14 Mart 2025

Cümə, 21:37

KRALLAR BAKIYA TOPLAŞDI

Azərbaycan paytaxtı regional şahmat mərkəzinə çevrilir

Müəllif:

15.05.2008

FİDE-nin Qran-pri yarışının ilk mərhələsi ilk imtahanını Bakıda verir. Artıq turnirin ilk turları baş tutub və müxtəlif maraqlı nəticələrlə yadda qalıb. Bundan əvvəl isə ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş turnirin təntənəli açılış mərasimi M.Maqomayev adına Dövlət Filarmoniyasında təşkil olunub.

Tədbirə toplaşanlara FİDE prezidenti Kirsan İlümjinov maraqlı xəbər verib. Onun sözlərinə görə, Beynəlxalq Şahmat Federasiyası Bakıda Şahmat Sarayının tikintisini subsidiyalaşdıracaq və saraya akademiya ilə muzey də daxil olacaq. Yaxın vaxtlarda bu ideya həyata keçiriləcək. 

İlümjinov Azərbaycan dövlətinin idmanın, həmçinin şahmatın inkişafındakı rolunu xüsusi vurğulayıb. "Bu gün Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov FİDE-nin reytinq cədvəlində aparıcı yerləri tuturlar. Azərbaycan millisi isə dünyanın, bəlkə də, ən gənc komandasıdır. Şahmatçılarınızın yaşadığı inkişafı nəzərə alsaq, bütün bunların dövlətin dəstəyi olmadan baş verməsinin mümkünsüzlüyünü söyləmək olar. Hazırda Azərbaycanda şahmatın inkişafı üzrə dövlət proqramının hazırlanması da əsassız deyil", - deyə K.İlümjinov qeyd edib.

FİDE rəhbəri Heydər Əliyevin şahmatın inkişafına verdiyi töhfədən də söz açaraq bildirib ki, o, idmanın bu növünün nəinki Azərbaycan və keçmiş SSRİ-də, hətta bütün dünyada inkişafına kömək edib: "Fikrimcə, Heydər Əliyev olmasa idi, yəqin ki, şahmat dünyası Harri Kasparovun simasında dünya çempionu qazanmazdı".

İlümjinov Azərbaycanda şahmatın inkişafı ilə bağlı digər maraqlı fikirlər də səsləndirib.

Yarışın ilk turundan sonra açıqlama verən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə deyib: "Kirsan İlümjinov nəinki Azərbaycanda Şahmat Sarayının tikilməsi ideyasını bizimlə bölüşdü, həmçinin Bakıda qadınlar arasında dünya çempionatının keçirilməsi ideyası ilə çıxış edib. Açığı, bu təklif bizim üçün bir qədər gözlənilməz oldu. Belə ki, sözügedən yarışın başlanmasına o qədər də çox vaxt qalmayıb. Bu səbəbdən də biz hazırda bu təşəbbüsə konkret cavab vermək imkanında deyilik".

Qran-prinin ilk turuna gəlincə, bu mərhələdə Şəhriyar Məmmədyarov və Pyotr Svidler heç-heçə oynayaraq, partiyanı hamıdan tez başa vurublar. Tərəflər azərbaycanlı şahmatçının ağ fiqurlarla oynadığı qarşılaşmanın 25-ci gedişində sülh bağlayıblar. 

Qeyd edək ki, turnir Sofiya qaydaları əsasında keçirilir, yəni heç-heçə təklifi qadağandır. Odur ki sözügedən qarşılaşmada ardıcıl olaraq, eyni mövqenin üç dəfə təkrarlanmasından sonra FİDE-nin xüsusi eksperti Zurab Azmayparaşvili qarşılaşmanı heç-heçə elan edib.

Oyundan sonra keçirilən mətbuat konfransında Svidler etiraf edib ki, dördüncü gedişdən sonra o, çətin vəziyyətə düşmüşdü. "Vəziyyət çox çətin idi. Şah e4, daha sonra isə f4 gedişi etdikdən sonra özümü çox narahat hiss edirdim. Lakin sonradan vəziyyətdən çıxış yolu tapdım", - deyə reytinq-favorit qeyd edib. 

Ş.Məmmədyarov isə öz növbəsində ümumilikdə nəticədən razı olduğunu söyləyib və Svidlerə qarşı heç-heçə heç də pis nəticə deyil.

Digər azərbaycanlı şahmatçı Teymur Rəcəbov isə turnirə Maykl Adamsla heç-heçə oynamaqla başladı. "Əlbəttə ki, qələbəyə oynamaq istərdim və mənim mövqeyim də pis deyildi. Lakin Adams elə səviyyədə olan şahmatçıdır ki, ondan hər an qeyri-standart gediş gözləmək müm-kündür. Partiyanın gedişində də belə oldu - sanki mən müəyyən üstünlüyə malik idim, amma bir səhv gediş bütün zəhməti heç edə bilərdi. Üstəlik, mənə Adamsla oynamaq heç vaxt asan olmayıb və Tripolidəki dünya çempionatında da mən məhz ona məğlub olmuşdum. Bu səbəbdən hesab edirəm ki, heç-heçə qarşılaşmanın normal sayılacaq nəticəsidir", - deyə Rəcəbov qeyd edib.

Teymur bir turnirdən başqasına keçməyin çətin olduğunu da söyləyib. Lakin hamı belə sərt rejimdə oynayır: "Bu yaxınlarda komandalar arasında Daqomısda keçirilən Rusiya çempionatında qızıl medallar uğrunda mübarizə aparan komandalar üçün həm də ona görə çətin idi ki, orada qazanılacaq hər bir xal vacib idi. Biz turnirin ortalarında bir qarşılaşmada məğlub olan zaman məşqçi heyəti belə qərara gəldi ki, mən "Ural"ın birinci lövhəsində əvəz edilmədən oynamalıyam. Ümumiyyətlə, bu il mən xeyli partiya oynamışam - 13 tur Vey-an-Zeedə, 14 Moreliya-Linaresdə və bir də indi, bu Qran-pridə".

Bakıda start götürülmüş Qran-priyə qayıdaraq, qeyd edək ki, turnirin altı mərhələsi arasında Bakı mərhələsi ən yüksək əmsala malikdir. Burada tamaşa etmək üçün kifayət qədər güclü şahmatçılar iştirak edir: norveçli vunderkind Maqnus Karlsen, Dünya kubokunun sahibi Qata Kamski və digər məşhur şahmatçılar. Bununla yanaşı, ev sahibinin turnirdə üç şahmatçı ilə təmsil olunması da diqqətçəkən məqamdır. Belə ki, Qran-pridə T.Rəcəbov və Ş.Məmmədyarovla yanaşı, fransalı Etyen Bakro ilə heç-heçə oynamış Vüqar Haşımov da iştirak edir. Onu da qeyd edək ki, məhz bu görüş ilk turun ən uzun çəkən partiyası olub və tərəflər heç-heçəni 58-ci gedişdə əldə ediblər. Bu turnirdə heç-heçə təklifinin qadağan olduğunu nəzərə alsaq, şahmat həvəskarları sözügedən qarşılaşmada kompromissiz mübarizənin şahidi olublar. 

Bu, heç də şişirtmə deyil.


MƏSLƏHƏT GÖR:

335