
CÜDOÇULAR LİSSABONU FƏTH ETDİLƏR...
...və Avropa çempionatında iki medal, olimpiadaya isə beş lisenziya qazandılar
Müəllif: Zəki FEYZULLAYEV Bakı - Lissabon - Bakı
Lissabonda keçirilən cüdo üzrə Dünya Çempionatında Azərbaycan cüdoçuları iki medal qazandılar. Portuqaliyadakı tatami üzərində Elxan Məmmədov (90 kq) və Kifayət Qasımova (57 kq) fərqləndilər və müvafiq olaraq, gümüş və bürünc medal əldə etdilər ki, bununla da Pekinə lisenziyanı təmin etdilər.
Bununla yanaşı, Ramil Qasımov (66 kq), Mehman Əzizov (81 kq) və Mövlud Mirəliyev (100 kq) parlaq nəticə göstərməsələr də, minimum məqsədə çataraq Pekinə vəsiqə qazandılar.
Cəmi bir neçə ildir kontinental cüdonun elitasına yüksəlmiş E.Məmmədovun döyüşü daha çox məmnunedici oldu. Xüsusilə, onun dünya çempionu İrakli Serikadzeyə qarşı yarımfinaldakı qarşılaşmasını qeyd etmək lazımdır. Xatırladaq ki, son dövrlərdə idmançımız bu rəqibinə iki dəfə məğlub olmuşdu. Portuqaliyada isə Məmmədov gürcü idmançıdan inamlı revanş ala və əsas mükafat uğrunda iddiasını davam etdirə bildi. Lakin yarımfinal idmançımızı çox yordu və hollandiyalı, Elxanın Moskvada keçirilən Dünya Superkubokunda üstələdiyi Mark Xuzinqa bu dəfə əsas mükafata sahib çıxdı.
Bununla yanaşı, turnirdə əldə olunan nəticə E.Məmmədov üçün, xüsusilə də Olimpiadanın başlanmasına az bir müddət qalmış özünəməxsus katalizator rolu oynaya bilər.
Ard-arda üç medal
Öz növbəsində K.Qasımova Azərbaycan cüdosu tarixində yeni səhifə açdı. Belə ki, onadək qitə forumlarında heç bir idmançı ard-arda üç medal qazana bilməmişdi. Qeyd edək ki, Qasımova turnirə iki həftə qalmış çiynindən zədə aldığı üçün onun, ümumiyyətlə, yarışa qatılacağı sual altında idi. O, faktik olaraq, məşq etmirdi. Lakin "Avro-2008"in lisenziyalı turnir olması, orada iştirakı az qala məcburi edirdi. Beləliklə, Lissabonda finala yüksəlmək şansını son anda əldən verən Kifayət Avropa Cüdo Birliyinin (EJU) reytinqində aparıcı yerlərdən birini əbəs yerə tutmadığını sübut etdi.
Finalın bir addımlığında olarkən Qasımovanın qarşısına indiyədək dəfələrlə məğlub etdiyi avstriyalı Sabrina Filmozer çıxdı və rəqib bu dəfə üstün oldu. Onu da qeyd edək ki, Avstriya idmançısı həlledici fəndi qarşılaşmanın sonuna 5 saniyə qalmış işlətdi və bununla da Kifayəti xal hesabında üstələyərək, ona Pekinə vəsiqə qazandıracaq gümüş mükafatı əldə etmək imkanı vermədi.
Hadisələrin sonrakı gedişi göstərdi ki, idmançımız yarışın qızıl medal sahibinə məğlub olub. Belə ki, finalda Filmozer məğlubedilməz hesab olunan ispan İzabell Fernandesi üstələdi. Qeyd edək ki, sonuncu hələ Barselonada keçirilmiş Olimpiada-90-nın iştirakçısıdır.
Kifayətin çıxışına qayıdaraq qeyd edək ki, o özünün bürünc qazanmaq şansından mükəmməl yararlanaraq, təsəlliverici qarşılaşmada italiyalı Culiya Kvantavallini üstələdi.
Beləliklə, K.Qasımova karyerasında ikinci dəfə Avropa çempionatında üçüncü yeri qazandı. Onun bu turnirdə əldə etdiyi ən yaxşı nəticə isə iki il əvvəl əldə etdiyi "gümüş"dür. Odur ki Qasımovanın heyrət doğuran sabitliyinə yalnız həsəd aparmaq olar. "Düzünü desəm, püşkün nəticəsinə baxan zaman mən düşündüm ki, turnirdə kifayət qədər uzağa gedə bilərəm. Belə də oldu. Odur ki üçüncülük gözlənilməzlik olmadı", - deyən Kifayət bildirib. - "Avropa Cüdo Birliyinin hazırkı reytinqində mən ilk beşlikdə yer alıram, hansı ki bu beşlik Pekinə vakansiya verir. Mənim cədvəldəki mövqeyim kifayət qədər möhkəmdir. Hələ Lissabona gedənədək 99% əminliklə söyləmək olardı ki, mən Olimpiadaya vəsiqə qazanacağam. Xüsusilə də nəzərə almaq lazımdır ki, Olimpiadaya seçmə mərhələdə mən bir neçə yarışın mükafatçısı olmuşdum. Onların arasında Dünya Superkuboku və Dünya Kuboku da var idi. Beləliklə, Avropa çempionatında lisenziyanı rəsmiləşdirmək qalırdı ki, bu baxımdan o çox vacib idi".
Azərbaycanlı digər cüdoçular isə yaxşı imkanların olmasına baxmayaraq, medal qazana bilmədilər. Məsələn, Braziliyada keçirilmiş son mundialda "gümüş" əldə etmiş Elnur Məmmədli Portuqaliyaya planetin güclü cüdoçuları ranqında yollansa da, nəticə əldə etmədi. Elnurun Avro-2006-ın finalında üstələdiyi fransalı Daniel Fernandes bu dəfə cüdoçumuzun yolunu kəsdi. Fransalının daha uğurlu çıxışı Elnurun ilk üçlüyə düşməsinə belə imkan vermədi.
Hər halda, bir çox cüdoçular üçün Avropa çempionatı tamam başqa motivasiyanın hökm sürəcəyi Pekin Olimpiadasına hazırlıq mərhələsi idi. Bunu Çinə "idman qəzəbi" ilə yollanacağını deyən Elnur da təsdiqləyib. "Bu, nəyisə proqnozlaşdırmağın mümkün olmadığı idmandır. Bu gün qalib gəlsən də, səhəri gün məğlub ola bilərsən. Bu, normaldır və sadəcə lazımi nəticəni əldə etmək üçün vacib turnir ərəfəsində formanın pikində olmalısan. Odur ki mən öz sözümü Olimpiadada deyəcəyəm", - deyə E.Məmmədli qeyd edib.
Xüsusi mükafat
Elxan Məmmədovun çıxışına qayıdaraq, qeyd edək ki, Lissabondakı uğur onun karyerasında ilk əhəmiyyətli nəticədir. "Mənə ən xoş olan odur ki, mənim və məşqçilərin zəhməti hədər getmədi. Bu iki ildə biz uzun yol qət etdik və mən Avro-2008-də medal qazandığım üçün şadam. Əlbəttə, mən kubok və superkuboklarda ilk üçlüyə girmişəm, amma Avropa çempionatının mükafatı fərqlidir. Burada zəif rəqib olmur. Bununla yanaşı, həm də ona sevinirəm ki, Lissabonda Pekinə vəsiqə məsələsini birdəfəlik həll etdim və artıq Olimpiadada iştirak edəcəyəm", - deyə Elxan bildirir.
Onun sözlərinə görə, Avro-2008-də dönüş anı yarımfinalda gürcü İrakli Serekidzeyə qarşı döyüş olub: "Doğrudur, son dövrdə mən İrakliyə iki dəfə məğlub olmuşam - Braziliyada keçirilən Dünya Çempionatında və Gürcüstandakı Dünya Kubokunda. O, çox texnikalı idmançıdır, öz döyüşünü rəqibə qəbul etdirməyə çalışır və bu səbəbdən onunla qarşılaşma həmişə dramatik keçir. Əgər İrakli dünya çempionudursa, başqa cür necə ola bilər ki? Lakin onun da zəif nöqtələri var və mən İrakli ilə döyüş təcrübəm olduğu üçün döyüşü necə qurmaq lazım olduğunu bilirdim. Nəticədə, onu əks-hücumda yaxalaya və qalib gələ bildim. Bu qarşılaşmaya xeyli güc sərf etdim və nəticədə finalda Mark Xuzinqaya qarşı gücüm kifayət etmədi".
Qeyd edək ki, həlledici döyüşdə Elxanın bir fəndi hakim tərəfindən qeydə alınmadı. Elxan rəqibini parter vəziyyətində saxladı ki, hakimin biri onun fəndi davam etdirməsinə işarə versə də, əsas hakim başqa cür düşündü. "İstənilən halda Markın böyük təcrübəsi və titulları öz təsirini göstərir. O, dəfələrlə Avropa və dünya çempionu olub, olimpiadalarda medal qazanıb. Odur ki Xuzinqa bütün bu göstəricilərə görə, məni arxada qoyur. Axı mən yüksək səviyyədə yarışlara hələ yeni başlamışam", - deyə E.Məmmədov qeyd edib.
Bütün bunlarla yanaşı, Azərbaycan millisi Olimpiadaya qatılacaq cüdoçuların sayına görə rekord müəyyənləşdirib. Millimiz indiyədək analoji yarışda belə geniş tərkibdə iştirak etməyib və bu, idmançıların medal şanslarının daha çox olması anlamına gəlir. Amma Olimpiada xüsusi yarışdır və burada çox şeyi yalnız səviyyə və ustalıq yox, həm də psixoloji hazırlıq həll edir.
Azərbaycan cüdoçularının uğurunu Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Mirkamil Rəhimov da qeyd edib. O, cüdoçuların yeni səviyyəyə yüksəldiklərini söyləyib. "Hər şey müqayisədə anlaşılır. Özünüz qiymət verin. Biz Afinada üç idmançı ilə təmsil olunurduqsa, qarşıdan gələn yarışa altı idmançı ilə qatılacağıq. Bu, irəliyə atılmış böyük addımdır", - deyə o qeyd edib. Bununla yanaşı, şöbə müdiri qeyd edib ki, millinin baş məşqçisi Ağayar Axundzadəyə tam etimad göstərilir və onun işinin nəticəsi göz qarşısındadır: "Məşqçi heyətinin uğurlu fəaliyyətinin əsas göstəricilərindən biri Olimpiadaya vəsiqə qazanmış atletlərin sayıdır. Olimpiada özü isə elə bir yarışdır ki, orada hər şey baş verə bilər. Altı medal qazana da, tamamilə əliboş qala da bilərik".
Rəhimov onu da bildirib ki, Kifayət Qasımovanın son uğuru böyüməkdə olan nəsil üçün nümunə ola və ölkədə qadın cüdosunun məşhurlmaşmasına təsir göstərə bilər: "Kifayət mükəmməl çıxış edir və müəyyən fasilədən sonra Azərbaycanın Olimpiadada qadın cüdoçu ilə təmsil olunacağı əbəs yerə deyil".
Hələliksə, komanda Kislovodska bərpa təliminə yollanıb, bunun ardınca onu Moskvada Dünya Superkuboku, daha sonra isə Fransada təlim gözləyir. Odur ki millinin darıxmağa boş vaxtı yoxdur. Üstəlik, Olimpiadanın başlanmasına çox az vaxt qalıb - artıq aylar da yox, günlər...
MƏSLƏHƏT GÖR: