını gözləməli olub ki, qurum sonda Azərbaycan tərəfinin xahişini yerinə yetirib. Beləliklə, Zemfira artıq ikinci dəfədir ki, Olimpiadaya vald-kart sayəsində vəsiqə qazanır. Xatırladaq ki, Sidney Olimpiadasından öncə də o, eyni durumla üzləşərək, öz gücünə vəsiqə qazana bilməmişdi. Lakin yarışa xüsusi dəvətlə qatılan idmançımız qızıl medal qazanmağı bacardı. Əlbəttə, bu dəfə də hadisələrin bu cür inkişaf edəcəyini iddia etmək çətindir, amma hər halda artıq müəyyən paralellər aparmaq olar.
Hər zaman at belində
Azərbaycanlı atçapan Camal Rəhimov da Pekin Olimpiadasına vəsiqəni təmin edib. Türkiyədə keçirilən seçmə mərhələdə uğurla çıxış edən Rəhimov orada müxtəlif fənlər üzrə qızıl və bürünc medal əldə edib və bu da ona Pekinə yollanmaq imkanı yaradıb. Baxmayaraq ki Beynəlxalq At İdmanı Federasiyası Olimpiadaya yollanacaq idmançıların siyahısını bu ay açıqlayacaq, Camalın lisenziyaya sahib çıxması de-yure həlledilmiş məsələ sayılır.
Rəhimova bu yolda mane ola biləcək yeganə rəqib Türkiyədəki yarışa qatıla bilməyən İsrail atçapanı idi. İdmançımız isə reytinq cədvəlində yaxşı mövqeyə sahib olsa da, Bosfor sahillərində özünü yaxşı göstərərək, Pekinə vəsiqə əldə edib. Turnirin ilk günündə Camal aktivinə 5 xal yazaraq, Olimpiadaya gedəcək Avropa idmançılarının siyahısında 3-cü yerə yüksəlib.
Bununla yanaşı, idmançı yüksək iradə də nümayiş etdirib - yarışın gedişində başından zədə almasına baxmayaraq, o, çıxışını davam etdirib. Zədə o qədər ciddi olub ki, Camal tibbi yardıma müraciət etməli olub və onun başına bir neçə tikiş qoyulub.
Maraqlıdır ki, yarışın ikinci günündə Camal daha böyük nəticə əldə edərək, 155 sm hündürlükdə maneə ilə üçüncü yeri tutub, daha sonra isə 160 sm-lik maneədə qalib olub. Bu isə ona reytinqdə ikinci yerə yüksəlməyə və Azərbaycanın Olimpiadaya yollanacaq millisinin tərkibinə düşməyə imkan yaradıb. Xatırladaq ki, komandamız indiyədək Olimpiadada heç zaman atçılıq idmanı ilə təmsil olunmayıb və Camal milli idmanın tarixində yeni səhifə açıb. Rəhimov belə nüfuzlu turnirə ilk dəfə qatılmaq şansı qazansa da, artıq indidən onun Pekində "itib-batmayacağını" söyləmək mümkündür. Son illər ərzində Camal Avropanın istedadları atçapanları arasına girə bilib və beynəlxalq arenalarda göstərdiyi yüksək nəticələrlə ona olan ümidləri doğruldur.
İstanbulda keçirilmiş turnirə qayıdaraq qeyd edək ki, Camalın əldə etdiyi parlaq nəticə ona 2009-cu ilin Avropa çempionatına da qatılmaq hüququ verib və beləliklə, idmançımızın yarış təqvimi artıq indidən müəyyənləşib. Lakin hazırda onun üçün ən vacib olanı başlamasına o qədər də çox vaxt qalmayan Olimpiadaya hazırlıqdır. Burada atların daşınması, onların lazımi qidalarla təmin olunması və s. məsələlər də var. Hazırda C.Rəhimov bir neçə böyük turnirlərə qatıldığı iki at - İonesko de Brekka və Aramislə çıxış edir.
Lap az qalıb
Azərbaycanın otüstü hokkey üzrə qadınlardan ibarət milli komandası isə Olimpiadanın bir addımlığında qalıb. Bakıda keçirilən lisenziyalı turnirin finalına çıxmış qadınlarımız dramatik keçən həlledici qarşılaşmada ispaniyalı rəqiblərinə məğlub olublar - 2:3. Qonaqlar həlledici qolu qarşılaşmanın son dəqiqələrində vurublar ki, bu da Azərbaycan hokkeyçilərinin əlavə vaxtda uğur qazanmaq istəyinin üzərindən xətt çəkib. Əslində, reytinq cədvəli baxımından qələbəni əvvəlcədən favorit göstərilən komanda qazanıb. Piriney yarımadasının təmsilçiləri Bakıya Pekinə vəsiqənin əsas iddiaçıları qismində gəlmişdilər və qarşıya qoyulan məqsədə nail oldular.
Ev sahibləri də turnirboyu yalnız ilkin mərhələdə elə həmin ispanlara məğlub olsalar da, sonda doğma divarlar belə, onlara kömək etməyib. Rəqib həqiqətən də Olimpiadada iştirak etməyə layiq oyun nümayiş etdirdi. Amma bu, heç də o demək deyil ki, Tahir Zamanın yetirmələri əvvəlcədən uğursuzluğa məhkum idilər.
Əksinə, kollektiv turnirə yaxşı hazırlaşmışdı, hokkeyçilər isə tarixin gedişini öz xeyirlərinə çevirmək üçün əllərindən gələni etdilər. Bununla yanaşı, iki dəfə hesabı bərabərləşdirən hokkeyçilərin mənəvi hazırlıqlarını və iradələrini də qeyd etmək lazımdır. Onu da deyək ki, finalda hesabı hər iki dəfədə Dilfüzə Mirzəliyeva bərabərləşdirib. Ümumiyyətlə, millimiz turnirin gedişində məhz onun dəqiq zərbələri nəticəsində bir neçə vacib qələbə qazanıb. Lakin onun finalda rəqib qapısından keçirdiyi iki top ümumi uğur üçün kifayət etməyib.
Beləliklə, artıq uğursuzluğun səbəblərinin araşdırılması, qələbə üçün çatışmayan komponentlərin müəyyənləşdirilməsi üçün vaxt lazımdır. Hazırda qaynar izlərlə komandada hansı dəyişikliklərin olacağını söyləmək çətindir. Lakin millinin son illər ərzində aparıcı oyunçuları olan bəzi hokkeyçilərlə vidalaşacağına şübhə yoxdur. Digər tərəfdən, millimizin bir müddət əvvələdək lideri olmuş və yarım il əvvəl komandadan kənarlaşdırılmış Zeynəb Nuriyevanın yeri, bəlkə də, hələ çox görünəcək. O, çox güman ki, hələ öz sözünü deməmişdi.
Amma təbii ki, komandanın perspektivləri yalnız ayrı-ayrı oyunçuların iştirakı ilə bağlı deyil. Bu məsələdə ümumi səviyyə də çox şey deməkdir. Bu gün üçün isə ispanların dərəcəsi daha yüksəkdir və reytinq cədvəli də bunu göstərir. Məşqçi heyətinə isə gücünü toplamaq və artıq indi heyəti yeniləyərək, gəncləşdirərək, növbəti mərhələyə hazırlığa başlamaq qalır.
MƏSLƏHƏT GÖR: