
DAHA BİR BƏHANƏ
Vaşinqton Iranın Iraq şiələrinə dəstəyinə dair yeni sübutlardan danışır
Müəllif: Eldar PAŞAYEV Bakı
Təxminən, bir il əvvəl dünya ictimaiyyəti Rusiya KİV-ə istinadən ABŞ-ın İrana "Sancma" şərti adı altında həyata keçirməyə hazırlaşdığı əməliyyatı müzakirə edirdi. İran ərazisindəki hədəflərin 2007-ci il aprelin 6-sı səhər saat 4-də bombardman ediləcəyi iddia olunurdu. Əlbəttə, hamı yaxşı anlayırdı ki, Pentaqonun, doğrudan da, belə bir planı olsa idi, onun detalları çətin ki mətbuat səhifələrinə, üstəlik də, ABŞ-ın "Nyu-York tayms" və ya Britaniyanın "Qardian" qəzetlərinə yox, Rusiyanın "Arqumentı nedeli" qəzetinin səhifələrinə çıxardı. Amma bununla belə, 6 aprel səhər saat 4-dək gərginlik aradan qalxmadı. Ələlxüsus da, nəzərə alsaq ki, jurnalistlərin "Rusiyanın xüsusi xidmət orqanlarındakı mənbə"yə və İsrailin xüsusi xidmət orqanlarına istinadən yaydığı məlumatları Rusiyanın bəzi rəsmiləri, o cümlədən Baş Qərargah rəisi Yuri Baluyevski və daxili işlər nazirinin müavini Andrey Denisov da məmnuniyyətlə şərh edirdilər.
O vaxtdan bir il vaxt keçsə də, məsələ hələ də gündəmdədir. Aprelin 30-da CBS telekanalı Pentaqonun İrana hücum planının hazırlanmasına dair qərar verdiyini bəyan edib. Bundan başqa, guya artıq Tehranın regionda sabitliyi pozmaq siyasətini dayandırmayacağı təqdirdə, bu ölkəyə ünvanlanacaq ultimatum da hazırdır.
Xatırladaq ki, İrana qarşı müharibənin başlanmasının mümkünlüyünə dair fikirlər martda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Uilyam Fellonun istefasından dərhal sonra yayılmışdı. Həmin vaxt Amerikanın bir sıra KİV-də belə bir fikir yer almışdı ki, Fellon Pentaqonda İrana qarşı hərbi əməliyyatlara qarşı çıxan, demək olar ki, yeganə şəxs idi. Nəticədə Pentaqon rəhbəri Robert Geyts və Fellonun özü təkzib bəyanatı ilə çıxış etməli oldular.
Beləliklə, rəsmi Vaşinqton əvvəlkitək ABŞ-ın Tehrana qarşı müharibəyə hazırlaşması haqda məlumatları təkzib edir. Onların bu fikirlərini bölüşən əksər ekspertlər də problemin hərbi yolla çözülmə ehtimalının az olduğunu söyləyirlər. Bundan başqa, hərbçilərin açıqlamaları da spesifik xarakterilə fərqlənir. Məsələn, ABŞ-ın Qərargah rəisləri komitəsinin rəhbəri, admiral Maykl Malenin fikrincə, İran anlamalıdır ki, Amerikanın ona zərbə endirmək imkanı var, sadəcə, Vaşinqtona Yaxın Şərqdə daha bir müharibə ocağı lazım deyil. Admiralın sözlərinə görə, İranla bağlı kifayət qədər hərbi variantlar var lakin onlardan hansından istifadə ediləcəyi hadisələrin gedişindən asılı olacaq.
İran rəhbərliyinə gəlincə, rəsmi Tehran əmindir ki, ABŞ onlara qarşı hərbi aksiyaya risk etməyəcək (və ya hər halda, belə bir əminlik haqda rəy yaradır). İslam respublikasının Xarici İşlər Nazirliyinin rəsmisi Məhəmməd Əli Hüseyni hesab edir ki, İrana hücum ehtimalı çox azdır. O bu fikrini hazırda amerikalı hərbçilərin İraq və Əfqanıstanda "ilişməsi" ilə əsaslandırır. "Biz belə düşünürük ki, ABŞ yeni fəlakətlə üzləşmək istəməzdi. Onlar anlayır ki, bu, yalnız region üçün yox, bütünlükdə dünya üçün arzuolunmaz nəticələrə gətirib çıxarar", - deyə Hüseyni qeyd edib.
İlk baxışdan belə qənaətə gəlmək olar ki, hər şey bir il əvvəl olduğu kimidir - eyni bəyanatlar, eyni əhval və eyni gümanlar. Lakin fərqlər göz qabağındadır. Məsələ ondadır ki, son zamanlar amerikalılar onların İraqda, Hüseyninin dediyi kimi, "ilişməsində" İran hakimiyyətinin də iştirakı haqda daha ciddi əsaslar ortaya qoyurlar. CBS-in məlumatına görə, amerikalı hərbçilərdən biri Tehrana qarşı hərbi əməliyyatların məhz İranın son zamanlar özünü daha aqressiv aparması səbəbindən planlaşdırıldığını bildirib. Belə ki, Tehran nəinki BMT Təhlükəsizlik Şurasının uranın zənginləşdirilməsi prosesinin dayandırılması tələbinə məhəl qoymur, üstəlik, İraq yaraqlılarının silahla təchizatını davam etdirir. Həmin silahlar isə, təbii ki, amerikalılara qarşı istifadə olunur. Məhz buna görə Pentaqon rəhbəri Robert Geyts bildirib ki, "İranlılar faktik olaraq, İraqda amerikalı hərbçiləri qətlə yetirirlər". ABŞ-ın müdafiə naziri İrana qarşı hər hansı hərbi əməliyyat planının olmasını təkzib etsə də, onun bu açıqlaması İraqda koalisiya qüvvələri ilə Müktəda əs-Sədrin rəhbərlik etdiyi "Mehdi Ordusu" arasında ciddi toqquşmaların yaşandığı vaxta təsadüf edib. Qeyd edək ki, Amerika "Mehdi Ordusu"nun məhz İranın İslam İnqilabı Keşikçiləri Korpusu - "Əl-Kuds" tərəfindən xüsusi təyinatlı silahlarla təchiz edildiyinə əmindir. Bir müddət əvvəl ABŞ-ın İraqdakı silahlı qüvvələrinin baş komandanı, general Devid Petreus da bu fikri bir daha təsdiqləyib. Hətta sözügedən qruplaşmanın rəhbəri əs-Sədrin hazırda İranda olmasına dair fikirlər də səslənir.
Bundan başqa, CBS-in məlumatından cəmi bir neçə gün əvvəl ABŞ-ın hərbi komandanlığının nümayəndələri İraq ərazisində İran istehsalı olan silahların tapıldığını açıqlayıblar. "The Wall Street Journal" xəbər verir ki, Amerikalı hərbçilər ölkə ərazisində minaatanların, mərmi və partlayıcı vasitələrin olduğu gizli anbar aşkar ediblər. Tapılan silahların markaları isə onların son 2 ayda istehsal edildiyini göstərir. Qeyd olunur ki, amerika qoşunları üçün ən böyük təhlükə hətta güclü zirehi belə zədələyə bilən və ingiliscə Explosively formed penetrators (EFP) adlanan sursatlardır. Vaşinqton və Bağdadın rəsmiləri bu faktın İranın yaraqlılara dəstəyini davam etdirməsinin göstəricisi olduğunu bəyan ediblər. Məsələn, admiral Mallen hesab edir ki, Tehranın İraqa göndərdiyi silah-sursat axını günü-gündən artır. "Xüsusilə Bəsrədə keçirilən son əməliyyat İranın İraqda sabitliyi pozmağa nə dərəcədə çalışdığını göstərdi", - deyə Mallen qeyd edib. Onun sözlərinə görə, Tehran kriminal qrupları dəstəkləyir, onlara məşq keçir və silah-sursatla təmin edir, hətta koalisiya qüvvələri və İraqın təhlükəsizlik qüvvələrinin təmsilçilərinin öldürülməsi üçün onları ruhlandırır.
"The Wall Street Journal" amerikalı rəsmilərin İranı İraq üçün yeganə uzunmüddətli təhlükə saydıqlarını da yazır. Məsələn, Pentaqon rəhbəri Geyts ilk dəfə olaraq belə bir fikir söyləyib ki, İran prezidenti Mahmud Əhmədinejat İraqa silah-sursat göndərilməsindən şəxsən xəbərdar olub.
CBS-in məlumatını mayın 5-də Britaniyanın "Sunday Times" həftəliyi də dolayısı ilə təsdiqləyib. İnformasiyalı mənbələrə istinad edən qəzetin məlumatına görə, ABŞ-ın Müdafiə Nazirliyi iraqlı yaraqlıların İran ərazisindəki təlim düşərgələrinə "dəqiq zərbələr" endirməyi nəzərdə tutan əməliyyat üzərində işləyir. Məlumatda həmin düşərgələrin "Əl-Kuds"a məxsus olduğu da bildirilir. Qəzetin yazdığına görə, bu düşərgələrdə təlimatçı qismində "Hizbullah" üzvü olan Livan şiələri, həmçinin, döyüş təcrübəsi olan iranlı təlimatçılar çalışır. Yazıda bildirilir ki, bir müddət əvvəl Bəsrədə gedən döyüşlərdən sonra Vaşinqton belə qənaətə gəlib ki, şəhərin yaraqlılar tərəfindən ələ keçirilməsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun da rolu olub: "Bəsrədə vəziyyət yenidən pisləşərsə, ABŞ bu bəyanatla çıxış edə və İran ərazisindəki təlim düşərgələrinə zərbələr endirə bilər".
Avropa İttifaqında çıxan Amerikanın "International Herald Tribune" dərgisi isə bildirir ki, bu məsələ ilə əlaqədar olaraq, ABŞ İraq hökumətinə xüsusi məruzə təqdim edib. İraqın baş naziri Nuri əl-Maliki artıq bəyan edib ki, onun hökuməti sənəddə əks olunan faktlarla əlaqədar xüsusi araşdırma aparacaq. Bununla yanaşı, müşahidəçilər əmindirlər ki, İraq bununla ABŞ-ın İranın ünvanına səsləndirdiyi ittihamlardan yayınmağa çalışır. Hökumət rəsmisi Əli əd-Dabbaqın sözlərinə görə, Bağdad qonşuları ilə qarşıdurmaya getmək fikrində deyil və sadəcə, bu ittihamlara sübut tapmaq məqsədi ilə araşdırma aparacaq.
Qeyd etmək lazımdır ki, bu, "Hizbullah"ın İraq yaraqlıları ilə əlaqəsinə dair ilk sübutlar deyil. 2007-ci ilin martında İraqda bu qruplaşmanın rəhbərlərindən olan Əli Mussa Dakduk həbs edilmişdi. Dindirilmə zamanı o etiraf edib ki, İraqa gəlməsində məqsəd hazırlığında "Hizbullah"ın da iştirak etdiyi yerli şiə yaraqlıların fəaliyyətinə qiymət vermək olub. Bir müddət əvvəl isə Qərb mətbuatında bu qruplaşmanın yenidən İsrailə qarşı müharibəyə hazırlaşması, bu məqsədlə yüzlərlə, hətta minlərlə yaraqlını Livan, Suriya və İrandakı məşq düşərgələrinə göndərməsinə dair məlumatlar yer alıb. Yaraqlılar isə artıq "yalnız Səid Həsən Nəsrullahın əmrini gözlədiklərini" bildirirlər.
Xatırladaq ki, bu ilin martında "The Sunday Times" qəzeti HƏMAS-ın hərbi qanadı olan "İzzeddin əl-Kassam briqadası"nın yaraqlılarının İranda təlim keçməsi haqqında da məlumat yayıb. Məlumatlı mənbənin sözlərinə görə, İsrail ordusunun Qəzzadan çıxmasından sonrakı iki il ərzində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri HƏMAS-çılara təlimlər keçir. Mənbə bildirir ki, yaraqlılar Misir-Suriya-İran marşrutu üzrə hərəkət edir. Özünü yaxşı göstərən "tələbələr" isə daha yaxşı öyrədilərək, geriyə hazır təlimatçı kimi dönürlər.
Qeyd edək ki, bu məlumatları daim İsrail siyasətçiləri də təkrarlayır. Ölkə prezidenti Şimon Peres bu günlərdəki açıqlamasında bildirib ki, "İranın fanatik liderlərinin və bu ölkənin maliyyələşdirdiyi terrorçuların nüvə silahına malik olacağı təqdirdə, dünyada vəziyyət tamamilə nəzarətdən çıxacaq".
Onu da unutmaq olmaz ki, ABŞ və dünya ictimaiyyətinin İranla narahatlığının kökündə Tehranın dinc nüvə proqramı adı altında əslində, nüvə silahı əldə etməyə çalışmasına dair şübhələr dayanır. BMT Təhlükəsizlik Şurasının qətnamələri hələ ki İranı bu fəaliyyətdən çəkindirə bilməyib və Tehran qurumun bütün sənədlərini "qanunsuz" adlandırır. Aprelin 8-də isə İran lideri Mahmud Əhmədinejad ölkəsinin uranın zənginləşdirilməsi üçün yeni, daha sürətli sentrifuqaların sınağına başladığını bəyan edib.
Məhz İran rəhbərliyinin belə bəyanatları, həmçinin, Əhmədinejatın "İsraili yer üzündən silməyin vacibliyi" haqda fikirləri Tehranın yalnız güc yolu ilə dayandırılmasının mümkünlüyü haqda fikir formalaşdırır. Amma İrana qarşı tətbiq olunan sanksiyalar həqiqətənmi bu qədər təsirsizdir? Yəqin ki, məhz bu sualın cavabı ABŞ-ın İrana qarşı həqiqətən də hərbi əməliyyatlara hazırlaşıb-hazırlaşmadığını göstərə bilər.
Bəzi ekspertlər hesab edirlər ki, sözügedən sanksiyalar İranın neft-qaz sektorunun inkişafı üçün son dərəcə vacib əhəmiyyət daşıyan investisiya axınının qarşısını alır. Bundan başqa, hazırda İrana öz karbohidrogenlərinin dünya bazarlarına çıxarılması üçün əlavə marşrutlar lazımdır. Bununla əlaqədar olaraq, ekspertlər bu qənaətdədirlər ki, hadisələr bu cür inkişaf edərsə, gələcəkdə Tehran hətta neft idxal etməli olacaq. Neft gəlirlərinin olmaması isə öz növbəsində, digər sahələrə, həmçinin, əhalinin yaşayış səviyyəsinə mənfi təsir göstərəcək. Beləliklə, İran iqtisadiyyatı, xüsusilə də, regionun innovasiya proqramları həyata keçirən digər dövlətləri ilə müqayisədə kəskin tənəzzül yaşaya bilər.
Lakin bütün bunlarla yanaşı, qeyd olunan təhlükələrin İranı uranın zənginləşdirilməsi prosesini dayandırmağa məcbur etdiyini söyləmək olmaz. Məsələ ondadır ki, bir müddət əvvəl keçirilən parlament seçkisində inamlı qələbə qazanan Mahmud Əhmədinejat və silahdaşlarının siyasətində məhz nüvə proqramı əsas kozırdır.
Yeri gəlmişkən, həmin seçkidə Qərblə yaxınlaşmaya üstünlük verən, investisiya, iqtisadi və siyasi islahatlar təşəbbüskarı kimi çıxış edən qüvvələr uğur əldə edə bilmədilər. Nəticədə Əhmədinejat 2009-cu ildə yenidən prezident seçilmək üçün yaxşı imkan qazandı. Bu isə o deməkdir ki, İran özünü gec-tez dalana dirəyən daxili və xarici siyasətində hər hansı dəyişiklik etməyəcək.
Qərb ekspertlərinin fikrincə, hazırda artıq prezidentin əleyhdarlarının birləşməsi prosesi başlanıb. Hatəmi, Haşimi-Rəfsəncani və Laricani, həmçinin, Laricaninin sələfi, M.Əhmədinejatın ünvanına sərt fikirləri ilə məşhur olan Həsən Ruhani hazırda İranın müxalifət düşərgəsinin öndə olan simalarıdır.
Əsas sual isə ondan ibarətdir ki, beynəlxalq ictimaiyyətin ixtiyarında nə qədər vaxt qalıb? Qərb İrana mane ola bilənə qədər Tehran artıq nüvə silahı əldə etməyəcək ki? Axı belə olarsa, ABŞ-ın islam respublikasına qarşı mümkün hərbi əməliyyatına tamamilə başqa cür yanaşılacaq...
Və ABŞ-ın iddia etdiyi kimi, "İran-Suriya-"Hizbullah"-HƏMAS" dördlüyü bundan sonra da terror sahəsində əməkdaşlıqlarını davam etdirsələr, onda necə olacaq?
MƏSLƏHƏT GÖR: