
AZƏRBAYCANIN ÇOXƏSRLİK TARİXİNİN OTUZ DÖRD İLİ
Əgər lider dahidirsə, xalqının milli qürur hissini yüksəldir
Müəllif: Fuad AXUNDOV, politoloq Bakı
Qırx ilə yaxındır ki, azərbaycanlılar dünyəvi və proqressiv millət kimi tanınırlar və bu, görkəmli lider Heydər Əliyevin xidmətidir. Doğrudur, buna qədər də neft Bakısı və "bakılı" deyilən bir millətin mövcudluğu dünyada hər kəsə bəlli idi, amma bu şəhərin Azərbaycanda yerləşdiyini çox az adam bilirdi. Bundan başqa, SSRİ-də Qafqazın bütün sakinlərini "gürcü" adlandırırdılar.
1969-cu ildə Sovet Azərbaycanına başçı gələn kimi o, respublikanın bütün gerçəkləşdirilməmiş imkanlarının həyata keçirilməsinə başladı. Azərbaycanlıların milli qürur hissini yüksəltmək və Odlar Yurdunun keyfiyyətcə yeni imicini yaratmaq kimi strateji bir məqsəd naminə həm iqtisadi, həm də sosial-mədəni islahatlar həyata keçirməyə başladı.
O bunu bacardı və bütün arzuları çin oldu; özü də fantastik dərəcədə qısa bir müddətdə... Və onda çağdaşları anladılar ki, böyük insanlar üçün Vətən yalnız doğulduğu yer deyil, həm də böyük işlər üçün, doğma torpağın çiçəklənməsi üçün verilmiş meydan və imkandır.
Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan mərkəzin həddindən az diqqət yetirdiyi, aşağı iqtisadi göstəriciləri olan ucqar bir respublika idi. Ancaq o, islahatlara başladı. Konkret tapşırıq, məqsəd və nəticələr hökuməti yaratdı. Azərbaycanın başqa bir ölkəyə çevrilməsi üçün işlərə başlanıldı. Əzəmətli planlar və irimiqyaslı layihələr tezliklə yeni yaşayış komplekslərinə, sənaye müəssisələrinə, su anbarlarına, yaşıllıq zonalarına, istirahət və mədəni-maarif mərkəzlərinə çevrildi.
Onun planlarının başında Azərbaycanı özünü hər cəhətdən təmin edən və elmi-texniki baxımdan yüksək inkişafa sahib olan ölkəyə çevirmək niyyəti dururdu. Heydər Əliyevin ölkədə on beş ilə həyata keçirdiyi işlər bütöv əsrlərboyu görülməmişdi.
Diaqramların dili ilə (şəkillərə bax) mən bu qısa tarixi dönəmdə enerji təchizatı, mənzil və yol tikintisi, su təchizatı kimi həyati vacib sahələrin necə sürətlə inkişaf etdiyini göstərməyə çalışmışam. Bugünün düşüncəsi ilə baxanda bəlli olur ki, artıq ötən yüzilliyin 70-ci illərində Heydər Əliyev XXI yüzilliyin yeni Azərbaycanı üçün güclü zəminlər hazırlayıb.
1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə ən parlaq tikinti və quruculuq dövrü kimi daxil olub. Respublika iqtisadiyyatında önəmli struktur dəyişiklikləri gerçəkləşdirilib. Yeni proqressiv sənaye sahələri yaradılıb, 300-dən çox sənaye müəssisəsi işə salınıb, bütün Sovet İttifaqında yeganə olan Məişət Kondisionerləri Zavodu, Avropanın ən iri Dərin Özüllər Zavodu tikilib.
Heydər Əliyevin təşəbbüsü ilə tərsanələr tikilib, Xəzər dənizində indiyə kimi heç bir dövlətdə bənzəri olmayan iri neft donanması yaradılıb. Azərbaycan həmin dövrdə inkişaf etmiş pambıqçılığa və üzümçülüyə malik ən qabaqcıl kənd təsərrüfatı respublikasına çevrilib. Sosial siyasət şəhərlə kəndin yaxınlaşmasına, kəndlilərin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib.
Azərbaycan istehsalın bir çox sahələrinə görə SSRİ üzrə ilk yerlərdən birini tutmağa başlayıb. Azərbaycanda istehsal edilən 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilməyə başlanılıb.
Həmin illərin Azərbaycanı nəhəng tikinti meydançasını xatırladırdı. Bakının və rayonların görkəmi tam dəyişirdi. Uzaqgörən Heydər Əliyev dəmir yolu infrastrukturunun inkişafına böyük önəm verirdi. Bu, paytaxtın ölkənin regionları ilə sıx əlaqə saxlamasına imkan yaradırdı.
Məsələn, Bakı - Balakən xətti ölkənin şimal-qərb zonası ilə əlaqələri yaxınlaşdırırdı, Xankəndi dəmir yolu isə Dağlıq Qarabağla əlaqələrin təmin edilməsinə və oradakı azərbaycanlı əhalinin fəallaşmasına imkan verirdi.
Mənim üçün bu, sadəcə, gələcəyə nəhəng sıçrayış statistikası deyil. Məktəbli olarkən mən bu prosesi sadəcə iri dəyişikliklərin xəbər xronikası vasitəsilə izləmirdim. Bu barədə atamın danışdıqlarından da çox şeylər öyrənirdim. Atam onda Azərbaycan Sənaye Tikinti Nazirliyinin 4 saylı trestinin Plan Texniki Nəzarət İdarəsinin baş mühəndisi işləyirdi və Bakının bütün sənaye obyektlərinin tikintisi bu təşkilata tapşırılmışdı. Bütün ailəmiz tikilməkdə olan obyektlərin adını əzbər bilirdi, çünki atam bu obyektlərdən evə çox gec qayıdırdı. Bunların sırasında Məişət Kondisionerləri, Dərin Özüllər, Şampan Şərabları zavodlarını, katalitik reforminq qurğusu və ELOU - AVT quraşdırılan Yeni Bakı Neftayırma Zavodunu, dəmir yolu vağzalını, ayaqqabı zavodunu, indiki "Şəfa" stadionunu və s. göstərmək olar.
Heç vaxt unutmayacağam, atam evə çox yorğun gəlirdi, ancaq ölkədəki inqilabi dəyişikliklərdə birbaşa iştirak etdiyini anlaması onun gözlərinə xüsusi işıq gətirirdi. Bir dəfə o, evə gələrkən elə astanadaca dedi ki, əgər Heydər Əliyevə daha 10-15 il də işləməyə imkan versələr, ölkə qızıla dönər.
Doğrudur, sonradan tale başqa cür dövr etdi, ancaq bunu qeyd etməliyəm ki, hər şeydən öncə SSRİ-nin dağılmasından sonra Azərbaycan ittifaq respublikaları arasında öz inkişaf səviyyəsinə görə ikinci idi. Müstəqil yaşamaq imkanına malik idi və həmin dövrdə yeganə respublika idi ki, heç bir borcu olmadan müstəqilliyə çıxmışdı.
İkincisi, Heydər Əliyev yenidənqurma zamanı və yenidənqurmadan sonrakı hərc-mərclik dövründə başlamış vətəndaş müharibəsinin qarşısını almağı, həmçinin yeni müstəqil Azərbaycanın bünövrəsini qoymağı bacardı.
Sovet hakimiyyətinin son iki ilində olduğu kimi, müstəqilliyin ilk illərində də Heydər Əliyev blokada şəraitindəki Naxçıvanda yaşadı, Türkiyəyə Ümid Körpüsü tikməklə məşğul oldu, güllə yağışları altında sərhədləri gəzdi, hər dəqiqə muxtar respublikanı xarici təcavüzdən, aclıqdan və soyuqdan qorumaqla məşğul oldu.
Onun yaratdığı Azərbaycan isə yuxarıda bəhs edilən əzəmətli səylərin nəticəsində artıq 1991-ci ilin payızında "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunan zaman suveren yaşamağa hazır idi.
Ölkə liderinin sosial-humanitar layihələri də islahatçı enerjisi ilə uzlaşırdı. Heydər Əliyev yeganə müttəfiq respublika rəhbəri idi ki, sovet totalitar rejimində öz işi ilə xalqın milli özünüdərkini və iftixarını möhkəmlətməyə xidmət edib. O, özünəməxsus şəkildə milli dirçəliş mərkəzi - Azərbaycan Sovet Ensiklopediyası, yeni universitetlər yaratdı, mədəniyyət və incəsənət xadimlərinin, memarların, hərbi xadimlərin unudulmuş adlarını yenidən xalqın yaddaşına qaytardı.
Bu yerdə repressiya olunmuş və Sibirə sürgün edilmiş Hüseyn Cavidin cəsədinin Naxçıvana gətirilərək yenidən dəfn edilməsini də xatırlamaq yerinə düşər. O, azərbaycanlıların qəhrəmanlıq və şöhrət salnaməsinin bərpası üçün əlindən gələni edirdi. Onun təşəbbüsü ilə Krımda Sapun dağının yaxınlığında Böyük Vətən müharibəsində həlak olmuş minlərlə azərbaycanlıya heykəl qoyuldu. O, Nəriman Nərimanova yalnız Bakıda deyil, Ulyanovskda da heykəl qoyulmasına nail oldu. Bu, Nərimanovun üzərinə atılmış "millətçi" ləkəsinin bütün sovet məkanı boyunca silinməsinə yardım etdi. Halbuki əvvəllər azərbaycanlılar belə, Nərimanovun məzarını görəndə onun həmyerliləri olduğunu bilmirdilər, düşünürdülər ki, bu, hansısa tatarın məzarıdır.
Parlaq hərbi zəkalı, geniş savada malik insan olduğundan Heydər Əliyev kadrların qiymətini yaxşı bilirdi. Başlıcası isə o, respublikanın titul millətinin təmsilçilərindən hərbi kadrların hazırlanması ilə bağlı məsələ qaldırdı və bunu uğurla həll etdi. O, azərbaycanlı gənclərin ali aviasiya məktəblərinə göndərilməsi məsələsini şəxsi nəzarəti altına götürdü və azərbaycanlıların da kosmik uçuşlara hazırlıq mərkəzində təhsil alması məsələsini qaldırdı. Əgər Sovet İttifaqı dağılmasa idi, bu məqsədinə də çatacaqdı. Dövlət Təhlükəsizlik Komitəsinin azərbaycanlılaşdırılması da ümummilli liderin böyük xidmətlərindəndir. O, tarixin dərslərindən nəticə çıxarmağı bacaran zəka sahiblərindən biri idi. Kim bilir, əgər otuzuncu illərdə respublika DTK-sında qatı daşnaklar işləməsəydi, nə qədər azərbaycanlı istedadı qorumaq mümkün olardı.
Heydər Əliyev təhsilə böyük önəm verirdi və respublikanın inkişaf perspektivlərini bununla bağlayırdı. Hələ sovet illərində minlərlə azərbaycanlı gənc SSRİ-nin 150-dən çox qabaqcıl ali məktəblərinə oxumağa göndərilirdi. Onların çoxu bu gün müstəqil Azərbaycanın kadrlarının əsasını təşkil edir. Bununla yanaşı, hər il 800-ə yaxın tələbə nadir ixtisaslara yiyələnmək üçün başqa şəhərlərə yollanırlar. Bu layihənin əsasında dünya birliyinə inteqrasiya edən millətin inkişaf fəlsəfəsi dayanır. Artıq həmin illərdə Heydər Əliyev milli təcrübə və yüksək təhsil standartlarının birləşdirilməsi əsasında Azərbaycan intellektual elitasının formalaşdırılması üçün baza yaratmışdı.
O, 1982-ci ildə Siyasi Büronun üzvü seçilmiş və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdi. Dörd il ərzində böyük sovet dövlətinin 22 nazirliyinə kuratorluq etdi. Çevrəsindəkilər onun maşınqayırma, yüngül sənaye, nəqliyyat, eləcə də mədəniyyət və təhsil sahələrində eyni səviyyədə səriştəli olmasına heyran qalırdılar.
Bu da sirr deyil ki, nazirliklərdə partiya - hökumət kuratorlarını sevmirdilər. Amma sahə rəhbərləri Heydər Əliyevin kurator olmasını özləri xahiş edirdilər, onun rəhbərliyi altında işləmək istəyirdilər. Çernomırdin Heydər Əliyevi xatırlayarkən demişdi: "O, əsl kişi idi. Əgər "yox" deyirdisə, bunun səbəbini izah edirdi. Əgər "hə" deyirdisə, kişi kimi sözünü tuturdu".
Onun rəhbərliyi altında SSRİ-də təhsil islahatı keçirilib, əsrin yolu - Baykal-Amur Magistralı tikilib, yaradıcılıq şuralarının və mədəniyyət ocaqlarının işində önəmli irəliləmələr baş verib. SSRİ rəhbərliyində işləyən zaman o, Azərbaycanın maraqlarını da unutmurdu.
O, nəyi etməyin vacib olduğunu bilməklə yanaşı, konkret şəraitdə buna necə nail olmağı da bilirdi. Buna görə də SSRİ rəhbərliyində onu böhran əleyhinə menecer sayırdılar, ən mürəkkəb işləri ona tapşırırdılar. 1990-cı ildə isə o, hamıdan öncə Sovet İttifaqı Kommunist Partiyasının böhranda olduğunu bildirmişdi.
Heydər Əliyev Bakıda demokratik hərəkatın boğulmasına qarşı çıxdı və buna etiraz əlaməti olaraq partiyadan çıxdığını bəyan etdi. Bu bütün dünyada sensasiya doğurdu. Bu, Sovet İttifaqının siyasi elitasına daxil olan adamın kommunist maşını ilə deyil, xalqla həmrəylik göstərməsinin müşahidə edildiyi ilk hal idi.
O, istefaya çıxıb doğma Naxçıvana yollandı və növbəti dəfə mümkünsüzləri mümkün etdi. Siyasi unutqanlıq dairəsindən çıxdı və yenidən hakimiyyət Olimpinə qalxdı. Siyasi Bürodakı başqa həmkarlarından fərqli olaraq, həyatının sonuna kimi öz önəmini qorudu və müstəqil ölkəyə rəhbərlik etdi.
Həmin illərdə Azərbaycan hərc-mərclik girdabında idi. Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu və dağılmış iqtisadiyyatı bərpa etdi.
Müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyev iqtisadi inkişafın prioritetlərini dəyişdi. Lilderin neft strategiyası hesabına aqrar-sənaye ölkəsi olan Azərbaycan sənaye-aqrar ölkəsinə çevrildi, müstəqil inkişaf yoluna qədəm qoydu. "Əsrin müqaviləsi" ölkənin Avrasiya sisteminə və nəticədə Avropa sivilizasiyasına qoşulmasının başlanğıcı oldu.
Karbohidrogenlərin kəşfiyyatı və çıxarılması üzrə qlobal energetika layihələrinin gerçəkləşdirilməsi Azərbaycana iqtisadi dinamizm və regional dövlət mövqeləri bəxş etdi.
Bununla bağlı, Heydər Əliyevin dünyanın iri korporasiyalarının etibarını hansı çətin şəraitdə qazandığı barədə düşünməyə və buna qiymət verməyə dəyər. Axı 20 sentyabr 1994-cü il tarixindən bir az əvvəl ölkə vətəndaş qarşıdurmasının astanasında idi, müharibə alovuna bürünmüşdü.
Bir il - ilyarım müddətində Əliyev bütün bandit dəstələrini ləğv etdi, ictimai-siyasi sabitliyə nail oldu. 1994-cü ilin may ayında atəşkəs əldə edildi və artıq sentyabr ayında "Əsrin müqaviləsi" imzalandı. Belə şəraitdə böyük dövlətlərin dəstəyini və etibarını qazanmağa yalnız Əliyev səviyyədə şəxsiyyətin imkanı çatardı.
Həmin vaxtdan ölkə yeni standartlara keçdi, inkişaf etmiş infrastruktur yaradıldı, dörd qurğu modernləşdirildi, yeni quyular qazıldı, qaz-kompressor stansiyaları tikildi, kran gəmilər yenidən quruldu.
Neft sazişlərinin hesabına 10 mindən çox iş yeri açıldı. Ən başlıcası isə hasil olunan neftin miqdarı artır, Azərbaycan tarixində ilk dəfə olaraq biz xam neftimizi dünya bazarlarına çıxara bildik.
"Əsrin müqaviləsi"nin hazırlanmasında o zaman ARDNŞ vitse-prezidenti olmuş İlham Əliyev böyük rol oynadı. Hər kəsə bəllidir ki, məhz onun səylərinə və inadkarlğına görə xarici neft şirkətləri ilə danışıqlarda, demək olar ki, tam ümidsiz vəziyyətdən çıxış yolu tapmaq mümkün oldu. Öz atasından siyasi dialoq ustalığını öyrənmiş İlham Əliyev sazişlərin bağlanmasını sürətləndirməyi bacardı.
Məsələ bundadır ki, bir müddət danışıqlar Xəzərin statusu məsələsi ilə bağlı dalana dirənmişdi. Hyustondakı görüşdə neft korporasiyalarının təmsilçiləri bəyan etmişdilər ki, saziş yalnız Xəzərin hüquqi statusu məsələsi həll ediləndən sonra qüvvəyə minəcək. İlham Əliyev bir neçə dəfə Vaşinqtona uçaraq, amerikalıları sazişdən Xəzərin statusu ilə bağlı bəndi çıxarmağa razılaşdıra bildi. Bunun hesabına "Əsrin müqaviləsi" imzalanandan dərhal sonra gerçəkləşdirilməyə başlandı.
Neft sazişindən sonra diqqəti demokratik və bazar islahatları istiqamətinə yönəltmək mümkün oldu. Hazırda ölkə makroiqtisadi sabitlik siyasətindən fəal sənaye siyasətinə keçir.
Bu da görünməmiş iş idi ki, hərbi münaqişəyə cəlb edilmiş ölkə 2000-ci ildə ildən-ilə yüksələn perspektiv görünüşlü kredit reytinqi əldə edib. Bu da beynəlxalq maliyyə institutlarının respublikanın potensialına yüksək inamının bir daha nümayişidir.
Bu gün Azərbaycan ümumi daxili məhsulun (ÜDM) artım templərinə görə dünya lideridir, MDB ölkələri arasında ən aşağı yoxsulluq səviyyəsi əldə edilib. Respublika bütün bunları yalnız 14 il içində əldə edib. Bu, Qərb qonşusu tərəfindən təcavüzə məruz qalmış ölkə üçün yetərincə kiçik zaman kəsiyidir.
Heydər Əliyev hərtərəfli düşünülmüş siyasətini iri neft korporasiyalarının vasitəsilə dünya dövlətləri ilə əməkdaşlıq nəticəsində parlaq şəkildə gerçəkləşdirməyi bacardı. "Əsrin müqaviləsi", sözün gerçək mənasında, Azərbaycanı dünyaya, dünyanı da Azərbaycana açdı. Bu sazişin hesabına biz geosiyasi məkanın oyunçularına çevrildik, dünya texnologiya zəncirinə kökləndik.
Heydər Əliyev demokratik dəyərlər baxımından əsas işi gördü - milli həmrəylik üçün möhkəm əsas yaratdı. O, daim xalqın dövlətə etibarını qazanmaq üçün çalışdı, korrupsiyaya qarşı amansız mübarizə apardı, hökumətin fəaliyyətinin şəffaflığını təmin etdi, daim jurnalistlərlə görüşdü, "mətbuatın dostu" adını aldı.
Müstəqillik illərində onun rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Mətbuatdan senzura götürüldü, xarici sərmayələr cəlb edildi, sosial problemlər həll edildi, demokratik hüquqi dövlət quruldu.
Şərqdə ilk dəfə olaraq 1998-ci ildə o, ölüm hökmünü ləğv etdi. Bununla da Heydər Əliyev dünyaya göstərdi ki, dövlətçiliyin əsasında humanizm dayanmalıdır.
Ümummilli lider Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin əsasını qoydu. Onun qərarları dünya siyasətçiləri tərəfindən siyasi praqmatizm və uzaqgörənlik nümunələri kimi qiymətləndirilir.
2000-ci ilin yanvar ayında Azərbaycan Avropa Şurasına üzv qəbul edilib. Heydər Əliyev bu yüksək beynəlxalq təşkilatın tribunasından Azərbaycan dilində çıxış etdi. Bunun dərin siyasi sətiraltı mənası vardı.
O, Azərbaycanı bir Avropa dövləti kimi görürdü, ancaq bununla yanaşı, azərbaycançılıq ideologiyasının önəmini Xüsusi vurğulayırdı. Beynəlxalq səviyyəli siyasətçi kimi o, bütün Türk Dünyasının iqtisadi əsaslarının sarsılmazlığının qayğısına qalırdı. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri marşrutlarının seçilməsi bunun əyani sübutudur. Bu marşrutları seçərkən Heydər Əliyev dost Gürcüstana iqtisadi yardım barədə də düşünüb. Bir rasional təfəkkürlü insan kimi o bilirdi ki, yardım etmək iş görub qazanc əldə etməyə imkan yaratmaq deməkdir. Ümummilli lider öz rəhbərlik üslubuna və düşüncə tərzinə görə zamanı qabaqlamışdı.
Bir ustad qrossmeyster kimi o, ən ümidsiz görünən siyasi qarşıdurmaları udurdu.
O, parlaq zəkalı strateq və incə siyasətli taktik idi. Və Heydər Əliyev xalqı Azərbaycan prezidentliyinə öz dostu, silahdaşı və oğlu İlham Əliyevi seçməyə çağıranda dünya buna bir daha əmin oldu. Ümummilli lider bununla da ölkədə sabitliyə və sarsılmaz siyasi kursun etibarlı davamçıya ötürülməsinə nail oldu.
MƏSLƏHƏT GÖR: