15 Mart 2025

Şənbə, 00:42

QİYMƏTLƏR NİYƏ "OD TUTUB-YANIR"?

Dünyada ərzağın bahalaşması Azərbaycana da təsirini göstərib

Müəllif:

01.05.2008

Qlobal ərzaq böhranının yaxınlaşması barədə beynəlxalq maliyyə institutlarının pessimist proqnozları bir çox inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib.  Bu barədə bəyanatlar yalnız dünya bazarında ərzağın bahaşmasına təkan verməklə yekunlaşmayıb, həm də ayrı-ayrı dövlətlərdə, o cümlədən Azərbaycanda inflyasiyanın kəskin artmasına səbəb olub. Həmçinin bir sıra istehsalçı ölkələrin ixracı dayandırmasına rəvac verib, məsələn Ukrayna və Qazaxıstan ölkədən kənara taxıl satmağı daynadırıb. Bu isə minilliyin inkişaf məqsədlərinin gerçəkləşdirilməsini ciddi təhlükə qarşısında qoyub. 

BMT Baş katibi Pan Gi Mun qurumun ticarət və inkişaf üzrə konfransının (YUNKTAD) 12-ci sessiyasında çıxış edən zaman bildirib ki, ərzağın bahalaşması dünya birliyinin aclığın və zəif qidalanmanın ləğvi üzrə səylərini ciddi əngəlləyir və bununla da, bir sıra ölkələrdə sosial tarazlığın pozulmasına zəmin yaradır. O vurğulayıb ki, dünyanın bütün ölkələri kənd təsərrüfatına sərmayələri artırmalı və kənd təsərrüfatı məhsullarının satış sisteminin daha açıq olmasına imkan verməlidirlər. "Bir şey aydındır: son üç ildə dünya üzrə istehsal olunandan daha çox ərzaq istehlak edilir. Taxıl ehtiyatları son 30 il üzrə ən aşağı səviyyədədir", - deyə baş nazir vurğulayıb.

Beynəlxalq Valyuta Fondu (BVF) aprel ayında dərc etdirdiyi hesabatda dünya iqtisadiyyatının inkişafı üzrə yetərincə bədbin proqnozlar verib. BVF bildirib ki, energetika və ərzaq məhsullarının sürətlə bahalaşması başlıca risk amilinə çevrilir. Dünya Bankının (DB) prezidenti Robert Zellik isə hesab edir ki, bu böhran bütün dünya üzrə yoxsulluğa qarşı mübarizədə "yeddi itirilmiş ilə" çevrilə bilər.   

 

Obyektiv, yoxsa subyektiv?

Dünya böhranı, əlbəttə ki, Azərbaycan iqtisadiyyatına da təsir göstərib. İlk öncə bu, martın sonunda illik inflyasiya göstəricisinin 16,5 faizə qalxması ilə müşayiət olunub. Halbuki daha öncə hökumət təmsilçiləri 2008-ci ildə istehlak qiymətləri indeksini 13-14 faiz və hətta daha aşağı səviyyədə  saxlamağın mümkünlüyündən ümidlə danışırdılar.

"Biz proqnoz verərkən qeyd etmişdik ki, əgər dünya bazarında qiymətlərin kəskin sıçrayışı baş verməsə, bu gerçəkləşəcək. Əfsuslar olsun, düyünün qiyməti 52 faizdən çox, ərzaq taxılı isə 82 faiz bahalaşıb. Bütün bunlar heyvandarlıq məhsullarının qiymətinə də təsir göstərib. Buna görə də Azərbaycan hökuməti dünya iqtisadiyyatında gedən proseslərin fonunda cari il üçün inflyasiya proqnozlarına yenidən baxmağa hazırdır", - deyə bu yaxınlarda iqtisadi inkişaf naziri Heydər Babayev bildirib. Onun sözlərinə görə, proqnozlarda düzəliş ilin birinci yarısı üzrə makroiqtisadi durumun təhlilindən sonra ediləcək. 

Bununla belə, bu gün dünyanın bütün inkişaf etmiş ölkələri və hətta inkişaf etməkdə olan ölkələr öz ərzaq ehtiyatlarını artırmaq və öz istehlakçısını qorumaq üçün ciddi tədbirlər görürlər. Tarixən kənd təsərrüfatı ölkəsi sayılan Azərbaycanda vəziyyət necədir?

Təəssüflər olsun ki, dünya bazarında baş verən proseslər, o cümlədən yanacağın bahalaşması, bir sıra istehsalçı ölkələr tərəfindən ixracata məhdudiyyətlərin qoyulması, subsidiyaların ləğvi, əlverişsiz hava şəraiti və s. obyektiv amillər bir sıra subyektiv səbəbləri arxa plana keçirib. 

Prezident İlham Əliyev dəfələrlə ictimaiyyət qarşısında bəyan edib ki, bir sıra ərzaq məhsullarının istehsalında və idxalında olan haqsız rəqabət halları qiymətlərin səviyyəsinə təsir göstərir. Bununla belə, hökumətin birinci rübün yekunlarına həsr edilmiş iclasında ölkə başçısının yenidən bu məsələyə qayıtması sözügedən sahədə problemlərin hələ də aradan qaldırılmadığını göstərir. "Biz görürük ki, həm idxal malları, həm də Azərbaycanda istehsal olan mallar, xüsusilə də ərzaq məhsulları bahalaşıb. Əminəm ki, kompleks, həm də inzibati tədbirlər nəticəsində biz bütünlüklə bu sahədə tənzimləmə mexanizmini tətbiq edə bilərik",- deyə dövlət başçısı vurğulayıb. 

Prezident hökumət üzvlərinə bir daha inflyasiyanın qarşısının alınması üçün konkret göstərişlər verib. Onlara yerli ərzaq məhsulları istehsalının həcmini artırmaq, haqsız rəqabətin qarşısını almaq, əhalinin sosial müdafiəsini artırmaq və s. tapşırılıb. 

 

Məhsul artdıqca qiymət də artır? 

Birinci tapşırığa gəldikdə, bu istiqamətdə artıq bir neçə ildir iş gedir. Statistikaya görə, əkin sahələrinin və kənd təsərrüfatı məhsulları istehsalının artması göz qabağındadır. Bu, göstərdiyimiz cədvəllərdə də aydın təsvir edilib. Ancaq qəribədir ki, aqrar məhsul istehsalı ilə yanaşı onların qiymətləri də artır. Hərçənd bazar iqtisadiyyaitının qaydalarına görə, bazarda təklif artdıqca qiymətlər düşməlidir. 

Düzdür, dünyada yanacağın qiyməti artır. Ancaq Azərbaycanda dövlət fermerlərə subsidiya ayıraraq, onların yanacaq və sürtkü yağları xərclərinin yarısını ödəyir. Ölkə başçısının dediyi kimi, Azərbaycanda satılan qazın qiyməti dünya bazarı səviyyəsindən 8-10 dəfə aşağıdır. Dizel yanacağı və benzin də yetəricə ucuzdur.  Elektrik enerjisinin dəyəri də dünya bazarı səviyyəsindən bir neçə dəfə aşağıdır. 

Kənd təsərrüfatı məhsullarının istehsalçıları, demək olar ki, bütünlüklə vergidən azaddırlar. Sahibkarlara Kömək Milli Fondundan verilən güzəştli kreditlərin də böyük hissəsi onların payına duşur, onları güzəştli şərtlərlə texnika ilə təmin etmək üçün "Aqrolizinq" SC fəaliyyət göstərir. 

Başqa sözlə, dövlət tərəfindən fermerlərə biznesi inkişaf etdirmək üçün bütün şərait yardılıb. "Biz artıq 17 ildir bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Ancaq biz Azərbaycanda onun bütün prinsiplərini tətbiq etməmişik və bu düzgündür. Əks halda, Azərbaycanda çox ciddi və  xoşagəlməyən proseslər başlaya bilər", - deyə İlham Əliyev qeyd edib. 

Bununla yanaşı, iqtisadi inkişaf nazirinin sözlərindən belə görünür ki, yaxın zamanlarda bu istiqamətdə daha yeni tədbirlər görüləcək. Doğrudur, bu tədbirlərin Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlara zərər vuracağı da istisna deyil.  Lakin dünyada gedən proseslərin daxili bazara mənfi təsirini azaltmaq üçün hökumət hətta buna da getməyə hazırdır. 

Göründüyü kimi, kənd təsərrüfatının inkişafı üçün əlverişli təbii iqlim şərtləri düşünülmüş və iqtisadi cəhətdən səmərəli tədbirlərlə tamamlanır. Bu isə o deməkdir ki, xarici amillər istisna olmaqla, Azərbaycanda ərzağın qiymətinin qalxmasını şərtləndirən obyektiv səbəblər, demək olar ki yoxdur. Müəyyən subyektiv səbəblər var ki, onlardan da ən əsası məhz bazarda ədalətsiz rəqabət hallarının olması, ayrı-ayrı işbazların qiymətlərə "nəzarət" etməsidir. Və bununla mübarizə konkret inzibati və iqtisadi tədbirlər  vasitəsilə daha qətiyyətlə aparılmalıdır. 

 

İnflyasiya ilə yanaşı, gəlirlər də artır 

Bununla yanaşı, dövlət öz maliyyə imkanlarından istifadə edərək, inflyasiyanın vətəndaşlara, xüsusilə də əhalinin aztəminatlı hissələrinə mənfi təsirlərini azalt-mağa çalışır.  

Bu ilin ilk üç ayında əhalinin pul gəlirləri 33 faiz artıb. İnflyasiya isə 16 faiz olub. Əgər əhalinin gəlirləri ilə inflyasiya arasında fərqə baxılarsa, onda birinci rübdə real gəlirlərin 17 faiz artdığını görmək olar. Dövlət başçısı haqlı olaraq bildirib ki, bu cür artıma dünyada nadir hallarda rast gəlmək olur. 

Qeyd edək ki, 2008-ci ilin yanvar-mart aylarında Azərbaycanda orta əmək haqqı 229,8 manat təşkil edib ki, bu da 2007-ci ilin uyğun dövrü ilə müqayisədə 26,5 faiz çoxdur. Ən yüksək maaş göstəricisi hasilat sənayesinin, maliyyə bölməsinin, əmlak və icarə sahəsinin, həmçinin istehlakçılara xidmət sahəsinin işçilərinin payına düşüb. 

Dövlət bölməsinə gəldikdə isə minimum əmək haqqı həddinin mütəmadi qalxması hesabına burada da əmək haqlarının gözəçarpan artımı hiss edilir.  Bu il minimum əmək haqqının və pensiyaların daha bir dəfə də artırılması gözlənilir. Ancaq iş yalnız bununla bitmir. "Büdcədən maliyyələşən qurumlarda işləyən insanların sosial müdafiəsini daha da gücləndirmək lazımdır. Bunun üçün konkret təkliflər və proqramlar var. Ən başlıcası isə bu bizim maddi rifahımızı yaxşılaşdırmağa imkan verir", - deyə Azərbaycan prezidenti vurğulayıb.


MƏSLƏHƏT GÖR:

441